“Post-postmodernizm” termini özü sual altında olduğuna görə, bir neçə sinonimik variantı mövcuddur. Bunlar “psevdomodernizm”, “digilmodernizm”, “metamodernizmdir”. Bu terminlər müxtəlif müasir filosofların (Alan Kirbi, Timofey Vermülen, Robin van der Akker və s.) kitablarında istifadə etdikləri sözlərdir. Nəzərdə tutulan axın isə eynidir.
Post-postmodernizm postmodernizmin davamıdır. Rus ədəbiyyatçısı Kuritsının dediyi kimi, post-postmodernizm postmodernizmin “qəhrəman” dövrünün sonu, “sülh şəraitində həyata” keçididir. Post-postmodernizmin əsas fərqli cəhəti bədii virtualistikadır. Postmodernist intertektuallıqdan (postmodernist əsərdə klassik ədəbiyyatdan sitatlar, başqa əsərlərə yönəltmə və s.) həqiqət və bədii əsər arasında səthin silinməsi post-postmodernist ədəbiyyatda həm sözün hərfi (kompyuter kvazireallığı), həm də bədii mənasında baş verir. Başqa sözlə mətn və reallıq arasında bağ itir. Postmodernizm oxucu ilə oyun oynadığı zaman, post-postmodernist yazıçı yaratdığı reallığa özü də ciddi formada, ironiyasız inanır. Baş verənlərin absurd və reallıqdan uzaq olmasına baxmayaraq, hər şey ciddi formada nəql olunur, həm yazıçı, həm oxucu buna inanır.
Post-postmodernizmin qaynaqlarında Pol Osterin “Şüşə şəhər” (1985) əsəri dayanır. Povestin postmodernizm çərçivəsindən çıxdığını elə o vaxt ədəbiyyatçılar anlayırdılar.
Povest belə başlayır: “Hər şey gecə telefon zəngindən başlamışdı, üç zəngdən sonra telefon xəttində səs hansı isə adamı çağırdı. Çox daha sonra onunla nə baş verdiyini düşünəndə o bu qərara gəlir ki, baş verənlərin hamısı təsadüfdür. Ancaq bu çox daha sonra oldu. Əvvəlcə isə yalnız hadisə və onun nəticələri vardı, başqa heç nə. Vacib deyil, hər şey başqa cür ola bilərdi və ya olanlar artıq əvvəlcədən, telefon zəngində səs eşitdiyi andan müəyyən edilmişdi. Vacib olan hekayədir, onun bir mənası var, yoxsa yox, oxucu özü qərar versin”. Son cümlə tipik modernist ədəbiyyatına xas fikirdir: oxucu, özün qərar ver! (bu, yazıçının oxucu ilə oyununun başlaması deməkdir).
Yazıçı oxucuya məlumat verir ki, onun bilgisi də çox deyil. Əgər 19 əsrdə yazıçı hər şeyi bilirdisə, post-postmodernizmdə o, oxucudan bir az çox məlumata sahibdir. Burada yazıçı hadisələrin seyrçisidir.
Süjet isə belədir. Baş qəhrəman Deniel Kuin yazıçıdır, artıq neçə ildir ki o, “Uilyam Uilson” adı ilə yazır, bunu isə heç kim bilmir. “Uilyam Uilson” isə “Maks Uork” adlı detektiv haqqında kitablar yazır. Deniel Kuinə “Maks Uork” daha yaxındır, nəyinki “Uilyam Uilson”. Bir gün zəng edən şəxs təlaşlı formada telefona Pol Osteri çağırır (yazıçının öz adı və soyadı). Kuin onun Pol Oster olmadığını desə də, zənglər davam edir və bir gün o, avantüraya əl atır: Kuin detektiv Pol Oster olduğunu təsdiqləyir. Daha sonra o, Stilmen ailəsi ilə tanış olur və Piter Stilmeni onun dəlixanadan çıxmış atasından qoruyacağına söz verir... Onun atası vaxtı ilə Tövratın Vavilon haqqında mətnini elə yozmuşdu ki, oğlunu dünyadan təcrid etmişdi. Bunda məqsədi isə balaca oğlunun Adəmin dili ilə danışmasına çalışması idi...
Bu süjet özü-özlüyündə postmodernizmdir, ancaq daha sonra reallıq və yazıçının dünyası arasında bağ itir, yazıçı özü bu oyunun iştirakçısına çevrilir. Baxın: yazıçı Pol Oster yazıçı Kuini yaradır, Kuin yazıçı Uilyam Uilson adından yazır, onun qəhrəmanı Maks Uork olur, Kuin, Marks Uorku daha real qəbul edir, və bir gün Kuinə zəng edib Pol Osteri dəstəyə çağırırlar! Bütün povest boyu Kuin qırmızı dəftərdə qeydlər aparır, sonda isə dəftəri Pol Oster və onun dostu tapır. Və Pol Osterin dostu hər şeyi povest formasına salır. Hə, oxucu, necə istəyirsən, elə də qəbul et! Oyun isə davam edir...
Bəhruz Səmədov
Kultura.az