post-title

QHT - Qrant hərislərinin taleyi

«Adam oturub İsveçrədə… Ağzına gələni yazır… Ona hörmətimiz vardı… Amma maskalar nə vaxtsa cırılır… Mahiyyət nə vaxtsa üzə çıxır... Çürük, xıltlı içini axır ki, göstərdi... Mən onun oğraş olduğunu həmişə sübüt etməyə çalışmışam… Yaxşı ki, bu yazını yazdı… Yoxsa, mənə inanmırdılar… Gördüz? Bu da sizin Əli Əkbəriniz! Bu də sizin yazarınız! Mənim bircə buna ürəyim partlayır ki, necə olur, İsa Qəmbər bu cındırlarla oturub, durur? Ömrünü mübarizəyə həsr etmiş, həyat amalı Başqana sədaqət olan adamlara diqqət göstərmir, amma bu cındır yığını ilə müzakirələrə girişir…Kimdi axı bunlar? Niyə oxuyurlar bunları? Axı bunlar xalqımızı söyürlər. Mentalitetimizi təhqir edirlər. Dinimizi gözdən salırlar. Hakimiyyəti də söyürlər, müxalifəti də söyürlər. Amma bunları oxuyurlar. Niyə, axı niyə oxuyurlar?!»

 

 
Rusiyada 2011-2013-cü illərdə «Dojd» televiziyasında maraqlı bir layihə vardı - «Гражданин поэт». Nekrasovun ötən əsrin ortalarında yazdığı şeirin adından götürülmüş bu layihədə Rusiyanın gəlmiş-getmiş ən məşhur şairlərinin şeirləri mövcud siyasi rejimin mənzərəsinə uyğun olaraq, dekonstruksiya edilirdi. Rusiyanın əməkdar artisti Mixail Yefremov bu şeirləri müxtəlif obrazlarda səsləndirirdi. Layihədə S. Yesenin, O. Mandelştam, A.Puşkin, B. Pasternak və indi ağlıma gəlməyən onlarla başqa şairin xalq arasında ən çox yayılan şeirlərini dekonstrusiya edilmişdi. Statistikaya görə, bu layihə təkcə YouTobe-dən 13 milyon dəfə baxılıb. Rusiyanın xalq artisti, aktrisa və qoca inqilabçı Liya Axidcakova bir dəfə müsahibələrindən birində iddia elədi ki, 2012-ci ildə Moskvanın Bolotnı meydanında baş tutan Milyonların Marşında ihtirak edən izdahımı meydana çıxmağa ruhlandıran səbəblərdən biri də «Гражданин поэт» olub. 
 
Məndən olsa, Mr. Freeman adlı veb-serialı da bu prosesə ilham verən telelayihə hesab edərdim. 
 
Ümumiyyətlə, mədəni, ədəbi layihələr, mətnlər, çağırışlar bir çox hallarda, bir çox cəmiyyətlərdə siyasi çağırışlardan daha effektlidir. Ədəbiyyat bilavasitə insanın vicdanına çağırış edir. Vicdanını tərbiyələndirməyə cəhd edir. Bir çox hallarda da nail olur. Tarix göstərir ki, bədiiliyi siyasiliyindən yüksək olan nitqlər, mətnlər daha uğurlu, daha təsirli olur. Ötən əsrdə Martin Lüter Kinqin «Mənim arzum var» leytmotivli nitqi daha çox ədəbiyyat faktıydı. O mətnin təsirliliyi, tarixin bir parçasına çevrilmə səbəbi, nitqin bədiiliyi idi.
 
Bu barədə bir çox parlaq misallar gətirmək, uzun siyahı düzəltmək olardı. Amma gərək yoxdur. Demək istəyirəm ki, hansısa ölkədə cəmiyyətdə və ya hakimiyyətdə dəyişiklik etmək istəyənlərin kültür faktorunu, mədəniyyətin təsirini nəzərə almamaları qeyri-ciddilikdir. Siyasi inqilab mədəni inqilab olmadan mümkün deyil.
 
Əli Əkbər məlum yazısında bunu deyirdi. Amma illər uzunu ona və onun kimi azad adamlara nifrət edən, bəzən nifrətini aşkar bildirib, bəzən də gizləməyə məcbur olanların əlinə bu yazı Telli Borçalı demişkən, kasıbın əlinə var düşən kimi düşdü. Onlar yazının bircə zəif, kövrək, qıcıqlandırıcı aspektindən yapışdılar: axı o adamlar indi həbsdədir, təzyiq görən adamlar barədə bunları necə yazmaq olar?
 
Əli Əkbərə pataloji nifrəti bir kənara qoyub, insafla deyin: bəyəm o həmin adamların həbsdə olmalarına haqq qazandırdı? 
 
Gəlin, yazının inadla gözlərinizi yumub, görmək, inadla qulaqlarınızı tıxayıb, eşitmək istəmədiyiniz hissələrinə nəzər salaq. Əli Əkbər konkret sual verdi: bu adamların iyirmi ildi yratmaq istədikləri, yaratmağa çalışdıqları, bəzən də yaratdıqlarını iddia etdikləri vətəndaş cəmiyyəti hanı? 
 
