post-title

Qadınla gəminin nə əlaqəsi?

Əlaqə birbaşadır, müstəqimdir; bənzəyişlər sırası isə çoxdur.

 
 
Azərbaycan məmləkətində yaraşıqlı, qamətli, gözəl əndamlı, qaz yerişli qadınların tərifini göylərə qaldırmaqdan, onların fiziki gücünü, seksual imkanlarını vurğulamaqdan ötrü çox vaxt kişilər deyirlər ki, “maşallah–namxuda, lap gəmi kimidir”. Yaxşı ifadədir, ancaq meydan mədəniyyəti üçün xarakterikdir. Yəqin ki, belə müqayisə ilkin olaraq dənizçilərin ağlına gəlib.
 
Axı dənizçilər gəmilərini qadın kimi, qadınlarını gəmi kimi sevirlər: dənizdə qadınlarına, quruda gəmilərinə həsrət qalırlar.
 
Bir də, həqiqətən, qaz yerişli qadınlar gəmi kimi yırğalana–yırğalana gəzərlər Yer üzündə. Hərçənd mənim bu yöndə araşdırma aparmaq fikrim yox. Amma maraqlıdır, görəsən, insan təfəkkürünün aşkarladığı bu bağlantının kökləri arxaik mədəniyyətin hansı ənənələrinə söykənir, hansı rudimentlərini özündə daşıyır?
 
Bir dəfə Vladimir Mayakovski özünün “Liman” şeirində gəmini qadın kimi görmüşdü, gəminin fit vermə şakərini isə seksual aktın bədii obrazına çevirmişdi: demişdi ki, “qadın qulaqlarına taxılmış sırğalar kimidir lövbərlər gəmilərin gövdəsində...”
 
BİZ HAMIMIZ BİR GƏMİDƏN ÇIXMIŞIQ.
 
Vətənimdir, vətənimdir, vətənim. Sözümün canı bu ki, Nuhun gəmisi ULU ANA bətninin dini folklorda təsdiqlənmiş obrazıdır, simvoludur.
 
Hər bir bənzətmənin əvvəli mifdir, sonu  –  şeir.
 
Miflər köhnələ-köhnələ şeir olur.
 
Bütün nəsillərin, tayfa və qəbilələrin, etnik qrupların, millətlərin, xalqların şəcərəsi Nuh peyğəmbərin GƏMİSİNDƏ tamamlanır. Ora bizim ümumi əcdadlarimizin evidir, yurdudur, komasidir, çadiridir. Əfsanə, mif, nağıl, rəvayət, əslində GƏMİ vasitəsilə tarixiliyə iddia edir.
 
Qədim dənizçilər inanırmışlar ki, QADIN gəmidə fəlakət nişanəsidir. Niyə? Gəmiylə qadın bir-birinə potensial rəqib kimi, günü kimi götürülə bilərmi?
 
Bütün qayıqları, gəmiləri qadın modelində düzəldiblər.
 
Mövzunun digər bir istiqaməti: bunu vurğulamasam, olmaz. Müasir səhnənin ilk primitiv variantı, modeli gəmi–araba şəklində mədəniyyət müstəvisinə təşrif buyurub. Babilistanda Yeni il təntənələri zamanı Tanrı dünya okeanını üzüb şəhərə gəlirdi; sahilə çatanda isə onun bəzəkli gəmisini çarxlar üstündə oturdub küçələrlə gəzdirirdilər. Burnu keçi başı kimi düzəldilmiş gəmi–arabanı Babil camaatı “carrus navalis” adlandırırdı. “Karnaval” anlamının mənası elə bu. Parad maşınları, dəfn mərasimində istifadə edilən katafalklar həmin bu gəmi–arabanın rudimentləri, qalıq–əlamətləridir. Məşhur Braziliya karnavalı da şən, ekstravaqant və ekzotik rəqslərin, səhnəciklərin nümayişindən ötrü gəmi–arabaların “göyərtə”sindən bəhrələnir. Və bu məqamda unudulmasın gərək ki, qədim Elladanın əfsanəvi aktyoru Fespis əminin “arabası” da görünüşcə gəmini xatırladırdı. Nədən ki, gəmi həmişə ritualın, dini mərasimin səhnəsi olub. Səbəbi də məlumdur: iş bu ki, gəmi əski xalqların dini təfəkküründə kainatın heç nə ilə murdarlanmamış ən pak, ən müqəddəs mikro–zonasını özündə ehtiva edir. Nə üçün? Çünki Babil əhlinin mifoloji qavrayışı Günəşi hər gün dünya okeanında batırırdı və elə bilirdi ki, o, bütün gecəni “üzüb” Şərqə gedəcək. Başqa variantda isə payız günəşi sularda qərq olur, “ölür”, dəniz tərəfindən “əsir” alınır və yalnız baharda qışa, yağmurlu fəsillərə “qalib gəlib” suyun üzü ilə yurda qayıdır. Odur ki, yaz bayramlarında Günəşin təmsilçisi olan tanrı NEBO (rusların “nebo” sözü qədim Babil mədəniyyətinin rudimentidir) Babil şəhərinin küçələrində də onu daşıyan gəmini tərk etməzdi.
 
