Bir resenzent isə “Neft” barədə yazır: “Küllücə qızıl ayaqqabılarla gəlib, ancaq bal artıq bitib”.
Milyardlara yiyələnmiş oliqarxı sonda boşluq gözləyir. Ətrafında bircə əziz məxluq və inanmalı kimsə yox. Dərindən götürəndə bütün ömrün sərf olunduğu pul, var-dövlət və hakimiyyət illüzor qələbə imiş. Film “yox” kəlməsi ilə başlayıb, keşişi öldürən oliqarxın dodaqlarından qopan “Mən bitirdim” çığırtısı ilə bitir. İnkarla başlayan peşmançılıqla qurtarır.
***
Kapital toplayan iki mənfur tipin təkamülü: milyardçı ilə keşişin. Onların hədəfləri eynidir: pul və nüfuz. Birincisi bu yolda bütün insani dəyərlərini qurban verir, hətta dini də alətə çevirir. Kapitalizmin köpəkbalığı ilə sektant kilsənin başçısının savaşında ikinci uduzur. Ancaq doğrudanmı, birincisi qalib gəlib?
Mərkəzi personaj olan Deniel Pleynvyunun adı da təsadüfi seçilməyib. “Deniel” qədim yəhudi dilində “Tanrının məhkəməsi”, “Pleynvyu” isə “Hər şeyi görən” deməkdir. Öz insanlığından imtina edən, öz ruhunu ölənədək çırpan bu demiurq həm də maddi dünyanın dağıdıcısıdır. Keşişi boulinq zalında döyüb öldürərkən də sanki taleyin ağır kürələri ilə xırda adamlara çıxardığı hökmü icra edir.
Filmin leytmotivi olaraq Pleynvyunun həyat kredosu sayıla biləcək və seyrçilərin dilində sitata çevrilən bu kəlmələri göstərmək olar: “Mənim rəqabət ruhum güclüdür. Başqalarının uğuruna dözə bilmirəm. Demək olar ki, hamıya nifrət edirəm. Olur ki, adamlara baxıram və onlarda xoşa gələn heç nə görmürəm. O qədər pul qazanmaq istəyirəm ki, heç kəsi görməyim”.
Yəqin ki, Pleynvyunun ardınca bütün oliqarxlar bu kəlmələri məmnuniyyətlə təkrarlayardı. Yalnız maddiyyata tabe etdirilən, ruhun zorlandığı, əxlaqın gərəksiz maneə sayıldığı, ancaq sonunda sərvətin də, hakimiyyətin də rahatlıq gətirmədiyi bir ömür. Bu ömrün sahibi həm adi adamlara, həm də istənilən rəqibinə qarşı amansızdır. O, keşiş Enloyu – digər mənfi tipi pul xatirinə öz Tanrısını söyməyə məcbur edir, o söyəndən sonra isə nəinki pulunu vermir, üstəlik, onu döyüb öldürür. Dünyanı idarə etməkdə onun heç bir şərikə ehtiyacı yoxdur – istər Yer mənşəli, istərsə də, səmavi.
Pleynvyu hisslərə, simvollara, insanlara, Tanrıya inanmır. Tanrı onun nəzərində olsa-olsa epizodik kompanyon ola bilər. İnsanlar isə mübarizə aparılmalı, məhv edilməli düşmənlərdir.
Özündə Tanrını öldür… Və sən azadsan. Özündə insanlığı öldür, Tanrıya dönməyə yer qalmayacaq. Deniel öz içində küldən məbəd düzəldir. Ancaq sonunda bu total inkar da azadlıq gətirmir...