Bəli, iyirmi il bu adamlara toxunulmadı. Hərəkətlərinə ciddi məhdudiyyət qoyulmadı. Onda sual olunur: hanı onların işlərinin, zəhmətlərinin nəticəsi? Hanı? Hakimiyyət bu adamları rahatca həbs edirsə, rahatca boynuna saxta iş qoya bilirsə,  3 aydan tutmuş, beş, on ilə qədər həbs verə bilirsə, ciddi vətəndaş cəmiyyətinin olduğunu iddia etmək olarmı? Ölkənin ən məşhur hüquq müdafiəçisini tutub, rahatca aparanda, həmin gün gündəmi bir manısı həbs etməklə dəyişə bildilərsə, hanı vətəndaş cəmiyyəti? Hanı bu iyirmi ildə yetişən və ya dəyişən insanlar? Axı həbs olunanların işi məhz bu cəmiyyəti formalaşdırmaq idi.
 
Öz xalqını tanımayan, genetik kodlarını bilməyən, xalqın ümumi axləqi-mənəvi dəyərlərindən xəbəri olmayan adamlar hansı vətəndaş cəmiyyəti qura bilərdilər? Heç nəyini tanımadıqları xalqın hansı damarından tutub, ona xitab edə bilərdilər? Kimin üçün, hara üçün idi o monitorinqlər, hesabatlar, çıxışlar, ifşalar? Xalq üçün idi? Seçkilərin saxtalaşdırılmağını xalqa demək, bunu sübüt etmək çox dəyərli işdir. Amma xalqı əvvəlcə başa salmaq lazım idi ki, səsləri saxtalaşdırmaq əxlaqsızlıqdır. Korrupsiya faktlarını üzə çıxarmaq, prezidentin Dubay villaları barədə yazmaq, danışmaq  çox dəyərli işdir. Amma genetik kodunda «bal tutan barmaq yalayar», «bacarana baş qurban», «kişinin pulunu saymazlar» kimi oğraş məlumatlar gizlənmiş bir xalqa əvvəl başa salmaq lazım idi ki, rüşvətxorluq əxlaqsızlıqdır. Korrupsiya əxlaqsızlıqdır. Qohumbazlıq əxlaqsızlıqdır.
 
Bunları insanlara çatdırmaq, xalqın vicdanına xitab eləmək üçün lazım olan ədəbiyyatı, mədəniyyəti isə yaxına buraxmadılar. Əksinə, ən müasir, avropapərəst görünənlər belə bəzən açıq, bəzən gizlin şəkildə azad qələm adamlarına nifrət elədilər. Maarifçiliklə məşğul olan bir-iki yetim-yesiri ələ saldılar. Bir azad qələm adamı haqlı yerə olsa belə, müxalifəti tənqid edən kimi, bir dəstə qaraguruh «hakimiyyətə işləyir», «hakimiyyətin dəyirmanına su tökür» kimi ucuz, özü də hakimiyyətin ritorikası olan təyinatlar verdilər. Halbuki, müxalifətin lideri, iclas çağırıb, bütün yazıçıları prezidetnə səs verməyə çağıran və bunu açıq-aşkar edən Anarı dəyər elan eləyirdi. Amma hünəri vardı bir yetim gənc yazar bunu dilə gətirsin ki, İsa Qəmbər niyə Anarı dəstəkləyir. O dəqiqə elə müxalifətin içindən azı yüz adam peyda olub, təxminən «Anar qoysun sizə!» janrlı reaksiyalar verirdilər.  
 
Mövzudan uzaqlaşmayaq. Bəlkə o monitorinqlər, hesabatlar Qərb üçün, Avropa üçün idi? Güldürməyin adamı. Bizim kimi ölkələr Avropanın, Qərbin heç məlum yerinə də deyil. Niyə də olmalıdı? Xalq hakimiyyətin büdcəni talamasına razıdı, çünki xalqa da oğurlamağa icazə verilir. Düzdü, oğurlanan qəpik-quruşdu, amma iqtisadiyyatı güclü olan ölkənin qəpik-quruşu da az deyil. Azərbaycanlıların nə vecinədi, hərəsi bir saxta xəstəlik sənədi düzəltdirib, ayda 300-400 manat xəstəlik təqaüdü alır. Lisenziyasız cırtdan biznes açır. Dövlət rüsumunun əvəzinə o pulun yarısını məmura, polisə rüşvət verə bilirsə, xalq niyə ölkədə rüşvətin kökünün kəsilməyini istəməlidi? Niyə qanunların işləməyini istəməlidi? Qanunsuzluq, rüşvətxorluq çox vaxt xalqa da maddi mənada sərf edir. Yenə deyirəm, bunların mənəvi tərəfini xalqa başa salmaq üçün məsələyə kültür qarışmalı idi. Onu da qarışmağa qoymadılar. Xalq da rüşvətxorluqdan, qanunsuzluqdan razıdırsa, onda Qərbin, Avropanın harasına idi o monitorinqlər?
 
