post-title

Pyer Qamara. "Onezimin ixtirası" - Hekayə

Məşhur fransız yazıçısı Pyer Qamaranın maraqlı hekayəsini oxucularımıza təqdim edirik

 
 
Şimal qütbünə yola düşməzdən əvvəl Onezimə baş çəkdim. Düz iki il el-obadan uzaqda olacaqdım. Onezimlə, əziz dostum Onezimlə görüşməmiş gedə bilməzdim. Onu hamı tanıyır. Həmən vaxtdan bəri şəkli dünyanın bütün qəzetlərində dərc olunub. Üzdən klassik alimlərə oxşayır, baxanda fikri dağınıq, yaxud diqqətli olduğunu ayırd etmək olmur. Başı iri və tüksüzdür. Xırdaca gözləri bir cüt qara çəkmə düyməsinə oxşayır. Müsahibinə tərəf əyiləndə sifətində həm mehribanlıq, həm də kinayə duyulur. Görəsən, kinayə edir? Baş çıxarmaq olmur. Amma deyə bilərəm ki, o ən yaxşı oğlanlardan biridir.
 
Bəli, onlara gəldim. O məni özünün iş otağına apardı. Mən səfərə necə hazırlaşmağımdan, zooloji tədqiqat planlarımdan danışdım. Nəzakətlə qulaq asdı, lakin elə laqeyd idi ki, elə bil ona qonşu Sanua kəndindən xalamın bizə qonaq gəlməsini xəbər verirdim. Bir az sonra o yana çevrildi, aşağı əyilib masanın arxasından qara bir qutu çıxardı və onu mənim qarşıma, kağızların üstünə qoydu.
 
- Görürsənmi, - deyə o, təntənəli səslə qutunu mənə göstərdi. - Artıq hazırdır. İşləyir.
 
Mən təəccüblə soruşdum:
 
- Nədən danışırsan? Bu nə qutudur?
 
Bu yerdə onun səbri bir az tükəndi.
 
-Yaxşı, mənim yazıçı-maşın düzəltmək üçün hazırladığım layihə yadındadır?
 
-Yazıçı-maşın?
 
- Bəli, elədir ki var, yazıçı-maşın!
 
Birdən hər şey yadıma düşdü. Bu Onezimin o qədər layihəsi, o qədər ixtirası var ki...
 
- Vay səni! Onezim, yoxsa demək istəyirsən ki, həmən maşını...
 
Onun sifətinə xoş bir təbəssüm qondu.
 
-Bəli, bəli! Mən həmən maşını ixtira etdim. Bu şah əsərlər yaradan bir maşındır. Özü də yaxşı işləyir.
 
- İşləyir?
 
- Çox gözəl işləyir. Göstəriş verirsən, o əməl edir. Fəxr edirəm ki, çox cəld işləyir.
 
- Cəld işləyir?
 
- Bəli. 35 dəqiqəyə Saqanın romanlarına bənzər bir roman yazır. Ronsar üslubunda bir sonet on saniyəyə hazır olur. Daha iri əsərlər üçün isə vaxt müxtəlifdir: bir saat, bir saat yarım... Dünən axşam Komeyin nəşr olunmamış bir faciəsini qırx beş dəqiqəyə, Rembonun uzun bir poemasını isə iyirmi səkkiz saniyəyə hazır etdim... Təsəvvür edirsənmi?
 
Yox, təsəvvür edə bilmirdim.
 
- İnanmaq olmur, Onezim! Axı o necə işləyir!
 
- Elektronikanın əlində, bu sadə bir işdir. Burada, görürsənmi, sağ tərəfdə hər ədəbi janr üçün bir düymə var: nağıl, roman, poema, dram, fəlsəfi əsər və s. Solda isə balaca bir mikrofon var. Seçdiyin janrın düyməsini basırsan, mikrofona tərəf əyilib deyirsən: Rable, Viktor Hüqo. Xülasə xoşun gələn müəllifin adını deyirsən... Sonra isə ortadakı qırmızı düyməni basıb gözləyirsən. Əsərin əlyazması maşının arxasından iki nüsxədə çıxır. Sən ağ kağız ver, vəssalam...
 
Mən təəccüblə əllərimi yuxarı qaldırdım:
 
- Onezim, əgər sənin ciddi adam olduğunu bilməsəydim...
 
- Mən səninlə ciddi danışıram. Maşın işləyir! Özü də istəsən baxa bilərsən... Əlyazmalar ordadır...
 
