- Yazıçı olmağa 1979-cu ildən sonra qərar verdiyinizi dediniz. Bu mühüm qərarı verməyinizə səbəb nə oldu?
- 1974-cü ildə Portuqaliyada böyük dəyişikliklər oldu. 1975-ci ildə əks-inqilabi hadisələr baş verdi. Mən bu əks-inqilabda işimi itirdim. Siyasətdə müəyyən mövqeyim olduğuna görə, yeni formalaşan hakimiyyət işimi əlimdən aldı, küçəyə atıldım. O vaxt həyatımdakı ən önəmli qərarı verdim – yazıçı olacaqdım. İş axtarmadım, yazıçı kimi hara kimi gedə biləcəyimi hesabladım. Bir neçə il tərcüməçi kimi fəaliyyət göstərməklə həyatıma davam etdim. Bu zaman ərzində də yazar kimi öz yolumu tapmağa çalışdım. 1977-ci ildə “Rəssamın stolüstü kitabı”nı yazdım. 1980-cı ildə kəndlilərdən bəhs edən romanım nəşr edildi. 1982-ci ildə 60 yaşım vardı, “Baltasar və Bilmunda” yayımlandı. O gündən sonra yazıçı olmaq məsələm daha da aktuallaşdı. Əslində, mən müasir dövr yazıçılarıyla müqayisədə daha qocayam. 25 ilə Nobel mükafatını qazanmışam.
- Nobel alandan sonra, peşə həyatınızda olmasa da, şəxsi həyatınızda nəsə dəyişdimi?
- Xeyr, şəxsi həyatımda heç bir dəyişiklik olmadı, amma ictimaiyyət arasındakı nüfuzum artdı. Özünüz baxın, Orxan Pamukun ictimai nüfuzu artmayıbmı? Amma şəxsi həyat dəyişmədi. Nobeli almazdan öncə necəydimsə, indi də eləyəm. Nə mənasız insanam, nə çox qürurluyam, nə də başqalarından üstün görünməyə çalışıram. Belə xasiyyətlərim yoxdu. Öz işimlə məşğulam. Gördüyüm işi İsveç Kral Akademiyası mükafata layiq bildi. Bu mükafatı qazandıqdan sonra da işləməyə davam etdim, şezlonqda yayxanıb yatmadım, uzanıb “həyatdan ləzzət alım” demədim. Nəyi ədalət hesab etmişəmsə, həmişə ona sadiq qalmağa çalışmışam. Yəni, heç nə dəyişməyib.
- Portuqaliyada rejimə qarşı mübarizə aparırdınız. Buna görə də İspaniyada yaşamaq məcburiyyətində qaldınız. Amma Nobeli alandan sonra sizi Portuqaliyada göylərə qaldırdılar.
- Mən kommunist partiyasının fəal üzvüyəm. 1922-ci ildə doğulmuşam.
1926-cı ildə Portuqaliyada hərbi hərəkat ortaya çıxdı və yavaş-yavaş ölkəni faşizmə sürüklədi. 1974-cü ilin aprelində inqilab nəticəsində Portuqaliyada faşizm yıxıldı. Mən diktatorluq dönəmində diktaturaya qarşı əlimdən gələni edirdim. Onlara qarşı olan bütün hərəkatlarda iştrak etməyə çalışırdım. Bəli, o vaxtlar həqiqətən rejimə qarşıydım. 1974-cü ildəki inqilabda mən də iştirak etdim. İnqilabdan sonra Portuqaliyada demokratik abu-hava yarandı, deyə bilərik. 1991-ci ildə “İsanın İncili” kitabım çap edildi. Kitab qadağan edilmədi, problem bu deyildi, amma Avropa Birliyinin roman mükafatına Portuqaliya adından namizəd göstərilməsinə icazə verilmədi.
Vətənimdə demokratiya varıydı, amma bu demokratik hökumət kitabımın namizəd göstərilməsinə qarşı çıxdı. Bəhanə də buydu ki, kitab portuqal katoliklərin hisslərinə toxuna bilər. Diktatura dövründə onsuz da bir çox şeyin yasaqlanmasına, bir çox qadağaların qarşısını almağa çalışmışdıq. Amma demokratiyanın içində belə şeylə rastalaşanda, dözə bilmədim, Kanar Adalarına köçdüm. Bir detalın üstündə xüsusi dayanmaq istəyirəm: mən vergilərimi Portuqaliyaya ödəmişəm. Mənim problemim xalqımla deyil, xalqı idarə edən hökumətləydi. Demokratiyanın bəzi nüanslardakı tətbiq üsulu xoşuma gəlmirdi, indi də gəlmir.
Nobel mükafatının mənim üçün siyasi mənası yoxdur. Bütün dünyada tanınan ən əhəmiyyətli ədəbiyyat mükafatıdır. Demək ki, mənim işim dəyər veriblər. Bu elə mükafatdı ki, onu alandan sonra, başqa bir şey istəmirsiniz. Mən Nobeli alandan sonra, başqa heç bir mükafatı qəbul etməməyə qərar vermişəm. Başqa mükafatları qəbul etməyin mənası yoxdur.
