post-title

Qarışqaların fəryadı

Zaqatalada insanın təbiətdən zövq alması, dincəlməsi üçün hər şey var - vəhşi təbiət, yaşıllıq, ağaclar, coşğun sulu çaylar, mavi səma, dağ, meşə, dərə - bir sözlə, ürəyin istəyən hər şey.

 
 
Uşaqlığım burda keçib. İndi də hər yay qısa müddətlik də olsa, dinclik tapmaq üçün mütləq bura gəlirəm. Avqust ayı burda da isti keçir, amma ayağımı torpağa basan kimi, hiss etdim ki, builki avqust nəsə başqa cürdür. Gəzdikcə, ora-bura getdikcə, gözlərimi açıb yaxşıca baxırdım, yanılmamışdım, həqiqətən də nəsə problem varıydı. Axırda buraları heç vaxt bu görkəmdə görmədiyimə əmin oldum: ətrafda bir solğunluq, yeknəsəklik hökm sürürdü. Dəhşətli istilər, quraqlıq çölləri, tarlaları qovurub. İlin bu vaxtı adətən yamyaşıl olan ağaclar indi boz, sarı rənglərə boyanıb, yol kənarlarında sıralanmış ağaclar susuzluqdan boynubükük qalıblar. Yerə tökülüb payız xəzanını xatırladan qupquru yarpaqlar ayaq altda xışıldayır, dağlar istidən ləhləyir, hər yan susuzluqdan od tutub yanırdı. 
 
Qarşıma çıxan insanların hamısı eyni şeydən: istidən, quraqlıqdan, suyun olmamasından şikayətlənirdi. Su ciddi bir problemə çevrilib, insanlar həyətlərindəki ağacları sulayıb onları nisbətən quraqlıqdan xilas edə bilirlər, geri qalan bütöv bir aləm isə su həsrətindədir... 
 
Bir neçə gün öncə Ayın Yerə yaxın olduğu gecə burda yaşayan  tanışımla kəndin küçələrində gəzirdim. Çox gözəl mənzərə varıydı, süd kimi aydın gecə məni hayıl-mayıl eləmişdi. Qəfildən tanışım məni saxlayıb yaxınlıqdakı kənd qəbiristanlığında xorla ulayan çaqqalların səsinə qulaq verməyimi istədi. Dediyinə görə, çaqqalların ulartısınının fonunda canavar ulartısını da eşitmək mümkündü. Əvvəllər bu heyvanlar kəndin yaxınlığına qədər girməyə cürət eləməzlərmiş. İndi isə çaqqallar səhərə kimi ulayıb camaatın zəhləsini tökürlər, hərdən adamlara da hücum edirlər. Əsasən su içməyə, yem tapsalar, yem dalınca gəlirlər. Canavarlar daha təhlükəlirdirlər, onları vurmağa qətiyyən icazə verilmir, səbəb sadədir, bu dağlarda canavarın nəsli artıq tükənmək üzrədir...
 
Günlərin birində tanışımla uşaqlığımızda futbol oynadığımız, idman elədiyimiz məktəb stadionuna getdik. Gördüyüm mənzərədən dəhşətə gəldim: meydançanı daş-kəsək, kol-kos basmış, tamamilə yararsız vəziyyətdəydi. Bir vaxtlar uşaqların, gənclərin idman elədiyi yerdə isə indi dəmir-dümür parçaları qaralırdı, bura da tamamilə yararsız vəziyyətə düşmüşdü. 
 
“Bəs, uşaqlar-cavanlar harda idman eləyirlər, nə işlə məşğuldular?”, - heyrət içərisində tanışımdan soruşdum. O isə eynini pozmadan soyuqqanlılıqla cavab verdi: “Heç yerdə. İdman-zad fırlayan qalmayıb. İndi hərənin əlində bir telefon var, telefonla oynayırlar”...
 
Mən kəndə istirahət eləməyə gələndə, fikrim vardı ki, internetdən, telefondan, kompüterdən bir müddət uzaq qalım. Gələndə isə gördüm ki, burda kompüter, “ağıllı telefon” nə qədər istəsən var, internet məsələsinə qaldıqda isə, qonşuda mütləq “Wi-Fi” işlədən kimsə olur, onun hesabına digərləri də internetə girə bilirlər. Müasir sivilizasiyanın çirkin cəhətləri müasir Azərbaycan kəndində də özünü biruzə verir, burada da insanlar “ağıllı telefon”ların əsirinə çevriliblər, burda da insanlar internetdən demək olar ki, eyni məqsədlər üçün istifadə edirlər: bayağı seriallara baxır, “facebook”da boşboğazlıq edir, “odnoklassniki”də uğurlu alınıb-alınmayacağı şübhəli olan  uzunmüddətli “ov”lara çıxırlar. Burda da insanlar təbiətdən, cəmiyyətdən, bir-birlərindən uzaq düşüblər, burda da insanlar “korluq”dan əziyyət çəkirlər... 
 
