“Times Literary Supplement”in oxucuları üçün yazıldı
Üçüncü Dünya ədəbiyyatı deyə bir şey varmı? Dar düşüncə, önhökm və qabalığın tələsinə düşmədən, Üçüncü Dünya kimi bilinən ölkələrin ədəbiyyatlarının əsas özəlliklərini təyin etmək mümkündürmü? Məntiqli ifadə ediləndə (məsələn, Edvard Saidin yazılarında olduğu kimi) Üçüncü Dünya ədəbiyyatı anlayışı mərkəzdən-kənar ədəbiyyatların müxtəlifliyini və zənginliyini üzə çıxarmağa, Qərbli olmadıqlarını və milliyətçiliklə əlaqələrini anlamağa kömək etdi.
Üçüncü Dünya ədəbiyyatı anlayışı, ən pis şəkildə istifadə ediləndə isə (məsələn Frederik Ceymsonun “Üçüncü Dünya ədəbiyyatları milli alleqoriyalardır” tezisində olduğu kimi) mərkəzdən-kənar ədəbiyyatların qarışıqlığı və zənginliyini görməzlikdən gəlməyin mədəni yolu olmaqdan o yana keçmədi. Borxes qısa hekayələrini və esselərini 1930-cu illərin Argetinasında, yəni tamamən Üçüncü Dünya ölkəsində yazmışdı, amma bugün dünya ədəbiyyatının düz mərkəzində mübahisəsiz yeri var.
Amma Üçüncü Dünya deyilən bu ölkələrə xas olan bir “hekayə-roman” tipinin olduğunu da qəbul etmək lazımdır. Bu məxsusilik yazıçının yazdığı yerin özündən çox, yazarın dünya ədəbiyyatının mərkəzindən uzaqda yazdığını bilməsindən, bu uzaqlığı içində hiss etməsindən qaynaqlanır. Bu ədəbiyyatı, yəni Üçüncü Dünya ədəbiyyatını fərqli edən şey kənarda qalmış bir ölkənin yoxsulluq, şiddət, siyasi qarışıqlıq və s. kimi ictimai problemləri deyil, yazıçının öz işinin, sənətinin (roman sənətinin) tarixinin hazırlanıb yarandığı mərkəzlərdən uzaqda olduğunu bilməsi və bu uzaqlığı hesaba qataraq yazmasıdır. Burda məncə önəmli olan, Üçüncü Dünya yazarının dünya ədəbiyyatının mərkəzindən sürgün olduğunu bilməsidir. Lyosanın etdiyi kimi, Üçüncü Dünyalı bir yazıçı öz ölkəsi Peruda yox, Avropada, Qərb mədəniyyətinin mərkəzlərindən birində yaza bilər. Bütün bunları Üçüncü Dünya yazarının “sürgün” vəziyyətinin coğrafi məsələdən çox, bir ruhi hal, bir kənarda qalma vəziyyəti, sənətinin tarixi barəsində yazıçının daim içində gəzdirdiyi yabançılıq duyğusuna işarə vurmaq üçün deyirəm.
Lakin digər tərəfdən də bu kənarda qalma halı yazıçını bəzi yaradıcı problemlərin əndişəsindən də xilas edir. Üçüncü Dünya yazarları öz şəxsiyyətlərini və kimliklərini inkişaf etdirmək üçün, özlərinə örnək və ustad seçdikləri bir ata-yazar tipiylə qəribə bir şəxsiyyət davasına girişməyə bilərlər. Çünki eynilə Lyosanın Perunun ictimai problemləri, tarixi və s. ilə çulğalaşan romanlarının bizə göstərdiyi kimi, bir Üçüncü Dünya yazarının coğrafi mənsubiyyəti, mövzularının yepyeni və heç əl dəyməmiş olması, hətta ölkəsində xitab etməyi arzuladığı oxucuların yeniliyi, saflığı və müxtəlifliyi, ona öz-özünə bir orjinallıq, bir səhihlik bağışlayır.
Simona De Buvuarın romanı “Gözəl görüntülər” barəsində gənclik illərində yazdığı bir yazısında Lyosa bu dediyim məsələyə örnək ola biləcək ip ucları verir. Buvuarı təkcə parlaq bir roman yazdığı üçün yox, o zamanda – 1960-cı illərdə - Fransada çox dəbdə olan Yeni romançıların kölgəsində qalmadığı üçün təbrik edir. Gənc Lyosanın fikrincə, Simona de Buvuarın romanının əsas özəlliyi Allen Rob-Qriye, Natali Sarrot, Mişel Byutor və Bekket kimi yeni romançıların roman biçimlərini və yazı metodlarını öz məqsədinə xidmət etdirməsidir.
