post-title

İndividual xilas

İnsanın beyni “Google” axtarış sistemi kimidi, sadəcə beyin daha güclü, daha çevik, daha möhtəşəm mexanizmdi. Sən orda nə axtarsan, o da onu axtarıb tapacaq və sənə göstərəcək. Əgər sən axmaq, kütbeyin, qanmaz, özünəinamsız, xaraktersiz, zəif bir insan olduğunu fikirləşirsənsə, beyin də avtomatik olaraq bu hallarla bağlı müxtəlif vaxtlarda başına gələn hadisələri tapıb sənə göstərəcək.

 
 
Yox əgər sən nikbin insansansa, həyatdan zövq almağı bacarırsansa, uğurlu, sağlam düşüncəli, özünəinamlı olduğunu düşünürsənsə, beyin də eynən bu hallarla bağlı həyatında baş verən hadisələri sənə göstərəcək və sənin uğurlu insan olduğun barədə qənaətin biraz da qətiləşəcək, sən yenə uğur qazanmaqda davam edəcəksən. Sən düşüncənsən, necə düşünürsənsə, elə osan. Bədbin düşünürsənsə, bədbin insansan, nikbin düşünürsənsə, nikbin insan. Nə o, nə də bundan olduğunu düşünürsənsə, sən elə nə o, nə də busan. 
 
Bizim psixologiyamızın, tərbiyəmizin, dünyaya baxışımızın formalaşmasında həlledici rolu doğulduğumuz ailə, yaşadığımız cəmiyyət, ətrafımızdakı insanlar oynayır. Biz onların məhsuluyuq.  Ailədə bizə deyirlər: “mumla, böyük olan yerdə kiçik danışmaz”, dövlət bizə normal təhsil vermir, cəmiyyət bizi mənən şikəst edir, ətrafımızdakı insanlar isə daim bizə neqativ enerji ötürürlər. Və belə bir toplumun insanı bədbinləşir, özünə inamını itirir, gələcəyə qorxu və şübhəylə baxmağa başlayır. Qapalı dairədən çıxa bilmir və təbii olaraq, beyninə təxminən belə informasiyalar ötürməyə başlayır: məndə nəsə problem var, mən uğur qazana bilmərəm, çətin ki, bu situasiyadan çıxa bildim, mənim axırım şübhəlidi. Beyin də bu düşüncələrlə bağlı həyatda başına gələn faktları ona təqdim edir, beləliklə, saysız hesabsız travmalı, narahat, qəzəbli, aqressiv insanlar yaranır və onlar nəinki öz həyatlarını, başqalarının da həyatını korlayır, zəhərləyirlər. Belə bir cəmiyyətdə insan kimi yaşamaq, axıntıya düşməmək çox çətindi. Azərbaycan cəmiyyəti də belədir və burada normal insan kimi yaşamaq üçün ayrıca bir ada, həddindən artıq böyük ağıl, özünəinam və iradə yiyəsi olmalısan. Ya da ölkədən çıxıb getməlisən. 
 
Bu yaxınlarda xaricdə təhsil alan bir tanışım başına gələn maraqlı hadisədən söz açmışdı. Dediyinə görə, Azərbaycanda olanda arıqlığına görə eşitmədiyi kinayəli söz, atmaca qalmamışdı. Xaricdə isə insanlar ona yaxınlaşır, necə olub özünü belə formada saxladığı ilə maraqlanırlar, pəhriz istəyirlər və s. Vətəndə olanda onun özünə inamı yerlərdəydi, xaricdə isə özünü gözəl, rahat və inamlı hiss edir. 
 
Həqiqətən də belədi. Burda küçədə, yolda, çöldə-bayırda, toyda, nişanda hansısa tanışına rast gəlsən, o çalışıb səndə mütləq bir qüsur tapacaq: “Nəsə gözümə bir təhər dəyirsən; yaman arıqlamısan, xəstə deyilsən ki; saçın nə yaman tökülüb; üzünü niyə qırxmırsan, adama oxşamırsan; damdan düşmüş kimi vid-fasonun var; gözün qızarıb; sifətin saralıb; burnun sallanıb; bir qulağın hara yoxa çıxıb?”. 
 
