post-title

Elin oğlu C. Cabbarlının “Oqtay Eloğlu”su

Müsabiqə üçün yazı

 
 
“Oqtay Eloğlu” (1921) əsəri Azərbaycan Milli Teatrını yaratmaq uğrunda mübarizəyə həsr olunub. Əsas qəhrəman, şübhəsiz ki, əsərə adı verilmiş Oqtay Eloğludur. Firəngiz, Aslan bəyə də birinci dərəcəli qəhrəmanlar kimi baxmaq mümkündür. Digər obrazlaraınsa bir qismi (Səməd, Şəkinski, Nadya, Sevər, Hacı zaman və s.) ikinci dərəcəli qəhrəmanlardır, bəziləri də ( Gülgəz, Tabasaranski, Muxan, Elxanlı və s.) dekorativ mahiyyət kəsb edir. 
 
Pyesin əvvəlində qurub-yaratmaq eşqiylə yaşayan, bol enerjili, səhnə üçün özünü fəda edən bir obrazla-Oqtayla qarşılaşırıq. O Oqtay ki, rusdilli Tamara, daim kefli olan rejissor  Tabasaranski, işinə məsuliyyətsiz yanaşan Xaspolad, Şəkinski kimilərlə işləməyə məcburdur. Məcburdur ona görə ki, bu çətin yolda onunla həmfikir olan birisi yoxdur. Ətrafındakıların hər biri teatra ciddi yanaşmır, laqeyd münasibət göstərir və bu da zaman-zaman Oqtayın hiddətlənməsinə belə gətirib çıxarır. Oqtay kinayə ilə deyir: “Bunlar Azərbaycan xalqı üçün sənət yaradacaq, mübarizə aparacaq, səhnə düzəldəcəklər.”  O, günlərdir ki, yatmır, üzüyünü , çəkmələrini belə girov qoyub. Lazım gələndə rejissor olur, yeri gələndə dekorasiyaları düzəldir, parik axtaran Tamara da, adi bir qalxana dəstə tapa bilməyən Rüstəm də onun üstünə gələndə Oqtay bezmir və usanmır. Çatışmayan cəhətləri görən Dursun, Şaqqulu oyunu saxlamağı təklif etsə də Oqtay razı olmur və : “Olmaz! Oyun saxlanmaz, xalqı çiyrindirirsiniz...” “Bu gün saxlasan, sabah kimsə bu qapıdan keçməz” kimi ifadələr işlədir. Səmədlə dialoqda isə Oqtayın ailə vəziyyəti, kimliyi aydınlaşır. Atası dünyasını dəyişib. Anasını yas yerlərinə o səbəbdən buraxmırlar ki, “oğlu oyunbazdır, arvad tumanı geynir.” Neft almağa pul olmadığından naxoş bacısı günlərdir ki, qaranlıqda yatır. Əmisi də nişanlısını özgəyə verib. Bütün bunlarsa Oqtayı işindən ayıra bilmir. Nə qədər ağır yük altına girdiyini anlayan Oqtay deyir: “Mən bu yolla gəlirkən xalqımdan altun taclar gözləmirdim.” Rüşdiyyə bitirmiş, idraklı,rusca-azərbaycanca gözəl savadı  olan Oqtay istəsə, özü demiş məqsədi pul qazanmaq olsa, yolları çox gözəl bilir. Amma o, özünü azad fikirli sənətkar, bir sənət düşkünü adlandırır. Çinovnik ola bilməyəcəyini vurğulayaraq tərcümeyi-halını belə yenidən yazır və deyir: “Xalq və “mən” –bu iki söz bir yerə sığışdırılmaz. Ya mən olmalıyam...Ya o olmalıdır.” Bundan sonra Oqtay sanki səhnədən çıxır və yerini Oqtay Eloğluya verir. Oqtay Eloğlusa: “Səhnəmiz yox. Fəqət olmalıdır. Onu da mən yaradacağam”-deyir və fikrini davam etdirərək: “...mən dörd divar arasına alınmış bu rəngarəng həyatın tanrısı olacağam” söyləyir. Oqtaya böyük bir pul ilə rus səhnəsinə çağırıldığını xatırladan Səmədə aktyorun cavabı belə olur: “Mən prinslərin saxladığı köpəklər kimi hazır nahara gəlmək istəmirəm. Başqalarında səhnə, mədəniyyət, hər şey var, bizdə yox. Yaşamaq istəyirsək, yaratmalıyıq.” Səməd ona ağlını toplamağı məsləhət görür, ac qalacağını deməklə gözünü açmağa çalışır, səhnə xəyalı ilə yaşayan Oqtay Eloğlusa düşündükləri nə qədər utopiya kimi görünsə də, real iş uğrunda qollarını çırmalayır, öz gücünə güvənərək mübarizəyə başlayır. Birinci pərdənin sonunda Firəngizlə rastlaşması onun faciəsinin ilk rüşeymləri hesab oluna bilər. Firəngiz də teatr, səhnə həvəskarıdır, amma hələ ki, passivdir, sadəcə sevdiyi aktyora- Karlı ruslardan yaxşı oynayan Oqtaya gül gətirməklə kifayətlənir. Aslan bəylə də qiyabi tanışlıq birinci pərdənin sonunda baş verir. Bəlli olur ki, uprava üzvüdür, Firəngizin qardaşıdır. Birinci pərdə bir növ hadisələrə giriş rolunu oynayır. 
 
