post-title

"Qrantayed"lərlə bağlı yazıya cavab

Çox adam deyirdi ki, baş qoşma ona, amma fikir vermirdim. Düşünürdüm ki, pis-yaxşı kitab yazan adamdan incimək, üz çevirmək olmaz. O vaxt mənə dedi ki, kömək et, mən də qrant alım.

 
Dedim ver sənədləri IREX-ə. Verdi, getdi, orda bir amerikalı ilə görüşdü. Kultura.az üçün. O vaxta kimi də Asim Mollazadə maliyyələşdirdi o səhifəni. Nədənsə dayandırmaq ərəfəsində idi, ya da artıq dayandırmışdı. Ələkbərin özünün dediyinə görə guya hökuməti tənqidlərə görə və ya Ələkbərin kitablarına görə (o vaxt deyəsən "Artuş və Zaur" çap olunmuşdu, dəqiq yadımda deyil. Amma o ərəfədə Mircəlal Paşayevin əsərlərini məlum çevrələrin maliyyə sifarişi ilə türkcəyə tərcümə etdiyini çox sonralar bildim). IREX-ə layihəni və ya ideyasını verdi, amma keçmədi. Baxmayaraq ki, IREX-in layihəsinin kuratoru kimi onlara tövsiyyə etmişdim. Çünki Kultura.az-ı cəmiyyət üçün, fərqlifikirliyin carçısı kimi faydalı layihə hesab edirdim. Bu gün də eyni fikirdəyəm. Amma USAID IREX-in icra etdiyi layihənin donoru olsa da, layihənin icrasını, şərtlərini diktə etmir. Layihənin sahibi IREX-dir. Ordakı amerikalı və yerli işçilər onun layihəsini IREX-in layihəsinin missiyasına uyğun görmədilər. Pah, indi gəl Ələkbərə cavab ver. İçib, mənə zəng edib: IREX-i, USAID-i belə-belə edəcəyəm növbəti yazdığım kitabda - adbaad, USAID, Şelli, Şahin, Ələsgər".
 
Mən də bir söz demirəm. Birincisi keflidir, ikincisi də necə ki, IREX-in əl-qolunu bağlaya bilmərəm, eləcə də Ələkbərin. Ona görə də sonralar da bir söz demədim və dedim lap yaxşı qoy yazsın. Müstəqil, azad insandır, nə edir etsin. Növbəti kitabı çıxdı, amma "adımızı" çəkmədi nədənsə. Bilmədim uyğun gəlməmişdik sujətə, yoxsa fikrindən daşınmışdı.
 
Üstündən ilyarım və ya iki il keçdi. Bu söhbət yenə onun tərəfindən ortaya gətirildi ki, bəy, kultura.az batır, Asim Mollazadə tamamilə maliyyəni kəsib, sayta kömək etmək lazımdır. Dedim, çalışaram bir daha tapşırım. Amma alınmasa öz cibimdən verərəm, başqaları da verər, qoymarıq layihə batsın. Dedim yenə bir layihə yaz ver, IREX-ə, bəlkə bu dəfə keçər. Yazdı, tərcümə etdi. Dedim ver bir baxım, ora burasın düzəldim, güclü olsun, keçsin. Verdi. Bu dəfə IREX məni layihələrin qəbulu komitəsinə çağırdı (etməyə borclu deyillər). Onun layihəsinə növbə çatanda gərək USAID-in və ümumiyyətlə etik qaydalara görə Ələkbərin dostum olduğunu deyib otaqdan çıxardım, nəinki səs verərdim. Amma çıxmadım və ilk dəfə öz prinsiplərimin əleyhinə getdim. Çünki doğurdan da inanırdım ki, layihə cəmiyyət üçün faydalıdır. Şəxsi marağım yox idi və buna görə biraz da ürəkləndim ki, heç bir qanunsuz iş görmürəm. Layihə barədə seçim komissiyasının fikri haçalanmışdı, tərəddüdlər var idi. Ələkbəri və layihənin rəhbərini tanıdığımı danmadım. Amma bu, bu və bu səbəblərə görə layihəni dəstəklədim. Üstəlik də düşünürdüm ki, bu dəfə Alikin layihəsi həqiqətən də IREX-in layihəsinə missiyasına uyğun gəlir. Layihə deyəsən bir və ya iki səs çoxluğu ilə keçdi. Dəqiq yadımda deyil. Amma Ələkbərin şikayətləri kəsilmədi. Yenə mənə zənglər etdi, bəy, bu nədir, bir balaca pul verirlər onu da qırıq-qırıq, hissə-hissə. Dedim, bəy, yazı-pozu işində, məsləhətdə, tövsiyyədə kömək edə bilərəm, amma hər il daşdan keçən auditdən, beynəlxalq təşkilatın qəbul olunmuş beynəlxalq standardları dəyişə bilmərəm. Mümkün olsa belə. Çünki bu ən ədalətli və şəffaf çıxış yoludur. İşi görürsən, qaimələri, görülmüş işin hesabatını verirsən, sonra pulu alırsan.
 
