post-title

Azərbaycan niyə maraqsızdır? (2-ci yazı)

Bu mövzuda əvvəlki yazıya müxtəlif reaksiyalar gəldi. Bu üzdən yenidən bu konuya dönmək ehtiyacı duydum. Bütün məsələlərin sonadək açılımı üçün. Bir yazıda bunu etmək nə qədər çətin olsa da.

 
 
Məsələn, Cənublu dostlardan biri yazdı ki, “Bəlkə də tanımasalar daha yaxşıdı. İranı tanıyırlar, amma mən yenə də utanıram iranlıyam, deyim.” Dostumuzu anlamaq olar, zatən İrandakı bugünkü biabırçı rejimlə utanmayasan, nə edəsən? Amma məsələ burasındadır ki, İran heç də daima molla rejimi ilə bərabər tutulmur. Çünki sırf tarixi mənada İran, bir zamanlar antik Yunanıstana belə alternativ ola bilmiş bir sivilizasiya, bu gün isə İran kinosu adlı bir kültür fenomeni ilə assosiasiya edilir.
 
Başqa bir tərcüməçi dost isə yazdı: “Azərbaycandanam dediyimdə, Abidcandan? - sordular.” Bu iş mənim də başıma gəlib, 2000-ci ildə SoNoR ansamblı ilə ilk dəfə Avropaya qastrol səfərinə çıxanda Düsseldorfdakı avtobusun sürücüsü sifətimizə mat-mat baxaraq: “Siz haradan gəldiniz, Abicandanmı?”. Görünür fikrində Fildişi Sahilinin (Côte d'Ivoire) paytaxtından gəldiyimizi eşitcək, aramızda bircə nəfər də qara dərili insanın olmadığı onu şaşırmışdı. Əminəm ki, çoxunuzun başına gəlib bu əhvalat. 
Doğrusu reaksiyalardan belə anladım ki, məqalədə qoyulmuş problematika bir qədər başqa yöndə anlanılıb.
 
İş burasındadır ki, məsələni əsla banal olaraq Azərbaycanın sadəcə tanınması üzərinə gətirmək istəməmişdim. Bu məsələ ilə maşallah vedrə-vedrə, yeşik-yeşik “Azərbaycan həqiqətlərini” Avropaya daşıyan (təbii ki, dövlət hesabına), Avropanın göbəyində çığıra-çığıra ikili standartlardan danışıb, özlərinin saxta seçilmələri ilə ağıllarından belə keçməyən deputatlarımız məşğul olur. Avropanın göbəyində Vətən deyib çığıran deputatlar, ölkəmizdə maşallah xamuşdan xamuşdur, Vətəni qorumuş insanların özünü yandırması belə onları maraqlandırmır. Axı bizim Qarabağ boyda dərdimiz var, kimin özünü yandırmasının nə vacibliyi var indi?! Heç olmazsa güzdüdə özlərinə baxırmı bu adamlar?! 
Mənim nəzərdə tutduğum başlıca məsələ heç də Azərbaycanın sadəcə dünyada tanınması deyil, ölkəmizin necə və nəyə görə tanınması idi. 
Məqalədəki başlıca məsələ müasir insanmərkəzçi sivilizasiyanın gəldiyi son nöqtə idi -  İNSAN resursu. 
 
 
İnsan resursu bütün sivil ölkələrin ən dəyərli, ən vacib, müstəsna bir resursudur. Bir çoxunun heç bir xammalı, yanacağı, faydalı qazıntısı olmasa da dünyanın mərkəzinə çevrilə bilmiş ölkələr, cəmiyyətlərdir bunlar, tanıdığınız Avropa, ABŞ, Yaponiya, Cənubi Koreya və s. Burada məhz İnsan resursu həlledici rolunu oynayıb.
Yeri gəlmiş Rusiya ilə Ukraynanın da qarşıdurmasında Ukrayna müstəsna olaraq yalnız özünün insan potensialına güvənə bilər. Bu üzdən gələcəyin kimə məxsus olması şəxsən məndə sual doğurmur.
 
