Kiplinq məhz bu səhnə üçün yazıb yaradırdı. Rudyard Kiplinqin çox gözəl nağıl quraşdırmaq qabiliyyəti vardı, ingilis dilinin zənginləşməsində xidməti olub. Heyvanlara məxsus xüsusiyyətləri ədəbiyyata gətirmişdi. Onlara obraz vermək, hər heyvana uyğun şəkildə xaraker yaratmaq bu istedadlı yazarda əla alınırdı. İngilis ədəbiyyatı Kiplinqə bilavasitə borcludur, həm də yuxarıda təsvir etdiyim səhnəyə görə. Bəli, o, əsrarəngiz bədii təsvirə, geniş lüğət tərkibinə malik yazar olmaqla bərabər, həm də şovinist və irqçi şəxs idi. Tənqidçilər bunu onun Bombeydə doğulub, ətrafında müstəmləkəçiləri görüb, onlardan ruhlanması ilə əlaqələndirsələr də, müasir ədəbiyyatşünaslar bu xüsusiyyəti Kiplinqə ciddi irad kimi tuturlar. Şirin balalara nağıl qoşan yazıçı, şair.
Rudyard Kiplinq
İngiltərə ədəbiyyatının kifayət qədər tanınmış nümayəndəsi, qısa hekayələr, romanlar müəllifi və şair, 1907-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı alan ilk ingilis ədib. Kiplinqin əsərləri metafora ilə dolu olduğu üçün ingilis dilinin zənginləşməsində böyük rol oynayan şəxsiyyətlərdəndir.
Kiplinq Bombeydə, 30 dekabr 1865-ci ildə, incəsənət məktəbinin professoru Con Lokvud Kiplinqin ailəsində doğulub. Adının Rudyard qoyulması, yazıçının atası Con Lokvud Kpilinqin və anası Alisa Makdonald Kiplinqin İngiltərədə Stradforşayə şəhəri yaxınlığındakı gözəl Rudyard gölünün yanında tanış olmaları və orada evlənmələri ilə əlaqədar idi. 5 yaşına kimi Rudyard Hindistanda valideyinləri ilə qalır, daha sonra daha yaxşı təhsil alması üçün İngiltərəyə göndərilir. Burada 6 il özəl pansionda yaşayan Rudyard ömrü boyu unutmayacağı psixi zərbə alır, belə ki, pansionun sahibəsi uşaqla qəddar davrandığından və tez-tez cəzalandrdığından Rudyard həyatının sonuna qədər yuxusuzluqdan və kabuslardan əziyyət çəkir. Sonralar, üstündən təxminən 65 il keçdikdən sonra, avtobioqrafiyasını yazarkən həyatının bu dövrünü (1871-ci il oktyabr ayından 1877-ci il aprel ayına qədər) kinayə ilə belə təsvir edirdi:
"Əgər sən 7-8 yaşlı uşağı yuxusu gəlib yatmaq istədiyi halda bütün gün nə etdiyi haqda başqalarının xəbərlədiklərinə əsasən sorğu-suala tutursansa, o, uşaq öz xoşluğu ilə öz ziddinə bir şeylər söyləyəcək. Hər ziddiyyəti yalan kimi qəbul etsən və üstəlik növbəti səhər yeməyində, süfrə arxasında digər insanların yanında bunun dedi-qodusunu da etsən, həyat elə də asan olmayacaq. Mən müəyyən dərəcədə təhqirlər, söyüşlər bilirəm, ancaq bu üsul, bu tərz əziyyət kimi hesab oluna bilər - dini və texniki əzab! Bundan dolayı, yalanlara fikir verməyə başladıqca, tezliklə mənə aydın oldu ki, onları danışmaq zəruridir: buna əks başqa fikrim olmadığı üçün bəyan edə bilərəm ki, məhz elə bu səbəb, ilk ədəbi səylərin özülüdür!”
