Dünəndən bəri mən “bir xeyli” torpağı işğaldan azad eləməyimizi düşünüb əmim Vahidi xatırlayıram. Vahid Əlifoğlu Füzuli rayonunda, elə respublikada da şeirləri ilə tanınan adam idi. Əmim olduğu üçün yazmıram, ancaq kənddə sözü keçən kişilərdən biri idi. Ancaq 89-90-cı illərdə Xalq Cəbhəsi yaradılanda proseslərə qarışmadı, hələ əksinə, cəbhəçilərə lağ eləyərdi. Bizim kənddə AXC-ni quranlar bədən tərbiyəsi müəllimi tipli adamlar idi. Demirəm pis adamlar idilər, əksinə, o ağır vaxtlarda qabağa durmuşdular, sağ olsunlar, ancaq hər halda, bədən tərbiyəsi müəllimi idilər. Əmimlə söhbətlərimizdə həmişə ona deyirdim ki, sənin kimi ziyalılar millətin önünə çıxmayanda, ona yol göstərməyəndə təşəbbüsü “matrosların” ələ alması təbiidir. Dolayısı ilə onu qorxaq adlandırırdım. Sonra kəndimiz işğal edildi. Əmim heç 60 yaşa çatmadan öldü. İndi mən burdan, qəzet səhifəsindən ondan üzr istəyirəm, indi başa düşürəm ki, nə üçün o, həmin vaxt qabağa çıxmayıb, kütləni yönləndirməyib. Onu elə gözəl anlayıram ki, həyatımda heç nəyi indiyəcən belə anlamamışdım. Kütlə sənə qulaq asmayanda çox çətindir. Kütləyə qaraqışqırıq, hırrapatriotizm, gop, emosiya daha vacibdir, nəinki bir ağıllı söz, fikir.
Söz düşmüşkən, biz indiki hırraxana dövründə yenidən “planetin xalqı” olmaq imkanındayıq. Axı 88-89-cu illər haqda heç bir yerdə təsdiqlənməyən, mənbəyi naməlum belə mif vardı. İndi də komplekt tam düzəlir. Gop deyirsən var - xirtdəyə qədər. Emosiya, kənddən dana kəsib meydana göndərmək, Qarabağa yürüş edən və qabağına Xuraman xanımın yaylıq atdığı gənclərə qədər hər şey yerindədir. ADR-ə: Azərbaycan Dejavyu Respublikasına xoş gəlmisiniz!
Bu hay-küydə kimin nəyinə gərəkdir ki, son 3 gündə daha 3 əsgərimiz öz gülləmizdən, MN demişkən, “ehtiyatsızlıqdan” həlak olub? Belə suallar vermək erməni dəyirmanına su tökmək sayılır. Ölüblər - Allah rəhmət eləsin. Önümüzə baxmalıyıq. Bayramlı kəndini almışıq, indi Şotlanlıya girməliyik. Vətən çağırır! Benzinin qiymətini də “SOKAR” o üzdən qaldırdı, axı biz indi tanklara benzin tökməliyik! Əyə, bir az vətənpərvər olun, susun, imkan verin əməliyyatları davam edək! “Şeyx, həyə, lotusan, əl ver!” Söz düşmüşkən, Kefli İsgəndəri də qınayırıq. Camaat Məzəmdə düşmənə sinə gərir, bu isə məzə ilə mey içir, sərxoş olur. Ta mövzuya dərindən girmişik, elə xalq artistimiz, dəyərli ziyalımız, el anası Röya Ayxanı da qınayaq. Bu vurhavurda o, ərindən boşanmışdır. Ayıb deyilmi?! Utanmırsanmı?! Vətənə oğullar gərəkdir, bu isə boşanır! Bəs oğulları hardan alacağıq!?
Keçən ilin dekabrında Müdafiə Nazirliyində yeni və qəribə bir təyinat haqda məlumat almışdıq. Zakir Həsənovun əmri ilə “Xalq Bank” mühafizə xidmətinin rəisi İlqar Mazanov Kəşfiyyat İdarəsinə rəis qoyulmuşdu. İndi ordumuzun düşmənə nisbətdə daha çox itki verməsində bu təyinatın hansısa rolu varmı? Mən yazsam deyəcəklər düşmənə inanma, onlardan 71 əsgər öldürmüşük, meyitləri gizlədirlər. Ona görə də heç zad yazmıram. Pulları qoruyan adam ən yaxşı kəşfiyyatçıdır. Ən böyük general Zakir müəllimdir. Ali Baş Komandan əmr versəydi, Kürdəxanı dustaqlarından təzə bir batalyon yaradıb Gəncə istiqamətinə basardıq.
Əmimdən bir daha üzr istəyirəm.
Zamin Hacı
Musavat.com