***
Əksər ölkələrdə film orijinal adı ilə nümayiş etdirilib: “Və qan olacaq”. (There Will Be Blood) Bu ad “İncil”dən götürülüb. Misirdən yəhudiləri qaçıran Musaya Tanrının dilindən söylənib. Keçmiş Sovet məkanında isə filmin adı “Neft” kimi göstərilir. Bu da təsadüfi deyil. (Baxmayaraq ki, bəziləri deyəcəkdi: “Bizə qan əvəzinə neft sırıyıblar”)
Məsələ ondadır ki, Anderson filmi məşhur amerikan yazıçısı Epton Sinklerin (1878-1968) “Neft” romanının əsasında çəkib. Əslində, Sinklerin romanı tam ekranlaşdırılsaydı, serial alınardı. Roman Oktyabr İnqilabını, Böyük Depressiyanı, fəhlə hərəkatının mərhələlərini əhatə edir və fəhlə etirazları ilə bitir. Anderson isə romandan yalnız bir hissəni ssenariyə çevirir və onu da dəyişir.
Con Rokfellerin bioqrafiyasının sərbəst yozumu olan romanda Sinkler baş verənlərə oliqarxın oğlunun nəzərləri ilə baxır. Bu gənc adam ətrafdakı hadisələrin və analizin hesabına öz sinfinə qarşı çıxır, “qırmızı milyonçu”ya çevrilir.
Epton Sinkler sol mövqeyi ilə fərqlənən yazıçıydı. O deyirdi: “Amerika xalqı sosializmi qəbul edəcək, ancaq sosializm sözünü qəbul etməyəcək”.
O, edam olunmuş anarxistlər – Sakko və Vansettinin xatirəsinə roman yazıb, Cek Londonla birlikdə proletariatın mübarizəsində fəal iştirak edib.
Herbert Uells ona özünün “Müasir utopiya” kitabını bağışlayanda “Sosializmə inanan birinci şəxsdən ona inanan ikinci şəxsə” sözlərini yazmışdı.
Lenin özünün 1915-ci ildə qələmə aldığı “Sosializm və müharibə” broşüründə Sinkleri “Hiss sosialisti” adlandırmışdı və əlavə etmişdi: “Sinkler üzərimizə yeriyən dalğalardan narahat olaraq xilası sosializmdə axtarır”.
Bir sözlə, Epton Sinkler uzun ömrünün sonuna qədər sosializmə inamını hifz edən biriydi. XXI əsrdə Hollivudda onun antikapitalist romanının Anderson tərəfindən ekranlaşdırılması da bu qəbildən qətiyyən sıravi hadisə deyil, daha çox istisnadır.
***
Filmin qayəsini ümumiləşdirib iki kəlmə ilə bu cür ifadə etmək olar: Neft üstündə kapitalistlə din xadiminin savaşı gedir. Neftli torpaqlarda yaşayan adi insanlar bu savaşda vur-tut kütləvi səhnə vahidləri, “zibil”dirlər. Ancaq onların da qəlbini yalanla fəth etməyə ehtiyac var. Kilsə xadimi bunu moizələrlə, səmavi vədlərlə edir. Kapitalist isə bəzən kobud güclə, bəzən Yer mənşəli vədlərlə. Dinin arsenalında yalnız dualar və intriqalar varsa, kapitalist, üstəlik, heyvani qəddarlığa, heç bir sərhəd tanımayan zorakılığa əl atır. Və bu iki mənfurluğun davasında kapitalist qalib gəlir. O, yeri gələndə keşişi də əvəzləyə, moizələr də oxuya bilir.
Və əsas nəticə: kapitalla dinin qırğınında ikinci birinci üçün maksimum vasitə ola bilər. Çevrilib dünyanın dörd yanına baxanda, neft uğrunda müasir müharibələrdə kapitalistlərin din amilindən necə ustalıqla faydalandığını görəndə filmin realizmini təsdiqləməli olursan.
Ancaq bu da hamısı deyil. Əgər kapitalla din daxili ziddiyyətlərini kənara ata bilsə, kapitalist həm də sekta başçısı olsa, iki rol bir personajda cəmləşsə, onda nə olacaq? Daha dəhşətli olacaq, əlbəttə. Bizim dünyamız da elə həmin istiqamətdə sürətlə irəliləməyindədir.
