post-title

Dinin elmlə "partizan müharibəsi"

Artıq filosoflar böyük sintetik sistemlər qurmurlar. Fəlsəfə tarixi az sayda açıq qəbullardan əhatəli bir dünya görüşünün yaradıla biləcəyinin mümkün olmadığını göstərdi. İndi professional fəlsəfəçilərin əksəriyyəti analitik fəlsəfə ilə məşğuldurlar.

 
Fəlsəfə, elmin nəticələrini şərh edir və bilgi problemi ilə məşğul olur. Ağla və məntiqə açıq-aydın görünən hipotezlər təcrübə tərəfindən dəstəklənməsə, onların məntiqi nəticələrinin doğru olduğundan əmin olmaq mümkün deyil. Lüdviq Vitqenşteyn, düşüncə həyatının əvvəlində və sonunda fəlsəfə camiasına böyük təsir göstərən iki əsər yazdı, ancaq bu əsərlərin başlanğıc hipotezləri bir-birinə tam zidd idi. Vitqenşteyn eyni ustalıqla həm dünyaya baxışımızı dilin formalaşdırdığını, həm də dilin obyektiv dünya tərəfindən formalaşdırıldığını iddia edib, “əsaslandırmışdı”.
 
Məşhur fransız filosofu Henri Berqson bütün mistiklər kimi reallığın qavranmasında intuisiyanın elmi metoddan daha üstün olduğunu iddia edirdi. Əsərlərində bu iddianı ürəkdən müdafiə etsə də, Berqsonun intuitiv metod ilə hansı bilikləri əldə etdiyi məlum deyil. Əslində bu davranış bütün mistiklərə xasdır, daim mistik təcrübədən və daha üstün “əsl həqiqət”-dən bəhs edərlər nə təcrübələrini təkrarlaya, nə də “əsl həqiqət”-in nə olduğunu deyə bilirlər. 
 
Dünyanı açıqlamaq iddiasında olan dinlərə də mistik bilgiyə əsaslanan böyük sintetik sistemlər kimi baxmaq mümkündür. Dünya haqqında bilgi əldə etməklə tədricən bir dünyagörüşü yaradan digər böyük təşəbbüs elmdir. Dinlər tarix boyu şübhəçiliyi və elmi, həqiqətin ortaya çıxarılmasında özlərinə rəqib və “həqiqət” monopoliyalarına təhlükə olaraq gördükləri üçün təqib etmək, susdurmağa çalışmaq, elmi doğruları inkar etmək yollarına əl atdılar. Son dövrlərdə dinlər səhnəyə yeni imiclə - elmlə barışaraq çıxmaqdadırlar. Ancaq fizika kimi “neytral” elmin nəticələrini qəbul etsələr də, biologiya kimi canlılar haqqında elmin nəticələri inkar edilir. “Keçid növləri yoxdur” deyə tərəfdarlarını aldadır, “yaradılış atlası” hazırlayıb, elmi düşüncəyə qarşı partizan mübarizəsi aparırlar. 
 
Din, “müqəddəs” olanın təcrübə edilməsidir, bu təcrübə sorğulanmasa da, dinlər sırf bu təcrübədən legitimlik almağa və insan həyatını nəzarət altında tutmağa çalışırlar. Dinlər insanları istismar etmək üçün insanlara qarışıq və bir-birinə zidd zehin halı diktə edirlər. İnsanı cəza ilə qorxudub mükafatla şirnikləndirmək üçün onun yaradıldığını və şeytan tərəfindən yoldan çıxarılmağa çalışıldığını iddia edirlər. 
 
Dinlərə görə dünya kainatın mərkəzi idi və insan üçün yardılmışdı. Ancaq dünyanın kainatın mərkəzi olmadığı, insanın daha sadə, aşağı növlərdən təkamül etdiyi və insanın “yoldan çıxma” səbəbinin şeytan deyil, “əhilləşdirilməmiş” şüuraltı güclər olduğu elmin sayəsində artıq bilinir. 
 
