post-title

Müəllimlər və başqa müəllimlər

"Müəllimlərdən biri məcburi köçkün idi. Geniş ailəsi vardı. Onları dolandırmalı idi deyə xeyli saat dərsə ehtiyacı vardı. Direktor da vəziyyəti anlayıb tarix, coğrafiya, insan və cəmiyyət, hərdən zoologiya, ayda bir-iki dəfə riyaziyyat dərslərini ona tapşırmışdı. Yəni uşaqlar bu yaşlı qadının nurlu simasını analarından daha çox görürdülər, hətta hərdən çaşıb dərsin ortasında “mama” deyirdilər".

 
 
Kultura.az oxucularına Rəşad səfərin hekayəsini təqdim edir
 
(Hekayə)
 
 
Yeni tədris ilinin açılışına həsr olunur
 
N saylı orta məktəbin müəllim kollektivi çox mehribandı. Hətta o qədər mehriban ki, aralarında sənin dərsin - mənim dərsim söhbəti olmazdı. Hərdən mübahisə də düşərdi ki, bu dərsi sən keç, yox sən keç. Heç kim heç kimin xətrinə dəyməzdi. Əsas da məktəbin direktoru. Sakit, mehriban, qəlbi yaylalar və ovalıqlar qədər geniş bir insan idi. Kimsə ondan narazı qalmazdı. Kim hansı dərsə girmək, kim hansı sinfi götürmək istəyirdisə, canla-başla razı olardı. Daha soruşmazdı, sən hansı fəndən dərs deyirsən. Bəzən heç “sən bu məktəbdə işləyirsənmi” deyə də sual verib həmkarını yormazdı. 
 
Bir neçə nümunə deyim, hər şey aydın olsun. Müəllimlərdən biri məcburi köçkün idi. Geniş ailəsi vardı. Onları dolandırmalı idi deyə, xeyli saat dərsə ehtiyacı vardı. Direktor da vəziyyəti anlayıb tarix, coğrafiya, insan və cəmiyyət, hərdən zoologiya, ayda bir-iki dəfə riyaziyyat dərslərini ona tapşırmışdı. Yəni uşaqlar bu yaşlı qadının nurlu simasını analarından daha çox görürdülər, hətta hərdən çaşıb dərsin ortasında “mama” deyirdilər. Özü də mehriban qadın idi. Uşaqları öz övladı qədər istəyərdi. Elə övladına da özü dərs deyirdi. Uşaqları incitməzdi. Yetər ki, vaxtilə  qara olmuş, sonra bozarmış lövhənin qarşısına keçib, dayanmadan danışasan. Hər şeydən danışmaq olardı. Gərək susmayasan. Bu müəllimin öyrətdiyi beş-altı fəndən hər hansına aid mövzunu digər bir fənnə aid dərsdə rahat danışmaq olardı. İnsan və cəmiyyət dərsində din mövzusunda suallara cavab verərkən mövzu qəfil yadından çıxsaydı, karıxsaydın, gözlərini sinfin divarlarına gəzdirib, rastına çıxan ilk şəkil barədə rahat danışa bilərdin. Məsələn, Şah İsmayıl Xətayini görsəydin, onun Təbrizə daxil olmasından başlayıb Çaldıran döyüşünə qədər davam edə bilərdin. Amma bircə Xətayinin şeirlərinə gərək toxunmayaydın. Söhbəti ora gətirən kimi, bir az qımışar, bir az yerində qurdalanar, sonra da deyərdi ki, oğlum, qızım, bu, ədəbiyyat müəlliminin sahəsidir, mən müəllim həmkarıma qarşı vicdansızlıq etmək istəmərəm, saxla, onun dərsində danışarsan. Dərslərinə qarşı da məsuliyyətli idi. Dərslikdəki mövzuya aid mətni mütləq axıra qədər oxuyardı. Əlbəttə ki, eqoist insan deyildi ki, özü evdə tək oxuyaydı, xeyr, elə dərsdəcə, yüksək səslə oxuyardı ki, həm özü öyrənsin, həm də uşaqlar. Əgər nəsə bir işi çıxardısa, xəstələnərdisə, ya da hansısa səbəbdən dərsə gəlməzdisə, yenə də dərsi boş buraxmaz, uşaqlardan birinə tapşırardı ki, çıxıb hamı üçün oxusun. Çox vaxt bu uşaq öz oğlu olardı. 
 