12 yaşındaykən valideyinləri onu özəl Devon kollecinə qoyurlar ki, daha sonra prestijli hərbi akademiyaya daxil ola bilsin. Kollecin direktoru Kormel Prays (Kiplinqin atasının dostu idi) Kilplinqdə ədəbiyyata qarşı maraq oyadır. Bu müddət ərzində Kiplinqin gözlərində problem yaranır, uzağı zəif gördüyündən onda hərbiçi karyerası alınmır. Atasının dəstəyilə ona Vətəndaş və Hərbi qəzetində jurnalist işi tapılır. Bundan sonra o, boş vaxtlarında hekayələr və şeirlər yazır və həmin qəzetdə dərc etdirirdi.
Kipling işlədiyi Pioner qəzeti üçün 1880-ci illərin ortalarında Amerika və Asiya qitələri boyunca çoxlu sayda səyahətlər edir. Bu arada əsərlərinin məhşurluğu da artır, 1888 və 1889-cu illərdə hekayələrlə dolu 6 kitabı işıq üzü görür.
Kiplinq son olaraq Londonda yaşamağa qərar verir və 1890-cı ildə ”Sönmüş İşıq” adlı ilk romanı çıxır, (The Light That Failed), Şərq və Qərb haqda Ballada (The Ballad of East and West) və Dürüst Tomasın Son Şeiri (The Last Rhime of True Thomas) adlı şeirləri də məhşurluq qazanır.
Londonda gənc naşir Uolkot Beylstirlə tanış olur və birlikdə "Naulaxa” povesti üzərində çalışırlar, lakin 1892-ci ildə Beylstir tif xəstəliyindən ölür, Kiplinq isə onun bacısı Karolina ilə evlənir. Evliliklərinin bal ayı dövründə Kiplinqin pullarını saxladığı bank bankrot olur və əllərində qalan pul ancaq ABŞ-ın Bermont şəhərinə - Karolinanın qohumları yaşayan səhərə getməyə yetir. Cütlük burada 4 il yaşayır və onların iki övladı Bermontda doğulur.
1894-95-ci illər ərzində o, yenidən uşaqlar üçün yazmağa başlayır və bu dövrdə onun məhşur "Cəngəllik Kitabı” (The Jungle Book) və ”İkinci Cəngəllik Kitabı" (the Second Jungle Book) kitabları çıxır. Həmçinin "Yeddi Dəniz" (The Seven Seas) və "Ağ Tezislər” (The White Thesis) adlı şeirlər toplusu işıq üzü görür.
Bacanağı ilə mübahisə edib küsüşdükdən sonra, Kipilnq ailəsi burada da qala bilmir və 1896-cı ildə yenidən İngiltərəyə qayıdır.
1897-ci ildə "Cəsur Kapitanlar" (Captains Courageous) povesti çıxır.
Bundan sonra o, Cənubi Afrikaya səfər edir, yeni uşaq kitabı üçün materiallar toplayır, 1902-ci ildə "Sadəcə Nağıllar" (Just So Stories) adı altında kitab şəklində çıxardır.
Kiplinq həmin il Sasseks qraflığında ev alır və həyatının sonuna kimi orada yaşayır. Burada "Puk Təpəsinin Cırtdanı" (Puck of Pook`s Hill ) və "Mükafatlar və Pərilər" (Rewards and Fairies) adlı məhşur kitablarını yazır, bunlar Qədim İngiltərənin nağılları idi, Şekspirin pyeslərindən götürülmüş cırtdan Pakın dili ilə söylənilən qədim İngiltərənin nağılları idi. Həmin dövrdə ədəbi fəaliyyətilə yanaşı, Kiplinq aktiv siyasi fəaliyyətlə də məşğul olur, Almaniya ilə gözlənilən müharibə haqda yazır, Mühafizəkarların xeyrinə çıxış edir, feminizmə qarşı çıxır.
I Dünya Müharibəsi dövründə yoldaşı ilə bərabər Qırmızı Xaç Cəmiyyətində işləyir (bu zamana qədər artıq iki övladını itirmişdi), müharibədən sonra isə Müharibə Dəfnləri Komissiyasının üzvü olur.
30-cu illərin əvvəllərinə qədər ədəbi fəaliyyətini davam etdirən yazıçı bu dövrdə həm də mədə xəstəliyindən əziyyət çəkirdi, ölümü də məhz mədə xorasından olur. Rudyard Kiplinq 1936-cı il 18 yanvarda Londonda vəfat edir.
