post-title

Ssenarinin səfehliyi

AYB sədri Anarın ssenarisi, Ramiz Həsənoğlunun rejissorluğu ilə çəkilən “Sübhün səfiri” tragikomediyasına baxdım. Əslində film köhnədir, yanılmıramsa 2012-ci ildə çəkilib. Mən özümə həmişə söz verirəm ki, üstündə “Azərbaycanda çəkilib” yazılan kinolara baxmayım, çünki bunlara baxandan sonra adam Lümyer qardaşlarını söymək istəyir. Aparatı qayırıb bu nadanların əlinə verdikləri üçün. Ancaq hər dəfə də andımı pozub baxıram və növbəti peşmançılığı yaşayıram.

 
 
İlk növbədə, Anar müəllimi daha bir klassikimizin anasını ağlar qoyması münasibətiylə qutlamaq olar. Mən ona görə yuxarıda filmin janrını “tragikomediya” yazdım. Təsəvvür edin, materialist filosofun ölümü səhnəsini elə biabırçı çəkiblər deyərsən nurçuların “Samanyolu” telekanalizasiyasında “Sırlar dünyası” adlı multfilmə baxırsan. Kinoda ruhun, qeybdən gəlib danışanın sayı-hesabı yoxdur. Bircə o səhnə çatışmır ki, Mirzə Fətəli pirə gedib nəzir versin. 
 
Əlbəttə, bu, Anar Rzayevin sevimli iş üsuludur. Özünə rahat bir qəlib tapıb, istənilən sənətkarımızı o qəlibə dürtüb inkubator cücələri kimi düşük ssenarilər istehsal edə bilir. (Sonra Cəmil Həsənli bunlar əsasında Anarı “böyük ssenarist” sayır). Bu qəlib də ondan ibarətdir ki, adamın qoca vaxtlarıdır, oturub keçən günləri düşünür, həmin günlərin epizodları qırıq-qırıq bunun gözünün qabağından keçir. “Gün keçdi”dən tutmuş “Dədə Qorqud”a, “Cavid ömrü”ndən “Qəm pəncərəsi”nə qədər hamısı eyni ssenaridir. Özünə əziyyət verib nəsə yeni bir şey niyə yazsın? Camaata sırıyır da onsuz...
 
Qaldı filmin rejissoru Ramiz Həsənoğluna, ona ilk dəfə kim “sən kino çəkə bilərsən” deyibsə həmin adam ciddi şəkildə satira ustası olmuşdur. Bu adam kinonu elə çəkir sanarsan “Neolit” şadlıq sarayının administratoru toy çəkilişləri üçün operator Məmmədağaya göstəriş veribdir. Ay qardaş, nə zülmdür, alınmır da bə, çəkmə! Vallah, toy çəksəniz uca millətimizə daha faydalı məşğuliyyət olar. 
 
Ümumiyyətlə, sənətə gərək fanatikcəsinə, ürək yanğısı ilə girişəsən. Bu mənada, Mətbuat Şurasının sədri, görkəmli sənətkarımız Əflatun Amaşov yoldaşın uğurlu fəaliyyətini qeyd edə bilərik. 
 
İki-üç gün qabaq xəbər lentində oxudum ki, Əflatun müəllim milli mətbuatımızın dil problemlərini qaydasına salmaq fikrindədir. Həsən bəy Zərdabidən üzü bəri Əflatun Amaşov ikinci adamdır ki, mətbuat yanğısı ilə parlayır, qəzetçilik üçün özünü həlak edir. Üçüncü adam jurnalistlərin binasında aldığı evi pakistanlı evsizlərə humanistcəsinə kirayə verən “Azad Azərbaycan” qəzetciyinin baş redaktorudur, adı yadıma düşəndə yazaram. 
Uzun sözün qısası, Əflatun müəllim prezident yanında qəzetlərə yardım fondundan pul alaraq bölgələrdə işlər görəcəkdir. Sitat: “Layihə 2014-cü ilin avqust-dekabr aylarını əhatə edəcək. Layihə çərçivəsində Gəncə və Şəki şəhərlərində ”Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: problemlər və perspektivlər" mövzusunda “dəyirmi masa”ların təşkili planlaşdırılır". 
 
Nə gözəl tədbirdir... Məsələ ondadır ki, bu saat nə Gəncədə, nə də Şəkidə normal dərc edilən bir dənə də yerli qəzet-məzet qalmamışdır. Heç Bakıda çıxan qəzetlər əyalətə gedib çıxmır. 300 minlik şəhərdə 1 qəzet köşkü taparsan, onun da yarısında qarpız və arvad tumanı satılır. Bəs çıxmayan qəzetin ədəbi dil problemlərini necə öyrənmək olar? Əflatun müəllim bunu yaxşı bilir. Çünki o, bizim jurnalistlərin ürəyini oxuyur! Oxuyur görür ki, misal üçün, Bəxtiyar Sadıqov yarım saat sonra yazmağa başlayacağı oçerkdə vergülü düzgün qoymayacaqdır. Umud Mirzəoğlu isə tire işarəsini yeri gəldi-gəlmədi istifadə edəcəkdir. 
 
Bu cür istedadlı insanları qorumalıyıq. Təklif edirəm Anar müəllim növbəti ssenarisini Amaşov haqda yazsın.
 
Zamin Hacı
 
Musavat.com
 
Yuxarı