Gözünə işıq düşən insan işıq salanlara nifrət edir. Əlləri ilə gözlərini tutur, qışqırır, söyür, yalvarır, o an ən çox istədiyi şey işığın yenidən söndürülməsi və hücrənin yenidən qaranlığa qərq olmasıdır...
Yaxud, gecə yatdığın yerdə kimsə otağın işığını yandırır. Adam əsəbindən dəli olur. Qışqırırsan ki, söndür o işığı, imkan ver, yataq. Əslində, aydınlıq, günəş, xoş gün rəmzi olan işıq hərdən insana işgəncə də verə bilir!
Hər qaranlıq toplumunun öz aydınına, qaranlığına az da olsa işıq salan insanlarına qarşı kəskin nifrəti, yeri gəldi-gəlmədi hücumu, kiçik bir fürsətdən ən böyük nailiyyət kimi istifadə edib onları aşağılamaq istəyi bir az bu “qaranlıq-işıq” effektini xatırladır. Düzdür, müqayisə bir qədər yerinə oturmur. Çünki bu iki “işıq salan”ın niyyətləri fərqlidir. Biri işgəncə vermək istəyir, digəri isə işgəncədən xilas etmək. Sadəcə, təsir effektinin oxşar olması insanda belə bir təəssürat yaradır.
Təsəvvür edin, onillərlə, yüzillərlə qaranlığa qərq olub mışıl-mışıl yatan insanların içindən bir-iki nəfər çıxır, əllərinə fənərdən, çıraqdan nə keçdisə, tutur həmin yatmış insanların üzünə. Sizcə onların reaksiyası necə olmalıdır? Bəzilərinin heç işıqdan xəbəri yoxdu. Qaranlıqda doğulub boya-başa çatan, qaranlıqda doğulub qaranlıqda ölənlər var. Görməyin nə olduğundan xəbərsiz olanlar var. Əlbəttə ki, bu insanlar əvvəlcə gözlərini bərk-bərk yumacaqlar, sonra əlləri ilə gözlərinin üstünü tutacaqlar, sonra qışqırıb-bağıracaqlar ki, söndürün o işığı, biz yatmaq istəyirik! Sonra başlarını soxacaqlar balışın altına ki, bəlkə gözlərinə yuxu gedər. Amma görəndə ki, bütün cəhdlər uğursuzdur, işıq yanmaqda davam edir, sonda məcbur olub vərdiş edəcəklər. Əsas göz qapaqlarının tam açılıb işıq şüalarına vərdiş etməsi, göz bəbəklərinin qıcıqlanmasının qarşısının alınmasıdır. Sonra hər şey çox rahat olur. Otaq büsbütün aydınlanır. Nə hardadır, necədir, rahat-rahat görmək olur. Hətta bir gün o yatmışlardan bəziləri təşəkkür edir ki, axır biz də gördük bu otaqda nələr varmış. Bu da bir insanlıq halıdır. Başa düşmək olar. Axı insan təbiət qanunlarından kənarda mövcud deyil?
Digər bir hal da var ki, bu hal otaqda işığı yandıranları bir az əsəbiləşdirir, bu halı özlərinə xəyanət kimi qəbul edirlər, həyatdan küsürlər. Nədir o hal? Məsələn, mən yatdığım yerdə gəlib işığı yandırırsan, uzun haqq-hesabdan sonra mən artıq oyanıram, işığa alışıram. Sonra da “işığı kim yandırdı” söhbəti gələndə, o yandıran adamı rədd edirəm. Deyirəm ki, onsuz da kimsə yandırmalı idi bu işığı, onsuz da mən özüm bir azdan oyanacaqdım, onsuz da burda tək sənin rolun yoxdur, lampanı kəşf edənlər var, bu otağa işıq çəkənlər var, “mən özüm işıq salmağa adam axtarıram” və sair və ilaxır.
Olsun, bu da insanlıq halıdır. Başa düşmək olar. İşıq salanlar da, əgər işığı işgəncə məqsədilə salmırlarsa, bunun üstündən sakitcə ötüb keçə bilərlər. Çünki onlar lap gur işıqlardan, projektorlardan, günəş işığından xəbərdardırlar. Zülmətdən sonra kiçik bir şöləyə öyrəşənlərin necə təkəbbürlü olduqlarını, özlərini necə işıq mənbələri kimi gördüklərini yaxşı bilirlər. Axı dünya onlar üçün təzə dünyadır. Həm də, işıq salanların məqsədi də fərqlidir, alidir. Məqsədləri heç də kim olduqlarını göstərmək deyil, sadəcə nur salmaqdır. Sən gücün çatdığın qədər fənərdən, çıraqdan nəsə yandırırsan. Zülmət qaranlıqda kiçik nurdan əzəb çəkənlər isə...özləri bilərlər. Ya özləri də sənə qoşulub aydınlanmağa, başqa otaqların işığını yandırmağa başlayarlar, ya da min bir yoldan istifadə edib yenidən yuxuya gedərlər. Hətta ola bilsin, otağı da dəyişərlər, təki yenidən qaranlıq olsun! Çünki orada özlərini çox rahat hiss edirlər. Olsun, insanlıq halıdır, başa düşmək olar. Hər kəsin rahat yaşamaq haqqı var!
Rəşad Səfər
Kultura.az