post-title

Heç bir yerə aparmayan yol

"Onlar sanki intiqam alırdılar. Nizamsız həyat tərzi sürür, içir, çəkir, dartır, spontan səyahət edir, necə gəldi, kimlə gəldi, harda gəldi sekslə məşğul olur, dünyaya tüpürürdülər".

 
İllərdi hər gün işə avtobusla gedirəm. Avtobus artıq həyatımın ayrılmaz parçasına çevrilib. 
 
Mən həm də insanları avtobuslardan tanıyıram – dayanacaqlarda marşrutun gəlməyini gözləyən gözəl, yaraşıqlı, ortabab, əyrü-üyrü tələbələr; harda işlədiyi, hara getdiyi məlum olmayan eyni çəkidəki, boydakı, eyni cür geyinmiş kişilər, qadınlar; ağır yüklərini sürücünün deyinməsindən qorxa-qorxa tələsik avtobusa qaldıran nimdaş adamlar. 
 
Hər səhər küçələr süpürlənmiş, təmiz vəziyyətdə, avtobusdakılar da gümrah, diqqətli olur, bir-birlərinə yer verirlər. 
Axşam iş günü bitəndə isə avtobusdakıların da beyni çönür. Yorğun, kobud sərnişinlər bir-birlərini acılayır, heç nəyin üstündə ağızlaşır, boş oturacaq uğrunda mübarizə aparırlar. Axşamlar yollarda zibillər qalaqlanır, neon torbalar havada uçuşur, plastik butulkalar yerlərdə dığırlanır, dayanacaqlarda qaramat adamlar avtobusun vaxtında gəlmədiyinə görə əsəbləşir, səkilərdəkilər harasa tələsir, tıxacda ilişib qalmış sürücülər gözlərini hansısa nöqtəyə zilləyib problemləri fikirləşirlər.
 
Axşamlar avtobuslar dözülməz olur, ona görə hərdən evə piyada qayıdıram. Rutinləşən hər şey ruha ziyandı. Yeknəsəklik insanı qara döngələrə sürükləyir. Hər şey eynidir, hər şey dayanmadan təkrarlanır. Şübhəli gələcək barədə düşünürəm – görən, bu mənasızlıq nə qədər davam edəcək? Ola bilməz ki, yolum naməlum istiqamətlərdə itib batsın. Həyatı qazanmaq üçün nə qədər sürünməliyəm? Bəlkə hər şeyi qırıb atım, bütün bu mənasızlığı rədd eləyim? Avtobus adlanan bu cansız qutuları, hər səhər həyata ümidlə başlayıb hər axşam xəyal qırıqlığına uğrayan bu məxluqları özümdən birdəfəlik qovum? Dünyaya üsyan eləyim, tüpürüm hər şeyə!.. 
 
Bəs işsiz necə yaşayacam, bu insanlardan, bu şəhərdən başqa seçimim varmı? Bəlkə baş götürüb harasa qaçım? Hara qaçım? Heç harda yerə qırmızı xalça sərib yolumu gözləmirlər. Yox, gərək bir az da səbr eləyim, dişimi sıxıb bir az da çalışım. Yəqin, yaxşı olar. Hə, biraz da dözmək lazımdı.
 
 Beləliklə, hər şey yenidən başlayır. Kapitalist - amansız rəqabət, “uğur  dünyası”nın yeknəsək ağırlığı altında əzilən insanın həyatı yenidən, yenidən və yenidən qazanmaq cəhdi...
 
Həyat yolum, ümumiyyətlə, yol barədəki düşüncələr məni hərdən Cek Keruakın “Yolda” (“On the road”) əsərindəki gənclər barədə düşünməyə sövq edir. Bir neçə gün əvvəl “The Doors” qrupunun klavişi Rey Manzarekin “Yolda” əsəriylə bağlı fikirlərinə rast gəldim. “Cek Keruak “Yolda”nı yazmasaydı, “The Doors” heç vaxt mövcud ola bilməzdi”, - deyir Manzarek. 
 
Cek Keruak bu avtobioqrafik əsərində, bəziləri gələcəyin böyük yazıçıları olacaq bir qrup intellektual gicbəsərlə çıxdığı Amerika səyahətindən bəhs edir. Sonradan onlar “bitllar” adıyla məşhurlaşdılar. Hippilərin dədələri hesab olunan bu avara, əyyaş, narkoman, heç bir sərhəd tanımayan həzz düşkünləri İkinci Dünya Müharibəsindən sonrakı dövrün gəncləriydi. Onlar təzəlikcə böyük bir dəhşəti - misli görünməmiş müharibəni, insan qırğınını, atom bombasının partlayışını, şəhərlərin kül olmasını arxada qoymuşdular. Müharibədən sonrakı dövrdə isə onlar sanki ağlasığmaz faciələrə səbəb olan düzəni, çərçivələri birdəfəlik dağıtmaq istəyirdilər. Onlar sanki intiqam alırdılar. Nizamsız həyat tərzi sürür, içir, çəkir, dartır, spontan səyahət edir, necə gəldi, kimlə gəldi, harda gəldi sekslə məşğul olur, dünyaya tüpürürdülər. 
 
