Bobby və Majida
Yəhudi əsilli Fransız filosof Emmanuel Levinas (Litva 1906-1995) əsirlikdə oldu…
Bizim bir çoxumuz üçün prinsiplər vacib şeylərdir,
amma həm də o qədər də vacib şeylər deyil. Ən azından dəyişkəndirlər. Bəzilərimizdən
ötrü məsələn, bir situasiyada keçərli olan prinsipə bir başqa situasiya göz
yummaq olar. Göz yummağın hansı əsaslarla olduğuna isə əlbəttə ki, prinsipi
pozanın özü qərar verir.
Prinsiplərin tapdanması bizdə özünü hər sahədə göstərir. Xüsusilə də siyasi sferada. Halbuki normalda bir siyasətçinin prinsipləri tapdaması onun reputasiyası hesabına başa gəlməlidir. Amma bizdə prinsipi tapdayanın hər zaman bir bəhanəsi olur və təcrübə göstərir ki, o, prinsipləri tapdamaqla da camaat arasındakı nüfuzunu müəyyən dərəcədə saxlamağa müvəffəq olur.
Ayıq bir insanın hansısa bir siyasətçiyə inanması həmişə müşkül məsələ olub bizdə. Bir siyasiyə bel bağlamaq, onun ardınca getmək təhlükəlidir, asanlıqla məyus ola bilərsən. Amma tərəf tutmamaq da çətindir, tərəf tutmadan bir fikrə sahib olmaq, ondan da çətindir. Çünki siyasət virusuna yoluxmuş hər kəs səndən mövqe tələb edir. “Tez cavab ver, - deyir o: kimin tərəfindəsən, bizim, yoxsa onların?!”
Milli şuraların, cəbhələrin, siyasi video bloggerlərin, siyasi aktivistlərin, jurnalistlərin kütləvi istehsal maşınından çıxma müxalifin fikrincə, sən mütləq ikisindən birini seçməlisən, çünki o, qətiyyətlə inanıb ki, həyat xeyir və şərdən ibarətdir. Sən də öz seçiminlə bunu təsdiq etməlisən. Bir başqa həqiqət ola bilməz. Öz fikrin ola bilməz. Başqa həqiqət, öz fikrin - bunlar malalamaq, şərə haqq qazandırmaq, beləliklə də şərin tərəfində olmaq deməkdir.
Sən onları tənqid edə bilməzsən, etsən, sənə öz qanlı yaralarını, bədənlərindəki işgəncə izlərini göstərəcəklər, fədakarlıqlarından dəm vuracaqlar. Sən axı necə onların qanayan yaralarını, bədənlərindəki işgəncə izlərini, etdikləri fədakarlıqları görməzdən gələ, necə xırda şeylərdən yapışıb fürsətcillik edə bilərsən? Deməli, sən beləymişsən!
Sarkazm dolu baxışlar, iti atmacalar, mahir manipulyasiyalar səni gilyotinə sarı aparır. Bəlli olub ki, sən qarşı tərəfin səngərindəymişsən. Dərhal silkinib özünə gəlirsən, tənqidini yumşaldırsan, ya da ondan ümumiyyətlə, əl çəkirsən. Xoşa gələcək sözlər deməyə, bağışlanılmağın üçün kəskin mövqe ortaya qoymağa başlayırsan. Nəhayət, qınaqlı baxışlar altında bağışlanırsan və yenidən yallıdasan, rəqsə davam!
Hökumətin və hökumətsevərlərin valında isə dəyişməz zümzümə ifa olunur: bizim Qarabağ boyda dərdimiz var, biz bizə düşmən olan qonşu ölkələrin arasındayıq, indi tənqid deyil, cənab prezidentin ətrafında sıx birləşmək zamanıdır, islahatlar gedir və s.
Faktiki olaraq, illərdir ölkədə hökumətə qarşı tənqidi fikir səsləndirən istənilən adam təhlükədədir, o, uzunömürlü həbs və işgəncələrə məruz qala bilər. Uzun-uzadı sadalamağa ehtiyac yoxdur, görünən kəndə nə bələdçi? Azərbaycan tarixində ana və ataların, bacı və qardaşların polis şöbələrində övladlarından, bacı və qardaşlarından imtina ərizələri yazması kimi rəzil hadisələr cəmi bir neçə il əvvəl baş verib. Repressiya maşını müxalifləri türmələrdə işgəncələrdən keçirib, saysız-hesabsız insanı ölkədən baş götürüb qaçmağa vadar edib. Faktiki olaraq daxili mətbuatda, ictimai sferada tənqid anlayışı sıfıra enib. Bir çox ictimai, siyasi, mədəni xadimlər ustalıqla zərərsiz mövzularda qarğa dilində danışmağı öyrəniblər. Vurğulamaq lazımdır ki, ölkədəki kəsafətli siyasi mühitin, aqressiv və qisasçı müxalifətin ortaya çıxmasının birbaşa günahkarı hökumətin özüdür. Nə qədər ki, belə aqressiv və qisasçı müxalifət var, nə qədər ki, əhalinin əhəmiyyətli bir qismi qırmızı xətlər keçildiyindən hökumətə nifrət edir, dövlətlə məzələnir, çətin ki, yuxarıdakılar rahat yuxu yata bilsinlər və çətin ki, Azərbaycanı bir dövlət kimi xoş günlər gözləsin.