Təbii ki, müsbət enerjili, xoş insanlar da var, amma onlar istisna sayılacaq qədər azdırlar. Fikir versəniz, görərsiz ki, insanlarda daim qüsur axtaran və bunu heç çəkinmədən adamın üzünə pat deyə vuranların əksəriyyəti elə problemli, özünəinamsız, zəif xarakterli insanlardı. Onlar başqalarında qüsur tapanda sevinirlər və özlərinə bir növ təsəlli verirlər ki, nə yaxşı, məndən də betərləri varıymış, mən buna baxanda şükürlüyəmmiş. 
 
Bu yaxınlarda köhnə tanışlarıma, qohumlarıma baş çəkməyə getmişdim. Təsadüfən çoxdan görmədiyim bir nəfərə də rast gəldim, psixoloji baxımdan çoxlu problemləri olan insandı. Özünəqapalıdır, utancaqdır, susqundur, narahatdır, aqressivdir. Onu görəndə bildim ki, ağzından yaxşı şey çıxmayacaq. Fikirləşdiyim kimi də oldu, salam-kalamdan sonra fürsəti fövtə vermədi, dərhal başladı məndə qüsur axtarmağa, hətta bunu rişxənd səviyyəsinə qədər davam etdirdi. Öz aləmində guya zarafat edirdi. Dişimi sıxıb onun atmacalarına dözdüm, heç nə demədim. Zəif yerləri açıq ortadaydı, desəydim, yerlə-yeksan olacaqdı və daha da aqressivləşəcəkdi... Özümü inandırmağa çalışırdım ki, problem onda deyil, problem onu yetişdirən ailədə, cəmiyyətdədir. Amerika hinduları bunu belə ifadə edirdilər: Uşağın tərbiyəsindən bütün kənd məsuliyyət daşıyır.
 
Problem həm də odur ki, ona bənzər adamların sayı həddindən artıq çoxdur. Bu qəbildən olan insanların neqativ enerjisi onların davranışlarında, geyimlərində, düşüncə tərzlərində də özünü göstərir. Onlar bədbin, qəzəbli, xırdaçı, paxıl, vasvası və aqressiv olurlar. Öz ətraflarında onlara bənzəməyən insan görəndə çaşırlar, narahatlıq keçirirlər, qeyri-şüuri də olsa, hər vəchlə bunun qarşısını almağa çalışırlar. Qaranlıqda parlayan nə varsa, söndürmək – onların arzusu budur. Ona görə belə bir cəmiyyətdə parlaq, seçilən nəsə yaratmaq çətin məsələdir. Belə cəmiyyətlərdə böyük insanlar ya ümumiyyətlə yetişmir, ya da çox nadir hallarda yetişirlər. Bu da o cəmiyyətin deyil, o insanın şəxsiyyətinin, dühasının böyüklüyüdür.  
 
Haqqında bəhs edilən insanlar nəyə görə bu vəziyyətə düşdüklərini bilmirlər. Bilmədiklərinə görə də buxovlarından qurtula bilmirlər və bir müddətdən sonra artıq buxovlarını sevməyə başlayırlar. Onlar adətən öz şəxsi zəifliklərindən danışmırlar, toplum şəklində isə problemlərini, çarəsizliklərini xorla belə ifadə edirlər: “Əşşi, xeyri yoxdu, bizdən adam olmaz. Bizdən adam olmayıb, olmayacaq da. Belə gəlib, belə də gedəcək...”.
 
İnsan qurtuluşunun bir çıxış yolu var: özünü tanımaq. Özünü tanımırsansa, probleminin hardan qaynaqlandığını bilmirsənsə, özündən qaçırsansa, həqiqəti görmək istəmirsənsə, elə bataqlığın içində vurnuxa-vurnuxa qalacaqsan, əzab çəkəcəksən, qəzəbindən başqalarını da dartıb bataqlığa salmaq istəyəcəksən.  
 
Əslində isə, insan çox fenomenal varlıqdır. O, darmadağın olsa da, sıfırdan başlamaq, özünü yenidən tərbiyələndirmək, içindəki ən yaxşı şeyləri oyatmaq, öz yaşantısını, ətrafındakıların yaşantısını gözəlləşdirmək iqtidarındadır. Buna isə iradə, azadlıq və özünü tanımaq, bilmək (bilik) lazımdır. Seçim cəmi iki dənədir, ya bataqlıq, ya azadlıq. Başqa variant yoxdu...
 
Cavid Ramazanlı 
 
Kultura.az
Yuxarı