Bizim ölkədə isə hər şeyin qiyməti çox gözəl bəllidir – bananın, xamanın, “mamanın”, dananın. Xammalın, rəmmalın, dəllalın, cəlladın. Hamısının dəqiq dəyəri var, bircə insandan başqa. İnsan bizim ölkə üçün dəyər deyil. Deyil sadəcə, vəssalam.
 
Bizim ölkə üçün dəyərli olanı bütün siyasətçilərimizdən eşitmişik: “Neft, qaz, xammal, strateji geosiyasi məkan, tranzit məkanı, maraqların toqquşduğu məntəqə, Avropa ilə Asiya arasında körpü”, daha nələr istəsən. Bizim ölkə üçün strateji dəyər bizim İNSANdır – bunu heç dedilərmi?   
 
Halbuki istənilən ölkənin başlıca və əslində yeganə potensialı İNSAN olmalıdır, əgər bu faktor önə çəkilmirsə, əksinə az qala zibil yerinə sayılırsa, başlıca olan neft, yanacaq və xammal olarsa, sonu belə də olmalı idi. Necə ki, var.
 
Yəni necə ola bilər ki, belə banal həqiqəti mantra kimi təkrar etməyə məcburuq – hər hansı bir ölkə yalnız və yalnız öz İNSANı ilə maraqlı ola bilər, bu insan da öz növbəsində sadəcə bioloji varlıq deyil, ictimai mənada maraqlı, müasir sivilizasiyanın tələblərinə uyğun olmalıdır. Bunlar aksionmadır, bunu nə üçün sübut etməliyik ki? 
Milyardları konfet kağızı kimi səpələyən, lakin insanına heç bir dəyər verilməyən Azərbaycan nəyi ilə maraqlı ola bilər ki, dünyaya?
 
XXI əsrin ikinci onilliyində bütün dünyada “bizim əjdaha kimi pulumuz var” deyib, müasir sivil dövlət və cəmiyyət yox, xalis xammal xanəmanı yaratması ilə fəxr edən xalqı necə adlandırmaq olar ki?  
 
XXI əsrin ikinci onilliyində kinosunda küçə itinin çəkilişinə qadağa qoyulan, kasıb adam-filan obrazının arzuedilməz olduğu rejissorlara bəlirlənən ölkənin mədəniyyəti necə cəlbedici ola bilər ki? Zatən İnsanı olmayan bir ölkənin kültürü, incəsənəti necə olmalı idi ki?
 
Keçən dəfə sitat kimi gətirlimiş “İnsanı heyvandan fərqləndirən yeganə amil mədəniyyətdir.” – ümumiyyətlə bu fikir ilə razısınızmı?
 
P.S. Ağırdan ağır vəziyyətdə olan cəmiyyətin gündəmlərinə bir nəzər ataq: yasların necə verilməsini dövlət tənzimləsin, ya yox; Siyavuş deyir şərh yazmaq üçün pasportunuzun nömrəsini daxil etməlisiniz; dövlətin zırpı bir rəsmisi, baş nazirin müavini Yaqub Eyyubov da ilin-günün bu vaxtı deyir ki, "heç kim Rusiyanı sındıra bilməz”. Nəticəni özünüz çıxarın.   
 
P.P.S. Amma ədalət naminə bunu da deyim ki, yalnız keçən il sırf kültür mənada gürcüləri əhliləşdirib onlara meyxana dedirdə bildik və bunu zarafatsız-zadsız mədəni uğur hesab etmək olar. “Davay dasvidania” meyxanasının gürcü versiyası bizim bütün kinomuzun, əbəbiyyatımızın, ümumiyyətlə incəsənətimizin edə bilmədiyini etdi – gürcülər bunu bizdən əxz edib götürməli, təqlidini etməli oldular. Afərin! 
 
Elmir Mirzəyev
 
Meydan.Tv
Yuxarı