post-title

Müəllimlərin qurultayında dava

Qafqaz müəllimlərinin 1906-cı ildə baş tutan ilk qurultayı cəmiyyətimizin inkişafına töhfələr verməyi qarşısına məqsəd qoymuşdu. Qurultayın gündəliyi kifayət qədər yenilikçi fikirlərlə zəngin idi. Gündəliyin təxmini məzmunu belə idi: dövrün tələblərinə cavab verən proqram hazırlamaq, o proqrama uyğun dərsliklərin tərtibi, oxu və yazı üslubunu asanlaşdırmaq, təhsilin ana dilində olması, kənd müəllimlərinin güzəranının yaxşılaşdırılması, Bakıda və Gəncədə Qori müəllimlər seminariyasının filialının açılması, təhsil proqramının ona uyğun təkmilləşdirilməsi və başqa bu qəbildən olan məsələlər.

 
 
Azərbaycan tarixinin iki önəmli ismi – Həsən bəy Zərdabi və və Nəriman Nərimanovun təşəbbüsü ilə baş tutan qurultay 15 gün davam edir. 15 avqustda başalayan müzakirələr 30 avqusta kimi uzanır.
 
Qurultayda Nəriman Nərimanov, Əhməd bəy Ağaoğlu, Həsən bəy Zərdabi kimi dövrün tanınmış ziyalıları ilə yanaşı, gələcəkdə pedaqoji fikrə öz töhfələrini verəcək insanlar – Süleyman Sani Axundov, Firudin bəy Köçərli, Abdulla Şaiq kimi insanlar da iştirak edirdilər.
 
Qurultayın əsas mövzusu dil məsələsi idi. O dövrdə məktəblərdə Azərbaycan dilində danışmaq və təhsil almaq qadağan idi. Bu qadağa isə maarif müfəttişi Levitskinin nəzarətində idi.
 
Qurultay iştirakçılarını narahat edən ən önəmli məsələ dil məsələsinin həlli idi. Bu məsələnin həllində Nərimanov xüsusi fəallıq göstərirdi. O, heç bir şəkildə müsəlman uşaqların rus dilində icbari təhsilini qəbul etmirdi. Məsələnin həlli üçün Qafqaz canişininə hazırlanan müraciətin müəlliflərindən biri məhz o idi.  Canişinə göndərilməsi nəzərdə tutulan təklifdə qadağanın ləğvini tələb etməyin tərəfdarı idi Nərimanov.
 
Qurultayın yeddinci günü – 21 avqust. Müraciətin mətni tam hazırdır. Ancaq bir “amma” var: hazırlanmış mətn “Qurultay canişindən xahiş edir...” sözləri ilə bitir. Bu vaxt salondan gənc birinin etiraz səsi ucalır: “Qurultay tələb edir! Xahiş yox”. Bu səs hələ o vaxt Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə Odessada tibb təhsili alan gənc Nəriman Nərimanovun səsi idi.
 
 
Bu səsə ilk reaksiya Həsən bəy Zərdabidən gəlir. O, bildirir ki, müraciət “tələb edir” sözləri ilə yazılsa, canişin bundan hiddətlənə bilər. Belə olan halda o, müraciətə heç bir müsbət cavab verməz. “Xahiş” kəlməsini yazmaq daha müvafiqdir, nəzakətlidir”.
 
Belə olan halda fikirlərdə bölünmə yaranır. Nəriman Nərimanov təklifləri səsverməyə qoymaq fikrinə gəlir. Nərimanovun “tələb edirik” təklifi qurultay iştirakçıları tərəfindən qəbul edilir. Bu vaxt gənc müəllimlərdən biri “Ağıl yaşda deyil, başdadır” deyərək Həsən bəyi təhqir edir. Həsən bəy məyus halda salonu tərk edir.
 
Qurultay baş tutan ərəfələrdə Həsən bəy xəstə və çox zəif idi. Lakin ictimai işlərdə mümkün qədər fəallıq göstərməyə çalışırdı. Belə bir olayın yaşanması onu çox üzmüşdü. Həsən bəyin həyat yoldaşı Hənifə xanım Məlikova onun haqda qələmə aldığı xatirələrində həmin üzücü günü belə qeyd edir: “Müəllimlərin ilk qurultayı keçirilirdi. Qurultayda kədərləndirici münaqişə baş verdi. 1906-cı ildə keçirilən həmin qurultayda görkəmli adamlardan biri (Nəriman nərimanov nəzərdə tutulur – V.B) təklif etdi ki, hökumətdən bizim qərarın təsdiqlənməsi tələb olunsun. Həsən bəy buna belə cavab verdi: “Biz hələ “tələb etmək” həddinə çatmamışıq, biz hələlik yalnız “xahiş edə” bilərik”. Səs-küy salmaq və özünü gözə soxmaq istəyən adamlar Həsən bəyin bu sözünü hökumətə qulluq göstərmək kimi qələmə verirdilər. Həsən bəy qulluq göstərmək üçün yaranmamışdı. O, heç bir hay-küysüz və ədasız, “tələb etmək”lə qorxutmadan hökumətdən nəyi bacarırdısa almışdı”.
 
