post-title

İsrail malları

İslamın ilk ərsəyə gəldiyi vaxtlarda müsəlmanlarla yəhudilər arasında kiçik meydan müharibələri olsa da, müsəlman dövlətlərinin güclü olduğu vaxtlarda bu dövlətlər yəhudilər üçün ən etibarlı limanlardan biri olmuşdur. Katolik İspaniyadan yanlarında qızıl və zinət əşyası almamaq şərti ilə qovulan yəhudilərə Osmanlı qapısını açmış, onlara sığınacaq vermişdir. Yəhudilər Osmanlının ən zəngin təbəqəsi olmuşdur. Düzdür qeyri müsəlman sayılırdılar, amma bunun da üstünlüyü kimi müharibələrə vuruşmağa və hərbi xidmətə aparılmırdılar.

 
 
Tarixən baxdığımızda xristianlar və yaxud qeyri-müsəlman dövlətlər daha çox yəhudiləri məhrumiyyətlərlə üzləşdirmiş, məcburi köçə tabe etdirmiş və qətliamlar törətmişdir. Alman filosof və bəstəkarları, fransız yazıçıları hətta bir çox yəhudi düşüncə adamları bir çox hallarda yəhudi psixologiyasının naqisliklərini tənqid etmiş, onların xarakteristikasını alçaltmışdır. Düzdür, əhəmiyyətli müsəlman filosof və yazıçısı yoxdur ki, onların fikrinə baxaq, amma mövzudan kənara çıxmadan onu vurğulamaq istəyirəm ki, müsəlmanların yəhudilərlə tarixən elə də ciddi problemi olmamışdır.   
 
İsrailin bir dövlət kimi etdiyi ədalətsizliklər və ikili standartlar yolverilməzdir, ancaq əlinə fürsət və güc düşən kimi belə ədalətsizliyi başqa dövlətlər də edir və etməkdədirlər. Haqsızlığı İsrail etdikdə isə buna dünyada heç kimin səbri çatmır. Fələstin münaqişəsi başladıqdan bəri, bu, həmişə bütün dünya mediyasının diqqətində olmuş, bəzən isə məsələlər şişirdilmişdir. Fələstin dünyada ən çox tanınan dövlətlərdən birinə çevrilmişdir. "Quran"da yəhudilərin lənətlənmiş qövm olması da, bundan sonra üzə çıxmış, sanki Osmanlı vaxtı və ondan öncə  yəhudilərin ən rahat yaşadığı dövlətlərin zamanında "Quran"da bu lənətlənmə məsələsindən heç kimin xəbəri olmamışdır. Bəşəriyyətin yönünü dəyişdirən şəxsiyyətlər yetişdirmiş yəhudi xalqı bu gün ”ona vəd edilən” səhra və qum üstündə etdiyi terrora görə, əlbəttə, özünü  biabır etməkdədir, ancaq bu məsələnin xüsusən də müsəlmanların beyinlərinə şişirdilərək yeridilməsi daha çox qıraqdan olan təsirlərlədir. Müsəlmanın özünə qalsa onun başqa məzhəb müsəlmanına etdiyi nifrət yəhudiyə etdiyi nifrətdən daha səmimidir. Bu gün müsəlmanların müqəddəs Ramazanda Suriyada, İraqda etdikəri vəhşiliklərin, baş kəsmələrin, əl kəsmələrin, təcavüz etmələrin, qız-qadın zorlamalarının, kütləvi insan qırğını etmələrinin yanında İsrailin etdiyi çox cılız qalır. 
 
Digər bir məsələ isə İsrailin mallarını, başda da "Coca- Cola" (!) olmaqla baykot etmək cahilliyi sərhəd tanımır. Ən bekarından tutmuş, normal təhsil almış, xarici ölkə görmüş, 3-4 dil bilib ciddi işlərlə məşğul olduğu görüntüsü verən insanına qədər. 
 
"Coca-Cola"nın nədənsə başı daha çox dərdli olur. Kimlərsə "Coca-Cola"nın bazar payını azaltmaq üçün bir ara da "Coca-Cola"nı “tərsdən oxuyanda “Məkkəyə yox, Məhəmmədə yox” mənasına gəlir” kimi gülməli bir məsələni ortaya atmışdılar və bu da işləmiş, 2 əsrə yaxındır kəşf edilmiş bu içkinin adının tərsdən bu mənaya gəlməsi, müsəlmanların özlərini əhəmiyyətli hiss etmələrini təmin etmiş və qatı düşməni  müəyyənləşdirilmişdir. Bu məsələyə bir çox adam toxunub, hələ də deyəsən, aydın olmayıb. Birincisi, bu İsrail malları deyilən malların çoxunun tarixi İsrail dövlətinin tarixindən də qədimdir. "Coca-Cola" ilk dəfə 1886-ci ildə istehsal olunub, "Proctor and Gamble" 1837-ci ildə, İsrail dövləti isə 1948-ci ildə qurulub.  İkinci bu şirkətlərin hamısı tamamilə "public"dir, yəni 100% səhmləri ictimaiyyətə açıqdır, heç bir dövlətin və hökumətin deyil, səhmləri əlində olan şəxslərindir. Üçüncüsü bu şirkətlərin çoxu transmillidir, lokal istehsallar edirlər və beləcə ölkə iqtisadiyyatının dirçəlməsində, bazarda yeni məhsulla çıxış edərək, qiymətin əmələ gəlməsində öz rollarını oynayırlar. Deməli, bu malları baykot edib almamaqla ölkə iqtisadiyyatına, digər bənzəri məhsulların qiymətinin qalxması ilə öz cibimizə, orda işləyən insanların işdən çıxarılması ilə isə, öz vətəndaşlarımıza ziyan vurmuş olarıq.  Ümumiyyətlə isə, vəziyyətimiz elə də qənaətbəxş deyil, ona görə də özümüzə ziyan vurmağa ehtiyac yoxdur.
 
Aqşin İbişov
 
Kultura.az
 
Yuxarı