post-title

Dino Bussatti - “Əjdahanı necə öldürdülər” - HEKAYƏ

Kultura.az dünya şöhrətli italyan yazıçı Dino Bussattinin “Əjdahanı necə öldürdülər” hekayəsini oxucularına təqdim edir.

 
 
1902-ci ilin mayında qraf Cerolun tez-tez dağlara ova gedən Cozue Lonqo adlı nökəri dedi ki, Quru Vadidə əjdahaya oxşar nəhəng bir heyvan görüb.
 
Dərənin lap qurtaracağındakı Palissano kəndində qədimlərdən xalq arasında belə bir əfsanə dolaşır ki, quraq dərələrin birində hələ də elə əjdahalardan biri yaşayır. Amma bu uydurmalara indiyəcən heç kim inanmırdı. Lakin bu dəfə Londonun dəlilləri, söhbətinin inandırıcılığı və yaşadığı macəranı hər dəfə danışanda qətiyyən dəyişməyən təfərrüatlar belə bir qənaətə gətirdi ki, orada həqiqətən nəsə var. Qraf Martino Cerol bunu şəxsən özü yoxlamaq qərarına gəldi. Əlbəttə, qraf anlayırdı ki, həqiqi əjdahadan söhbət gedə bilməz, amma ola bilsin ki, buradakı boş dərələrdə nadir növdən olan nəhəng bir ilan yaşayır.
 
Ekspedisiyada qrafa əyalət qubernatoru Kuinto Androniko öz cəsur və gözəl arvadı Mariya ilə, alim-naturalist İnqirami və onun həmkarı Fusti də qoşuldular. Həddindən artıq zəif iradəli və hər şeyə şübhə ilə yanaşan qubernator çoxdan hiss eləmişdi ki, arvadı Cerola biganə deyil, lakin o, buna əhəmiyyət vermirdi. Odur ki, Mariyanın qrafla birlikdə əjdaha ovuna getmək təklifinə düşünmədən razılıq verdi. Martinonun ondan daha cavan, gözəl, güclü və mərd və daha varlı olmasına baxmayaraq, Androniko arvadını qrafa qətiyyən qısqanmırdı və ona heç həsəd aparmırdı.
 
Nəhayət, günlərin bir günü, gecə yarıdan keçmiş səkkiz atlı ovçunun müşayiətilə şəhərdən iki fayton çıxdı. Səhər altıda onlar artıq Palissano kəndinə çatmışdılar. Cerol, gözəl Mariya və naturalistlərin ikisi də yatırdı. Yalnız Androniko oyaq idi, o, atları köhnə tanışı - həkim Taddeinin evinin qarşısında saxlamağı tapşırdı. Bir azdan faytonçunun oyatdığı, başına gecə papağı qoymuş yuxulu həkim ikinci mərtəbənin pəncərəsindən göründü. Androniko pəncərəyə yaxınlaşıb sevinclə salamlaşdıqdan sonra ona ekspedisiyanın məqsədindən danışdı. Qubernator güman edirdi ki, həkim əjdaha əhvalatını eşidən kimi onları məsxərəyə qoyacaq. Amma Taddei narazılıqla başını bulayaraq qətiyyətlə dedi:
 
- Sizin yerinizdə olsaydım, oraya getməzdim.
 
- Niyə? Sizcə dərədə heç nə yoxdu? Bəlkə bunlar hamısı boş söhbətlərdir?
 
- Yox, ona görə yox,- deyə həkim cavab verdi. – Əksinə, məncə əjdaha var. Baxmayaraq ki, mən onu gözümlə görməmişəm. Şəxsən mən bu işə heç baş qoşmazdım, burada nəsə bir bədlik var.
 
- Bədlik? Taddei, bəlkə demək istəyirsiniz ki, doğrudan da inanırsınız?
 
- Mən artıq qocalmışam, əziz qubernator,- həkim cavab verdi,- həyatda çox şeylər görmüşəm. Amma deyilənlər doğru da ola bilər. Yox, gərək baş qoşmazdınız. Qulaq asın, ora yol tapmaq çox çətindi, çoxlu sürüşkənliklər var, süxurları yumşaqdır, bir balaca külək əssə, qiyamət qopa bilər, su məsələsi isə lap müşküldür. Yaxşı olar ki, bu fikri başınızdan çıxarasınız. Kroçettaya getməyiniz məsləhətdir, (o, kəndin arxasındakı yumru, sıx otla örtülmüş dağı göstərdi,)- ora dovşanların uçurumudur. - Bir az susduqdan sonra əlavə elədi: Yox, həqiqətən də mən sizinlə getməzdim. Nə vaxtsa eşitmişdim... Eh, deməyə dilim də gəlmir, başlayacaqsınız gülməyə...
 