Yaxud... Riyaziyyat müəllimi, gözəl-göyçək, 35-40 yaşlarında bir qadın. Taleyin yazısı elə gətirmişdi ki, bu qadın ya ərə getməmişdi, ya da ərə getsə də, sonra dul qalmışdı. Hər halda, tək yaşayırdı. Məktəbin direktoru onun tənhalığını nəzərə alıb, həm də xalqın övladları üçün daha yararlı olsun deyə, ona xeyli dərs tapşırmışdı. Riyaziyyat, fizika, biologiya, hərdən bədən tərbiyəsi fənlərində bu müəllimin xidmətlərindən istifadə olunurdu. Özünə birbaşa aid olan fənn riyaziyyat idi deyə, riyaziyyat dərslərində daha sərbəst davranar, hərdən nəğmə müəllimini çağırıb xahiş edərdi ki, bir neçə gün onu əvəz etsin. Amma digər fənlərə çox ciddi yanaşardı. Direktorla da mehriban idilər. Boş vaxtlarını adətən direktorun kabinetində keçirərdi. Uşaqların nəsə sualı filan olanda direktorun kabinetinə getmək lazımı idi bu müəllimi tapmaq üçün. Bəzən kabinetdə ləngiyər, sonra da yazıq təngənəfəs qaçıb gələrdi dərsə, amma çox gecikməzdi. Yəni belə məsuliyyətli idi. 
 
Bax, belə mehriban, məsuliyyətli kollektivi vardı N saylı orta məktəbin...Hələ ədəbiyyat müəllimini demirəm. Fağır bir kişi idi. Külli miqdarda ailə üzvü vardı. Dolanışığı çətin idi. Qədirbilən insandı amma. Heç kimə qarşı əvəzsiz qalmazdı. Hansı uşağın valideyni bir-iki kisə un, qənd, hərdən beş-on dənə çörək alardısa, o uşağın yeri müəllimin gözlərinin üstündəydi. Yenə də ədəbiyyat...insanın vicdanını itiləyir, ədalət hissini yüksəldir. İnsanı nankor olmağa qoymur. Düzdür, adam bu müəllimə qulaq asanda elə bir duyğu yaranırdı ki, sanki bu müəllimin oxuduğu bütün kitablardan yalnız “məsələn, misalçün, ona görə” sözləri yadında qalıb. Bir dəfə uşaqlar saymışdılar, qırx beş dəqiqə ərzində iki yüz əlli dəfə “məsələn” sözünü işlətmişdi. Ədəbiyyat adamıdır, söz oynunu sevirmiş yəqin, bu sözü xüsusi vurğulamaqda məqsədi varmış bəlkə də. 
 
Yəqin ki, N saylı məktəb haqqında ümumi təsəvvürünüz yarandı. İlk baxışdan hər şey yaxşıdır, əladır. Amma...amma hər yerdə olduğu kimi, burda da qəribə insanlar, şər qüvvələr mövcud idi. Bir neçə müəllim vardı ki, qoymurdular nə başqa müəllimlər, nə də uşaqlar tam xoşbəxt olsunlar. Nə isə, ironiyanı qoyaq bir kənara, belə müəllimlərdən birinin həyatı haqqında eşitdiyimiz bəzi hadisələrdən danışaq...
 