2-3 il əvvəl bu əsəri oxuyanda o qədər də təsirlənməmişdim, amma başadüşüləndi. Dünyanın ovucumuzun içində olduğu, bəzi tabuların aradan qalxdığı, hətta Azərbaycan kimi mühafizəkar üçüncü dünya ölkəsində seksual inqilab kimi məsələlərin müzakirə edildiyi indiki zamanda o dövrün ədəbiyyatını oxuyarkən belə qənaətə gəlmək anlaşılandı. 
 
“Yolda” bir ilk idi. 1940-cı illərin sonu, 50-lərin əvvəlindəki ABŞ-da belə bir çox mövzular qəbuledilməziydi. Cəmiyyətdə hələ də mühafizəkar adətlər hökm sürürdü. Cek Keruak başda olmaqla “bitllar” yeni dövrün cığırını açdılar. “Yolda”dan təkcə Cek Keruak, Allen Ginzberg, Uilyam Berrouz deyil, hippilər, seksual inqilab, azadlıq hərəkatı, caz, roknrol, Bob Dillan, “The Doors” və digərləri çıxdı. “Yolda” simvola çevrildi.
 
Cek Keruak bu əsərində həm də Amerikanı yenidən kəşf etdi. Sonralar çox populyarlaşacaq səyahət mövzusunu Amerika ədəbiyyatında ilk dəfə ətraflı Cek Keruak “Yolda” əsərində işləyib, ona qədər amerikalılar müəyyən mənada Amerikanı tanımırdılar. 
 
“Bəs mənim real dünyadan uzaq bu balaca ölkədə nə itim azıb? Bu nə yoldur mən gedirəm? Görəsən, avtobusda yol getməkdən maraqlı nə yazmaq, nə Amerika kəşf eləmək olar?”, - bəzən avtobusda qara-qara düşünürəm – “Mənim həyatım elə bu qutunun içində çürüyüb gedəcək...”.
 
Bir əcaib əhvalat yadıma düşür. Uzun illər əvvəl Azərbaycanda bəzi qəzetlər pul qazanmaq üçün yaxşı metod tapmışdılar. Atalarının xatirəsini əbədiləşdirmək istəyən azərbaycanlılar belə qəzetlərə xeyli pul verib qondarma bioqrafiyalar yazdırırdılar. Bir nəfər mərhum atası barədə belə bir yazı yazdırır. Mərhum ömrü boyu qaldırıcı kranda işləyibmiş. Redaktor nə qədər baş sındırır, bu şəxs haqqındakı məqaləyə başlıq tapa bilmir. Şair, yazıçı haqqında şablon başlıq uydurmaq olar: Şair ömrü, yazıçı ömrü, mütəfəkkir ömrü. Bəs qaldırıcı kranda işləyən adam barədə nə ola bilər? Redaktor fikirləşir-fikirləşir, axırda məqaləyə belə bir başlıq qoyur: “Göylərdə keçən ömür...”.
 
Həyat deyəsən, elə belədi, kimsə Amerikanı səyahət eləyə-eləyə, kimsə avtobusda, kimsə də qaldırıcı kranda ömrünü keçirir. Bəlkə də çox şey istəmək lazım deyil. Ola bilsin, bu, məğlubiyyətdi. Bəs qalib gəlib neyləyəcəkdim ki? Mənim məğlubiyyətim, ya qalibiyyətim özümdən başqa kimin vecinədir? Hamının başı özünə qarışıb. Hamı dəhşətlə ölçüb-biçir, gecələr rahat yata bilmir, qoparmağa, qarmalamağa, həyatdan ən böyük tikəni qapmağa çalışır. Ya onlardan biri olmalıyam, ya da barışmalıyam. Qalibiyyət, məğlubiyyət, uğur, həyat yolu – bütün bunlar illuziyadır. Cek Keruak belə necə həyat yaşadığını, necə əsər yazdığını başa düşmədən ölüb getdi. Bütün dünya “Yolda” əsəri barədə başqa fikirdəydi, Cek Keruak başqa. Mühafizəkar katolik olan Keruak azadlığa, seksual inqilaba qarşı çıxır, evinə “ata”larını görməyə gələn hippiləri qovur, azadlıq şüarları qışqıran gənclər qarşısında çıxış etməkdən imtina edirdi. Onları söyüb batırır, şeytana uymaqda ittiham edirdi. Onun üçün “Yolda” əsəri “Tanrını tapmaq üçün Amerikanı səyahət edən dostların hekayəsiydi və sonda onlar Tanrını tapmışdılar”. 
 
Cek Keruakın digər heç bir əsəri “Yolda”nın uğurunu qazana bilmədi. Ağır alkoqol aludəçisi olan Keruak 1969-cu ildə 47 yaşında daxili qanaxma keçirdi. Ağzından sel kimi qan fışqıranda fəryadla arvadını çağırırdı: “Stella, məndən qan gəlir, Stella, Stella, qan gəlir...”. Onu xəstəxanaya çatdırdılar. Həkimlər nə qədər əlləşib-vuruşdularsa da xeyri olmadı. Keruak xəstəxanadaca öldü... Beləliklə, yol bitdi.
 
Cavid Ramazanlı
 
Kultura.az
Yuxarı