O səliqə ilə yazı maşınında yazılmış bir yığın kağız göstərdi. Mən irəli cumub kağızları vərəqlədim. Onezim yalan demirmiş. Burada ondan çox şah əsər vardı! Balzakın görünməmiş bir əsəri, Jirodunun xırda bir yazısı, Moris Drüonun iri bir tarixi romanı, Viktor Hüqonun yarım düjün poeması, hamısı gözəldir...
 
Onezim barmağını kağızların üstünə qoydu:
 
- Bir saat iyirmi dəqiqə Drüona sərf edilib, gözəl əsərdir.
 
Otuz yeddi dəqiqə isə Jiroduya... Elə bunların gəliri mənə bəsdir.
 
Mən həyəcandan çaşıb qalmışdım.
 
- İndi sən nə edəcəksən,  Onezim? Bu əlyazmalarmın müəllifi olacaqsan, eləmi? Axı onlar sənindirlər. Onlar nə Viktor Hüqonun, nə də Jirodunun əsərləridir... Sən məşhur adam olacaqsan, bütün ədəbiyyat mükafatlarını alacaqsan. Nə ədəbiyyatçılar, nə də tənqidçilər bir şey anlayar. Yaxşı, bəs bu maşın necə işləyir? Elektronikadır- çox yaxşı, amma hər halda... O tamam ciddi bir görkəm aldı.
 
- Çox mürəkkəb işdir. İnanmıram ki, səni başa sala biləm. Riyaziyyatı yaxşı bilmirseən. Sənə ancaq onu deyə bilərəm ki, maşın işləyir.
 
- İndi isə həm sənin, həm də mənim nailiyyətlərimiz şərəfinə içəcəyik. Bir az viski ilə aran necədir?
 
O öz mətbəxinə tərəf getdi. Soyuducunun içindən nə isə götürdü. Mən lap mat qalmışdım. O sualıma cavab vermədi. Görəsən bu şah əsərləri neyləyəcəkdi? Nəşriyyatlara və müsabiqələrə göndərəcək. Amma nə hay-küy düşəcək! Ay səni Onezim, axı o litseydə yazı işindən həmişə aşağı qiymət alırdı... Riyaziyyat və fizika üzrə isə, şübhəsiz, hamıdan yüksək idi. İndi bütün ədəbiyyatçıları geridə qoyacaq! Ədəbiyyatın gözü olacaq. Onun işi öz sehrli qutusuna tərəf əyilib sadalamaqdır: Anatol Frans, Heminquey... Şah əsərləri yazan bu maşın otuz beş dəqiqə qırx yeddi saniyə ərzində tayı-bərabəri olmayan bir roman, misli görünməmiş bir dastan yazacaq... Vay səni Onezim! O, doğrudan da bir şey icad eləmişdi, amma nə idi bu icad olunan?
 
Fikirləşdim ki, səfərimi təxirə salım. İstəyirdim əzizim Onezimin müvəffəqiyyətinin şahidi olum. Amma qala bilməzdim. Bütün hazırlıq görülmüşdü...
 
O mənə bir qədəh verdi:
 
- Şimal qütbündə qazanacağın müvəffəqiyyətin şərəfinə!
 
- Sənin alacağın Nobel mükafatının şərəfinə, Onezim!     
 
Mən gəmi ilə yola düşdüm. Sağ-salamat gedib mənzilə çatdım. Elmi işə başım elə qarışmışdı ki, Onezimin əfsanəvi ixtirası az qala tamam yadımdan çıxmışdı. Radioya qulaq asmağa vaxtım yox idi, həm də ki, radio heç Onezim haqda danışmır. Qəzetləri isə gec alırdım.
 
Səfərim sona yaxınlaşanda mətbuatda Onezim haqda hay-küy qalxdı. Onun şəklini və tərcümeyi-halını dərc etdilər. Bir axşam kayutumda oturub yenicə aldığım qəzetləri vərəqləyirdim. Qəfildən beş sütunluq bir məqalənin başlığını görüb diksindim: «Onezimin qeyri-adi ixtirası».
 
Mən başımı silkələdim. Deməli, o öz ixtirasını bəyan edib. İndi bütün dünya biləcək ki, o silsilə ilə şah əsərlər yaratmağa qadirdir... Yəqin özü bir nəşriyyat açacaq... Hər halda bu böyük qələbədir, Onezimin qələbəsidir.
 
Bəli, bu, Onezimin qələbəsi idi.
 
Lakin məqalədə söhbət ədəbiyyatdan getmirdi. Onezim qeyri-adi elektron tava ixtira edibmiş. Görünür gözəl maşındır, onda həm toyuq, həm bifşteks, həm də quzu ətindən kotlet qızartmaq olur. Onezimin məşhur tavası bütün dünyanı dolanırdı! Bu gün bizim hamımız belə bir reklamı əzbər bilirik: «Əti daş dövründəki kimi qızartdığınız kifayətdir, Onezim tavasından istifadə edin!»
 
