post-title

Nərmin Kamal: Bundan Azərbaycanda da etmək olar

Avqust yarıdan keçdi. Bu vaxtlar istirahətə gedənlər yavaş-yavaş geri qayıdırlar, tətillər, məzuniyyətlər bitir, dərs, iş, fəaliyyət bərpa olunur.

 
 
 
 
 
Yay sona yaxınlaşdıqca Bakıda əhali çoxalır, insanlar bir-birinə tətil macəralarından, kimisi xarici ölkələrdə, kimisi Abşeron bağlarında, kimisi Azərbaycan kəndlərində keçən istrahətindən danışır.
 
Bu yay mən də öz növbəmdə İngiltərənin ucqar əyalətlərini, qəsəbələrini, kəndlərini, fermalarını gəzdim. Buna istirahətsiz gəzinti də demək olar.
 
Devon əyalətinin Exeter şəhəri
 
Cotswolds-da küçə
 
Hər şəhərdə, hər kənddə bir gün, yarım gün, bir saat, bəzən bir həftəsonuna bir neçə məkanı gəzmək, həftə başlananda paytaxta qayıtmaq.
 
Sonuncu həftəsonunu Somerset və Devon əyalətlərində oldum, İngiltərənin lap cənubunda Exeter şəhərini, çox kiçik Wells şəhərini, Trusham kəndini gəzdim. Bu yay ümumən yüzə yaxın ingilis kəndində olmuşam. İndi onlarla Azərbaycan kəndləri arasında müqayisə aparmaq fikrində deyiləm.
 
Olsa-olsa, görülməli nə qədər işimiz olduğunu çatdırmaq istəyirəm.
 
Yol İşarələri
 
 
İngiltərə əyalətlərində ən möhtəşəm binalarda yüksək səviyyəli incəsənət muzeyləri yerləşir. Həmin əyalətdə qədimdən bugünəcən yaşamış rəssamların əsərləri, o əyalətə məxsus mədəniyyət sərgilənir o muzeydə. Hər əyalətin öz teatrları, öz modern kitabxanaları.
 
Bu inkişaf qeyri-maddi şeylərdə də özünü göstərir, ümumi ünsiyyət dili, etiket paytaxtdakı ümumi ünsiyyət dilindən, etiketdən heç nəylə fərqlənmir.
 
Ölkənin inkişafı kəndlə şəhər, əyalətlə paytaxt arasındakı inkişaf fərqinin nə dərəcədə aradan qalxmasıyla möhkəm bağlıdır. İnkişaf fərqi uçurum boyda da ola bilər, az da ola bilər, heç olmaya da bilər.
 
Devon əyalətinin Exeter şəhərindən görüntülər
 
 
Azərbaycanda bu fərq uçurum qədərdir. Yol, yol işarələri, asfalt, işıq, qaz, zibilqabı, tualet kimi minimum həyat zərurətləri həll olunmayıb. Belə olan şəraitdə mən kitabxanadan, incəsənət muzeyindən, teatrdan, ümumi mədəniyyətdən danışmağa ar edirəm.
 
Yalnız bir məsələdə bizim işimiz asandır. Qərblilər bu cür əyalətləri olan ölkə quranda birinci idilər, onların əlində hazır şablon yox idi, bütün bunları sıfırdan qurublar. Bizimsə əlimizdə onların təcrübəsi var.
 
İy buraxmayan zibilqabını, bir yağışla dağılmayan asfaltı, kənd infrastrukturunu necə qurmaq lazımdır, bu barədə özümüzdən heç nə kəşf etməli deyilik. Hazır toplanmış yaxşı təcrübə var, öyrən tətbiq et.
 
Cotswolds-da küçələr
 
Təcrübənin böyük olması bir az sənətkarlar, yazıçılar üçün pisdir, onların işini çətinləşdirir; demək olar, bütün yollar gedilib, yaradıcılıqda yeniliklər etmək çətinləşib. Ancaq ölkə quranlar, şəhər salanlar üçün asanlaşıb işlər.
 
Xarici ölkələrdə istirahət edən orta təbəqə şəhər adamlarının çoxunda mən belə bir yanğı görmüşəm: “Bundan Azərbaycanda da eləmək olar”, “Yaxşı fikirləşiblər, çox asanlıqla bizdə də etmək olar bunu”.
 
Şəhər bostanı
 
 
Somerset əyalətinin Wells şəhərində küçə tualeti
 
isal üçün, o gün təbiətə çıxmaq istəyirdik, Londona yaxın Esher qəsəbəsində “Garsons” adlanan nəhəng bostan tapdıq İnternetdə, yollandıq ora.
 
Bostanın girişində bizə bir neçə zənbil verib içəri buraxdılar. Ora səliqəylə kələm, qarğıdalı, xiyar, çiyələk, alma, qarağat və başqa ərazilərə bölünmüşdü.
 
Hansından istəsən ürəyin istəyən qədər dər yığ zənbilinə, çıxışda qiymətini ödə, get. Həm təbiətə əlin dəysin, çiyələyin çiçəyini gör, həm əylən, həm də sağlam meyvə-tərəvəz apar.
 
Yaxud da Cotswolds adlanan ərazidə bir-birinə yaxın yerləşən onlarca gözəl kiçik kənd və qəsəbəni vahid bir yolla birləşdiriblər, başqa sözlə, paket şəklinə salıblar, rəsmi adını qoyublar Romantik yol.
Hər beş kənddən birində bircə saatlıq düşüb gəzsən bütün bu kəndlərdən maşınla 2 günə keçib qurtararsan. Turistlər, yerlilər, sevgililər bu layihəni çox bəyəniblər, bura axın çoxalıb, nəticədə bu ərazi daha da inkişaf edib.
 
Adamın istər-istəməz ağlına gəlir: Abşeronda Cotswolds ideyasından bəhrələnən bir şəbəkə, Romantik yol yaratmaq olar, yaxud paytaxta yaxın rayonların birində “Garsons” kimi bir ictimai bostan salmaq olar.
 
Bəs axı onlar - ölkəni, paytaxtı, əyaləti idarə edənlər bizim hamımızdan dəfələrlə çox səyahət edirlər, daha çox görürlər, daha çox tamaşa edirlər. Onlar niyə belə istəklərə düşmürlər: Bundan Azərbaycanda da etmək olar.
 
Nərmin Kamal
 
BBC Azeri
Yuxarı