Tanımadığınız de Bovuar
Simona de Bovuarın anadan olmasının 100 illiyi Fransa mətbuatında diqqətin onun fəlsəfəsi və siyasi görüşlərindən daha çox sevgililəri və xarici görünüşünə yönəldilməsi ilə qeyd olundu.
Ötən ay “Le Nouvel Observateur” ehtiraslı, lakin bədbəxt, hökmran, eyni zamanda itaətkar, dərrakəli, eyni zamanda həssas, dəbli, eyni zamanda qəribə saç düzümünə malik, yeganə bir kişiyə aludə olan “kişi-yeyən” qadın barədə silsilə məqalələr nəşr etdirdi. Bu, Britni Spirs, yaxud Karla Bruni idi? Xeyr, bu, filosof, mübariz və qatı elm tərəfdarı, Fransa və dünyada çoxları üçün feminizmin təcəssümü olan Simona de Bovuar idi. Anadan olmasının 100 illiyi münasibətilə qəzet ona ön səhifəsindəki çılpaq şəkli ilə tamamlanan məşhurlara xas ifşaedici münasibət nümayiş etdirdi. Silsilə məqalələrdə Fransa qadınının Parisdə, Panteonda dahi şəxsiyyətlərin abidələri olan məkana daxil olma hüququnu şərtləndirən amillər barədə çox şey yazıldı (Mari Küri bu şərəfə layiq görülən ilk qadın idi, baxmayaraq ki, bu, yalnız 1995-ci ildə baş tutmuşdu). De Bovuarı hələ də Jan-Pol Sartrın sevgilisi adlandırırlar.
Əslində, silsilə məqalələr onun film rejissoru Klod Lanzmann ilə münasibətlərinin təsvirindən başlayır, Sartr ilə davam edir və amerikan sevgilisi Nelson Algren ilə sona çatır. İlk bölmələr Lanzmann ilə dərin hisslərə, demək olar, ər-arvad münasibətlərinə malik, tamamilə gözlənilməz sevgini əldə etdiyi üçün minnətdar qadını təsvir edir (onun Lanzmanna məktubları “sənin arvadın” kimi imzalanırdı). Burada “sevgi üçün kifayət qədər yaşlı olduğunu düşünən bir qadının” 44 yaşında “xoşbəxtlikdən ağladığı” göstərilir. Lanzmannın sözləri ilə, o, nəhayət ki, “həqiqi, tam qadın” idi.
Görəsən, o və jurnalistlər həqiqətən də “kimsə qadın doğulmur, qadın olur” söyləyən, daha sonra isə qadın olmağın təbiətin öncədən müəyyən etdiyi rolu qəbul etmək anlamına gəlmədiyini göstərən Simona de Bovuar barədə danışa bilərlərmi? “Le Nouvel Observateur”a görə, bu həqiqi qadın tanıdığımız həmin feminist və aktivist deyildi. O, kino aktrisası Ariel Dombaslın sözlərinə ilə desək, “böyük romantik”di. Çox güman, A.Dombaslın fikir bildirməsi ona görə rica olunmuşdu ki, o filosof arvadıdır və jurnalistlər de Bovuarın da məhz filosof arvadı olduğunu düşünür.
Beləliklə, heç zaman ərə getməyən, uşaqları olmayan və bir neçə qadın sevgilisi olması ehtimal edilən (onun lezbian münasibətlərinə yalnız hökmran şəxsiyyətinin sübutu kimi istinad olunurdu) qadının sevgi həyatı yalnız kişilərin qoruyucu qanadları altında çiçəklənirdi. Bu, faciəli ehtirasın və monoqam nikah ilə gecikmiş barışın hekayəsi idi – o, “Nelson Algrenin ona verdiyi gümüş üzüyü taxaraq” dəfn olundu.
Üz qabığındakı şəkli, bütün fikrin onun sevgi həyatında cəmlənməsi həqiqətən dəhşətlidir – belə görünür ki, qaydalara görə, filosof olsan belə, mətbuatın diqqətinə layiq tanınmış şəxs olmaq üçün kişilərə olan sevgini sübut etməli və paltarlarını çıxarmalısan. Qadın yalnız o zaman həqiqi qadındır ki, onun bədəni kişilərin (yaxud reklam biznesinin icraedicilərinin) zillənmiş baxışlarını rədd etməsin. Həmin fotoşəklin həqiqi mənası yalnız Agate Loger və Ode Lanselinin xarakterik cəhətləri və onların de Bovuarın cinsi və emosional həyatını onun intellektual və idarəedici həyatından asanlıqla ayırması kontekstində üzə çıxır.
Bu, “Sartrın qadını patriarxallığa qarşı müharibə elan etmişdi, eyni zamanda özü ehtirasın qurbanı idi” deyə izahla başlayır. Beləliklə, bir tərəfdə nüfuzlu fəlsəfi dairələrin üzvü, “İkinci cins”in müəllifi və Konkur mükafatı laureatı, solçu, feminist fəal de Bovuar; digər tərəfdə isə qadın və sevgili, arzu və ehtirasla sovrulan de Bovuar. İki tərəf əks kimi görünür, necə ki, onun Sartr ilə sevgi həyatı, intellektual dostluğu və xüsusi olmayan münasibətləri onun nikah və məişət normalarını sual altına qoymasından fərqlidir.