- Vallah gülməyəcəyəm!- Androniko dedi.- Danışın, xahiş edirəm.
 
- Yaxşı. Deyilənə görə, əjdaha tüstü püskürür və bu tüstü zəhərlidi, tüstünün cüzi bir hissəsi adamı öldürməyə kifayətdir.
 
Söz verməyinə baxmayaraq Androniko qəh- qəhə çəkdi.
 
- Mən bilirdim, bilirdim ki, siz mövhumatçısınız. Amma ağını çıxartmayın. Əziz Taddei, indi axı orta əsrlər deyil. Sağ olun, biz axşam qayıdacağıq, özü də mütləq əjdahanın başıyla!
 
O, əlini yelləyib faytona oturdu və faytonçuya  “tərpən!” dedi. Ovçular dəstəsinə daxil olan və yola bələd olan Cozue Lonqo dəstənin başında gedirdi.
 
- O qoca başını niyə bulayırdı? – yuxudan oyanan Mariya soruşdu.
 
- Fikir vermə, boş şeydir. –Androniko cavab verdi.- Bekarçılıqdan Taddei arabir baytarlıqla da məşğul olur. Biz onunla ağız yarası epidemiyasından danışırdıq.
 
- Bəs əjdaha? – üzbəüz oturan qraf Cerol soruşdu, - əjdaha haqqında bir şey bilib - bilmədiyini soruşmadın?
 
- Doğrusunu desəm, yox, - qubernator cavab verdi. - Gülünc görünmək istəmədim. Bircə onu deyim ki, ov ovlamağa gəlmişik.
 
Doğan günəş yolçuların yuxusunu qaçırdı; atlar sürəti artırdı, faytonçular isə mahnı oxumağa başladılar. Qubernator: - Taddei bizim ailə həkimimiziydi, - dedi.- Vaxtilə onun əla müştəriləri vardı. Günlərin birində, niyəsi yadıma gəlmir, deyəsən uğursuz məhəbbətinə görə o, köçüb tək-tənha yaşamağa başladı. Sonra başına yenə nəsə gəldi, elə o vaxtdan dağlara çəkildi. Əgər başqa bir sərgüzəştlə rastlaşsa, heç bilmirəm burdan hara gedəcək... Yəqin o da əjdaha kimi bir şey olacaq.
 
- Bu nə axmaqlıqdır? – Mariya acıqlı- acıqlı söhbətə qoşuldu,- sizin başqa söz- söhbətiniz yoxdur?  Daha cana yığıldım, bəsdirin.
 
- Axı bu səfəri sən özün arzulamışdın, əzizim,- əri yumşaqcasına, amma kinayə ilə etirazını bildirdi.- Həm də əgər sən yatmışdınsa, bizim söz - söhbətimizi necə eşidə bilərdin? Olmaya özünü yuxululuğa vurmuşdu?
 
Mariya dinmədi, narahatlıqla getdikcə hündürləşən, sərtləşən dağlara baxdı. Vadinin qurtaracağında qarmaqarışıq konusvari zirvələr görünürdü. Bu zirvələrin əksəriyyəti çılçılpaq idi. Nə meşə var idi, nə çəmənlik
 
Səhər saat doqquza yaxın faytonlar dayandı; yol dağa dirənmişdi. Yolçular bu məşum dağların düz ortasına çatdıqlarını başa düşdülər. Yaxından baxanda hiss olunurdu ki, bu dağlar zirvədən ətəyə qədər süxurlardan, az qala yumşaq quru torpaqdan ibarətdir.
 
- Cığır bax, elə buradan başlayır, - Lonqo əliylə balaca bir dərəyə uzanan, tapdanmış cığırı göstərərək dedi.- Əgər bu cığırla getsək, qırx beş dəqiqəyə Bürelə, əjdahanın göründüyü yerə çatarıq.
 
- Su götürmüsünüz? – Androniko ovçulardan soruşdu.
 