Bir müəllim xüsusilə məşhur idi qəddarlıqda. Sürətlə danışan bu arıq, çəlimsiz qadın, bu qəddar rus dili müəllimi uşaqların gününü qara etmişdi. Səbəb? Heç nə, uşaqlar rus dilini öyrənməklə bərabər, rus ədəbiyyatını da oxumalıymış. Anladıq, rus dili müəlimisən, get rus dilini öyrət, uşaqların nəyinə lazımdır Turgenyev, Tolstoy, Ostrovski?...Bunu, uşaqlarını incitdiyinə görə şikayətə gəlmiş valideynlərdən biri direktora söyləyərkən eşitmişdi riyaziyyat müəllimi. Arxa otaqda imiş, istəmədən qulaq müsafiri olub. Çox peşman görünürdü sonralar danışarkən, bunları dinlədiyinə görə. Düzdür, o da valideynlərin tərəfində idi. Müəllim gərək uşaqların fikrini yayındırmasın. Dərsdə nə verilib, onu da keçsin, uşaqları lazımsız şeylərlə yükləməsin. Həm də uşaqlarla bir az mülayim olmaq lazımdır, öyrənmir öyrənməsin. Sənə çox lazımdır? Üçdən-dörddən qiymətini yaz, bir təhər qurtarsınlar. Yoxsa dəqiqəbaşı valideynləri məktəbə tökməyin nə mənası var? Riyaziyyat müəlliməsi deyərdi bunları, direktorun kabinetində oturub tez-tez qaşlarını aşağı-yuxarı tərpədərək. 
 
Rus dili müəllimi təkcə ədəbiyyatla kifayətlənmirdi. Uşaqlara min bir zülmlə məşhur rus rəssamlarının rəsmlərini də əzbərlədərdi. Məşhur muzeylərin adlarını söyləyər, hansı rəsmin harada olduğunu, hansı rəsmin nə anlama gəldiyini də əvvəl izah edər, sonra da soruşardı. Bilməyənlərin vay halına! İllər öncə Tretyakov qalereyasından gətirdiyi rəsm albomlarını görəndə, uşaqların əsəbdən və həyəcandan ürəkləri bulanardı. O nə dəhşət idi, ilahi! Atalarının adını yazanda iki-üç səhv buraxan uşaqlar necə yadda saxlayacaqdılar Veraşşagini, Bryüllovu, Venesianovu? Bu adları yadda saxlaya bilməyənlər necə fərqləndirəcəkdilər Ayvazovski ilə Savrasovun mənzərə şəkillərini? Bir sözlə, hər dərsdə müsibət yaşanırdı. Çünki bilməli idilər, yoxsa rus dili müəllimi göz verib, işıq verməzdi bəxtsiz tifillərə.
Bununla bitirdimi bu rus dili müəlliminin etdikləri? Xeyr, bitsəydi, dərd nə idi? Həm də allahsız idi. Yəni ateist! Şeytandan daha çox ateistdən qorxan insanların arasında necə olardı sizcə onun halı? Allahsız müəllim! İlahi, bu nə dərd idi, bu nə bəla idi gəlirdi N saylı orta məktəbin bədbəxt uşaqlarının başına? Bu zülmü tanrı niyə götürürdü axı? Bir müəllimə necə izn verilirdi ki, bu cür gül kimi uşaqların beynini zəhərləsin? Heyhat! Kimə deyirsən? Hər tərəfdə məhərrəmlik abu-havası, evdə balışların altında kiçik quran kitabları, çörək parçaları, küt bıçaqlar, darvazaların üstündə at nalı, otaqların girişində üzərlik kolu, uşaqların boynunda dua, gözmuncuğu olan bir məmləkətin tifillərinə necə başa salacaqdın ki, tanrı yoxdur? Elə düşündüyünüz kimi, mümkün də olmadı. Hətta deyəsən, uşaqlar onun nə danışdığını da anlamırdılar. Anlasaydılar, gedib evdə deyərdilər, desəydilər, heç kim o müəllimi valideynlərin əlindən qurtara bilməzdi. 
 
