post-title

Oktay Eloğlu - Altruist, yoxsa divanə?

Müsabiqədən kənar yazı

 
 
"Yaşamaq istəyiriksə yaratmalıyıq. 20-ci əsrin təkamülünə qarşı bu yazıq xalqı buraxıb qaçmağı kim özünə layiq bilirsə, bilsin, mən bilmirəm."
 
Bu sözlər XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, şair, nasir, teatrşünas, tərcüməçi, kinossenarist, jurnalist Cəfər Qafar oğlu Cabbarlının 1920-ci illərdə qələmə aldığı "Oktay Eloğlu" əsərinə aiddir.  Azərbaycan demokratik-realist klassik ədəbiyyatına, zəngin xalq yaradıcılığına əsaslanan Cəfər Cabbarlı, başlıca olaraq, Mirzə Fətəli Axundov realizmindən qidalanan ziyalıdır. 
 
"Oktay Eloğlu" dramı 20-ci əsrin əvvəllərində Azərbaycan cəmiyyətində hakim olan konservatizm və dini fundamentalizm dövründə azərbaycanlı Oktayın, çağdaş dünyaya inteqrasiyanın vacibliyini dərk edib, öz ölkəsinin teatrını yaratma çabalarından bəhs edir. Cəfər Cabbarlının bəzi əsərlərinin əsas qayəsi qadın azadlığı, qadın seçimi məsələsi olmuşdur ki, bu əsərdə də həmin ab-hava duyulur. Oktay ziddiyyətli obrazdır. Bu baxımdan əsəri iki baxış bucağından təhlil etməyə çalışacam.
 
Altruizm, yoxsa divanəlik?
 
Əsəri oxuyanlar yəqin ki, Oktayın mübarizəsinə skeptik yanaşacaq. İlk pərdələrdə qarşımızda mübariz, dönməz, məhsuldar, proqressiv, öz yaşamında altruizmi əxlaqi prinsip kimi rəhbər tutan obraz var. Yaradıcılıq onun əsas keyfiyyətidir. O, teatr yolunda öz doğma anasını, ailəsini belə qurban verməyə hazırdır. Yuxusuzdur. Üzüyünü, çəkmələrini girov qoyur, lazım olanda dekorasiyaları düzəldir, ac körpə kimi Oktayın ətəyini dartıb şikayətlənən, deyingən kollektivi xoşluqla yola verir. Onlara gördükləri işlərin müqəddəsliyini başa salır. Hətta rus səhnəsindən ona təklif gəldiyini xatırladan Səməd bəyə Oktayın cavabına diqqət edin:
 
 "Mən prinslərin saxladığı köpəklər kimi hazır nahara gəlmək istəmirəm. Başqalarında səhnə, mədəniyyət, hər şey var, bizdə yox. Yaşamaq istəyiriksə, yaratmalıyıq.”
 
Velosipedi yenidən yaratmağa ehtiyac yoxdur, amma teatr bir ölkədə sıfırdan yaradılmalıdır. Öz millətindən olan fərdlərin aktyor-aktrisa kimi oynaması, artıq millət olaraq mədəniyyətə qatqımız olduğunun göstəricisidir. Oktay Eloğlu, "Bu dünyada sonsuz sayda film çəkilib, biz film çəkməyi neynirik ya da sonsuz sayda ədəbiyyat nümunələri yaradılıb, ədəbiyyat yaratmağı neynirik" düşüncəli adamlara yol göstərir. Azərbaycan klassikləri bunu bilirdi və bunun üçün çalışırdı.
Elə dəyərlər var onları inkişaf etmiş millətlərdən alıb proqram kimi tətbiq edirsən. Eləsi də var ki, bu dəyəri özün yaratmalısan. Orta məktəbdə bizə vurğulayaraq öyrədirdilər ki, hərb gücünə qurulan dövlətlər davamlı olmur, yəni bir xalqın simasını göstərən şey onun mədəniyyətidir. 
 
Davam edirik...
 
Əsərdə Oktay Firəngizə müraciətlə: "Fəqət sən burda gözlədiyin həyatı görə bilməyəcəksən. Gördüyün bu gözəl paltarlar, parlaq cavahirat, sevimli adamlar hamısı boyalı, hamısı sünidir. Orada padşahlıq edər, fərmanlar verər, altunlar paylayar, çıxınca bir parça çörək arar da tapmazlar."
 
Mənə görə Oktayın dilindən səslənən bu cümlə əsərdəki, ən ciddi cümlələrdən biridir və teatrın nə olduğunu ifadə edir. Çünki, bu cümlə ölkəmizdə tanınmış aktyorlardan birinin mövqeyində öz əksini tapdı. Oynadığı tamaşalarda Babək (azadlıq fədaisi), Nəsimi (haqq carçısı) olan adam həyatda tamam əks mövqe tutaraq "Hər bir Azərbaycan ziyalısının borcu möhtərəm cənab Prezidentin səsinə səs verməkdir" fikrini səsləndirdi. Bu uzaq tarix deyil.
 
"Hər kəs bacardığını. Buradan kimsə geriyə qaça bilməz. Səhnəmiz yox. Fəqət olmalıdır. Onu da mən yaradacağam." - öyrədici, motivə edici yanaşmadır, deyilmi?
 
