Düzdür, hakimiyyət, bu iyrənc texnologiyanın bəhrəsini gördü. Amma necə? İlk və son dəfə. Çünki ondan sonra yayılan (jurnalistlərin otel otaqlarında masturbasiyası kimi) görüntülər – nəinki gözlənilən effekti vermədi, əksinə cəmiyyətdə “hə, nə var burda?” kimi tolerant reaksiyaların yaranmasını və çoxalmasını şərtləndirdi.
Hakimiyyət stereotipləri sındırdı.
Xədicə İsmayılın görüntüləri, şantaj erasına ümumiyyətlə nöqtə qoydu - hakimiyyətin gülləsi “xolostoy” çıxdı. Özü də həmişəlik. Amma bunlar toplumun mesajını doğru oxuya bilmədilər. Ümumxalq iqnorundan nəticə çıxarmadılar. Hətta nardaranlı ağsaqqalların, dindarların belə Xədicə İsmayılın müdafiəsinə qalxmağı, bunları ağıllandırmadı. Texnoloqlara dəyən şapalaq, bütün məntiq qanunlarına görə onları əbədi nokauta salmalı idi, amma bunların acgözlüyü, yekəbaşlığı sərhəd tanımır deyə, uslanmadılar. “Görməmişin oğlu oldu, tutdu qopartdı” misalındakı kimi, bunların da əlinə kamera düşüb, bilmirlər hara dürtsünlər, kimin naməhrəm əzasını çəkib yaysınlar. Bu fəaliyyət, sanki artıq ətalətlə davam etdirilir.
Bir anlıq təsəvvür edin, bunların əlində nə qədər görüntü var! Azərbaycanda bütün hotel, motel, sauna, masaj salonları, məşhur fahişəxanaların hamısında, istisnasız olaraq hamısında kamera quraşdırıldığını nəzərə alsaq, malik oldulqları materialın miqyasını təsəvvür etmək çətin olmaz. Hətta ola bilsin bu cür görüntülərin çəkilməsi, montajı, təsnifləndirilməsi ilə böyük bir komanda məşğul olur və hələ bir büdcədən də maliyyələşirlər. Övladları da deyir ki, dədəmiz işə gedir. Bir yandan da adamlara yazığım gəlir. Bu intensivlikdə porno görüntü izləməyin ruhi və cismani fəsadları haqda uzun-uzadı danışmaq istəmirəm. Maraqlananlar araşdırıb oxuya bilərlər. Axırı impotensiyadır.
Arılar bal istehsal edən zaman, insanların bu balı ləzzətlə yeyəcəklərini nəzərə almırlar. Onlar öz proqramları üzrə, görməli olduqları işi görürlər. Bilsələr ki, insanoğlu pusğuda durub, balın hazır olmağını gözləyir ki, mənimsəsin, ana arı başda olmaqla, hamısı dərddən kütləvi intihar edərlər. Hakimiyyət texnoloqları da intihar etmək əvəzinə, dediyim kimi ətalətlə və şüursuz şəkildə intim görüntüləri çəkib yayırlar. Özü də, toplum üçün çox vacib bir funksiyanı yerinə yetirdiklərinin fərqinə varmadan.
İndiyə qədər “seksual inqilab”ın öncüləri kimi bizləri - azad yazarları göstərirdilər. Guya bizim romanda, hekayədə işlətdiyimiz açıq-saçıq ifadələr “seksual inqilab” imiş. Amma çoxdandır demirlər, sağ olsunlar susublar, deyəsən “seksual inqilab”ın hansı mərkəzdən və əldən yürüdüldüyünü başa düşüblər.
Bəli, cinsi əlaqənin əslində utanılası bir şey olmadığını insanlara çatdıran biz yox, Azərbaycan hökuməti oldu. İqtidar, müxalifətçi jurnalistlərin çılpaq görüntülərini yaydığı gün, əslində “seksual inqilab” layihəsinə start vermişdi və artıq əminliklə deyə bilərik ki, layihə uğurla başa çatdırılmışdır. Əlbəttə, iqtidarın məqsədi bu deyildi. Aydın məsələdir ki, hədəflədikləri şantaj, hədə idi. Görüntülərdəki adamları aşağılamaq, gözdən salmaq, utandırmaq, siyasi hakimiyyətə güzəştə getməyə vadar etmək istəyirdilər. Amma görməmişlikləri başlarında çatladı – cinsi əlaqə, seksual görüntülər adiləşdi; normaya, insanların gülüb keçdiyi bir hadisəyə çevrildi.
Hakimiyyət texnoloqlarının son cındırlığı, Səid Nurinin görüntülərini yaymaq oldu. Bax burada deyiblər “daş qayaya rast gəldi”. İqtidar sözün əsl mənasında cırıq-cırıq oldu. Əvvəl Səid Nurinin görüntülərini yayıb, sonra nə səbəbdənsə yığışdırsalar da, Səid Nuri özü bu video və fotoları minlərlə adama yolladı və: “baxın bunlar nə işlə məşğuldur, intim görüntülərimi yayırlar” yazdı.
Və simpatiya topladı. İnsanın öz intim görüntülərini, öz xoşu ilə yaymağı gərəksiz və əsassız çılğınlıq kimi görülə bilər, amma onun vəziyyətində bir adam üçün bu hərəkət, rəsmən meydan oxuma idi.
İndi bizim hakimiyyətin nələr hiss etdiyini sizə deyimmi? Xalqa çox qəzəblidirlər, od püskürürlər. İctimai qınaq görmədikləri, intim görüntüsü yayılan adamların ünvanına lənət eşitmədikləri, bu videolar heç kəsi tərpətmədiyi üçün xalqa qarşı nifrət doludurlar. Başa düşmürlər, anlamırlar ki, bəs necə olur mentallığı bu qədər sığallanan, milli-mənəvi duyğuları qabardılan bir xalq, seks görüntülərinə qarşı bu qədər laqeyd qala bilir, etiraz etmir? Videoları yayılanlar da zərrə qədər utanmırlar, qızarmırlar, əksinə özləri bu görüntüləri paylaşıb, lağlağı edirlər?
Niyə qəzəblisiniz, anlamıram. Seksual inqilabı siz etmisiniz, indi də gərək nəticələrinə qatlaşasınız. Bu xalq, artıq on il əvvəlki xalq deyil. Bu xalqı siz bu günə qoydunuz. Azərbaycanlıları artıq heç nə ilə təəccübləndirmək olmaz.
Seksual inqilab Azərbaycanda başlamış və qələbə çalmışdır.
Əli Əkbər
Kultura.Az