Qəirbə idi. Fərqli idi. Sərt idi. Bilginin qorxu ilə, məcburiyyətlə də olsa insan beyninə yeridilməli olduğunu düşünürdü. Özü 20-ci əsrin sonunda, bozarmış bir əyalət şəhərində yaşasa da, xəyalları Fransa inqilabları, Avropa ədəbiyyatı, Sankt-Peterburq, kral sarayları, Russo, Paris, Luvr.....belə uzaq və əlçatmaz yerlərdə dolaşardı... Bəlkə də bu əlçatmazlıq, xəyallarındakılara nisbətdə içində yaşadığı geridəqalmışlıq onu belə sərt və qəddar etmişdi. Edə biləcəyi son şeyi etmək – insanlara nəsə öyrətmək üçün hər şeyə hazır idi. Heç bir uşağın gözünün yaşına baxmazdı. Hətta yeri gələndə, vurmaqdan belə çəkinməzdi. 
 
Amma görüntüdəki bütün sərtliyinə baxmayaraq, bu “şeytan müəllim” ürəyinin dərinliyində həssas və rəhmdil idi. Gülməyi ilə ağlamağı arasında saniyələr fərqi vardı. Kimsəni ürəyinə yaxın buraxmazdı. Amma çox ehtimal, o ürəkdə var-gəl edən kimsələr və bir-birini didib-parçalayan düşüncələr vardı.
 
Bəzən səbəbsiz yerə ağladığının şahidi olardılar. Bir dəfə şagirdlərdən biri fasilə vaxtı qəfildən sinfə girdiyi zaman ağladığını görmüşdü. Sonra da hamıya car çəkmişdi, müəllim ağlayır deyə. Necə də sevinirdilər...Niyə ağladığını bilmirdilər, amma onu ağlayan görmək xoş idi uşaqlara... Həmin gün, uşaqlardan birinə şillə vurmuşdu. Qarayanız bir oğlana. “Mumu”nun kiçik bir parçasını belə yadında saxlaya bilmədiyinə görə. Elə ona görə də ağlayırmış... Hirsindən və peşmanlığından.   
Elə bir gün gəldi ki, artıq kimsə bu müəllimin varlığına dözmək, onu bu kiçik şəhərdə görmək istəmədi. Hər kəs, müəllimlər, şagirdlər, valideynlər bu şər qüvvədən, bu şeytan övladından qurtulmaq üçün birləşərək onu əvvəlcə N saylı orta məktəbdən, sonra isə şəhərdən qovmaq qərarına gəldilər. Hətta ürəyi geniş, yumşaq xasiyyətli direktor da bu plana dəstək verdi. Bunun üçünsə riyaziyyat müəllimi saatlarla vaxtından keçib, direktorun kabinetində onu inandırmağa çalışdı. Bu istedadlı müəllim əlbəttə ki, işin öhdəsindən gəldi və direktoru inandırdı...Bir gün ağlaya-ağlaya evə gələn uşağın valideyninin şikayəti ilə rus dili müəllimi məktəbdən qovuldu. Həm də rüsvay edilərək. Sanki hər kəs o günü səbirsizliklə gözləyirmiş; hər kəs ürəyindən gələn bütün sözləri yağdırdı heç nə anlamırmış kimi dayanıb döyükən müəllimin surətinə. 
 
Bir gün sonra, divarlarındakı boyağın ovulub töküldüyü otağında əşyalarını, nimdaş suvenirlərini, rəsm albomlarını, saralmış köhnə kitablarını bozarmış çantasına bir-bir yığıb N saylı orta məktəbi tərk edən rus dili müəllimi tezliklə şəhəri də tərk edəcəkdi... İstəməsə də, belə oldu. Bu şəhər artıq onunçün yaşanılmaz bir yerə çevrilmişdir. 
 