- Bizim dördü suyla, ikisi şərabla dolu mehtərəmiz var, əlahəzrət, - ovçulardan biri cavab verdi.- Məncə, bəs edər...
 
Qəribədir. Şəhərdən uzaqda və dağların onları bütün dünyadan təcrid etdiyi bir yerdə əjdaha ilə bağlı fikir o qədər də cəfəng görünmürdü. Səyahətçilər ətrafa göz gəzdirdilər; mənzərə ürəkaçan deyildi. Dağların insan ayağı dəyməyən labirintləri, göz işlədikcə baş alıb gedən boşluq...
 
Sakitcə yola düşdülər. Qabaqda tüfənglə, qədimi kulevrinlərlə silahlanmış və başqa ovçu ləvazimatı ilə ehtiyatını tutmuş ovçular, lap axırda isə naturalistlər gedirdilər. Xoşbəxtlikdən cığır kölgəlikdən keçirdi, yoxsa bu sarı yamacların arasında günəşin istisinə dözmək lap cəhənnəm əzabına dönərdi.
 
Burelə aparan dərə də ensiz idi, dibindən çay axmırdı, yamaclarda nə kol, nə də ot vardı, dörd bir tərəf daş - kəsəkdən ibarət idi. Nə quşların cəh - cəhi, nə suların şırıltısı eşidilirdi.
 
Dəstə yuxarı qalxana qədər cığırı bizim yolçulardan daha sürətlə qalxan, çiynində keçi cəmdəyi aparan cavan bir oğlan gəlib onlara çatdı.
 
- Bax, o oğlan əjdahanın yanına gedir, - Lonqo tamamilə ciddi, zarafatsız, kinayəsiz dedi. Sonra da izah elədi ki, Palissanonun sakinləri yaman mövhumatçıdırlar və əjdahanı yumşaltmaq üçün Burelə hər gün keçi göndərirlər. Keçi payını növbə ilə kəndin cavanları daşıyırlar. Allah eləməsin, əjdahanın səsini eşidəsən, hesab elə ki, bədlik qapının ağzındadır.
 
- Deməli, əjdaha hər gün bir keçi yeyir? – qraf zarafatla soruşdu.
 
- Səhərisi orada heç nə tapmırlar, bu dəqiqdir.
 
- Hətta sür-sümük də?
 
- Əlbəttə, əjdaha keçini mağaraya aparır və orada yeyir.
 
- Ola bilməz ki, keçini kəndlilərdən kimsə yesin? – qubernator soruşdu. - Buranın yolunu hamı tanıyır. Əjdahanın keçini öz mağarasına aparanda görən olubmu?
 
- Bilmirəm, zati - aliləri,- ovçu cavab verdi.
 
Bu arada keçi aparan cavan gəlib onlara yetişdi.
 
- Qulaq as, cavan oğlan, - qraf Cerol hökmlü - hökmlü dilləndi,- bu keçini neçəyə satırsan?
 
- Mən onu sata bilmərəm, sinyor, - o, cavab verdi.
 
- On skudoya da?
 
- On skudoya başqa məsələ... - cavan razılaşdı. - Onda gərək mən başqa keçi dalınca gedim,- deyib yükünü yerə qoydu.
 
Androniko qraf Cerola baxaraq soruşdu:
 
- Bu keçini neyləyəcəksən?
 
- Bir azdan özün görəcəksən... - qraf qeyri- müəyyənliklə cavab verdi.
 
Ovçulardan biri keçini çiyninə götürdü, palissanolu cavan isə kəndə götürüldü (aydın idi ki, o, əjdaha üçün başqa keçi gətirməyə getdi) və dəstə yoluna davam elədi.
 
Bir saat keçmiş onlar mənzil başına çatdılar. Dərə qəflətən nəhəng, boş bir sirklə əvəz olundu, bura amfiteatra bənzəyirdi. Burada, meydanın mərkəzində, konusşəkilli daş qalağının üst tərəfində qara oyuq - əjdahanın mağarası görünürdü.
 
- Əjdaha oradadı,- Lonqo dilləndi.
 
Onlar aralıqdakı çay daşları səpələnmiş meydançada dayandılar. Meydança mağaranın on metrliyində idi, müşahidə üçün əla bir yer idi. Onun bir üstün cəhəti də buydu ki, ora dırmaşmaq mümkün deyildi.
 
Mariya burada özünü tam təhlükəsiz hiss edə bilərdi.
 
