Keller cütlüyü teatrdan gec çıxdı. Havası azacıq tutqun olan bu şəhərdə — orda çayın köndələn dalğası artıq səkkizinci əsrdir ki, baş kilsəni əks etdirirdi.
Vaqneri zövqlə ifa edirdilər, burda doyunca mənəvi qida almaq olardı. Keller arvadını teatrdan sonra öz ağ şərabıyla ad çıxarmış dəbdəbəli yeməkxanaya apardı və yalnız gecə saat ikidə içərisi yüngül işıqlandırılmış avtomobil onları zülmət küçələrdən keçirib əzəmətli bir evin doqqazına yaxınlaşdırdı.
Fənərlərin boz işığında yarpaqların əyri-üyrü kölgəsi oynaşan səkiyə ilk olaraq Keller düşdü; bu qoca enlikürək alman prezident Krügerə çox oxşayırdı.
İşıq bir anlıq Kellerin kraxmallı yaxalığını və avtomobildən ikinci çıxan arvadının paltarındakı şüşə muncuqları qamarladı. Dəhlizdə onları yüyürə-yüyürə gələn qulluqçu qadın qarşıladı və ürkək pıçıltıyla Çorbun gəldiyini söylədi.
Varvara Klimovna Kellerin hələ təravətini itirməmiş dolu üzü titrədi və həyəcandan pörtdü:
— O, qızımızın xəstə olduğunu söylədi?
Qulluqçu qadın daha bərk pıçıldadı. Keller iri ovcuyla ağ saqqalını sığalladı, və onun azacıq meymunu xatırladan, dərin qırışlı sifətində qara buludlar oynadı.
— Sabaha kimi ürəyim partlayar. Elə bu dəqiqə ora gedəcəyik — başını əsdirən və kürən parikini örtən duvağın ucunu tutmağa çalışan Varvara Klimovna donquldadı, — İlahi… Yəqin buna görə bir aya yaxındır ki məktub yazmırmış.
Keller yumruğuyla qatlama şlyapasını düzəldib özünün səlis, azacıq boğaz ruscasıyla danışdı:
— Bu adamın başı xarab olub. Əgər qızımız xəstədirsə, hansı cürətlə onu bu iyrənc mehmanxanaya aparıb...
Amma onlar qızlarının xəstə olmasını fikirləşməklə yanılırdılar. Çorb qulluqçu qadına yalnız bu qədərini söyləyə bilmişdi. Əslində o, xaricdən tək qayıtmışdı. Yalnız indi arvadının hansı şəraitdə öldüyünü və indiyəcən heç nə yazmadığını hansısa şəkildə izah etməli olduğunu anlamışdı. Ona çox ağırıydı. Axı necə izah etsin ki, öz acısını yalnız özü çəkmək istəyir, bu acını özgə heç nəylə zibilləmək, onu heç kəslə bölüşmək istəmir? Ona görə, arvadının qədərinə yazılan talenin ən nadir, ən ağlasığmaz, ən qüsursuz ölümüydü, — şüşəyə axarkən ən təmiz və parlaq işıq verən elektrik cərəyanına tuş gəlmək.