Şagirdlərinə qarşı nə qədər sərt olsa da, özünü onlarsız təsəvvür etmirdi. Hərdən küçədə keçmiş şagirdlərindən birini görəndə, illər öncə sevgilisini itirib, sonra qəfil qarşılaşan insanlar kimi köksünü ötürər, həsrətlə arxasınca baxardı. Sonra da bütün köhnə şagirdləri gəlib sıra ilə dayanardılar gözlərinin önündə. Bu yerlər ona yalnız və yalnız keçmiş şagirdlərini xatırladırdı. Əvvəllər bu əyalət şəhərinin bozluğunu yalnız kitabları və şagirdləri unutdurardı ona. İndi bunlardan, bu iki silahdan biri yox idi daha. Çarəsizlik, sıxıntı, bir həftə öncəki tarixin uzaq keçmiş kimi qismən xatırlanaraq beynini yeyib-dağıtması müəllimin həyatını dözülməz edirdi. Bir yol qalırdı...buraları tərk etmək. Zatən məktəbdə baş verən olaydan sonra həm o, insanlardan, həm də insanlar ondan iyrənirdilər. Nə qədər belə yaşamaq olardı? Pavel Korçaginin, Gerasimin arxasında nə qədər gizlənmək olardı? Nəhayət, bir gün tərk etdi oraları...həm də həmişəlik. O şəhəri öz çarəsizliyi və cəhaləti ilə baş-başa buraxaraq...
 
Gəldiyi başqa şəhərdə də hər şey asan başa gəlmədi. Bu böyük, evlərlə və maşınlarla dolu şəhərdə özünə yer-yurd etmək, iş tapmaq, yeni insanları tanımaq, onlara öyrəşmək, yenidən iyrənmək və uzaqlaşmaq bir xeyli vaxtını apardı. Və axır ki, sadə və sakit bir həyatın izinə düşüb yaşamını yüzillik tənhalığın qolları arasında davam etdirdi. Ta ki o soyuq, çiskinli qış gününə qədər...
 
Nə baş verdi  o soyuq və çiskinli qış günündə? Hər gün baş verən bir hadisə. Hündür, enli, təkərləri insan boyda olan qara bir maşın puçur-puçur palçıqlı yolu keçən arıq, çəlimsiz bir qadını vurdu. “Vurdu” sözünü oxumamış olun, “əzib keçdi”, deyək. Qara maşının boylu-buxunlu cavan sürücüsü isə heç maşını saxlayıb pəncərədən baxmağı da özünə rəva görmədi deyəsən. Eləcə sürüb getdi...
 
Həmin çəlimsiz qadın həmin rus dili müəllimi idi. Həmişəki kimi yenə də sinəsinə sıxdığı bir neçə kitabla birlikdə haradansa gəlmək, ya da harayasa getmək istəyirdi. Bir neçə dəqiqədən sonra isə palçıqlı asfaltın üzərində qan və palçığa bulaşmış kitablar, bir neçə metr kənardasa üzü qana və palçığa bulaşmış rus dili müəlliməsi uzanmışdı...
Yox, düşündüyünüz kimi olmadı.  Ölmədi. İllər sonra şagirdlərindən biri onu əlil arabasında, şəhərin başqa bir yerində gördü. Ən son məlumat budur onun haqqında. Daha o gündən sonra rus dili müəlliminin həyatının necə olması haqqında bilmək üçün fantaziyamızı işə salmaqdan başqa çarəmiz qalmır.
 
Bu hadisələrin içində kiçik bir təsadüf də vardı ki, bu təsadüfdən rus dili müəlliminin özü də xəbərsiz qaldı yəqin ki. Onun ayaqlarını əlindən alan o qara maşınlı, boylu-buxunlu oğlan illər öncə “Mumu”nun bir parçasını öyrənə bilmədiyinə görə danlanan, sonra yanağından bir şillə yeyən, sonra da rus dili müəllimini hirsindən fasilədə ağlamağa məcbur edən o qarayanız oğlan idi. Bu oğlan,  o soyuq və çiskinli qış günündə kimi əzib keçdiyini, gec də olsa, anladımı görəsən? Qələbəsinin və intiqamının fərqindəydimi?
 
Sanki, insanlar və tanrılar birlikdə plan qurmuşdular onun əbədi bədbəxtliyi üçün...
 
Rəşad Səfər
 
Kultura.az
Yuxarı