Onlar susdular və ətrafı dinşədilər. Dörd tərəfi dağların böyük sükutu bürümüşdü və bu sükutu arabir tökülən çınqılların səsi pozurdu. Xırda daşlar nazik ensiz çay kimi aşağı axaraq daimi dağıntı təəssüratı yaradırdı. Sanki Allahın da unutduğu bu dağlar yavaş- yavaş külə dönürdü.
 
- Bəlkə bu gün əjdaha görünmədi?- Kuinto Androniko soruşdu.
 
- Axı mənim keçim var, - Cerol cavab verdi.- Sən unutma ki, mənim keçim var!
 
Onun nə demək istədiyini hamı başa düşürdü- keçi cəmdəyinin köməkliyi ilə onlar əjdahanı tovlayıb mağaradan çıxaracaqdılar. Onlar hazırlığa başladılar. Ovçulardan ikisi birtəhər yamacla üzüyuxarı qalxmağa başladı, lazım gəlsə, oradan əjdahanı daşlaya bilərdilər. Üçüncü ovçu keçini çınqıllığa apardı və onu girişə yaxın qoydu. Yerdə qalanlar mövqelərini möhkəmləndirdilər və silahlarını doldurub hazır dayandılar. Androniko yerindən tərpənmədi: o, hər şeyi öz gözlərilə görmək istəyirdi.
 
Gözəl Mariya susurdu. Onun əvvəlki qətiyyətindən əsər- əlamət qalmamışdı. O, böyük bir sevinclə elə bu dəqiqə evə qayıdardı. Amma bunu etiraf eləmək istəmirdi. Onun gözləri dik yamaclarda dolaşırdı.
 
Dəstənin bütün üzvləri ona bu tənhalıq dənizində kiçik bir qum dənəsi kimi görünürdü.
 
Keçinin cəmdəyini mağaranın ağzında qoyub gözləməyə başladılar. Artıq saat onu keçmişdi və günəş Burelin üzərində dörd bir tərəfi yandırıb- yaxırdı. Dərənin divarlarından elə bil isti hava axıb tökülürdü. Ovçular faytondan örtüklər götürüb talvara oxşar bir şey düzəltdilər. Mariya tez- tez su içirdi.
 
- Diqqət! – qəflətən aşağıda, böyük daşın üstündə dayanan qraf Cerol qışqırdı; onun əlində karabin vardı, kəmərindən isə balaca dəmir ling sallanırdı.
 
Hamı diksinərək nəfəsini dərmədən dayanıb durdu, mağaranın ağzında nə isə tərpəndi.
 
- Əjdaha! Əjdaha! – ovçular qışqırmağa başladılar, başa düşmək olmurdu, sevincdən qışqırırlar, yoxsa vahimədən.
 
Naməlum bir məxluq qıvrıla- qıvrıla və yırğalana- yırğalana işığa çıxdı. Bütün kəndi vahiməyə salan əjdaha bax, budur.
 
- Oy, necə də iyrəncdir! – Mariya qışqırdı.
 
- İndi özünü gözlə! – ovçulardan biri sevinclə qışqırdı.
 
- Görünür, bu, balaca buynuzlu əjdahadı,- professor İnqirami dilləndi. O, özünü o dərəcədə ələ ala bilmişdi ki, onda yenidən elmi problemlərə maraq oyanmışdı.
 
Əjdaha o qədər də qorxunc deyildi: uzunluğu iki metrdən bir az çox olardı, başı timsah başına oxşayırdı, boynu kərtənkələ kimi qabağa uzanmışdı, gövdəsi şişman idi, quyruğu qısa idi. Əslində heyvanın torpaq rəngli dərisi və halsız gövdəsi qorxunu onların canından çıxartdı. Bütün bunlar həddən artıq qocalığın əlamətləri idi. Əjdaha əgər buydusa, yaman qocalmışdı, ölüm ayağındaydı.
 
- Al! – mağaranın üst tərəfində ovçulardan biri istehza ilə qışqıraraq heyvana sarı daş atdı, daş düz kəlləsinə dəydi. Boğuq “tuk” səsi eşidildi, elə bil daş balqabağa dəydi. Mariyanın tükləri ürpəşdi.
 