Onun haqda deyilənlər:
R. Kiplinq XIX əsrin sonları – XX əsrin əvvəllərinin həm nəsr, həm də nəzm janrında ən məhşur yazarlarından biri idi.
Henri Ceyms (p.s.İngilis mənşəli Amerikalı yazıçı) onun haqda deyirdi: "Kiplinq indiyədək tanıdığım ən tam zəka sahibi (incə intellektli) yazıçı olmaqla məni məftun edir.
"1907-ci ildə ilk İngilis mənşəli yazar olaraq Ədəbiyyat üzrə Nobel mükafatı alır və bugünə qədər də Nobel mükafatını ən gənc yaşda almış şəxs olaraq qalır. Ona Cəngavərlik titulu da daxil olmaqla digər fəxri mükafatlar təltif olunsa da Kiplinq bunların hamısını rədd edir. Ümumiyyətlə Kiplinq haqda danışarkən söhbəti yalnız bir istiqamətdə, onun haqda ya, tam müsbət ya da, tam mənfi rəylər əsasında qurmaq olmur, o, təzadlı şəxsiyyət idi. Belə ki, Corc Oruell onu "Britaniya İmperializminin Peyğəmbəri" adlandırırdı".
Ədəbi tənqidçi Duqlas Ker yazırdı: "O (Kiplinq) hələ də qızğın narazılıq yarada biləcək bir müəllifdir və ədəbi və mədəni tariximizdə onun yeri hələ də müəyyənləşməyib. Ancaq Avropa İmperializmi əsri gerilədiyi bir dövrdə o, müqayisə olunmaz birisi kimi tanınırdı, mübahisəli şəkildə desək, o, imperiyanın yaşadıqlarının göstəricisidir. Bu və onun qeyri-adi hekayələrinin məhşurluğunun artması Kiplinqi elə bir gücə çevirib ki, onunla hesablaşmalıyıq."
Bəs, Rudyard Kiplinqi nə üçün imperialist yazar adlandırırdılar? Kiplinqin imperiya və imperialsit münasibətlərlə bağlı fikirləri nələr idi? Ədəbi tənqidçilərin daha yaşlı nəsli onu şovinizmin, irqçiliyin və avtoritarizmin baş keşişi kimi dəyərləndirirlər.
Hartvik Kollecinin İngilis dili Kafedrasının Dosenti Devid Kodi isə yazır: "Kiplinqin əsərlərində, həyatında olduğu kimi, Britaniya İmperiyası mürəkkəb mifik və əfsanəvi funksiyası ilə xarakterizə olunur. Öz yaradıcılığını nizama salıb birləşdirə bilmək anlamında müsbət yönü olsa da mənfi tərəfi o idi ki, yazar bununla bütün prespektivlərini məhdudlaşdırırdı. Görünür o, bu haqda çox düşünürdü, büdpərəst və barbar insanların arasında əmin-amanlıq, nizam-intizam, sülh yaratmaq, sivilizasiya üçün fiziki və psixoloji sağlam özül təşkil etmək və öz ana yurdunu (Britaniyanı) mühafizə etmək. Bura (Hindistan) xaotik dünyada təhlükəsizlik adası idi. (və faktiki olaraq, nəhayət İmperiya dağıldıqca imperialistlərin ən qorxulu kabusları — Hindistanın parçalanması - baş verirdi”.
D. Kodiyə görə, Kiplinq Hindistanın barbarlıqdan qurtuluşunu, inkişafa doğru irəliləyişini öz ölkəsi üçün istəyirdi, Britaniya müstəmləkə ölkəsi kimi qalsın, lakin tərkibindəki müstəmləkə ərazilərində inkişaf getsin mənasında. Daha sonra o, qeyd edir: "1880-90-cı illər arasında Britaniyada şovinizm azğınlaşmışdı, Kiplinq baxmayaraq ki, hərdən özü də onları (p.s. şovinistləri) təqlid edirdi, lakin şovinizmin açıq-aşkar qızğın müdafiəçisi hesab oluna bilinməzdi.