***
 
Üçüncü pərdədə yuxarıda təsvir olunan bol enerjili Oktayın gedir və onun yerini məqsədsiz, özünün adlandırdığı kimi "səfillər padşahı" Oktay alır. Bu hal necə baş verir?
 
Aslan, qlava-qubernator mühitinin adamıdır. Çinovnikdir. Firəngizin qardaşıdır. Öz məsləkdaşlarının gözündə aristokrat obrazı yaratmaq üçün onlara bənzəməyə çalışan adamdır. Geyimi ilə bənzəsə də, mahiyyətcə boş adamdır. Aslan bəyin təkidi ilə Firəngiz, onu sevən Oktayın üzünə durur. Oktayı pərt edir.
Bu hissəni bir sınaq kimi təsəvvür edək...
 
Oktay iki seçim qarşısındadır. Real həyatda edilə biləcək ən doğru seçim hadisələrə hissi yanaşmamaqdır. Hələ ki, xalq üçün nəsə yaratmaq kimi ağır, məsuliyyətli işi qarşısına məqsəd qoyan, yuxarıda bəhs etdiyim alovlu, nəsillərə örnək ola biləcək cümlələrin müəllifi biri üçün. Bundan sonrasına diqqət edək. Oktay, Aslan bəyin pul təklifini qəbul etməyərək onun üzünə çırpır və sürgün olunur. Buraya qədər mədəniyyət yaratmaq üçün ailəsini belə önəmsəməyən Oktay, doğru-dürüst sevgilisi belə olmayan Firəngizin münasibət dəyişkənliyindən sarsılır. Amma bu sarsılmadan doğan nəticə, Oktayın düşdüyü yer, onun həqiqət axtarışı, sevgi yanaşması mənə çox mənasız göründü. Əvvəlki pərdələrdə intensivliyi ilə tanınan Oktay sonra inzivaya çəkilir. Üstəlik ortada katastrofik həddə çatmış bir vəziyyət də yoxdur.
 
Məgər səfil həyatı sürmək, xalq üçün mədəniyyət yaratmaqdan daha cazibəlimi görünür? Sürgündə illərlə səfil həyatı sürən Oktay yenidən səhnəyə qayıdır. Doğrudur, onun ənənəsi davam etdirilərək ölkədə peşəkar teatr yaradılıb. Oktayın azərbaycan qadınını səhnədə görmək arzusu sonda reallaşır. Firəngiz Oktayı darda qoymamaq üçün çatışmayan aktrisa yerinə özü getmək istəyərək ayağa qalxır və bunu qətiyyətlə bildirir. Xalqının qadınlarını təhsilli, erudit, funksional, basmaqəliblikdən uzaq görmək istəyən Oktay elə ilk cürətli qadını beşiyindəcə boğur. 
 
Oktayın Firəngizi öldürməsi ya da öldürərək yaşatması sevən bir adamın yanaşmasıdır amma sənət var etmək istəyən adamın teatra vurduğu zərbədir. Ölkəmdən bir qadın aktrisa çıxsın deyə diş-dırnaq çabalayan Oktay, o qədər adam arasından cürət edib çıxan qadını elə oradaca öldürür. 
 
Oxuduqca Cek Londonun "Martin İden" əsəri ilə bəzi oxşarlıqlar tapdım. Martin sevgisinə qovuşmaq üçün elm-mədəniyyət dəryasına baş vuran biridir. Onun üçün sevgisi məqsəd, elmi isə vasitədir. Amma elm və mədəniyyət o qədər dərin və möhtəşəmdir, öyrənmək, çox şeyi bilmək insanı o dərəcədə ekstaza çatdırır ki, Martin üçün artıq sevgisi arxa plana düşür. "Oktay Eloğlu" isə bir ölkə üçün teatr yaratmaq kimi nəcim, ali bir məqsədlə yola çıxır, amma bütün çabalarını adi bir olaya qurban verir. Məncə bu tip mövzularda hər zaman elm və mədəniyyət qazanır, sevgi sarsıntıları ikinci planda olur. Real həyatda Oktayı və onun başına gələn hadisəni düşünün. Təsəvvür edin Azərbaycan üçün mədəniyyət yaratmağa imza atan adamlar bu tip səbəblərdən dolayı qaçıb gedirlər. Vay Azərbaycanın halına!
Ya da gəlin Oktay Eloğlunu bir vicdan məhbusu kimi təsəvvür edək. Firəngizi də məhkəmədə üzə duran bir şahid kimi. Sizcə üzə durma səbəbindən mübarizədən çəkilərmi kimsə? Çox sadəlövh görünməzmi bu?
 
Son olaraq
 
Tanrı varsa belə dünyanın işlərinə qarışmadığı ortadadır, proseslərə biganədir. Təkamül hər şeydir, o olmazsa inkişaf olmaz, güclü həmlə etməyə qadir bir silahımız var, o da beynimiz. Cəfər Cabbarlı da digər ziyalılar kimi bunu dərk etmişdi. Məhs buna görə əsərdə Oktayın dili ilə aşağıdakı sözləri demişdir:
"Yaşamaq istəyiriksə yaratmalıyıq. 20-ci əsrin təkamülünə qarşı bu yazıq xalqı buraxıb qaçmağı kim özünə layiq bilirsə, bilsin, mən bilmirəm."
 
Nicat Kamal
 
Kultura.az
Yuxarı