Ayrı bir səbəb: gəmi qoruyucudur, ANADIR, ocaqdır, hifz edəndir, xilaskardır, təbii ki, dini mifolojiyə görə. Odur ki, gəmi ritualın beşiyi kimi, mərasimin qutsal icra məkanı kimi qavranılır. Nuh peyğəmbəri və ona etibar etmiş kimsələri sonsuz sulardan gəmi götürüb quruya çıxardı, dünyaya qovuşdurdu.
 
Məqalənin süjetində daha bir yeni dönəm.
 
Yunan mifologiyasında söylənilir ki, axşama yavuq Odissey öz gəmisində cəhənnəmin qapılarına yaxınlaşdı: hər yanı duman bürümüşdü və ona görə də bu yerlərə günəş şüası heç vaxt düşmürdü.
 
Nuhun gəmisi cəhənnəmdən gəlirdi, Odisseyin gəmisi cəhənnəmə yetişir.
 
Əla! Hər şey məntiqidir, hər şeyin düzümü var!
 
GƏMİ OLUM – DÜNYA – ÖLÜM MARŞRUTU ÜZRƏ SULARDA ÜZƏN BİR NƏQLİYYATDIR. GƏMİ QABDIR, FİNCANDIR, PARÇDIR, QADINDIR. SUDAN QURUYA ÇIXMAQ OLUM KİMİ YOZULUR, QURUDA ƏRİYİB SU OLMAQ – ÖLÜM.
 
Lakin bu, hələ harasıdır ki? Yəni dediklərimə sübutlar çoxdur dünya mədəniyyətində.
 
Aid səltənətində, yeraltı dünyanı, ölülər məskənini yunan mifologiyası dörd çayla çərçivələyir: biri od axıdır, o birisi – iztirab, üçüncüsü isə – nalə və ağılar. Dördüncü çaysa buz bağlamış göz yaşlarıdır. Tən orta beşinci çaya mənsubdur. Ölülərin ruhları bu çayın sularından içməyincə işıqlı dünyadan heç nəyi və heç kəsi unutmurlar. Yalnız bu çay onları ölüm səltənətində əbədiləşdirir və “manqurtlaşdırır”.
 
Dünyanın bir sıra aborigen tayfaları ölülərini qayığa uzadıb çayın axarına tapşırardılar. Qədim vikinqlər də belə eləyərdilər. Azərbaycanlılarda  bu mərasimi xatırladan bir qarğış forması var: onlar bir adamın ölümünü istəyəndə deyirlər ki, “səni çay aşağı axıdım, çay yuxarı axtarım”. Bu qarğışda dolayısı ilə bildirir ki, çayın istiqaməti ölüm səltənətinədir; əks qütbdə isə həyat, yaşam, dirilik qərarlaşıb. Təsadüfi deyil ki, miflərdə, əfsanələrdə, nağıllarda dirilik suyu, möcüz xilasolma, xəzinə çayın mənsəbinə yaxın zonalarda məxfiləşdirilir, qutsallaşdırılır.
 
Yaponların da bir O–bon bayramı var. Həmin gün hər bir yapon balaca bir qayıq-səbət düzəldib, onun içində bir şam yandırıb bu yaraşıqlı, ağ kəpənəyə oxşar fənəri çaya buraxır... Ki, ölmüş qohumların çayla evlərinə dönən ruhları axşam qaranlığında azmasınlar.
 
Tamam. Dünya mədəniyyətində çayla ilişkili nə çox mərasim, ayin, oyun. Bununla belə ötəri məntiqi nəticələr aydından da aydın: ölüm səltənətinin yolu çaylarla, dənizlərlə bağlı; baxmayaraq ki, bir damla su (su stixiyası) həyat başlanğıcına bir işarə. Deməli, su həm olumdur, həm ölüm. Gəmi isə iki məntəqə arasında daşıyıcı. Bu, birinci nəticə. İkinci: cəhənnəm od, su, buz (torpaq) və dumanın (hava: və yenə həmən dörd stixiya) fantasmaqorik şəkildə bir-birinə qovuşduğu, “qarışdığı” məkandır. Və nəhayət, üçüncü: yeraltı aləm, – kolgələr padşahlığı, – dünya okeanının ayrılmaz bir hissəsidir.
 
Elə bu zaman gəminin mifik funksiyasının məğzi və təbiəti aşkarlanır: GƏMİ DƏNİZİN (SUYUN), YERİN (TORPAĞIN) VƏ GÖYÜN (HAVANIN) KƏSİŞMƏ KOORDİNATLARINDA MÖVCUDDUR. GƏMİ TORPAQDAN AYRILIR, DİBİ (ALTI) SU İLƏ GEDİR (ÜZÜR) GÖVDƏSİ, GÖYƏRTƏSİ – HAVA İLƏ. Su qaranlığı (qadını), Göy işığı (kişini) rəmzləşdirir. İN və YAN başlanğıclarında bu elə belə də kodlaşdırılıb. Babil mifologiyasında isə GƏMİ GÜNƏŞİ qoynuna alır və dünya yenidən dirilir, təzələnir. Babil mifologiyası elə hesab eləyirdi ki, gəmi qadını, Günəş də kişini eyhamlaşdırır; yəni elə həmin İn və Yan...
 
Aydın Talıbzadə
 
1937.az
Yuxarı