Həsən bəyin təhqir olunması xəbəri Hacı Zeynalabdin Tağıyevə çatdırılır. Bu xoşagəlməz olayın səhəri günü – 22 avqustda gözlənilmədiyi halda Hacı Zeynalabdin Tağıyev qurultaya gəlir, özü də həddindən artıq qəzəblənmiş halda. Nəriman Nərimanovla onun qarşılaşması, daha dəqiq, toqquşması bu zaman baş verir. Tağıyev qurultay iştirakçılarına ünvanlanan müraciətində kəskin və Nərimanovun qəlbinə dəyən sözlər sərf edir: “Sizin dünənki qərarınız göstərir ki, qurultaya Nəriman Nəcəf oğlu kimi uzağı görməyən adamlar rəhbərlik edir. Bilirsinizmi, o kimdir? Onun cibində bir qara qəpiyi yoxdur. Mənim pulumla oxuyur. İndi gəlib burada inqilabi danışıqlar aparır, sizi də ağıldan-başdan  çıxarmaq istəyir. Xahiş edirəm, dünənki qərarınızı dəyişin, çünki hökumət yanında millətimizə ayıb gətirən işdir”.
 
Tağıyev böyük xeyriyyəçi olmaqla yanaşı, həm də yaşlı bir biznesmen idi, hökumətlə münasibətlərinin pozulması onun biznesi üçün ağır nəticələr verə bilərdi. Onun soyuqqanlılığının səbəbini bununla izah edə bilərik. Lakin bir tərəfdə də hələ çox gənc, inqilabi meyilli bir gənc – Nərimanov dayanmışdı. O, qəti addımların tərəfdarı kimi çıxış edir, heç bir halda mötədilliyə haqq qazandıra bilmirdi. Eyni zamanda bir məsələ də qurultay iştirakçılarını səbirsizləndirirdi. Nərimanov Tağıyevin pulu ilə təhsil alırdı. Qurultaydakı bu vəziyyətdən sonra, o, necə davranacaqdı?! Hacının sözlərindən sonra o, kürsüyə qalxır və danışmağa başlayır: “Yoldaşlar! Mən də cənab Tağıyevdən təqaüd alanlardanam. Lakin mən bilmirdim ki, cənab Tağıyev yoxsul müəllimlərə kömək etməklə istəyir ki, onların müstəqil fikirləri olmasın. Hərgah indiyə qədər cənab Tağıyev tələbələrə ona görə kömək etmiş ki, onlar yalnız Tağıyevin dediyini desinlər, belə olduqda mən özümün keçmişimi və hal-hazırımı heç zaman ləkələyə, fəryad etmək lazım gələn yerdə susa bilmərəm. Başqalarının nəinki açıq danışdığı, hətta çar istibdadına qarşı azadlıq yolunda öz qanlarını tökdükləri bir zamanda, mən heç kəsə ixtiyar verməmişəm və imkan vermərəm ki, mənfur qızılın gücü ilə məni susdursun. Mən zəmanəmizin zalımlarından xilas olmaq üçün, gələcək nəsillərin özünü mənfur qızıla satmaması üçün bütün qurultay qarşısında cənab Tağıyevin təqaüdündən məmnuniyyətlə imtina edirəm”.
 
Nərimanovun bu açıqfikirliliyi və cəsarəti uzun illər müəllimlər, eləcə də başqa sənət sahibləri arasında əsas söhbət mövzularından biri olduğu qeyd edilir.
 
Manaf Süleymanov “Eşitdiklərim. Oxuduqlarım. Gördüklərim” kitabında hadisənin nəticələrini qeyd edir: “Bu əhvalatdan 25-30 il keçəndən sonra Tağıyevin baş mühasibi Mir Məhəmməd deyirdi  ki, hər il payızın əvvəlində təqaüd göndərdiyimiz tələbələrin siyahısını tutub Hacıya təsdiqə verirdim. O əhvalat baş verəndən iki ay sonra Hacıdan xəbər aldım ki, Nərimanovu siyahıya salım, ya yox? Dedi ki, sal. Nərimanov isə sözünün üstündə durub pulu almamış, geri qaytarmışdı”.
 
 
Buna baxmayaraq, Azərbaycanda sovet hökuməti qurulandan sonra Nərimanov Hacıya heç bir yardımını əsirgəmir. Mərdəkanda “Aşağı bağ” da Hacıya verilir.
 
Bir şeyi də qeyd etmək yerinə düşər ki, Nərimanov Hacının göndərdiyi pulları geri qaytarmaqla yanaşı, əvvəlcədən aldıqlarını da geri ödəmişdi. Hacı bunu biləndə çox məyus olmuşdu. Nərimanov onun oxutduğu tələbələr arasında ən sevdiklərindən biri idi. Elə Nərimanovun da ona çox böyük hörməti vardı. “Hacı Zeynalabdin Tağıyevin 50 illiyi” adlı əsərində “Yaxşı insan necə olmalıdır” sualına sanki cavab axtarır və bu axtarış sonucunda tapdığı cavab Tağıyevi göstərir. Onu “ruzigarın bizlərə bəxşiş etdiyi dəyərli zat”, “millətin bəzəyi” kimi təqdim edir.
 
Tarix göstərdi ki, Nərimanov-Tağıyev qarşılaşmasında, həmçinin Nərimanov-Zərdabi qarşılaşmasında Nərimanov haqlı idi. Bu hadisə baş verməzdən az öncə inqilab baş vermişdi, zaman dəyişirdi. Xalqlar öz müqəddəratlarını həll etmək üçün çaba göstərirdilər.
 
Bu münaqişəni atalar və oğulların fikir ayrılığı kimi də qiymətləndirə bilərik. 
 
1937.az
 
Yuxarı