“O özünün gözəl obrazını inkar edirdi”
Onun şəxsi həyatında heç nə siyasi kontekstdə nəzərdən keçirilməyib. Hisslərin intellektdən, bədənin ruhdan ənənəvi və əks təsirli ayrılması davam etməkdədir. Bu yalnız jurnalistika ola bilər, lakin o hələ də kişi və qadınlar tərəfindən “təbiətcə” tutulan sahələr arasındakı fərq barədə köhnə ideyanı təkrarlayır. Kişilər üçün nəzəriyyə. Qadınlar üçün şəxsi ehtiras. De Bovuar yazılarında bu toxunulmaz səddi yenidən qurmağa və dözümsüzlük, soyuqluq və bədbəxtlik ilə assosiasiya olunan şəxsi həyatında həmin çərçivədən kənara çıxmağa cəhd edirdi. Yazı onu habelə “özünün əminlikləri ilə məhdudlaşan dərslər verən”; öhdəliklərində “səmimi”, lakin “poladdan sartrsayağı qadın”a çevriləcək dərəcədə “soyuq” kimi təsvir edir.
Fərz olunan mərkəzi mövzu odur ki, təbiət sonunda hər zaman qalib gəlir. Məgər de Bovuar “özünün manikür olunmuş dırnaqlarına uyğun olaraq mağaza assistenti” olaraq qalmadımı? Fransız tənqidçi Filip Sollers bunu belə izah edirdi ki, “belə görünür, yüksək, xoşagəlməz, inadcıl və ağılverici səsi ilə o, gözəl obrazını (surətini) inkar etmək istəyirdi” – və bununla, onun zərifliyi dilində deyil, xarici görünüşündə idi. Dombasl yazır: “Kobud kostyumlar və ciddi şlyapalar arxasında” o, “heyranedici qadın” idi. Tanınmış bir fransız qadınının çirkin və pis geyinmiş olması inandırıcı deyil.
Sollersin “o, əbədi olaraq gözəl məktub yazarı kimi qalacaq”, yəni “onun şah əsəri olan sevgi məktubları onun nəzəriyyəsindən daha üstündür” kimi fikirlər vurğulamaqla onun həqiqi şəxsiyyətini dəfn etmiş olur və onu məktub yazarı kimi yenidən oxumağa dəvət edir: öz hisslərini açan de Bovuarın sirri və özəli: “həssas və gülməli” de Bovuarı kəşf etməyə çağırır. Ah, sevimli anti-feminizm bumeranqı nəzəriyyəsi: Bovuarın mübarizəsinin qəddar olması ideyası vasitəsilə gəlinən nəticə odur ki, qadınların hərəkatı solur, təcrid edir və bədbəxtliyə səbəb olur. Onun apardığı mübarizə bir neçə qısa qeyd olunmuş tələblər səviyyəsinə endirilir: “kişi gələcəyinin rədd edilməsi”, ancaq qadınlar olan feminist qruplar, qadınların zorakılığa əl atılması hüququnun müdafiə olunması, icma maraqları naminə ailənin bir kənara qoyulması. Heç bir izah olmadan, yalnız axmaq sualla müşayiət olunan boş bir siyahı: “O, bəlkə də məşhur idi, bütün dünya onu oxuyur və dinləyirdi, lakin o, xoşbəxt idimi?”
Bir neçə səhifə sonra Dombasl (yenidən) Bovuarın “həyatının sevgisinin yasını saxlayaraq Sartrın qəbrinin yanında kiçik oturacaqda tənha əyləşən” miskin obrazı ilə yekunlaşdıraraq onun “əlçatmaz azadlıq” axtarışında uğursuzluğunu qeyd edəcək qədər irəli gedir. Aydındır ki, de Bovuar öz faciəvi həyatına görə qeyri-adi idi – onun işi və fəaliyyəti deyil, xarakteri qeyri-adi idi. “Qalmaqallı qadın” başlığı ifşaedicidir: müəlliflər 1949-cu ildə “İkinci cins” çap olunduqdan sonra Albert Camyu və Fransua Moriakın hiddətli reaksiyasına istinad edir. Lakin hansı ideyaların kişilərin hiddətinə səbəb olduğu qeyd edilmir.
Rəsmi olaraq de Bovuar sosial konteksti, yaxud hakimiyyət ilə əlaqəsi olmayan əfsanəvi, lakin siyasətdən uzaq fiqur kimi müəyyən olunur. Münaqişə milli dahinin yad edilməsi - de Bovuarın da nəzakətlə dəvət olunduğu zamanı bayram mərasimi zamanı qalxır. Diqqətimi çəkən bu oldu ki, onun haqqında hazırlanmış yazı müasir feminist nümayəndələrinin çoxsaylı sitatlarını özündə cəmləşdirir, baxmayaraq, onlar ümumi mübarizənin üzvləri kimi deyil, fərdlər şəklində təqdim olunur. Yazıda daha çox hər hansı fəlsəfi fikirləri, yaxud feminizm hərəkatına sadiqliyi ilə tanınmayan, bununla belə, de Bovuarı özlərinin səviyyəsində olan adam kimi müzakirə edən Sollers və Dombasl kimi tanınmışlara yer ayrılır.
Silvi Tissot sosioloq və “Bərabərlik Naminə Feministlər Birliyi”nin üzvüdür.
Bilge.az