Dinlər, daxili tutarsızlıqlarına, təkrarlara, anaxronizmlərə, səhv məlumatlara istinad etmələrinə baxmayaraq, elmə hücum edərkən ondan mükəmməl tamlıq tələb edirlər. Dini düşüncənin yaşı minillərlə ölçülürsə, elmi təfəkkürün yaşı 500 ildən azdır, buna görə də inanan insan bir iddia irəli sürmədən əvvəl dinin özünün tutarsızlıqlarını aradan qaldırmalı olduğunu düşünmür. İnanmaq bilməkdən üstün tutulur. Dinin hakimiyyətində olmuş bir dünyada sonradan yaranmış elm istənilməyən qonaq kimi görülür. Elmin hələ cavablandırmadığı suallar varsa, bu dinin cavablarının doğru olduğu mənasına gəlmir. Statik olaraq bir anda hər şeyi bilmirik, zamanla və ancaq elm sayəsində öyrənəcəyik. 
 
Müasir elmin qurucusu Qaliley sayılır: müşahidə, alətlərdən istifadə edərək ölçmə, kontrollu təcrübələr və nəticələrin riyazi ifadələrlə təsviri ilk dəfə ən yetkin halında Qalileyin fəaliyyətində cəmləşdi. Qalileyin kilsə və Aristotelin doqmalarına şübhə duymaq cəsarəti olmasaydı, bu gün elmin daha geridə olacağı şübhəsizdir. Bilinənin əksinə, Qaliley heç vaxt Pizadakı əyri qüllədən daşlar ataraq təcrübə aparmayıb, onun təcrübələri mail müstəvilər üzərində cisimlərin hərəkətinin və göy cisimlərinin teleskopla müşahidəsindən ibarət idi. 
 
Elmi inqilab dövrünə qədər yunan düşüncəsinin də təsiri ilə dünya fərqli aləmlərə bölünmüşdü. Göy müqəddəs sayılırdı, Aydan aşağıda olan fəza, çürüyən, ölümlü həyatın məkanı idi, yuxarı isə ideal, əzəli, əbədi, efirdən ibarət, ulduzların mükəmməl dairələrlə hərəkət etdiyi fəza idi. Alimlər yunan və kilsə doqmalarına şübhə duymayıb “müqəddəs” fəzanı toxunulmaz saysa idilər, Yerlə göyün eyni qanunlara tabe olduğu və kainatın vahidliyi anlaşılmazdı. 
 
Elm dini və mistik düşüncə ilə müqayisədə olduqca gənc olsa da, formalaşmağa başladığı andan romantiklər, mistiklər və mühavizəkarlar tərəfindən maneələrlə üzləşib. Romantiklər Aydınlanma ideyalarına qarşı çıxıb, bu ideyaları tənqid edən şerlər yazırdılar. Jonatan Svift kilsə tərəfdarı olan mühavizəkar “Tori”-lərin təsiri altında idi və “Qulliverin səyahəti” adlı əsərində alimləri ələ salırdı. 1930-cu illərə qədər yaxın tarixdə, Amerikada radioaktiv maddə olan radium qatılmış sular enerji içkisi kimi satılırdı, qaranlıqda görünmələri üçün saatların əqrəbini fosforla yox, radiumlu boya ilə boyayırdılar. Radiumun kanserogen olduğu bilindikdən sonra gündəlik istifadəsi qadağan edildi. 
 
Yenə də xristian aləmində dini tənqid edən və dini doqmaları dövrün elmi biliklərinə əsaslanaraq sorğulayan yazarlar var idi. Mark Tven, 1906-cı ildə yazdığı “Yer kürəsindən məktublar” adlı əsərində soruşurdu ki, əgər ulduzlar dinlərin dediyi kimi, yeri işıqlandırmaq üçün yaradılıbsa, işığı bizə çox sonralar çatacaq milyonlarla işıq ili uzaqdakı ulduzların nə üçün “yaradılıblar”? Yazıçıların sadə elmi doğrulardan xəbərdar olmaları bu kontekstdə olduqca vacibdir, bizim alimlərin isə vərdiş olaraq elmlə məşğul olmalarına baxmayaraq, elmin gündəlik düşüncəyə aşılanması yerinə dini doqmaları populyarlaşdırmalarının şahid oluruq.
 
Problemləri doğru müəyyən etmək və effektiv həllərini tapmaq üçün insan haqqında dinin şişirdilmiş təsəvvürlərinə yox, elmin doğru təsbitlərinə ehtiyacımız var. Harada olduğumuzu və hara gedəcəyimizi görmənin başqa yolu yoxdur. Bunun üçün elmin geniş kütlələrə yayılması və onların gündəlik seçimlərində mümkün olduqca elmi doğrulara istinad etməsi şərtdir. 
 