- Sanki əsərlərinizdə susqunluq anlayışının xüsusi yeri, mənası var. Bunu ədəbi priyom kimimi istifadə edirsiniz? Müdrikliyin pik nöqtəsi susmaqdırmı?
- Əsərlərimdə susqunluq ola bilər, amma bu boyun əyməyin, ya da imtina etməyin susqunluğu deyil. Əsərlərimdə daha çox mübarizə və qarşı çıxmaq var. Romanlarımın birində kəndlilərin mübarizəsindən bəhs etmişəm.
Müdrikliyə gəlincə, “Rikardo Reisin öldüyü il” əsərimdə “Dünyadakı tamaşayla xoşbəxt olmaq müdriklikdir” – yazmışdım. Bunu əvvəllər hardansa oxumuşdum. Sonra da yazdım. Mənim bir yazıçı kimi şəxsi həyatım isə siyasi mübarizənin və dirənişin hekayəsidir.
- Ateist olduğunuzu bilirik. Yaşlandıqca, Tanrı reallığıyla üzləşməyin mahiyyəti dəyişirmi? Allahsız həyat tərziylə yazmaq sizin üçün qurtuluş, yoxsa təsəllidir?
- Bəli, ateistəm. Mənim üçün Allah deyə bir şey yoxdu. Nədən qurtulacam ki? Nəyin qurtuluşu olaraq görüm ki? Ruhumumu nəzərdə tutursuz? Mənim ruhum yoxdu ki. Bu ruh dediyiniz nədir? Mən nəyəmsə başımın içindədir. Beynimizdəkilər bizim dünyanı dərk etməyimizə kömək edir. Mənim dünyanı və kainatı dərk etməyimin içində Tanrıya yer yoxdur.
- “Korluq” romanı kimi misilsiz bəşəri həcvin yazarı kimi sizə bu sualı da vermək istəyirik: Dünya hara gedir? Korluq davam edirmi?
- Bu korluq fikrinin ortaya çıxması çox bəsitdir. Kafedə oturmuşdum, nə yeyəcəyimə qərar vermişdim, oturub gözləyirdim. Qəfildə beynimdə bu sual doğdu: bəs birdən hamımız kor olsaydıq, necə olardı? Dərhal da cavabı tapdım: onsuz da hamımız koruq. O roman belə meydana çıxdı.
Sanki hamımız koruq, məntiqsiz hərəkətlər edirik. İnsanlar ağıllı olmağa dözə bilmirlər. İnsanlığın ilkin dövlərində ağlı kəşf edəndə də dözə bilmədilər. Dəli oldular. Hələ də o dəlilik davam edir. İnsan deyilən varlıq ruhi xəstədir. Əgər elə olmasaydı, dünya bugünkü gündə olmazdı. İndiki dünyadakı vəziyyəti ortaya çıxaran hər halda sağlam düşüncəli ruh halı deyil. Eqoizmi götürək, kini, batil inancları düşünək. Məhz bunları düşünən zaman insanoğlu ruhi xəstədir deyə bilərəm. Belə bir nüans da var: biz məntiqimizi məntiqli olanın qarşısında istifadə edirik. Həyata qarşı istifadə edirik. Əslində biz bu həyata layiq deyilik. Sonumuz fəlakətdir, fəlakətə qədər gedər bu proses. Yaxşılığa doğru heç bir ümidim yoxdur. Orda-burda bəzi irəliləyişlər ola bilər. Amma həyata yeni məna qazandırmaq kimi heç bir əlamət yoxdur. Bir də elə ziddiyətlər var ki, insanın gələcəklə bağlı bütün ümidləri qırılır. Mən Türkiyəyə bazar ertəsi gəldim. Türkiyədə görəcəyim şeylər barədə dumanlı da olsa, bəzi fikirlərim varıydı. Aradan 48 saat keçib, bu ölkədə baş verənlərə heç bir məna verə bilmirəm. Türkiyəfə bir-biriylə yola getməyən, tərs istiqamətlərə kürək çəkən güc mərkəzlərini başa düşə bilmirəm. Görək, seçkilərdə nə olacaq. Qorxuram ki, seçkilər də vəziyyəti düzəltməsin, hətta əksinə biraz da gərginləşdirsin.
- Böyük kütlələr halında yaşayan insanların heç bir ortaq cəhətləri yoxmuş kimi davrandıqları bir dünyadan bəhs edirsiniz həmişə... Bu yadlaşmanın səbəbi nədir? Təhhalığımız getikcə artırmı?
- Tənhalıq və yadlaşma getdikcə artır. Biz o birisini tanıya bilsəydik, özümüz kimi tanıya bilsəydik, öhdəlikləri olan, hüquqları olan birisi kimi görsəydik, mən digərinə hörmət etsəydim, o da məni saysaydı, hər kəs öz inancından, öz düşüncəsindən çıxış etsəydi... O zaman bir-birimizlə yola gedə bilərdik!