Günortalar çox isti olur, nə yatmaq, nə kitab oxumaq, nə də gəzintiyə çıxmaq mümkündür. Əvəzində televizorda xəbərlərə baxıram. Ukraynada müharibə davam edir, şəhərlər bombaların altında qalıb, insanlar bölgədən baş götürüb qaçırlar. Hərbi döyüşlər zamanı hansısa kimyəvi zavod partladılıb, bölgədə ekoloji fəlakət hökm sürür;
Kolumbiyada minlərlə insan küçələrə axışaraq polislə toqquşub, səbəb regionda uzun müddət davam edən quraqlıqdır. Buna görə əhali ac-yalavac vəziyyətə düşüb. Sakinlər hökumətin biganə münasibətindən şikayət edirlər; 
Yaponiyada isə sel fəlakəti baş verib, yağışa təslim olan şəhərlər, kəndlər su altında qalıb; 
Suriyada dəhşətli vətəndaş müharibəsi davam edir, bir vaxtın gözəl şəhərləri daş yığınlarına, xarabalıqlara çevrilib; 
BMT İraqda ən yüksək humanitar böhran elan edib. İŞİD yaraqlıları islam dinini qəbul etmədiklərinə görə, yezidi kürdləri qırır, çox sayda qız-gəlin qaçırılaraq zorlanıb, kölə vəziyyətinə salınıb, minlərlə kişi kafirlikdə günahlandırılaraq vəhşicəsinə öldürülüb. Xalq onların qorxusundan evlərini, yurdlarını tərk edərək, hara gəldi qaçırlar. Video kadrda əlində kələ-kötür ingilis hərfləriylə yazılmış şüar tutan uşağı göstərirlər, karton kağızda  “Bizi xilas edin!” yazılıb...
Azərbaycan kanallarına keçirəm. Yerli kanallardakı müharibə eyforiyası bitmiş kimi görünür, əvəzində şitlik, bayağılıq, çal-çağır yenidən ekranlara qayıdıb. Televizoru söndürürəm...
 
Nə edəcəyimi bilməyib həyətə düşürəm. Çox istidi, göydə bir tikə də olsun bulud yoxdur. Aydın səmaya baxıb öz-özümə deyirəm: “Kaş elə indicə yağış yağaydı, susuzluqdan yanan torpaq, ağaclar, dağlar doyunca su içəydi, dünya dirilə, yenidən canlanaydı... Kaş elə mənim istəyimlə möcüzə baş verəydi, kaş üzərimdəki bu gərginlikdən xilas ola biləydim... Mən bura gərginlikdən xilas olmağa, dincəlməyə gəlmişdim, amma beynimdəki fikirlər burda da məni rahat buraxmır. Bəlkə də mən özüm hər şeyi faciəyə çevirirəm, ancaq pisi görürəm. Bəlkə də bu qədər gərginləşməyə, narahatçılığa səbəb yoxdur”. 
 
Bütün bunlar barədə təzəlikcə oxuduğum, baxdığım şeylər beynimdə fırlanır, bəlkə də mənə pis təsir edən bunlardır?. “Qarışqaların fəryadı” filmində rejissor Mohsen Maxmalbaf cavabı olmayan suallara cavab tapmağa çalışır, sonda dolayı yolla dünyanın axmaq, bayağı, gicbəsər insanlarla dolu olduğu, bu planetin murdar, əzabverici bir yer olduğu qənaətinə gəlir. Son dövrlərin şedevrlərindən biri olan “Cosmos” sənədli filmində qlobal istiləşmənin tamamilə antropogen təsirlərdən qaynaqlandığının elmi fakt olduğundan, insanların cahilliyi, acgözlüyü, nadanlığı ucbatından planetin məhvolma təhlükəsiylə üzləşdiyindən, ancaq hələ gec olmadığından, xilasın mümkünlüyündən bəhs edilir. Elə bir neçə saat əvvəl oxuduğum kitabda isə fransız yazıçısı Andrea Morua bütün naqisliklərə, pisliklərə baxmayaraq, nikbin olmağın nəyə görə faydalı olduğundan yazır: “Mən həyatın tamamilə, büsbütün pis olması fikrində deyiləm. Bu, heç də belə deyil. Mən insan mövcudluğunun “dəhşətli” sayılması şərtlərindən imtina edirəm. Düzdür, onlar son dərəcə qeyri-adidir, düzdür, biz niyəsini çox da dərindən dərk etmədən sonsuz məkandakı bir topa çirk-palçığın üzərində fırlanırıq; orası da düzdür ki, biz günlərin bir günü mütləq ölüb gedəsiyik. Gerçəkliyin həqiqi vəziyyəti belədir və onu mərdanə şəkildə qəbul etmək lazımdır. Bəli, biz bir topa çirk-palçığın üzərində fırlanırıq. Problem başqa şeydədir: bəs biz onun üzərində olarkən, həmin müddətdə nə edə bilərik?
 