Arvadı gülə-gülə yaz günlərindən birində, Nitsanın on verstliyində fırtınanın böyrü üstə qoyduğu dirəyin canlı məftilinə əl vuran andan Çorbun dünyası qara geyindi. Və hətta qolları üstə yaxınlıqdakı kəndə daşıdığı cansız bədən artıq ona özgə və anlamsız gəldi. Qadının dəfn olunduğu Nitsada xoşagəlməz sısqa pastor (protestant keşiş – red.) nahaq yerə ondan baş verənlərin təfsilatını öyrənməyə çalışırdı. Çorb yalnız ölüvay gülümsəyir, bütün günü çimərliyin çınqıllı sahilində oturub rəngli daşları bir ovcundan o birinə tökürdü. Və birdən, gözlənilmədən dəfn mərasimini gözləməyib geri, Almaniyaya qayıtdı. Özü də yolunu toy səyahəti zamanı birgə gəzdikləri marşrut üzrə qurdu. Qışı keçirdikləri İsveçrədə indi alma ağacları çiçəkləmişdi və o, mehmanxanalardan savayı heç nəyi tanımadı; əvəzində payızı keçirdikləri Şvars-valdda soyuq yaz günləri xatirələrə mane olmurdu. Və o, cənub çimərliyində olduğu kimi sonuncu gəzintiləri zamanı arvadının ona göstərdiyi o yeganə, qara, hamar, ağ zolaqlı daşı tapmağa çalışdı, — beləcə, o, yolboyu vaxtilə arvadının haray dolu heyrətinə səbəb olan şeyləri axtarırdı: qayanın əlahiddə çıxıntısı, gümüşü-boz pulcuqları olan balığı xatırladan ev, qara küknar və ağ axının üzərindəki körpücük və yəqin ki, acı qədərdən xəbər verən nümunə, dumanın muncuqları düzülmüş teleqraf məftillərində şüa toru. Arvadı onu hər yerdə müşayiət edirdi: qadının hündür çəkmələri cəld addımlayırdı — əlləri elə hey hərəkət edirdi, gah kolluqdan yarpaq dərirdi, gah qayaları yolüstü sığallayırdı — rahatlıq bilməyən yüngül, sevincək əlləri. O, arvadının çil basmış zərif üzünü və dalğaların hamarladığı şüşə qırıntılarının rəngini xatırladan iri, açıq-yaşıl gözlərini görürdü. Ona elə gəlirdi ki, əgər birgə sezdikləri xırdalıqları bir yerə yığsa, yaxın keçmişini xəyalında canlandıra bilsə, qadının xəyalı ölümsüzləşəcək və yaddaşına həmişəlik həkk olunacaq. Amma gecələr çox dözülməzdi… Gecələr arvadının xəyalı birdən dəhşət donu geyinirdi — o, bu üçhəftəlik səyahət ərzində, demək olar ki, yata bilməmişdi və indi vaxtilə qadınıyla qarşılaşdığı və nikaha girdiyi, ötən payız birgə tərk etdiyi bu sakit şəhərə əldən düşmüş vəziyyətdə qayıtmışdı.
Axşam saat səkkizə yaxınıydı. Evlərin arxasındakı kilsənin qülləsi qürubun al qırmızı zolağına bürünmüşdü. Vağzalın qarşısındakı meydanda elə həmin qocalıb əldən düşmüş faytonçular növbələşmişdilər. Elə həmin qəzet satan batıq səsiylə axşam qəzetlərində yazılanlar haqqında qısa məlumat verirdi. Elə həmin etinasız baxışlı qara pudel nazik pəncəsini düz reklam dayağındakı afişanın qırmızı hərflərinə tərəf qaldırmışdı: Parsifal (Rixard Vaqnerin operası – red.).
Çorbun əl çamadanı və iri sarı sandığı vardı. O, faytonla şəhəri dolaşdı. Faytonçu bir əlilə tənbəl-tənbəl cilovu dartır, digər əliylə sandığı saxlayırdı. Çorb heç vaxt adıyla çağırmadığı arvadının faytonda gəzməkdən xoşlandığını bilirdi.
