Filan nazirin “gəlini ilk dəfə”, filan nazirin “nəvəsinin ad günü”, yaxud da komitə sədrinin övladlarının gecə libaslarında ziyafət görüntüləri.
Oxucular həmin dəbdəbəylə onların vəzifə maaşları arasında tənasüb aparmaqdansa, əksinə, tələsik yazmaq istəyindən irəli gələn çoxlu hərf səhvlərilə komplimentlər yağdırmağı özlərinə borc bilirlər: “Salamral, sayğılarrrr, çooox gözəl görünrsüüüz!” Mən inanıram ki, bunun səbəbi kralların həyatları haqqında nağılların yoxsullarıın əyləncəsi olmasıdır.
Bir dəfə konsertə iki bilet almışdım. Sonra işim çıxdı, gedə bilməyəcəyimi anladım, biletləri yoxsul bir ailəyə verdim. Ailə o qədər yoxsul idi ki, qadın ərinin ayaqqabılarını geyinirdi.
O qədər yoxsul idilər ki, birdəfəlik uşaq bezini öz əllərilə dəfələrlə emal edərək, uşaqlarına təkrar geyindirirdilər.
Konsertə gedib qayıdandan sonra onlar mənə təşəkkür üçün zəng etdilər və belə dedilər: “Prezidentin qızı da ordaydı, sonra ..ədovun gəlini də ordaydı. ..movun qızı da ordaydı.
O, elə zərifdir, şəkillərindən daha arıqdır həyatda, ondan arxa sırada da çox gözəl oğlanlar, qızlar oturmuşdu. Sənə deyim, pis adamlara oxşamırlar. Elə gözəl geyinmişdilər! Dəriləri işıq saçırdı! Prezidentin qızının maşınını gördük, ancaq heyif ki, telefonumun kamerası sınıb.
Konsert bitəndə ki hamı ayağa qalxdı, telefonumun kamerası işləsəydi, onların hamısının şəkillərini çəkərdim, qonşu qıza da göstərərdim.
Qorxuram ki, onların görüntüsü mənim yaddaşımdan silinər. Ona görə tez-tez gözlərimin qabağından keçirirəm. Konsert qurtaranda bizi qoymadılar çıxaq, əvvəl onlar çıxdılar, sonra biz. Onlar necə xoşbəxtdirlər!”
Doğru deyiblər, kralların həyatları haqqında nağıllar yoxsulların əyləncəsidir. Kütləvi incəsənət, müasir media, Hollivud filmləri, zəmanənin özü bu qanunauyğunluğa tabedir.
Qoy indi bir yazıçı Maksim Qorki kimi kasıbların həyatını işıqlandıran realist hekayələr yazsın və o əsərləri bu kasıblara oxuda bilsin. Mümkün deyil. Kasıblardan danışan bir əsərin bizim dövrümüzdə bestseller olmasına bir nümunə çəkə bilərsinizmi?!
İnsanlıq tarixində heç vaxt dünyanın zənginləri ilə yoxsulları arasında uçurum bu qədər pulgətirən olmayıb. Doğrudur, varlılar da həmişə olub, kasıblar da. Amma varlıların, yuxarı təbəqənin həyatı televiziya, filmlər vasitəsilə kasıbların gözünə bu qədər çox soxulmayıb və ən əsası, bu gözəsoxma prosesi özü pul qazanmaq vasitəsi olmayıb.
Qərb ölkələrində adətən yuxarı təbəqə hakimiyyətdə olmaqla təyin olunmur. Yuxarı təbəqə o təbəqəyə deyilir ki, hakimiyyətə kimin seçilib-seçilməməsindən asılı olmayaraq, öz maddi və mənəvi imkanlarını, sərvətini, gücünü, qüdrətini özündə sabit saxlayır. Bizdə bu iki anlayış bir-birindən ayrı deyil. Yuxarı təbəqəmiz elə hakimiyyət, onların qohum-əqrəbalarıdır.
Bəlkə də bunda sovet təcrübəsinin də rolu olub. Sovet dövləti dağılandan sonra sürətlə aşağı təbəqənin, sonra yavaş-yavaş yuxarı sosial təbəqənin, daha sonra orta təbəqənin necə yaranmağa başladığını öz gözümüzlə görməkdəyik.
Varlılarla kasıblar arasındakı fərqin dözülməz dərəcələrə çatması, varlıların daha da varlanması kasıbları hiddətləndirərdi bəlkə də. Amma varlılar daha da varlanmalarını həm də kasıblar üçün simpatik etməkdə mahirdirlər. Bu işdə qadın faktoru əvəzolunmazdır.
Qadınlar gözəllik, bəzək-düzək, parıltıyla yuxarı təbəqəni əhatəyə alırlar. Yuxarı təbəqənin qadınlarının işə ehtiyacı yoxdur, işləmirlər. Aşağı təbəqənin qadınları isə iş tapa bilmir, işləmirlər. Nəticədə onların hər ikisinin çoxlu vaxtı var. Birincilər səyahətlərlə, gəzintilərlə, moda ziyafətlərilə, ikincilər onların həyatının uzaqdan görünən şəfəqlərinə əl yelləməklə keçirirlər bu vaxtı.
Statistik hesablamalarıma görə, yuxarı təbəqədə qadınlar arasında ən sevimli peşə dizaynerlikdir. Onların onundan səkkizinin birinci, ikinci, yaxud da üçüncü peşəsi dizaynerdir. Sovet vaxtı Azərbaycanın hakim yuxarı təbəqəsinin qadınları arasında peşə seçimində Tibb Universiteti nə demək idisə, bu gün onların varisləri üçün Londonun Saint Martin Art və Dizayn Kolleci, London Contemporary Arts Kolleci o deməkdir.
Yuxarı təbəqə öz həyatını təkcə yaşamaqla qane olmur, onlar bu həyatı həm də nümayiş etdirmək istəyirlər. Onlar həvəslə sosial şəbəkələri, birbaşa nəzarətlərində olan saytları öz həyat tərzləri haqda fotoreportajlarla təmin edirlər.
Bəzi müstəqil və hakimiyyətyönümlü xəbər, əyləncə saytları isə bu işdə krallarla yoxsullar arasında vasitəçilik edir, kralların həyat tərzindən fotoreportajları əyləncə kimi yoxsulların əllərinə verirlər: buyurun, tamaşa edin, şərh yazın, “like” edin.
Nərmin Kamal
BBC Azeri