Başqa yazıçıların metodlarından və formalarından “istifadə” mövzusu, Lyosanın Sartr haqqında yazdığı başqa bir yazıda da ortaya çıxır. Yetkinlik illərində Lyosa Sartrın romanlarını yumordan və sirrdən kasıb, esselərini açıq, amma siyasi olaraq ağlı qarışdıran, sənətini də dəbdən düşmüş və yaradıcılıqdan uzaq sayacaq, Marksist olduğu gənclik illərində Sartr təsirinə düşdüyü üçün özünü qınayacaqdı.
Lyosa Sartra görə tam mənada xəyal qırıqlığına uğramasını, 1964-cü ildə “Le Monde” qəzetində oxuduğu bir müsahibəylə əlaqələndirir. Türkiyədə də əks-səda doğurmuş bu məşhur müsahibədə Sartr, Biafrada, bir
Üçüncü Dünya ölkəsində acından ölən zənci uşaqla ədəbiyyatı əxlaqi olaraq müqayisə etmiş, belə fəlakətlər varkən yoxsul ölkələrdə ədəbiyyatla məşğul olmağın bir “lyuks” olduğunu açıqca dilə gətirmiş və Üçüncü Dünya ölkələrində yazıçıların ədəbiyatın lyuks zövqlərindən təmiz vicdanla yararlana bilməyəcəklərinə eyham vurub, həqiqi ədəbiyyatı zəngin ölkələrin məşğuliyyəti kimi gördüyünü demişdi. Digər tərəfdən, Lyosa onu da deyir ki, Sartrın məntiqli fikirləri, ədəbiyyatın qətiyyən bir oyun olmayacaq qədər ciddi iş olmasına dair düşüncələri onun üçün “yararlı”, “işlək” olub. Bu fikirlər sayəsində ədəbiyyatın və siyasətin qarışıq labirintində yolunu tapıb, kəsəsi Sartr ona “yararlı” bir bələdçi olub.
İlham deyilən şeyə bu cür məntiqi yanaşma, başqa yazıçıların texniki kəşflərininin yararlı olmasından danışmaq və mərkəzdən uzaq olmağın daim fərqində olmaq, bəlli bir saflığa (Lyosanın fikrincə Sartr ədəbiyyatçı üçün bəlli dozada lazım olan saflıq və sadəlövhlükdən şikəstdir) və həyatiliyə işarə edir. Bu şəxsi özəlliklər – həyatilik və saflıq – Lyosanın yalnız romanlarında yox, tənqidi yazılarında da, esselərində də, xatirə yazılarında da görünür.
Lyosa istər oğlunun Rastafarianlar təriqətiyilə olan əlaqəsindən bəhs edən şəxsi bir xatirə yazısında olsun, istərsə də Nikaraquanın marksist Sandinista partizanlarının əlində düşməyinin siyasi tablosunu çəkən anlayışlı repotajında, yaxud futbol üzrə Dünya Çempionatı haqqında yazılmış bir essesində olsun, bütün ədəbi qəhrəmanlarının arasında, gəncliyində Sartrın pis təsiri ucbatından ötəri və anlayışsızca pis oxuduğunu təkrar-təkrar vurğuladığı Kamyünün yeri görünür: illər sonra Limada bir terrorist hücumuna məruz qalanda, Lyosa Kamyünün tarix və şiddət haqqında yazdığı uzun essesi “Üsyan edən İnsan”ı oxuyur və əslində onu Sartra yey tutduğunu görür. Sartrın esseləri haqqında söylədiyi “məsələnin kökünü tez tutan yazılardı” tərifi, Lyosanın öz məqalələrinə də aiddir.