Şəhər operasının arxasındakı dalanda üçmərtəbəli, nimdaş görünüşlü mehmanxana qaralırdı. Otaqları həm bir həftə, həm də bir saatlıq verilə biləcək bu binanın yırtıq pərdəli çirkli pəncərələri və heç vaxt açarlanmayan balaca qapısı vardı. Solğun bənizli, sırtıq nökər Çorbu nəm və xarab kələm iyi verən dolambaclı dəhlizlə apardı və Çorb onun ardından içəri girən kimi arvadıyla ilk gecəsini keçirdiyi otağı anındaca tanıdı. Çarpayının başının üstündə divardan asılmış, qızılı çərçivəyə salınmış şəkil də həminkiydi – çəhrayı fonda çimən qadın. O zaman dəhlizin döşəməsinə qusub-batıran pencəksiz şişman kişi də, seçdikləri bu xaraba mehmanxana da, əlüzyuyandakı ecazkar açıq rəngli saç da qadına əyləncəli gəlmişdi. Amma hər şeydən çox evdən qaçmalarına əylənmişdi. Arvadı kilsədən evə qayıdan kimi öz otağına əynini dəyişməyə cummuşdu — aşağıdasa qonaqlar axşam yeməyinə yığışırdılar. Əynində keyfiyyətli frak, meymuna oxşar üzündə boş təbəssüm olan Keller gah bir dostunun, gah da o birinin çiyinlərini şappıldadır, şəxsən özü onları şnapsa qonaq edirdi. Varvara Klimovnasa yaxın dostlarını növbəylə yeni evlənənlər üçün nəzərdə tutulmuş yataq otağına aparır, riqqətlə azman pərqu döşəyi, portağal çiçəklərini, xalçanın üstündə yanaşı qoyulmuş iki cüt təzə gecə tərliklərini — iri dama-dama və balaca qotazlı qırmızı — göstərirdi. Xalçanın üzərində qotik şriftlərlə aşağıdakı sözlər yazılmışdı: qəbirədək birgə. Sonra hamı masa arxasında əyləşdi — Çorbla arvadısa bir göz qırpımında dilbir olub arxa qapıdan qaçdılar və yalnız sabahısı gün, qatarın getməyinə yarım saat qalmış əşyalarını götürmək üçün geri qayıtdılar. Varvara Klimovna bütün gecəni ağladı, dilənçi emiqrant və ədəbiyyatçı Çorbu şübhəli adam qismində görən əri qızının seçimini, şəraba xərclədiyi pulları, əlindən heç nə gəlməyən polisi lənətlədi… Cavanlar şəhəri tərk etdikdən sonra belə qoca vaxtaşırı operanın arxasındakı mehmanxanaya tamaşa etməyə gedirdi və həmin gündən bu qaramat, koruş bina onun yaddaşına iyrənc cinayət xatirəsi kimi həkk olundu.
Nökər sandığı içəri gətirən zaman Çorb küt baxışlarla çəhrayı oleoqrafiyanı (yağlı boya ilə çəkilmiş şəkli litoqrafiya vasitəsilə çap etmə üsulu – red.) seyr edirdi. Qapı örtüləndən sonra o, sandığa tərəf əyilib onu açdı. Küncdə, aralı qalmış divar kağızının altından bir siçan sıçrayıb otaq boyu qaçdı. Tavandakı qaytandan asılmış lampa ehmalca ora-bura yellənirdi. Qaytanın kölgəsi yaşıl taxtın köndələni boyu sürüşür, arabir sınırdı. Bax, elə bu taxtda yatmışdılar həmin gecə. Arvadı körpə uşaq tək mışıl-mışıl nəfəs alırdı. Həmin gecə onunla yalnız öpüşmüşdü – vəssalam.
Siçan yenidən vurnuxdu. Bəzi xırda səslər güclü top atəşindən belə qorxuludur. Çorb sandığı bir kənara qoyub iki dəfə otaq boyu var-gəl etdi. Gecə pərvanəsi ucadan lampaya dəydi. Çorb qapıya tərəf qaçıb otaqdan çıxdı.
Pilləkənlərlə aşağı düşərkən yorğunluğunun dözülməz olduğunu hiss etdi, dalana çatandasa may gecəsinin tutqun göyümsüllüyündən başı hərləndi. Bulvara tərəf dönüb yeyin addımlarla irəlilədi. Meydan. Daş atlı. Şəhər bağının qara buludları. İndi şabalıd ağacları çiçək açmışdı, onda isə payız idi. Onlar toy ərəfəsində uzun-uzadı birgə gəzişərdilər. Səkini döşəyən ölgün yarpaqların azacıq bənövşə qoxusu verən nəm iyi necə də yaxşıydı...