Kiplinq bütün həyatı boyu özünü kənardan təəssübkeş kimi görürdü, o, özü-özünü bu torpaqlarda İmperialist elitasının baş apoloqisti (p.s. üzrxahlıq edən vasitəçi anlamında), vasitəçisi təyin etmişdi, buna görə də hər ikisi həm Demokratlar, həm də Britaniya Liberal ziyalıları tərəfindən geniş şəkildə şübhə altına alınmışdı. Bəlkə də özünü düzgün ifadə edə bilmirdi, lakin təzadlı xarakterə malik olması şübhəsiz idi, hər halda yazdığı şeirlər, hekayələr onu ələ verirdi.
Kiplinq az inkişaf etmiş ölkələrin insanlarını "kiçik soylar" adlandırırdı və intizam, özünü fəda etmə və təvazökarlıq kimi hissləri müstəmləkə hakimlərinin əsas keyfiyyətləri kimi hesab edirdi. Onun bu fikirləri irqçilik, elitarlıq və şovinizm kimi qiymətləndirilirdi. Kiplinqə görə " ağ adam " ifadəsi daha çox inkişaf etmiş ölkələrin vətəndaşlarına aid idi. O, düşünürdü ki, məhz bu insanlar dünyaya qanun, savad və mənəviyyat daşımalıdırlar.
Bur Müharibəsi zamanı Kiplinq Cənubi Afrikada bir neçə ay keçirtdi, əsgərlərin rahatlığı üçün maliyyə fondu təşkil etdi, " The Friend " adlı ordu qəzetində çalışdı. (p.s. Bur Müharibəsi Holland əsilli və yerli Afrikalı kasıb fermerlərin İngiltərə müstəmləkəçiliyinə qarşı etiraz mübarizələri idi) 1901- ci ildə Kim əsərini nəşr etdirdi, bu əsər onun Hindistan həyatının son və ən məftunedici yazısı idi. Lakin, Bur Müharibəsinin sonlarına yaxın anti-imperialist reaksiya Kiplinqin məhşurluğunu kölgə altına aldı. Qalxmaqda olan anti-imperialist cərəyanlar yazarın yaradıcılığını ciddi tənqid edirdi.
Masonluq fəaliyyəti
"Mason İlustrasiyaları" jurnalına istinad etsək, Kiplinq 1885-ci ildə masonluğa qəbul edilir. Onu 782 nömrəli Lojaya daxil etmişdilər, bu Loja Lahorada yerləşirdi və "Ümid və Dəyanət" adı altında fəaliyyət göstərirdi. (p.s. Lojanın yerləşdiyi bina şahzadə Albert Viktorun keçmiş evi idi, binanın masonluq üçün istifadəsi 1972-ci ilə qədər davam edir, həmin il Pakistanın Baş Naziri Zülfüqar Əli Bhluq Pakistanda Masonluq fəaliyyətlərinə qadağa qoyur).
Sonralar Rudyard Kiplinq Londonun "The Times" qəzetində yazırdı: "Bir neçə il Lojanın katibi oldum, hansına ki, dörd dinə qulluq edən qardaşlar daxil idilər. Məni ilk olaraq hindu Braxmo Somac tərəfindən Öyrənci dərəcəsinə götürdülər, sonra Müsəlman üzv tərəfindən Gənc Heyyət dərəcəsinə keçirildim və daha sonra İngilis üzv tərəfindən Baş Mason (p.s. Mastr Mason) dərəcəsinə qaldırıldım. Bizim Keşikçimiz Hindistanlı Yəhudi idi".
Kiplinq masonluq təcrübəsini o qədər çox sevmişdi ki, öz ideallarını "Doğma Loja" (The Mother Lodge) şeirində təsvir etmişdi.
Kənardan – Çavuş! Ser! Salyut! Salam!
Daxildən – Qardaş, və bu heç ziyanlı deyildi
Biz eyni Səviyyədə görüşərdik, Meydanda ayrılardıq
Mən öz Doğma Lojamda Kiçik Dekon idim.
Əgər
Əgər haqqında hər şey öz mənasını itirdikcə
Hər kəs səni günahlandırarkən, başını dik tuta bilirsənsə,
Əgər bütün insanların şübhəsinə rəğmən, özünə inamın varsa,
İzn ver, qoy şübhə etsinlər.