Çox aydın şəkildə Sartrın Lyosa üçün “problemli” bir şəxsiyyət, hətta bir növ ata fiquru olması aydındı. Sartrın çox heyran olub təsirləndiyi Con Dos Passos, eyni səbəblərlə Lyosa üçün də çox önəmli yazıçıdı: romanlarında ucuz sentimentalizmə yer verməməsi və yeni təhkiyə metodları kəşf etdiyi üçün. Eynən Sartr kimi, Lyosa da bir növ kollaj, yan-yana gətirmə, montaj və yapışdırma, bütün bunların ustaca orkestrasiyasına söykənən roman texnikasını sonralar öz romanlarında istifadə edir. Bir başqa məqaləsində Lyosa Doris Lessinqin “Qızıl dəftər” romanını “sözün Sartrçı mənasında azartla” yazıldığı üçün ürəkdən tərifləyir. Bu mənada “azartlı” kitab, köklərini çağının mübahisələrinə, əfsanələrinə, şiddətinə tuşlamış bir kitab mənasına gəlir və bu anlayış, Lyosanın gənclik dönəmi sol romançılığına çox yaxşı örnəkdir. Amma bu, yaradıcı, oyunbaz bir “sol” romançılıqdır. Aralarında Coys, Heminquey, Batal da olan və haqqında yazdığı bütün yazıçılar arasında Lyosanın ən ürəkdən heyran olduğu, təsirləndiyi yazıçı isə Folknerdir. “Müqəddəs sığınacaq” haqqında yazdığı yazıda, Folknerin roman sənətinin əsas özəllikləri, səhnələrin sıralanması, zamandakı sıçrayışlar və sujetin yenidən qurulması barəsində dedikləri Lyosanın öz romanları üçün də keçərlidir. Hətta “Müqəddəs sığınacaq”da səhnələrin klassik romanlarda olduğu kimi bir-birini izləməkdən çox, bir-birinin içinə keçərək əriməsi düşüncəsi, Lyosanın romanlarına daha çox aiddir. Bu metod, səslərin, hekayələrin, şərhlərin davamlılığının qəddarca kəsilməsi, Lyosanın son romanı “And dağlarında terror”da da inad və ustalıqla tətbiq edilib.
Əhvalatların güvənsiz bir zonada baş verdiyi əsər, And dağlarının ucqar guşələrində, tərk edilmiş balaca qəsəbələrində, boş vadilərdə, mədən yataqlarında, dağ yollarında itkilərin, böyük ehtimalla günahkarı naməlum cinayətlərin hekayəsi və araşdırmasıdır. Cinayətlərin arxasındakı məntiqi həlqənin adı Lyosanın digər romanlarını oxuyanlara tanış gələcək. Çavuş Lituma və onun silah yoldaşı Tomas Correno. İki əsgər, iki məcburi dost dağlıq ərazidə baş girləyir, rastlaşdıqları şübhəliləri sorğu-suala tutur, bir-birlərinə keçmişdə qalmış sevgi hekayətlərini danışır və Maoçu Aydınlıq yol partizanlarının tələsinə qarşı daim ayıq olmağa çalışırlar. Araşdırma işini aparan əsgərlərin qarşılaşdığı müxtəlif insanlar və onların danışdığı hekayələr, dost çavuşların öz keçmiş hekayələri ilə birlikdə birləşir, bugünün Perusunun səfalətini və acısını realist, panoramik bir şəkildə təqdim edir.
Cinayətlərin şübhəliləri təbii ki, Aydınlıq Yolun maoçu partizanları və bölgədə bufet işlədən, İnka törənlərini xatırladan qəribə tamaşalar çıxardan bir cütlükdür. Aydınlıq Yolun məntiqsiz qəddarlıqla bölgədə işlədiyi siyasi cinayətlərin təsviri və üstü açılmamış cinayətlərin əski İnka törənlərindəki qurbanvermə rituallarından təsirlənmiş ola biləcəyi barədə getdikcə artan şübhə, kitabda And Dağlarının vəhşi mənzərəsiylə birgə güclü bir irrasioanlizm havası yaradır. Kitabda ölüm hər yerdədi; ölümün sürəkli yaxınlığı Perunun kasıblığı, partizan savaşının təbiəti və ümidsizlikdən daha çox hiss olunur.
İnsan düşünür ki, elə bil modernist Lyosa optimizmini itirib, həqiqi postmodern bir antropoloq kimi ölkəsini anlamaq üçün onun irrasionalizminə, şiddətinə, maarifçilik öncəsi dəyərlərə və törənlərə diqqət kəsilmək qərarına gəlmişdir. Bu əsər, sujetin tələb etdiyindən də artıq əfsanələr, əski tanrılar, dağ ruhları, şeytanlar, iblislər və cadugərlərlə doludur. “Çünki bu cinayətlərin məntiqlə açıqlanacaq heç bir tərəfi yoxdur.”