Bəs ədəbiyyat? Onezimin yazıçı-maşını xarab çıxdı yəni?
 
Parisə qayıdan kimi Onezimin yanına tələsdim. O dəyişməmişdi. Həmişəki kimi irəli əyilmiş iri gövdə, həmişəki qara gözlər, həmişəki mehriban təbəssüm. Lakin onun təbəssümündə azacıq gözə çarpan bir dalğınlıq duyurdum.
 
- Necəsən, Onezim?
 
- Yaxşıyam, lap yaxşıyam. Səhhətim əladır. Puldan da korluq çəkmirəm.
 
O, mənzilini rənglətmişdi, təzə mebel almışdı, təzə kostyum geymişdi...
 
- Bunlar tavanın qazanclarıdır?
 
- Bəli, - deyə o, təvazökar səslə cavab verdi. - Tava yaxşı satılır. Çoxlu müqavilə bağlamışam. Mən milyonerəm. Özün necəsən? Şimal qütbündə nə var, nə yox?
 
- Çox maraqlı yerdir, - dedim. - Pinqvinlər haqda bir kitab çap etdirmək istəyirəm...
 
- Hə! - deyə o fikirli-fikirli dilləndi. - Naşir tapmısanmı?
 
- Hələ yox. Kitab hazır deyil. Yaxşı, Onezim, de görək o maşın necə oldu?
 
- Maşın?
 
- Hə, sənin məşhur maşının, şah əsərlər yazan...O xarab oldu? İşlədəsi olmadın?
 
- Hə! Əlbəttə işlətdim, - dedi. - Maşın çox işlədi.
 
O, əlini qaldırıb yorğun bir hərəkətlə öz kitabxanasını göstərdi.
 
- Maşın mənim üçün onlarla şah əsər hazırladı...Onlar sənin ixtiyarındadır. Əgər Şimal qütbünə qayıtsan, onları özunlə apara bilərsən...
 
- Sən onları naşirlərə təklif etmədin?
 
O çiyinlərini çəkdi. Mən əsəbiləşdim.
 
- Nə demək istəyirsən? Yoxsa onları bəyənmədilər?
 
Doğrudanmı Onezim, naşirlər sənin şah əsərlərini qəbul etmədilər? Ola bilməz. Bəlkə bir anlaşılmazlıq olub, elektronika işləməyib? Bu maşın...
 
O quru bir tərzlə sözümü kəsdi:
 
- Maşına söz ola bilməz. Amma naşirlər onun yazılarını qəbul etmirlər. Eh! Sənə bir qovluq məktub göstərərəm. Hallimar, Jülyar, Plon kimi nəşriyyatlardan məktublar almışam. Hamısı eyni cavab yazır:
 
«Lütfkarlıqla bizə təqdim etdiyiniz əlyazmasını məmnuniyyətlə oxuduq. Təəssüf ki, onun nəşri bizim nəşriyyatın imkanlarından kənardır...»
 
- Axı nə üçün?
 
- Bu yerdə, demək olar ki, həmişə eyni bəhanə: «Hiss olunur ki, Balzakın təsiri altındasınız...» «Şübhə yox ki, siz Moris Drüonun əsərlərini çox oxumusunuz...» «Təəssüf ki, siz Erve Bazenin əsərlərinə beş barmağınıza bələd olan kimi bələdsiniz...» Hər dəfə də, «təəssüf ki!»
 
- Deməli hamısına etiraz edirlər?
 
- Hamısına!
 
- Dəhşətdir! Amma ağlıma bir şey gəlib. Götür maşını, əyil mikrofona tərəf. Korney, Zolya yaxud Saqan demək əvəzinə sadəcə olaraq öz adını de, de: - «Onezim.» Onda alınan əsər sənin özünün olacaq.
 
O dodaqucu gülümsündü:
 
- Yəqin özün fikirləşirsən ki, mən bunu etməmiş olmaram. Mən «Fəlsəfi əsər» düyməsini basdım, sonra mikrofona öz adımı dedim: Onezim:
 
- Sonra?
 
- Qırx üç saniyəyə yüz səhifəlik bir əlyazma hazır oldu.
 
- Əsərin adı nə idi?
 
- «Toyuğun, bifşteksin və quzu ətindən kotletin yenı elektronik üsulla bişirilməsinə dair bəzi mülahizələr».
 
Tərcümə: Hamlet Qoca
Yuxarı