Deyəsən zərbə kifayət qədər güclü deyildi. Özünü itirən əjdaha bir anlıq tərpənmədi, sonra başını yellədi, - yəqin ki, ağrı güc gəlmişdi. Əjdaha gah ağzını açır, gah yumurdu, iti dişləri görünsə də səsini çıxarmırdı. Sonra yavaş - yavaş keçiyə yaxınlaşdı
 
- Ey, deyəsən boynunu qırıblar. – qəflətən lovğalığını itirmiş qraf Cerol gülərək qışqırdı. Tezliklə əjdahanın öhdəsindən gələcəklərini fikirləşdiyi üçün onun içi sevinclə dolurdu.
 
Otuz metrdən kulevrdən atılan güllə hədəfə dəymədi. Güllə donuq havanı yardı və çoxsaylı üzüntülü əks - səda yaratdı.
 
Dərhal ikinci güllə atıldı, güllə əjdahanın arxa pəncəsinə dəydi və selləmə qan axmağa başladı.
 
- Ona bir bax, gör necə rəqs edir! – bu qəddar tamaşaya aludə olmuş Mariya dilləndi.
 
Ağrıdan əzab çəkən heyvan həqiqətən sızıltıyla axsaya - axsaya yerində fırlanmağa başladı.
 
Nəhayət, əjdaha sürünə - sürünə keçiyə çatıb onu dişlərinə keçirdi Əjdaha mağaraya sarı çəkilməyə başlayanda qraf Cerol öz cəsurluğunu nümayiş etdirmək üçün ona yaxınlaşdı, təxminən iki metrdən karabini heyvanın başına boşaltdı.
 
Bu zaman heyvanın boğazından fitə bənzər bir səs çıxdı, sanki onu bu əzaba dözməyə vadar edən hansısa bir səbəb vardı. Güllələrdən biri onun gözünə dəymişdi. Cerol heyvanın tezliklə canını tapşıracağını düşünüb tez geriyə qaçdı. Amma heyvan yıxılıb ölmədi, o sakitcə əti yeyirdi. Sonra əjdaha qayanın ətəyinə sarı çəkildi və mağaranın böyründən divara dırmaşmağa cəhd etdi.
 
Təhlükədən tez can qurtarmağa çalışsa da, cəld sürünə bilmirdi, torpaq elə hey onun pəncələrinin altından ovulub tökülürdü. Göy üzü dumduruydu, günəş qan izlərini tez qurudurdu.
 
- Lap ləyənin içindəki tarakana oxşayır. - Qubernator Androniko sakitcə, öz - özünə danışırmış kimi mızıldandı.
 
- Nə dedin? –arvadı soruşdu.
 
- Heç nə, heç nə.- Qubernator cavab verdi.
 
- Maraqlıdır, görəsən o niyə mağaraya getmir?- professor İnqirami gördüklərini elmi cəhətdən əsaslandırmağa çalışaraq dedi.
 
- Yəqin tələyə düşməkdən qorxur. - Fusti öz fikrini bildirdi
 
- Çox güman ki, çaşıb.
 
- Buynuzlu əjdaha... yox, bu buynuzlu əjdaha deyil, muzeylər üçün o qədər buynuzlu əjdaha düzəltmişəm. Buynuzlu əjdaha belə olmur. Quyruqlu əjdahadırsa, onun quyruq tikanları hanı?
 
- Bəlkə gizlədir? – İnqirami söhbətə qarışdı,- gör onun qarnı nə boyda şişib, həm də quyruğunu qısır, ona görə tikanları görünmür.
 
Qəfildən Androniko meydançaya doğru qaçmağa başladı.
 
- Sən hara? – Cerol qışqırdı.- Biz işimizi görənə qədər yerində dur.
 
- Mən gedirəm, - ovçu qətiyyətlə bildirdi.- Məncə bu, ov deyil.
 
- Sözünün canı nədir? Qorxursansa, açıq de.
 
- Xeyir, qraf, qorxmuram.
 
- Mənsə deyirəm ki, qorxursan, qorxmasaydın, yerindən tərpənməzdin.
 
- Yenə deyirəm ki, qorxub eləmirəm. Amma siz utanmalısınz, qraf.
 
- Deməli, mən utanmalıyam?- Martin Cerol hiddətləndi.- Yaramaz! Əminəm ki, sən özün Palissanodansan, qorxaq. Nə qədər ki, payını verməmişəm, rədd ol burdan! Beppi, bəs sən hara? – o, digər ovçunun da onları tərk etdiyini görüb qışqırdı.
 