Həmin çiskili, əsrarəngiz günlərdə göyün üzü bəzən tutqun-bəyaz çalar alırdı və qara körpünün ortasında, kiçicik gölməçənin sularında əks olunan budaqlar uğursuz yuyulmuş foto şəkli xatırladırdı. Boz mülklərin arasındakı ağaclar yarpaq tökürdü, arvadının ata evinin qarşısındakı qovaqsa payızın gərdişinə solmaqla cavab verirdi. Onun yarpaqları şəffaf üzüm rəngindəydi. Məhəccərin arxasında sarmaşıq donu geyinmiş tozağacları sayrışırdı. Çorb arvadına Rusiyadakı tozağaclarında sarmaşığın olmadığını danışardı, qadınsa bu ağacların yarpaqlarındakı kürən çaların ütülənmiş döşəkağındakı zərif pas ləkəsini xatırlatdığını söyləyərdi. Səki boyu palıd və şabalıd ağacları cərgələnmişdi; onların qara qabığı üzərindəki məxmər göyümtül-yaşımtıl çalar bu ağaclara xüsusi yaraşıq verirdi; vaxtaşırı qopan yarpaqlar sarğı kağızı parçasıtək küçənin köndələni boyu uçuşurdu. Arvadı onları küçəni təmir məqsədiylə bir kənara yığılmış kərpiclərin ətrafında tapdığı kürəklə havadaca tutmağa çalışırdı. Uzaqda, işçi furqonunun borusundan axan göm-göy tüstü havaya çıxan kimi yanakı əyilir, budaqların arasında əriyirdi və istirahət edən bənna əlini belinə qoyub qarşısındakı mənzərəyə, əlində kürək rəqs edən xanıma tamaşa edirdi. Qadın hoppanıb-düşür və qəhqəhə çəkirdi. Azacıq belini əymiş Çorb onun ardından addımlayırdı və ona elə gəlirdi ki, ölgün yarpaqlar, xoşbəxtliyin özü bu cür qoxuyur.
İndi gecənin şabalıd büsatına bürünmüş bu küçəni güclə tanıyırdı. İrəlidə fənər yanırdı, pəncərənin üzərindən sallanan budağın ucundakı bir neçə yarpaq işığı özünə hopdurduğundan şəffaf çalar almışdı. Çorb yaxınlaşdı. Doqqazın kəsik kölgəsi səkidən üzərinə cumdu, ayaqlarına dolaşdı. Hasarın və çınqılın dumanlı zolağının arxasında tanış evin qaranlıq fasadı ucaldı. Pəncərələrdən biri açıq və işıqlıydı. Bu kəhrəba uçurumundan qulluqçu qadının yeyin hərəkətlə çarpayıya ağappaq döşəkağı salması aydın görünürdü. Çorb bir əliylə doqqazdan yapışmışdı və ovcunun altındakı dəmirin nəm soyuğu xatirələrdən ən kəskiniydi.
Qulluqçu artıq ona tərəf qaçırdı. Qadının sonradan Varvara Klimovnaya söylədiyi kimi, onun anındaca doqqazı açmasına baxmayaraq, Çorb daş heykəl tək səkidə dayanmaqda davam etmişdi. “Başında papaq yoxuydu, — qulluqçu qadın söyləyirdi — fənərin işığı alnına düşmüşdü, o, tər içindəydi, saçları da alnına yapışmışdı. Mən sizin teatrda olduğunuzu söylədim və ondan niyə tək olduğunu soruşdum. Gözlərindəki parıltı adamı vahiməyə salırdı və sanki çoxdandı üzünü qırxmamışdı. O, sakitcə söylədi: “Elə həmin yerdəyik”. Sonra isə dedi: “Fərq eləməz. Sabah səhər gələcəm. Ona gözləməsini təklif elədim, amma cavab-zad vermədi, eləcə çevrilib getdi”.
Çorb beləcə öz xatirələrinin əvvəlinə qayıtdı. Bu, indi sonuna çatan üzücü və eyni zamanda şirin sınağıydı. İndi nikahlarının ilk gününü keçirdikləri otaqda bir daha gecələmək qalırdı, sabahsa sınaq bitəcəkdi və qadının xəyalı mükəmməl çalar alacaqdı.