Digər tərəfdən, “And dağlarında terror” romanının öz canındakı irrasionalizmdən heç bir iz daşımamağı qəribədir. Kitabın bir-biriylə ziddiyət təşkil edən iki məqsədi var: bir tərəfdən Dekartçı rasionalizmə və məntiqə bağlı bir detektiv roman qurmaq, digər tərəfdən isə şiddət və qəddarlığın gizli köklərinə eyham vuran bir məntiqsizlik havası yaratmaq. Bir-biriylə toqquşan bu məqsədlər romanda üçüncü və yeni bir şeyin, bir xəyalın ortaya çıxmasına kömək etmir. Çünki nəticədə “And dağlarında terror” tipik bir Lyosa romanıdır. Yəni aradakı hədsiz qarışıqlığı boşlasa belə, təhkiyənin həmişə nəzarətdə olduğu hiss edilir. Qəhrəmanların səsləri kitab boyu hesablanmış bir orkestrasiya ilə idarə olunur. Kitabın gücü və gözəlliyi, əla qurulması, yaxşıca səhmana salınmasındadır.
“And dağların terror”da Üçüncü Dünya ölkələri haqqında o köhnəlib yıpranmış modernist ehtimalları heçə saymaq kimi bir niyyət olsa da, bu kitab, məsələn, Tomas Pinçonun “Cazibənin göyqurşağı”sı kimi postmodern bir roman deyil. “Özgə” kültürdən olanların məntiqsiz məxluqlar kimi təsəvvür edilməsi və bu cür qaba məntiqi qənaətlərlə əlaqədar ünsürlər – sehr, qəribə törənlər, təsirli mənzərələr və vəhşilik – kitabda boldur. Amma digər tərəfdən də insan bu kitabı başqa anlaşılmaz kültürlər haqqında sıralanmış qaba hökmlər, önhökmlər paradı kimi yox, bugünkü Perunun gündəlik həyatı içində olub-bitən, adi, sıradan hadisələri nəql edən, güvənli bir tarix, əyləncəli, oyunbaz və çox vaxt da gülünc olan gerçəkçi bir mətn kimi oxuyur. Balaca bir qəsəbənin partizanlar tərəfindən işğal edilməsi və ardınca gələn ittihamlar, ya da bir əsgərlə bir fahişə arasındakı melodramatik, aşırı sentimental eşq hekayəsi bir reportaj qədər inandırıcıdır. “And dağlarında terror”da nəql olunan Peru “heç kimin başa düşməyəcəyi” bir yerdi; hamının öz balaca səfil maaşından şikayət etdiyi, amma yenə də onu qazanmaq üçün həyatını təhlükəyə atdığı bir ölkə. Həmişə eksperimental olmağına baxmayaraq, Lyosa amerikan yazarları içində ən həm də ən realistlərindən biridir.
Kitabın əsas qəhrəmanı çavuş Litumanı Lyosanın o biri romanlarından xatırlayırıq. Başqa bir detektiv roman olan “Polomino Moleronu kim öldürüb?”də əsas qəhrəman, bir pritonun adı olan “Yaşıl ev”də ikili həyat yaşayan biri idi; “Julia xala və cızmaqaraçı”da isə balaca bir qəhrəman kimi görünüb itir. Ayağı həmişə yerə dəyən bu realist əsgəri, orduda xidmət etmək üçün xoş niyyətlə əlindən gələn hər şeyi aşırılıq və təəssübkeşliyə varmadan, ortabab dürüstlüklə və sağ qalmaq üçün daim ayıq olan fəhmlə, qara yumora yaxınlaşan istehzaetmə instinkti ilə yaradılmış bu qəhrəmanı, Lyosa çox böyük uğurla, sevgiylə təsvir edir.