- Mən də gedirəm, qraf. Bu çirkin işdə iştirak etmək istəmirəm.
 
- Alçaq! – Cerol bağırdı.- Əgər burdan tərpənə bilsəydim, sizə göstərərdim, qorxaqlar!
 
- Qorxaqlığın bura nə dəxli var, qraf ? – ikinci ovçu etiraz elədi.- Məsələ qorxaqlıqda deyil, özünüz görəcəksiniz, bütün bunların axırı çox pis olacaq.
 
- Mən sizə göstərərəm! - Qraf yerdən daş götürüb hirsli - hirsli ovçuya atdı, amma dəymədi.
 
Bir dəqiqəlik sükut çökdü. Əjdaha yenə divara dırmaşmağa çalışırdı, amma məqsədinə çatmırdı. Daş – torpaq ovulub onu da aşağı sürüyürdü.
 
Birdən Andronikonun səsi eşidildi:
 
- Hələ çox çəkəcək? – Cerolun üstünə bağırdı.- Bura od tutub yanır. Bu həşəratın işini tez bitir. Heyvana bu qədər əzab verməzlər, nə olsun ki, əjdahadır?
 
- Mənim günahım nədir? – Cerol acıqla dilləndi.- Özün görürsən ki, ölmək istəmir. Kəlləsindəki güllə onu daha da gümrahlaşdırıb...
 
Qraf çınqıllığın qırağında başqa bir keçini gətirmiş cavan oğlanı görüb görüb susdu. O, silahlı adamların burda olmasından, yaralı əjdahanın qan içində divara dırmaşmağından heyrətə gəlmişdi.
 
- Ey, cavan oğlan! – Cerol qışqırdı. - Bu keçiyə nə qədər istəyirsən?
 
- Heç nə qədər, daha olmaz, - oğlan cavab verdi. – Məni qızıla tutsanız da onu sizə verən deyiləm. Siz neyləmisiniz?
 
- Biz buranı qaydaya salmağa gəlmişik. Sevinə bilərsiniz, sabahdan bura keçi gətirməli olmayacaqsınız.
 
- Nə üçün?
 
- Sabahdan daha əjdaha olmayacaq, - qraf gülümsədi.
 
- Olmaz, qulaq asın, siz bunu edə bilməzsiniz! – oğlan qorxu içində qışqırdı.
 
- Tez ol, keçini mənə ver.
 
- Dedim ki, verməyəcəyəm, - oğlan arxaya çəkildi.
 
- Lənət şeytana! – Qraf oğlanın üstünə tullanıb sifətinə bir yumruq ilişdirdi, keçinin cəmdəyini götürdü.
 
- Siz peşman olacaqsınız, deyirəm sizə, çox peşman olacaqsınız! – oğlanın bundan artığına cəsarəti çatmadı.
 
Cerol artıq üzünü çevirmişdi.
 
Günəş hər tərəfi yandırırdi, baxmağa, gözə rahatlıq verməyə heç nə yox idi.
 
Mariya susuzluqdan yanırdı, amma nə qədər içirdisə, doymaq bilmirdi.
 
- Aman Allah, dəhşət istidi! – elə hey istidən şikayətlənirdi.
 
Bu arada dəstənin üzvlərini onlarla adam dövrələdi, onlar elə bil yerin təkindən çıxdılar. Çox güman ki, onlar yabançıların Burelə çıxdıqlarını eşidib Palissanodan gəlmişdilər. İndi isə səssizcə baş verənləri müşahidə edirdilər.
 
- Bax gör, sənin necə tamaşaçıların var! - Androniko gərginliyi azaltmaq üçün zarafat etməyə çalışdı.
 
O, iki ovçunu yanına çağırıb cəmdəklə qurdalanan Cerola müraciət edirdi.
 
Cavan qraf başını qaldırdı, gözlərini ondan ayırmayan yad adamlar gördü. Qraf saymazyana yenidən işə girişdi.
 
Taqətdən düşmüş əjdaha divarla sürüşüb çınqıllığın üzərinə düşdü, tərpənib eləmirdi. Yalnız şişman qarnı qalxıb – enirdi.
 
- Hazırdı! – Keçini yerdən qaldıran ovçulardan biri qışqırdı. Onlar keçinin qarnını yarıb barıt qoydular və fitil birləşdirdilər.
 