Artıq oliqarx həm də kilsə başçısıdır. Daha Pleynvyunun Enloya əvvəlindən ehtiyacı yoxdur...
***
Tərk edimiş şaxtalarda qızıl və gümüş axtaran, qarşısına yalnız bircə məqsəd – varlanmaq məqsədi qoyan Deniel Pleynvyu yerin altında qəzaya düşüb ömürlük axsaq qalır. Bu insan iradəsinin yumağını axsaqlıq şeytani görkəmə daha da yaxınlaşdırır.
Şeytanın bığı və şlyapası var, yanında isə oğlan uşağını gəzdirir. Oğlanın adı da yoxdur, sadəcə, inisialı var: Eyc Dablyu. (HW)
O, imic üçün gərəklidir. “Mən ailəli adamam” – şeytan deyir və bilir ki, puritan Amerikasında yanındakı oğlan uşağı onun neft çıxacaq torpaqlarda yaşayan fermerlərlə danışıqlarında böyük köməkçidir. Kim yetimə baxan tənha, şikəst atadan şübhələnər ki! Halbuki oğlanın ona heç bir dəxli yoxdur, bəlkə də, həlak olmuş hansısa şaxtaçının, bəlkə də, hansısa alkoqolikin övladıdır. Bunu oğlan özü də yalnız böyüdükdən sonra, Pleynvyu ilə yolları ayrılanda biləcək.
Şeytan isə vədlərlə və şantajla torpaq sahələrini dəyər-dəyməzinə alır, topaqda deşiklər açıb neft buruqları ucaldır, sonra neft kəmərləri çəkir, torpağın qanı axaraq pula çevrilir.
Əlbəttə, şeytan varsa, haradasa “Tanrı”da olmalıdır. Və onlar bir-birini tamamlayırlar. Eynilə Nitsşenin “Zərdüşt”ündəki kimi: “Elə bir dövr gələcək ki, Tanrı şeytana vəkillik edəcək”.
Filmdə də neftin “Tanrı”sı ilə sənaye şeytanı bir-birini ilk baxışdan başa düşürlər. Həmin “Tanrı” üçüncü zühur adlı saxta, sektant kilsənin burnu fırtıqlı vaizi Enloydur.
Onların hər ikisi ümidlə alver edirlər. Ancaq neft kimdədirsə, o da qalib gəlir.
Üstəlik, qəribə hissdir – sonda şeytan yalançı Tanrını döyüb öldürəndə, hətta sevinirsən də. Seyrçini elə bir hiss bürüyür ki, guya o özü də Pleynvyunun yerində olsaydı, Enloyu elə bu cür cəzalandırardı. Çünki iradəsiz, pul üçün imanını danan zəif Enloydan fərqli olaraq, Pleynvyu iradə təcəssümü, bütöv adam təsiri bağışlayır.
Kobud güc isə obıvatel üçün həm cəlbedicidir, həm də qorxulu. Ondan uzaq gəzmək onun zərbələrinin altına düşməməyin şərtidir. “Qoy o fırıldaqçı zəifləri cəzalandırsın” deyə seyrçi düşünür.
Halbuki sənaye şeytanı təkcə rəqiblərinə yox, bütün bəşəriyyətə qarşı düşməndir...
***
Bu filmi ilə Pol Tomas Anderson bizlərə dövrümüzün yeni qəhrəmanını göstərir. O, xeyrin və şərin, əxlaqın və qanunun, cinayətin və cəzanın gücdən düşdüyü bir dövrün qəhrəmanıdır. Və XXI əsrin bu Zərdüştü bütün koordinatların alt-üst olduğu dünyada insanları yox, nefti seçir. Dünya kimi neftin də çalarları yoxdur – o, qapqaradır. Qəhrəmanın qəlbi kimi...
Bu cür ekzistensial dram. Qarət fəlsəfəsi. Qan dini...
P.S. “Neft” filminə buradan baxın – http://kinonow.org/movie/34
Məmməd Süleymanov
1937.az