Özü də Perudakı hərbi litseylərdən birində təhsil almış Lyosa, zatən həmişə əsgər həyatını böyük uğurla və ləzzətlə təsvir edib: məsələn, gənc əsgərlər arasındakı rəqabət və dartışmanı “Şəhər və itlər”də nəql edərkən, ya da “Yüzbaşı və qadınlar tabor”unda hərbi bürokratiya və ordudakı cinsəllik haqqında qələm oynadarkən, kayfla və həyəcanla yazdığı o saat hiss olunur. Kişi dostluqlarının incəliklərinə diqqət edərkən, sərt kişi xasiyyətlərini qırılma nöqtələrini araşdırarkən, aşırı görünən kişi sentimentalizmini qəfil bitirən kobud bir zarafatı yerində işlədəndə, Lyosa doğurdan da çox parlaqdır. Onun qəddar yumor hissi həmişə çox əyləncəlidir; heç vaxt da səbəbsiz, boşuna deyil. İlk romanlarından başlayıb diqqətlə oxunsa, o saat görünər ki, Lyosa üstünlüyü həmişə radikal utopiya sevdadlılarına, fanatiklərin aşırılığına yox, ağıllı realistlərə və ironik mülayimlərə verir.
Bu kitabın nisbi müsbət qəhrəmanları əsgərlərdi. Digər tərəfdən, romanda Aydınlıq Yol partizanlarını anlamaq üçün çox da çaba sərf edilmir. Onlar daha çox xalis məntiqsizliyin və absurda çıxan şərin təmsilçisi kimi görünürlər. Təbii ki, bu anlayışsızlıq Lyosanın illər boyunca dəyişən siyasi düşüncəsi ilə də bağlıdır. Cavanlığında Kuba İnqilabından təsirlənən modernist-marksist Lyosa, yetkinlik illərində şüurlu bir liberal oldu və 1980-ci illərdə “bütün Latın Amerikası Kuba nümunəsini örnək almalıdır” deyən Günter Qrass kimi düşünənləri tənqid edib yarızarafat, yarıciddi “Dünyada Marqaret Tetçerə heyran olub, Fidel Kastrodan nifrət edən iki yazıçıdan biriyəm” – dedi. O biri yazıçı, daha doğrusu şair Filip Larkin idi.
“And dağlarında terror”da Aydınlıq Yol partizanlarının təsvir edilməsini oxuyandan sonra Lyosanın gənclik dönəmi məqalələrindən birində, 1965-ci ildə “Peru ordusuyla bir münaqişədə” öldürülən marksist partizan bir dostu üçün yazdığı şəfqət dolu, təsirli sayğı, xatirə yazısını oxumaq sarsıdıcıdır. Bizimkimilərin gəncliyi bitəndən sonra, insan düşünməyə başlayır ki, partizanların da insan olduğu dərk olunmurmu heç, ya da müəyyən bir yaşı keçəndən sonra insanın partizanların arasında döyüşən bir dənə də olsun dostu qalmırmı? Lyosa qələminin cazibədarlığı və düşüncələrinin canlılığı elədir ki, insan onun siyasi görüşləri ilə razılaşmadığı yerlərdə belə ən azından bu düşüncələrə hər şeyi ürəkdən eləyən kiçik bir oğlan uşağı saflığıyla bağlanmasını sevir.
Erkən dönəm esselərinin birində, Perunun ən parlaq, amma nakam yazarlarından olan Sebastian Salazar Bondinin cavan ölməsinə yazdığı, bizi də kədərləndirən bu təməl sualı verir: “Peruda yazıçı olmaq nə deməkdir?” Təkcə Peruda düz-əməlli oxucu kütləsi və ciddi naşirlik sənayesi olmadığı üçün yox, həm də ona görə ki, diqqətə, yoxsulluğa, cəhalətə, düşmanlığa qarşı dirənən və ayaqda qalmağa çalışan bütün yazarlara ölkədə başdanxarab kimi baxırlar, bu yazıçılar irreal bir həyata məhkum edildikləri üçün də “Perulu hər yazıçı axırda məğlubiyyətə məhkumdur” – deyən Lyosanın gənclik öfkəsiylə özümüzü eyniləşdirmək o qədər də çətin deyil. Lyosanın gəncliyində “o birilərinin hamısından axmaq” dediyi və heç kitab oxumadıqlarını qəzəblə tənqid etdiyi Peru burjuaziyasından nifrət etməsini, Dünya ədəbiyyatına Perunun xidmətinin heyf ki, az və zəif olmasını deyəndəki kədəri, Perudan kənardakı ədəbiyyata olan aclığını görəndə, insan Lyosanın o güclü yazıçı səsinin arxasında bir başqa qüssəni, dünya ədəbiyyatının mərkəzindən uzaq olmağın nə demək olduğunu anlamağın qüssəsini hiss edir. Bizimkimilərin çox yaxşı anlayacağı bir əhvaldı...
1996
Dilimizə uyğunlaşdırdı: Qismət
Kulis.az