Elmin populyarlaşması yeni fenomendir və Riçard Dokins, Stiven Houkinq, Karl Sagan kimi tanınmış elm adamlarının zəhmətləri nəticəsindədir. Bu alimlər elmi-kütləvi kitablar və məqalələr yazır, sənədli filmlər çəkir, geniş auditoriya üçün konfranslar keçirirlər. Əslində elmi prinsiplər və anlayışlar başa düşüləndir və izah edildikdə insanların düşüncə tərzini dəyişmə gücünə sahibdirlər.
 
Ölkəmizdə son illərdə dini düşüncənin populyarlaşması və qarşısında elmi arqumentləri görməməsi bizi gələcəyə yox, keçmişə aparır. Heç bir din bəşəri deyil, anlayışları, tələbləri, günah və savab anlayışları belə coğrafidir, yarandıqları coğrafiyanın və onları yaradan mədəniyyətin silinməz izini daşıyır. 
 
Ölkəmizdə elmi düşüncənin dini təftiş etməsi yerinə, din elmə hücum edir, elmi biliklərin bir qismini uzlaşdırır, digərlərini rədd edir. İddia edilir ki, dini kitablarda elmə lazımi əhəmiyyət verilir və elm öyrənilməsi təşviq edilir, ancaq müasir elm 500 yaşındadırsa, dində nəzərdə tutulan müasir elm deyil, dini ehkamlara dair bilgilərdir. Anadolu türkcəsində bu iki anlayış “ilim” və “bilim” olaraq fərqləndirilir.
 
Dindarlar rəsmin rəssama, heykəlin heykəltəraşa ehtiyacı olduğu kimi, kainatın da yaradıcıya ehtiyacı olduğunu iddia edirlər. Halbuki, nə rəssam, nə də heykəltəraş yoxdan heç nə yaratmırlar. Onlar materiyadan, qabiliyyətlərindən və zehinlərindəki konseptdən istifadə edərək, maddəni çevirirlər, yoxdan nə isə yaratmırlar. Yoxdan yaranma isə enerjinin saxlanma qanununa ziddir. Hələ ki təbiət qanunlarında heç bir istisnaya - yəni möcüzəyə rast gəlinməyib. 
 
Elmin ən azından başlıca bir neçə prinsipinin və qanunlarının bilinməsi psevdo-elmi təbliğatdan sığortalayır.
 
Bu gün elm xeyli yol qət edib. Orta əsrlərdə vəba xəstəliyinin dəhşəti insanları şeytanın varlığına inandırdı. Kilsə formal olaraq qurulsa da, din xalq həyatının və düşüncəsinin bir hissəsi deyildi. Ancaq insanlar yaxınlarının bir neçə gün ərzində çürüyərək və dəhşətli ağrılarla öldüklərini gördükdə, şeytandan və tanrıdan qorxmağa başladılar. O dövrdə vəbanın səbəbinin və müalicəsinin bilinməsi mümkün deyildi. 14-cü əsrdə vəba epidemiyaları təkrar-təkrar ortaya çıxdı və bəzi ölkələrin əhalisinin yarıdan çoxunu məhv etdi. 
 
İndi dinin elmsiz zamanlarda, rəqabətsiz şəraitdə şüurlar üzərində qurduğu hakimiyyətin tarixi səbəblərini analiz etmək zamanıdır. Bilinənin əksinə, heç bir din təbliğatla yayılmamışdır, dünyada 4200 din var və hərkəs öz dinini doğru sayır. Hətta ən marjinal dinə inanan birini belə dialoqla, arqumentlərlə dinindən döndərmək demək olar ki, mümkün deyil. Din qorxuya və gücə əsaslanaraq yayılır.
 
Bu gün elm bütün suallara cavab vermir, ya da elmi cavablar minillərlə şüuraltına təsir olunmuş insanlara doğru kimi görünmür. Elmin verdiyi hər cavab yeni suallar yaradır. Sualın olmayacağı, bütün cavablarn tapıldığı bir “cənnəti” elm vəd etmir. 
 
Ancaq insanlığı irəli aparan ürəkdən inanılan sabit doqmalar deyil, daim yenilənən cavablar və yeni suallardır. Sual verməkdən qorxan cəmiyyət orta əsrlərdə qalmağa məhkumdur.
 
Yalçın İslamzadə
azvision.az
Yuxarı