Və o, qaranlıq skamyalarında dumanlı fiqurlar oturan bulvar boyu mehmanxanaya doğru hərəkət etdikcə bir həqiqəti anladı: ölümcül yorğunluğuna baxmayaraq, çılpaq lampası və pıçıltılı küncləri olan həmin otaqda tək yata bilməyəcək. Çorb meydana çıxıb baş küçəylə addımladı — artıq nə edəcəyini bilirdi. Amma çox axtardı: şəhər sakitiydi, ismətliydi və sevginin gizli satıldığı döngə ona məlum deyildi. Yalnız küçələri bir saat ümidsiz dolaşdıqdan sonra — ayaqları yorulub əldən düşmüş, qulaqları küydən tutulmuşdu — təsadüfən axtardığını tapdı və iti addımlarla onu çağıran qadına yaxınlaşdı, — Gecə, — Çorb dodaqaltı mızıldandı.
Qadın başını yanakı əydi, çantasını yellədi və cavab verdi: “İyirmi beş”.
O, razılıq əlaməti olaraq başını tərpətdi. Az sonra təsadüfən ona nəzər salan Çorb etinasız şəkildə qadının o qədər də çirkin olmadığını sezdi, hərçənd bu peşəyə çoxdan sahibləndiyi, artıq yorulub əldən düşdüyü küt baxışlarından və qısa kəsilmiş, sarı rəngə boyanmış saçlarından bəlliydi.
Fahişə Çorbun dayandığı mehmanxanaya dəfələrlə başqa kişilərlə ayaq basmışdı və pilləkənləri yüyrək düşüb onları qarşılayan solğun bənizli, nazik burun nökər qadına dostyana göz vurdu. Onlar dəhliz boyu addımlayarkən otaqlardan birindən çarpayının rəvan və ağır cırıltısı səsi gəldi, sanki kimsə odun mişarlayırdı. Və bir neçə qapıdan sonra başqa bir nömrədən eynilə arası kəsilməyən səs eşidildi — qadın saxta oynaqlıqla Çorba zilləndi.
O, qadını dinməz-söyləməz otağa keçirdi və yuxu intizarıyla öz köynəyinin yaxasını açmağa başladı. Qadın ona sıxıldı və gülümsəyərək soruşdu: “Bəs balaca hədiyyə necə olsun?” Çorb təəccüb dolu yuxulu baxışlarını ona dikdi və sonradan qadının söylədiyinin arxasında nə durduğunu anladı. Haqqını alan fahişə onu səliqəylə çantasına qoydu və yüngül ah çəkib yenidən Çorba yaxınlaşdı, tellərini əsdirdi:
— Soyunum?
— Hə, uzan, — Çorb mızıldandı, — səhər yenə verəcəm. Köynəyinin düymələrini tələsik açan qadın ara-sıra təəccüblü nəzərlərini üz-gözündən qaramat yağan Çorba yönəldirdi. Kişi cəld və səliqəsiz soyunub yatağa uzandı, üzünü divara çevirdi.
“Yəqin başdan bir az o sözdür”, — qadın zənn etdi. Köynəyini səliqəylə stolun başına keçirdi. Çorb artıq möhkəm yuxuya getmişdi.
Qadın otaq boyu gəzişdi, pəncərənin ağzında dayanan sandığın qapağının aralı olduğunu sezib dizləri üstə çömbəldi və gözünün kənarıyla içəri boylandı. O, çılpaq əlini səliqəylə qoyulmuş və gül qoxusu verən don, corab, ipək parça qırıntıları üzərində gəzdirdi, nədənsə kədərləndi.