İndisə, iyirmi ilin hesab-kitab günüdür. Buyurun, iyirmi ildə üstündə işlədiyiniz o vətəndaş cəmiyyəti sizi müdafiə eləsin. Vətəndaş cəmiyyətinin sizi müdafiə etməyi onların lütfü deyil, sizin borcunuzdu. Siz o adamların çıxıb indi sizi müdafiə etməyinə cavabdehsiniz. Çünki, siz bunun üstündə işləyirdiniz.
 
 
P.S. Bir neçə kəlmə də Əli Əkbəri söyənlər barədə…
 
«Adam oturub İsveçrədə… Ağzına gələni yazır… Ona hörmətimiz vardı… Amma maskalar nə vaxtsa cırılır… Mahiyyət nə vaxtsa üzə çıxır... Çürük, xıltlı içini axır ki, göstərdi... Mən onun oğraş olduğunu həmişə sübüt etməyə çalışmışam… Yaxşı ki, bu yazını yazdı… Yoxsa, mənə inanmırdılar… Gördüz? Bu da sizin Əli Əkbəriniz! Bu də sizin yazarınız! Mənim bircə buna ürəyim partlayır ki, necə olur, İsa Qəmbər bu cındırlarla oturub, durur? Ömrünü mübarizəyə həsr etmiş, həyat amalı Başqana sədaqət olan adamlara diqqət göstərmir, amma bu cındır yığını ilə müzakirələrə girişir…Kimdi axı bunlar? Niyə oxuyurlar bunları? Axı bunlar xalqımızı söyürlər. Mentalitetimizi təhqir edirlər. Dinimizi gözdən salırlar. Hakimiyyəti də söyürlər, müxalifəti də söyürlər. Amma bunları oxuyurlar. Niyə, axı niyə oxuyurlar?!» 
 
Bunlar onlarla, yüzlərlə insanın ülvi, mübhəm, iztirablı könül pıçıltılarıdır. Bu suallar onlara əzab verir. Olmazın əzab verir. Əslində, onlar illərdir Əli Əkbər olmaq istəyirlər. Seymur Baycan olmaq istəyirlər. Təvazökarlıq eləməyim, Günel Mövlud olmaq istəyirlər. Boyunlarına alsınlar: istəyirlər! İstəyirlər! 
 
Onlar bu azad qələm adamlarının bir tikə şöhrətinə, istədiyini yazmaq, istədiyi adam barədə istədiyini demək lüksünə həsəd aparırlar. Axı necə olur, xalqı tənqid elə, dini tənqid elə, mentaliteti tənqid elə, amma səni yenə oxusunlar? İsa Qəmbəri tənqid elə - oxusunlar. Hakimiyyəti tənqid elə - oxusunlar. Azərbaycan qadının, ana-bacını tənqid elə - oxusunlar. Azərbaycan kişisin tənqid elə - yenə də oxusunlar?
 
Axı niyə? Axı necə olur bu?! Bəs, biz illərlə xalqa yaltanlandıq. Mentaletitetə yaltaqlandıq. Dinə yaltaqlandıq. Dolmaya, muğama, saza yaltaqlandıq. Ölkənin yazıçısı öldürüləndə bir mollanın hikkəsinə görə ayağa qalxıb, onun ruhuna ehtiram göstərmədik. Müxalifət liderlərinə yaltaqlandıq. Ömrümüz belə yaltaqlana-yaltaqlana keçdi. Amma tanınmadıq. Oxunmadıq. Təsdiq olunmadıq. Sayılmadıq. 
 
Ayıbdı, vallah, ayıbdı. Biz, beş-altı nəfər arıq-uruq, yetim-yesir gənc yazmağa başlayanda, hərəniz bir qəzetdə azı beş il idi yazırdınız. Hərəniz on il idi ictimai-siyasi fiqur olmağa iddialı idiniz. Müsahibə verirdiniz. Nəsə deyirdiniz. Yenə də nəsə deyirsiniz. Yazırsınız. İddia edirsiniz. Amma alınmır. Tanıyan, reaksiya verən yoxdur. Hadisə yarada bilmirsiniz. Maraqlı deyilsiniz. Başa düşürəm, çətindi. Çox çətindi. Hədsiz dərəcədə çətindi. Amma belədir, maraqlı deyilsiniz.
 
İndi sizi maraqlı edə biləcək, hansısa reaksiyaya, müzakirəyə səbəb olacaq tək yol var: bizim adımızı çəkmək. Bir müddət əvvəl Əli Əkbər zatən bu resepti vermişdi. Görürük ki, reseptdən uğurla istifadə edirsiniz. Halal-xoşunuz olsun. 
 
Sizin bütün təhqirlərinizə, zəhərinizə, kinayələrinizə bizim bircə cavabımız var - istədiyimizi demək azadlığımız və tirajımız.
 
Günel Mövlud
 
Yuxarı