Sonra qraf cəsarətlə əjdahaya tərəf gedərək keçi cəmdəyini təxminən on metr aralıda qoydu və bikford fitilini dolayaraq arxaya çəkilməyə başladı.
 
Heyvanın yerindən tərpənməsinə yarım saatdan çox vaxt lazım gəldi. Yad adamlar yandırıb - yaxan günəşin istisinə məhəl qoymadan gözlərini əjdahadan çəkmirdilər, elə bil yalvarırdılar ki, əjdaha yerindən tərpənməsin.
 
Amma belinə güllə dəyən əjdaha gözlənilmədən çevrildi, keçini gördü və yavaş - yavaş ona tərəf süründü. O qurbanına tərəf yaxınlaşanda qraf fitili yandırdı. Alov məftil boyu uzandı və keçinin cəmdəyinə çatanda barıt alışdı, partlayış baş verdi. Zərbə əjdahanı geri atdı, onun dağılmış qarnı göründü. Sonra əjdaha yenə əzabla çırpınmağa başladı.
 
Qraf qalibanə güldü. Bu dəfə heç kim onu dəstəkləmədi.
 
- Dəhşət! Daha bəsdir! – Mariya əlləriylə üzünü qapadı.
 
- Mənə də elə gəlir ki, bunun axırı yaxşı olmayacaq,- deyə əri sakitcə dilləndi.
 
Əjdaha leş kimi qan gölündə uzanmışdı. Qəflətən onun hər iki tərəfindən, sağdan və soldan tünd tüstü burumu qalxdı
 
- Görürsən? – İnqirami həmkarına tərəf çevrildi.
 
- Hə, görürəm.
 
-Buynuzlu əjdahadakı kimi iki qəlsəmə dəliyi.
 
- Yox,- Fusti etiraz elədi,- bu, buynuzlu əjdaha deyil.
 
Qraf Cerol sığınacaq yeri olan qaya parçasının arxasından çıxıb əjdahaya tərəf getdi. Məqsədi onun axırına çıxmaq idi. Əlindəki lingi işə salmaq istəyirdi ki, oradakı adamların qışqırığına əl saxladı. Birdən o, hiss elədi ki, arxasında kimsə tərpəndi. Qraf cəld geriyə döndü, baxıb gördü ki, mağaradan ayaqları dolaşa- dolaşa iki heyvancıq bayıra sürünür və ona tərəf gəlirlər. Onların uzunluğu yarım metrdən çox olmazdı.
 
Hər şey bir andaca baş verdi. Qraf qeyri- adi bir məharət nümayiş etdirdi.
 
- Al! Al gəldi! – o, ehtirasla dəmir toppuzunu fırladaraq qışqırdı.
 
İki zərbə bəs elədi.
 
Lingi elə ciddiliklə və qətiyyətlə işə saldı, eybəcərlərin başını elə asanlıqla parçaladı ki, elə bil onların çiynindəki baş deyildi, şüşə şarları idi
 
Bu tamaşanı seyr edən yad adamlar dinib - danışmadan çay daşları səpələnmiş yolla üzü aşağı hərəsi bir tərəfə qaçmağa başladılar. Onlar elə bil qorxunc bir təhlükədən qaçırdılar. Qəflətən peyda olduqları kimi qəflətən də yoxa çıxdılar.
 
Əjdaha qımıldandı. Adama elə gəlirdi ki, əjdaha heç vaxt ölməyəcək. O ilbiz kimi sürünərək özünü ölmüş balalarına yetirdi. Tüstü kəsilmək bilmirdi. Əjdaha balalarını yalamağa başladı. Bəlkə də güman edirdi ki, bununla balalarını həyata qaytara biləcək.
 
Axırda əjdaha son gücünü də toplayıb başını göyə qaldırdı və indiyədək görmədiyi bir işi gördü - aramsız, getdikcə güclənən səslə elə nərildədi ki, dünyada hələ heç kim, heç vaxt belə nərilti eşitməmişdi. Onun səsində elə bir nifrət varıydı ki, hətta qraf Cerol belə yerində donub qaldı.
 