Elə bu zaman da qayıtdı ki, bəy, yadındadır, söz vermişdin ki, layihəyə kömək edə bilərsən, o pulu verərsən? 500 manat söz vermişdim. Dedim gəl yarsını götür, yarısını da gələn ay verərəm. Halal maaşımı göturəndə dedi ki, evi təmir etmişəm, gedirəm sənin verdiyin pula mebel almağa. Dəqiq yadımdadır ki, onda ayıq idi. Yenə dinmədim. Elmir bəy demiş, "dahilərə" söz demək olmaz axı. Üstündən heç 1-2 həftə keçmədi ki, eşitdim ki, gedib xaricə. Layihənin taleyindən narahat oldum, yazıb soruşdum ki, bəy layihəni kimin ümidinə buraxıb getdin? Onda deyəsən artıq ikinci tranşı almışdı və ya almaq ərəfəsində idi. Dedi ki, özüm burdan idarə edirəm, Bakıdan da Seymur, Elmir burdadır, necə lazımdır idarə edəcəklər.
 
Day sonra bu iki bəydən soruşmadım ki, necə oldu o layihənin sonu. IREX-dən də utandığımdan soruşmadım. Sonra özüm də Bakıdakı işimi atdım, köçdüm Amerikaya. Bir il işsiz oldum, ehtiyac içində yaşadım, amma FB dostluğumda olan Ələkbərə yazıb demədim ki, bəy, ehtiyacım var, bəlkə o pulu qaytarasan, bir ay bazarlıq edim. Dedim özü də "qaçqın adamdır", iki balası var, eybi yox, mən dözərəm. Sonra da deaktiv etdi səhifəsini. Yenə də dahiliyi tutmuşdu deyəsən. Bizi bəyənmirdi. Bu yaxınlarda gördüm ki, qondarma ad altında açıb səhifəsini, amma məni dostluğa "dəvət etməyib". Amma öz səhifəsini də açıb. Yazdım ki, xoş gəlmisən, həmişə sən gələsən. Cavab vermədi və yenə deaktiv etdi. Məndə elə onun deaktiv səhifəsini və evdəki həyat yoldaşını dostluqdan uzaqlaşdırdım. Hirslənib, məni o qondarma səhifəsindən blok edib.
 
Kultura.az-ı bu aralarda deyəsən Rasim bəy idarə edirdi, yenə maliyyə istəyirdi. Ondan da soruşmamışam, bu IREX-in verdiyi qrantın üzünü görüb, yoxsa yox. Daha qarışmıram bu işlərə. Dostları çatdırarlar yazdıqlarımı Alikə. Xahiş edirəm, kişiliyi çatırsa, o pulumu qaytarsın. Mənim də, Ələsgərin də, Şahinin də Bakıdakı maşınımız onun o vaxtki maşınından ucuz idi. Üçümüzün də bağımız yox idi və yoxdur. Evim muhtəmələn onun evindən balaca idi. Hələ mən İntiqam müəllimi, Anarı demirəm də. Sonuncunun, yazığın maşını mənimkimdən də ucuz idi. Biz “qrantoyed” deyilik. Təmənnasız, vətənə, çalışdığımız gördüyümüz işə vicdanla qulluq edənlərik. Bəzən nəinki gündəlik vicdanlı işimizlə, hətta öz cibimizdən belə. Amma bizi söyəndə, qaralayanda, bundan sonra sakit durmayacağıq, "dahilər" qarşısında susmayacağıq. Həqiqəti söyləyəcəyik. Qoy əvvələr olduğu kimi, statuslarımı oğurlayıb, məndən icazə almayıb Kultura.az-a qoyduğu kimi, bunu da qoysun, camaat onun özünün də "qrantoyed" olmaq üçün sinov getdiyini bilsin. Əgər bu cür "qrantoyedlik" pis işdirsə.
 
Ülvi İsmayıl
Kultura.az
 
Yuxarı