post-title

Melanxoliyanın cazibədarlığı

Melanxoliya - hamının ağzından eşidilən söz deyil. İnsanlar kiminsə haqqında qeybət edərkən, filankəs necə də melanxolikdir kimi ifadələr işlətmirlər.

 
 
Ancaq biz melanxoliyaya daha çox diqqət ayırmalı, hətta bəzən ona can atmalıyıq. 
 
Melanxoliya xüsusi kədər janrıdır, o, bizim həyatın mahiyyət etibarilə çətin, üzücü olduğu və xəyal qırıqlığının həyat təcrübəmizin əsas tərkib hissələrindən biri olduğu faktını rahatlıqla qəbul etdiyimiz zaman ortaya çıxır. O, heç bir halda müalicəyə ehtiyacı olan xəstəlik deyil. 
 
Müasir cəmiyyət şuxluğun, şənliyin əhəmiyyətini vurğulamağa meyllidir. Ancaq biz reallığın əsas etibarilə kədər və qüssədən ibarət olduğunu qəbul etməliyik. Yaxşı həyat o demək deyil ki, kədərə qarşı güclü immunitetin var, əksinə, gözəl həyat odur ki, kədər bizim inkişafımıza töhfə verir. 
 
 
Bəzən insan səbəbini bilmədən özünü pis hiss edir. Bu səni içindən yeyən hansısa dəqiq səbəbi olan qüssə deyil. Sən özünü elə hiss edirsən ki, sanki həyat bütünlüklə acı göz yaşlarından başqa bir şey deyil.
 
Melanxoliya həlledici psixoloji ruh halı və dəyərli bir şeydir, çünki o mənəvi ağrıları gözəllik və müdrikliyə  bağlayır. Bizim əzablarımız yalnız xaotik deyil, yalnız səhvlərdən və uğursuzluqlardan ibarət deyil, o həm də də heyranlıq oyandıran şeylərlə bağlıdır. Bir çox hallarda kədərin çox vacib əhəmiyyəti və mənası var. 
 
 
Biz bunları düşünəndə melanxolikləşirik: 
 
Bizim sevdiyimiz şeylərin hamısı keçicidir
 
Dünən bir də heç vaxt geri gəlməyəcək. Hər gün sən ölümə doğru daha bir addım atırsan. Biz balaca olanda qayğımıza qalan insanlar qocalırlar. Biz də onların yoluyla gedəcəyik və tezliklə hər şey bitəcək. 
 
Ansel Adams, Dolores River Kanyon, Kolorado, 1937
 
 
İnsanın ruh halının qaranlıq həqiqətləri
 
Heç kim bir başqasını həqiqi mənada dərk edə bilməz, tənhalıq əsasdır, universaldır. Hər bir insanın həyatında utancverici və kədərli şeylər kifayət qədərdi. Biz heç vaxt əldə edə bilməyəcimiz şeylərə can atmaqla həyatımızı tükətirik, onları əldə edəndə də, tezliklə məyus oluruq. 
 
 
Onlar da böyüyəcəklər: onlar da maliyyə problemləri, karyera qurmağın çətinlikləriylə üzləşəcəklər, pis vərdişlərdən, siyasi böhranlardan, xəstəliklərdən, münasibətlərdəki xəyal qırıqlıqlarından əziyyət çəkəcəklər. 
 
Nəhayətdə bizim elədiyimiz heç bir şeyin əhəmiyyəti yoxdur. Bizim həyatlarımız - sevgilərimiz, qayğılarımız, kədərlərimiz, zəfərlərimiz – hamısı silinib gedəcək.  
 
Hiroşi Sugimoto, Atlantik Okeanı, 1989
 
 
Peşmanlıqlar
 
Nənən ölməmişdən qabaq sən ona nələr deməmişdin. Biz bunu çox gec öyrənirik. Sən o qədər illərini boşa sərf eləmisən ki. Hər kəsdə belədir. Sən ancaq təsəvvürünü söndürməklə, hər şeyi necə ola bilərdi deyə düşünməyi rədd etməklə, peşmançılığın qarşısını ala bilərsən. 
 
 
Yaşamağın ziddiyətli tərəfləri
 
Bizim istədiyimiz bir çox şeylər ziddiyətlərlə doludur: özünü təhlükəsizlikdə hiss etmək, həm də azad olmaq; pulunun olmağını istəmək, həm də maaşın köləsi olmamaq. Yaxınlarınla yaxın əlaqədə olmaq, həm də başqalarının gözləntilərini və tələblərini rədd etmək. Dünyanı səyahət etmək və araşdırmaq, həm də qaldığın yerə dərin köklərlə bağlı qalmaq. Özümüzün ərzaq, içki, seks, divanda rahatca uzanmaq kimi ehtiyaclarımızı təmin etmək, həm də normal çəkidə qalmaq, əndazəni aşmamaq, özünəinamlı və sağlam olmaq. 
 
Melanxolik nəzəri-nöqteyin fərqi (əsəbi və acıqlı olmaqdan fərqli olaraq) kədərin ancaq sənə xas olmadığını, sənin təklənmədiyini, nəyəsə qatlaşmağın bütünlüklə insanlığa xas olduğunu dərk etməkdir. Əksər vaxtlarda bizim əzablarımız eqosentrikdir. Biz onları yalnız bizim qarşımıza çıxmış müsibət kimi görürük. Melanxoliya bunu inkar edir. Bu daha geniş, daha qeyri-şəxsi qavramdır. Bizim həyatımızdakı ağrıdıcı və əzabverici şeylərin əksəriyyətini başqa şeylərə də aid etmək olar: biz fürsətləri qaçırmamağın qarşısını ala bilməyəcəyimizi, arzu etdiyimiz şeylərin və özünüidarənin ziddiyətli olduğunu cəsarətlə qəbul etməliyik. Bu hər kəsə aiddir. Melanxoliya buna görə alicənabdır. Sən başqalarına görə, "bizə görə" də kədərlənirsən. Sən insanlıq halına rəhmdilliklə yanaşırsan. 
 
 
Və belə mərhəmət hissi bizi daha yaxşı insan edir. Bu, bizim insanlardan gözləntilərimizi daha dəqiq edir. Biz melanxolik olanda, insan olmaqla bağlı köklərə işləmiş narahatlıqların olduğunu qəbul edirik. Bunu ürəkaçıqlıqla qəbul etmək daha anlayışlı insana çevrilməkdir. 
 
Dinlər melanxoliyanı müdafiə edir. Məzar başında oxunan xristian duası belədir: 
 
Qadın bətnindən gələn insanoğlunun həyatı qısa və kədərlə doludur. O, çiçək kimi açır və yox olub gedir. Həyatın ortasında biz ölüb gedirik.
 
Sevdiyimiz insanın dəfnində biz təkcə keçib gedən həyata şahid olmuruq. Biz ölümlü canlılar kimi bir-birimizi və özümüzü görməyə dəvət olunmuşuq. Bu bizi ümidsizliyə sürükləməməlidir, əksinə, bu bizi bağışlayan, mərhəhətli insana çevirməli və hələ vaxtımız varkən həqiqətən mənası olan şeylər üçün çalışmağa vadar etməlidir.
 
İngilisdilli materiallar əsasında 
 
Tərcümə: Cavid
 
Kultura.az
Yuxarı