İndi aydın oldu ki, əjdaha niyə mağaraya qayıtmaq istəmirmiş. Əjdaha balalarına görə qorxurmuş. İndi o imdad diləyirdi, amma kimdən? Dağlardanmı, bomboş, sərt dağlardanmı? Buludsuz, quşsuz göylərdənmi? Ona işgəncə verən insanlardanmı? Onun nəriltisi qayalara çırpılırdı, ərşə yüksəlirdi. Onun səsinə heç kəsin hay verməməsi ağlasığmaz bir iş idi. Halbuki, bunun heç bir məntiqi əsası yox idi.
 
- Görəsən kimi çağırır? – Androniko zarafatla soruşdu.
 
- Ay Allah, təki tez öləydi! – qadın səsləndi.
 
Cerolun karabindən atəş açmasına baxmayaraq, əjdaha ölmək bilmirdi. Əjdaha hələ də sevə - sevə ölmüş balalarını yalayırdı, amma özü də heydə düşürdü. Onun salamat gözündən ağ maye axırdı.
 
- Ora baxın! – Futsi dilləndi. – Əjdaha ağlayır!
 
Qubernator dedi:
 
- Daha gecdi. Bəsdi, Martino. Qayıtmaq vaxtıdı.
 
Əjdahanın səsi yeddi dəfə göyə ucaldı, yeddi dəfə də qayalar, dağlar əks - səda verdilər. Sonra onun sanki heç vaxt kəsilməyəcək nəriltisi qəflətən zəifləyərək kəsildi.
 
Ölü sükutu kiminsə öskürəyi pozdu. Yorğunluqdan sifəti dəyişmiş, büsbütün toza bələnmiş qraf Martino karabini daşların üstünə atdı və əlini sinəsinə tutub öskürməyə başladı.
 
- Hə, nə olub? – Androniko narahatlıqla soruşdu. – Sənə nə olub?
 
- Heç nə,- Cerol özünü gümrah göstərməyə çalışaraq cavab verdi. – Bir az tüstü udmuşam.
 
- Nə tüstü?
 
Cerol cavab vermədi və əliylə əjdaha olan səmti göstərdi. Əjdaha başını daşın üstünə qoyub hərəkətsiz uzanmışdı. Əgər iki tərəfindən göyə tüstü ucalmasaydı, demək olardı ki, əjdaha ölüb.
 
- Məncə, onun işi artıq bitib, - Androniko dedi.
 
Deyəsən, doğrudan da belə idi. Onun artıq canı çıxmışdı. Əjdahanın səsinə hay verən olmadı, onun dadına çatan tapılmadı. Dağlar yerindəcə durmuşdu, torpaq sanki donmuşdu. Günəş batırdı, dumduru göy üzündə bir dənə də bulud yox idi. İnsan gəlib qədim zamanlardan qalmış bu ləkəni yer üzündən sildi. Hər yerdə özünün müdrik qaydalarını yaradan insan; tərəqqinin qayğısına qalan və hardasa, hətta vəhşi dağlarda belə əjdahanın qalıb yaşamasına dözə bilməyən qüsursuz insan. Bu qətli insan törətmişdi və buna hiddətlənmək axmaqlıq olardı.
 
İnsanın törətdiyi bu əməldə suç yox idi və tamamilə qanuniydi. Hər halda ola bilməzdi ki, əjdahanın son səsinə heç bir bəni - insan hay verməsin. Məhz elə buna görə də Andronikonun, arvadının, ovçuların yeganə arzusu varıydı: tezliklə burdan rədd olub getmək.
 
Yerli camaat gözlənilən fəlakət ürəklərinə damıbmış kimi oradan yoxa çıxmışdılar. Aşağıda kölgələr görünürdü. Əjdaha tərəfdən hələ də tüstü ucalırdı. Deyəsən, hər şey qurtarmışdı, kədərli əhvalat başa çatmışdı, indi onu unutmaq lazım idi. Qraf Cerol isə hey öskürürdü. O, getdikcə heysizləşib iri bir daşın üstünə çökdü. Cəsur Mariya belə üzünü yana çevirib başqa səmtə baxırdı. Martino Cerolun öskürməmək cəhdləri əbəs idi, əzabverici alov getdikcə sinəsinin dərinliklərinə yayılırdı.
 
- Mənim ürəyimə dammışdı,- qubernator qızdırmadan yüngülcə titrəyən arvadına pıçıldadı. - Mən bilirdim, bilirdim ki, bunun axırı pis olacaq.
 
Tərcümə: Kənan Hacı
 
Kulis.az
Yuxarı