Qadın ayağa qalxdı, əsnəyərək ombasını qaşıdı, çılpaq əndamıyla, ayaqlarında corab pəncərəyə yaxınlaşdı, pərdələri açdı. Pərdənin arxasındakı çərçivə aralıydı; küçənin məxmər sonsuzluğunda operanın küncü, gecənin göyümsüllüyündə seçilən Orfeyin qara çiyini, alatorana doğru çəpəki uzanan dumanlı fasad boyu cərgələnən işıqlar sayrışırdı. Orda, uzaqda, işıqlı pillələrin yarımdairəvi qatlarında qapıların göz qamaşdıran arakəsməsindən bayıra sızan tutqun siluetlər qaynaşırdı, fənərləri yanıb-sönən və hamar örtüyü parıldayan avtomobillər ötüb keçirdi. Və yalnız bu qaynaşma bitəndən, işıqlar sönəndən sonra qadın pərdələri örtdü və otağın işığını keçirib Çorbun yanına uzandı. Yuxuya gedərkən əvvəllər bu otaqda iki dəfə olduğunu, divardakı çəhrayı tablonu xatırladığını fikirləşdi.
Qadın yuxuya gedər-getməz tükürpədici hayqırtıya oyandı. Qışqıran Çorb idi. O, gecənin bir yarısı ayılıb böyrü üstə çevrilmiş və yanında yuxulayan arvadını görmüşdü. Çorb dərin qatlardan gələn dəhşətli bir səslə çığırdı. Bəyaz qadın kölgəsi yataqdan sıçradı. Əlləri əsə-əsə işığı yandıranda mələfəyə bürünmüş kişinin dizlərini çömbəldib divara söykənmiş halda oturduğunun şahidi oldu. Üzünə dayamış barmaqlarının arasından sərsəm parıltıyla bir göz yanırdı. Sonra o, yavaş-yavaş üzünü açıb, tədricən qadını tanıdı. Qorxudan rəngi qaçmış fahişə donquldana-donquldana tələsik köynəyini geyinirdi.
Sınağın sonuna gəldiyini anlayan Çorb rahat nəfəs aldı. O, yenidən taxta dırmaşıb tüklü baldırlarını qucaqladı, etinasız təbəssümünü qadına dikdi. Bu təbəssüm fahişəni daha çox qorxutdu və o, arxasını Çorba tərəf çevirib tələsik sonuncu düyməsini ilgəyə keçirdi, çəkmələrinin bağlarını çəkdi və şlyapasını başına qoydu.
Elə həmin an dəhlizdə addım səsləri eşidildi. Amma onun yanında qadın var… – nökər məyus-məyus təkrarlayırdı.
Və hirsli boğaz səsi təkid edirdi: “Axı sizə neçə dəfə söyləyim ki, o, mənim qızımdır”.
Addım səsləri kəsildi. Sonra qapı döyüldü. Onda qadın masadakı çantasını qamarlayıb qətiyyətlə qapını açdı. Qarşısında təəccübdən gözləri kəlləsinə çıxmış ahıl cənab dayanmışdı. Başına qara şlyapa qoymuş, döşündə mirvari parıldayan ağ yaxalıqlı köynək geymiş bu adamın arxasından ağlamaqdan üz-gözü şişmiş tor duvaqlı şişman qadın boylanırdı. Lap arxada qalan sısqa nökərsə gözlərini döyə-döyə qalmışdı. O, əl hərəkətiylə fahişənin otaqdan çıxmasına işarə etdi. Qadın onun işarəsini göydə tutdu və qocanın yanından sivişib dəhlizə sıçradı. Hələ də heç nə anlamayan Keller bilaixtiyar başını ona tərəf çevirdi və sonra arvadıyla bahəm kandarı keçdi. Qapı örtüldü. Dəhlizdə qalan fahişəylə nökərin ürkək baxışları toqquşdu və onlar sözləşiblər kimi eyni anda əyilib qulaqlarını qapıya dayadılar. Amma o taya ölü sükut çökmüşdü. Qapının arxasında üç nəfərin mövcudluğu az qala bu tayda qalanlarda şübhə doğurdu.
— Onlar susurlar, — nökər pıçıldadı və barmağını dodaqlarına yaxınlaşdırdı.
Çevirdi: Kifayət Haqverdiyeva