Bu, fərdi mənada ola bilər, böyük kütlələrdən danışanda isə bunun reallaşması çətindir. Ən önəmli səbəb budur: kütlələri idarə etmək asandır, onları istədiyiniz tərəfə yöndəndirə bilərsiniz. O zaman kütlənin içində olan fərdlər də normalda etməyəcəyi şeyləri etməyə başlayırlar. Niyə bir başqası mənim düşmənim olsun? Niyə bunu qəbul etməliyəm? “Dinsizlərə ölüm” deyib yaşaya bilmərik axı. İndi bəziləri “kafirlərə ölüm” deyir. Kafirlər niyə ölməlidir ki? Heç bir uşaq, körpə boynunda dini simvolla doğulmur. Məsələn, boynunda xaçla doğulan uşaq yoxdur. Yeni doğulan uşaqlar azaddırlar. Bir uşaq doğulur, hələ ki vicdanı və şəxsiyyəti formalaşmayıb, bax, onun ən azad olduğu an o andır. Böyüdükcə çevrəsindəkilər onu başqalarına oxşamağa məcbur edəcək. Yəhudidirsə sinaqoqa, xristiandırsa kilsəyə, müsəlmandırsa məscidə aparacaqlar. Bəs bunun mənası nədir? Allahın varlığına inanırsınızsa, onun birliyinə də inanmalısınız. Allah təkdir. Onun tanrısı, bunun tanrısı deyə bir şey yoxdur. Hər kəsin beynində fərqli tanrı olanda, başqalarını “o birisi” adlandırırıq.
Bu cür bir-birlərinə yadlaşan insanların yaşadığı dünyada ədəbiyyatın funksiyası nədir?
Yox, yox, ədəbiyyat dünyanı dəyişə bilməz. Əksinə, dünya ədəbiyyatı dəyişdirir. Çox şükür ki, belə olur, çünki bu ədəbiyyatın canlı orqanizm olduğunu göstərir. Yazıçıların da digər bütün insanlar kimi həyat haqqında fərqli düşüncələri var. Fərq budur: yazıçıların istedadı var və bunu yazıya çevirirlər. Oxucular da onların fikrini ya qəbul edərlər, ya da etməzlər. Amma dünyanı xilas edə bilmərik.
- Portuqaliyada bir kitabxana toplantısındakı çıxışınızda “Mütaliə həmişə azlıq üçün olub, həmişə də belə olacaq. Hər kəsin oxumağını tələb edə bilmərik” demisiniz. Hər kəsin oxuması istəyiylə bağlı “bunun mənası yoxdur, faydasızdır” fikriniz insanları çox təəccübləndirmişdi. Bu ifadənin arxasında dayanan səbəb nədir?
- Az adamın oxuduğu həqiqət deyilmi? Mən nə varsa, onu demişəm. Mütaliə edənlərin sayı azdır. Məsələn, Türkiyədə kitabların tirajı nə qədərdir? Son kitabım burda 2000 min tirajla çıxıb. Türkiyədə də təxminən 70 milyon insan var. İstanbulun əhalisi 17 milyondur. 17 milyon üçün bir kitab 2000 tirajla çap edilir. İndi kimsə ayağa durub mütaliənin azlıq üçün olmadığını iddia eləsin.
İndi bu 2 minlik kitabı 20 min, 2 milyon tirajla çıxarsanız, mən eləməyin demərəm. Mən kitabın yayılmasının əleyhinə deyiləm, yoxsa öz işimə qarşı olardım. Mütaliənin yayğınlaşması üçün milyonlar xərcləmək lazımdır. Amma bu cür cəhdlərin çoxundan xeyir götürülmür. Zənnimcə, problem ibtidai təhsildədi. Orda işə son dərəcə həssas yanaşmaq lazımdır. Hətta universitetlərdə oxuyanların böyük əksəriyyəti belə ciddi mənada oxuma-yazma bilmirlər. Amma bu problem universitetlərin problemi deyil. İbtidai təhsilin pis olması insanın bütün gələcəyini məhv edə bilər.
- “Korreria Della Serra”dakı məqalənizdə “Orxan Pamuk ölüm təhdidləri aldığı üçün Türkiyəni tərk etməyə məcbur olursa, demək, ortada ciddi problemlər var. Asiyanı içimizəmi qəbul etməliyik? Hər kəs Avropadırmı? Türkiyə necə Avropa ola bilər ki?” deyə yazmışdınız. Hələ də fikrinizdə qalırsınızmı?
- Bəli, fikrimdə qalıram. Buna inanıram, həm də çox bəsit səbəbdən dolayı. Türkiyənin Avropa olmağa ehtiyacı yoxdur. Türkiyə böyük ölkədir. Onsuz da hər şeyin başlanğıcı burdadır, böyük mədəniyyətiniz, kültürünüz var. Avropa ilə əla münasibətləriniz ola bilər. Biznes, mədəniyyət kimi sahələrdə hər cür əlaqələr qura bilərsiniz. Avropa Birliyinə daxil olmaq sizə heç nə qazandırmayacaq.
Bura hər kəsin xoşuna gələcək sözlər deməyə gəlməmişəm. Dediklərimin bəziləri xoşunuza gəlməyə bilər, amma mən düşündüklərimi dilə gətirirəm.
Tərcümə etdi: Cavid Ramazanlı
“Alma qəzeti”, 2010