Əgər gözləyirsənsə, gözləməkdən yorulmursansa,
Yalanlara məruz qalırsansa, danişma sən də yalan.
Və ya, nifrətlə qarşılanırsansa, nifrətə vermə vermə yol.
Nə çox yaxşı görün, nə də çox müdrik danış.
Əgər xəyal qurursansa - xəyalların olmasın sənə hakim,
Əgər düşünürsənsə - düşüncələrin olmasın tək məqsədin.
Əgər çatdınsa Uğura yə ya düşdünsə Bəlaya,
O, iki yalançıyla eyni cür davran.
Əgər özün danışdığın həqiqəti dinləməyə varsansa ,
Bıçaqla axmaqlarçün qurduğun tələyə,
Və ya izləməyə, həyatda sındırdığın, alçaltdığın şeyləri,
Onları yenidən qur, yarat, köhnəlmiş alətlərinlə.
Əgər bütün qalibiyyətlərinçün bir sıçrayış etmisənsə,
Bütün onları riskə at, bir addımda çevir alt-üst.
Və uduz, itir, yenidən başla hər şeyi,
Bir söz belə söyləmə, unut itkilərini.
Əgər məcbur etsən ürəyin, əsəbin, damarın,
Hər şeyin bitdikdən sonra yenə sənə xidmət etsin,
Belə də dayan, qal,
İradəndən savayı heç bir şeyin yoxkən.
Əgər danışa bilirsənsə kütlələrlə, qoruya bilirsənsə kəramətini,
Krallarla gəzirsən, itirmirsən sadəliyini,
Əgər nə düşmənlərin, nə sevgili dostların incitmirsə səni,
Əgər bütün insanlar sayırsa səni,
Əgər bağışlamayacağın hər dəqiqəni
Altmış saniyəlik uzaqlaşıb qaçmaqla doldura bilirsənsə,
Sənindir bu Yer Kürəsi və onunla bərabər hər şey,
Və daha da artığı- Sən İnsan olacaqsan, əzizim!
Yazıçıdan aforizmlər
Qadının gümanı kişinin əminliyindən daha dəqiqdir.
Sevgi sərhəd tanımır (p.s. Sevgi kastalara bölünmür)
Kişi üç qadını xatırlayır: birincini, sonuncunu və yalnız Onu
Uşaqları nənələrindən başqası böyütməsin, anaları onları yalnız dünyaya gətirmək bilir.
Ən axmaq qadın ancaq ağıllı kişi ilə yola gedə bilir, axmaq kişi ilə isə ağıllı qadın.
Asiyada həddindən çox Asiya adətləri var, o, çox qədimdir. Əxlaqsız keçmişi olan qadını islah edə bilmərsiniz, Asiya da həmçinin, o, öz keçmiş flörtlərindən əl çəkməz. O, əlindəki qılıncdan başqa, heç vaxt Bazar Günü Məktəblərini (p.s. hər bazar kilsəyə və ya məktəbə gedib dini dərs almaq) və səsverməni öyrənməyəcək.
Hər kəsin öz qorxusu var.
Öz qapısında hər it hürər!
Yalnız iki növ idarə etmə üsulu var: insanların başını bədənindən üzmək və ya onları başları ilə saymaq.
Allah özü hər işə yetirmirdi, ona görə də anaları yaratdı.
Ətrafınızda hər kəs başını itirdiyi və bunun səbibini sizdə gördüyü anda, əgər bacarırsınızsa, çalışın başınızı itirməyin.
Söz insan tərəfindən icad edilmiş ən təsirli narkotikdir.
İş orasında deyil ki, o, gözəldir ya yox. Heç məsələ onda da deyil ki, onunla ünsiyyət maraqlıdır ya yox. Sadəcə onda NƏSƏ var. Bəzi qadınlara sadəcə bir dəfə küçə ilə getmək kifayətdir ki, ömürlük kişinin yadında qalsınlar.
Bütün qorxulardan ən alicənabı başqasının talehi üçün əndişə etməkdir.
Aygün Qurbanlı
Kult.az