...mən nikbin adamam, çünki yer üzündə nəsə etməyi, öz şəxsi həyatımı və (daha geniş mənada götürəndə) insan nəslinin həyatını yaxşılaşdırmağı mümkün sayıram.
 
Mən bilirəm ki, insana böyüklük xasdır; bilirəm ki bizim hər birimizdə həmin yaxşı şeyi oyatmaq mümkündür”.
 
Görəsən kimə inanmalı, necə yaşamalı, necə hərəkət eləməli? Beynimdə o qədər suallar var ki, onlardan heç cür yaxamı qurtara bilmirəm.
 
Gecənin yarısı yuxudaykən səs-küydən oyanıram. Çöldə bərk külək əsir, yuxu sərsəmi olsam da yarpaqlara dəyib partlayan yağış damcılarının səsini eşidirəm. Evdəkilər açıq havada qalan şey-şüyü götürmək üçün həyətə qaçışırlar. Sevincimin həddi-hüdudu yoxdur. Sevincək halda ürəyimdə “Möcüzə, möcüzə, möcüzə. Möcüzə baş verdi”, - deyib yatağımdan tullanıram. Amma yağış bir neçə dəqiqə davam edəndən sonra kəsilir. Məyus halda yerimə qayıdıram. O birisi gün də yağış yenə bir neçə dəqiqə yağandan sonra kəsilir. Hava daha da istiləşir. Göylər sanki yerdəkilərə acıq verir, onlardan qisas alır. 
 
Yenə istidir, quraqlıqdır, susuzluqdur. Adamların yağış barəsindəki söhbətlərini eşidirəm. Deyirlər ki, yağış yağsa belə, birdən yağacaq, sel-tufan olacaq. Bundan ehtiyat edirlər... 
 
Artıq burdakı vaxtım bitmək üzrədir, Bakıya qayıtmalıyam. Mağazadan bir şey alıb evə qayıdanda qurumuş su arxına diqqətlə baxan 60-65 yaşlarındakı bir adamla rastlaşıram. Xalis kənd müdrikidir. Mənlə hal-əhval tutur. Çox keçmədən söhbət eyni mövzuya gəlib çıxır. Kənd müdrikindən soruşuram ki, heç belə quraqlıq görübmü? Deyir, heç vaxt belə şey görməyib: “Mənim 60-dan çox yaşım var. Bütün ömrüm burda keçib, hələ heç vaxt belə şey görməmişəm”. Səbəbini soruşanda isə, sanki bu sualları ona çoxdan verilməyini gözləyirmiş kimi dili açılır: 
 
“Zəlzələdən sonra belə oldu. Allah insanları cəzalandırır. Əvvəlcə zəlzələ oldu, sonra da istilər, quraqlıq. Heç içməyə su tapa bilmirik. Camaatın vəziyyəti bu il çox pis olacaq. Hər şey quruyub, bütün məhsul batıb... İnsanlar yolunu azıblar, ona görə belə şeylər baş verir. Əvvəlki mehribançılıq qalmayıb, söhbət eləməyə adam tapmaq olmur. Camaat bir-birinə yalan danışmaqla, bir-birlərini aldatmaqla məşğuldu. Vəziyyət çox pisdi”...
 
Kənd müdrikinə çox qulaq asa bilmirəm, onu orda qoyub yoluma davam edirəm. Hava yavaş-yavaş qaralır. Hələ ay peyda olmayıb, göydə tək-tük solğun ulduzlar gözə çarpır. 
 
Yol boyu milyonuncu dəfə eyni cavabsız sualları öz-özümə təkrarlayıram: Görəsən, bu işlərin axırı necə olacaq? Görəsən bu işlərin axırı necə olacaq? Görəsən... Kaş yağış yağaydı...
 
Cavid Ramazanlı
 
 
Yuxarı