Hər bir qrupun konkret mövqe sərgiləməyi tələb etdiyi belə bir düşmən mühitdə özünün fərdi mövqeyinlə, müstəqil düşüncələrinlə necə sağ qala bilərsən? Çoxları bu dilemmaya tab gətirə bilmirlər. Bəziləri müxalifətin yaralarını görüb ona qahmar çıxırsa, bəziləri də vətən, millət, islahatlar deyib açıq və ya gizli şəkildə hökumətin tərəfini tuturlar. Belə görünür ki, hər iki seçimdə soyuqqanlı şəkildə ağılla seçim etməkdənsə, hisslərə qapılıb emosiyalara arxalanmaq daha böyük rol oynayır.
Amma istənilən halda siyasətdə hisslərə, hansısa abstrakt inanclara etibar etmək o qədər də ağıllı bir qərara oxşamır, hisslər gəlib keçici, çox vaxt da aldadıcıdırlar. Siyasətin, xüsusilə bizimki kimi həssas ölkələrə xas təlatümlü siyasətin insanın taleyi üzərində hökm çıxarmaq gücü var, ona görə də ona hisslərlə, inanclarla yanaşmaqdansa, praqmatik, praktiki prinsiplərlə yanaşmaq daha ağlabatan yolmuş kimi görünür. Prinsiplərini dəqiq bilmək, aydınlaşdırmaq və əldə rəhbər tutmaq məhz belə məqamlarda kara gəlir.
Prinsiplər deyərkən, hansısa ideoloji ehkamları deyil, universal, humanist prinsipləri nəzərdə tuturam, o prinsiplər ki, əsrlərin sınağından keçiblər və insanlıq üçün ən lazımi və əhəmiyyətli prinsiplər kimi müxtəlif konvensiyalarda öz əksini tapıblar. Söhbət hansı prinsiplərdən gedir və biz siyasi fiqurların və ya qurumların ritorikasını və davranışlarını hansı prinsiplərlə qiymətləndirməliyik? Onlardan ən universal olanları bunlardır:
İnsan ləyaqəti. İnsan ləyaqəti toxunulmazdır, insanın ləyaqətinə hörmət edilməli, istənilən situasiyada qorumalı və bu, qanunlarda öz əksini tapmalıdır.
İnsan azadlığı. Əgər insanın azadlığı başqasının azadlığına mane olmursa, ona hörmət edilməli və təmin edilməlidir. Hər kəsin inanc, ifadə, mülkiyyət və s. azadlıqları var, bunlar toxunulmazdırlar.
Demokratiya. İnsanın seçib, seçilmək hüququ var və bu, hüquq təmin edilməlidir.
Vətəndaşların bərabərhüquqlu olması. Ölkənin bütün vətəndaşlarına bərabərhüquqlu kimi baxılmalıdır. Hansısa bir qrup, klan, etnik kəsim bir başqasından üstün tutula və daha üstün imtiyazlara layiq görülə bilməz.
Təməl insan hüquqları. İstənilən insanın cinsindən, irqindən, etnik mənsubiyyətindən, dini inancından, seksual oriyentasiyasından və s. asılı olmayaraq, fundamental hüquqlarına hörmət edilməli və bu hüquqlar təmin edilməlidir.
Bunlar bizim dövlətimizin də qoşulduğu bir çox konsensiyalarda öz əksini tapan təməl prinsiplərdir. Və deyilənə görə, bizim müxalifət də ölkədə təməl insan hüquqlarının qurulması uğrunda mübarizə aparır...
Təkcə yuxarıda sadalanan universal prinsiplər bir oriyentir kimi bizə dilemmalardan qurtulmaq, siyasi baxışlarımızı müəyyənləşdirmək, siyasilərin davranışlarını qiymətləndirmək üçün yol göstərə bilərlər. Əgər hansısa bir insan hökumətin hansısa qrupu əzməsinə, insan hüquqlarını pozmasına, demokratik tələbləri tapdalamasına nəyinsə müqabilində haqq qazandırırsa, deməli, universal prinsiplər, humanist dəyərlər onun vecinə deyil, o hansısa inanclara əsaslanaraq sadəcə olaraq tərəf tutur. Əgər müxalifət funksioneri Hitler azarkeşliyi edirsə, bir qrupun fiziki məhv edilməməsinə heyfislənirsə, deməli, onun ciddi zehniyyət və ya səmimiyyət problemi var. Universal insan haqlarını əldə rəhbər tutub bu funksioneri tənqid edənləri fürsətcillikdə ittiham etmək, duyğu istismarçılığı ilə yola gətirmək cəhdlərinin özü qüsurlu dünyagörüşün əlamətidir.
Hisslərlə, emosiyalarla, sentimentallıqla siyasət olmur, siyasət prinsiplər üzərində qurulmalıdır və siyasətin səmimiliyi və effektivliyi prinsiplərlə ölçülməlidir. Siyasətlə məşğul olan, siyasətlə maraqlanan istənilən kəs prinsiplərini özü üçün dəqiq müəyyənləşdirsə, ən azından özünə yaxşılıq etmiş olar. Nə də olsa, prinsiplər yola çıxarkən xəritə rolunu oynayır. Əgər sən yaxşı tanımadığın, uzun və yorucu səyahətə xəritəsiz çıxırsansa, yolda azıb başını itirməyin qaçılmazdır.
Cavid Ramazanov
Azlogos.eu