İkinci pərdə oynanılmış tamaşa haqqında yazılmış resenziyanın  oxunmasıyla başlayır. Əslində, bu səhnə Şəkinski, Tamara kimilərin Oqtaya necə qısqanclıqla yanaşmasını aşkar etmək üçün bir vasitədir. Bu qısqanclıq ikinci pərdədə özünü sözlə göstərsə də, əsərin sonlarına doğru daha da inkişaf edir, əməllə təsdiqlənir. Hələ ki, Şəkinski tənqidə dözmür: “ ...Nə oldu həmişə Oqtay belə-helə, o birilər biri belə gəldi, biri belə getdi,”- deyərək hiddətini gizlətmir. Oqtayın səhnə üçün Azərbaycan qızı arzulaması isə istedadsız Tamaranın qıcıqlanmasına səbəb olur: “ Pajalyusta! Gəlsin sizin Azərbaycan aktrisaları, yetişdirin, gəlib oynasınlar.”  Oqtaysa cavabında deyir: “ Gələr bir zaman ki, sən Tamara öz gözlərinlə... səhnəmizi şənlətən bir azərbaycanlı qızı görəcəksən.”  Oqtayın Səmədlə, Firəngizin isə Nadya ilə söhbətləşməsindən bəlli olur ki, onlar bir-birlərini sevirlər. Bu sevginin mümkünsüzlüyü Səməd vasitəsiylə Oqtaya aydın olur və o, anlayır ki, Danyar bəyə rəqib olmaqda gücsüzdür, Firəngizə eşqi və ürəyindən başqa heç nə bəxş edə bilməyəcək. Mümkünsüzlüyü dərk edən Oqtay Firəngizə məcbur olaraq, istəmədən “get” deyə bilir. Sevgisini anlasa da, onu deyil Şillerin idealını, Şəmsəddin Sami bəyin mimi-mini yavrusu Pərvizi sevdiyini deyərək Firəngizi yolundan döndərməyə çalışır. Nəhayət, onun zəngin bir evdən, özünün yoxsul olduğunu deməklə bir-birilərinə rəngarəng pərdənin arxasından baxdıqlarını dərk etdirməyi özünə borc bilir. İlk toxumları birinci pərdədə səpilən Oqtayın faciəsi ikinci pərdənin sonlarına doğru bir az da inkişaf edir. Birinci pərdənin sonunda adı keçən Aslan bəyin qəfil gəlişi və teatrı “alçaq yer” adlandırması, əslində, onun teatr, səhnə haqqında nə düşündüyünü açıq-aşkar bəlli edir. İkinci pərdədə göründüyü kimi hadisələr get-gedə düyünlənir, mürəkkəbləşir.
 
 Üçüncü pərdədə isə yeni bir obraz-Hacı Zamanla (Firəngizin atası) rastlaşırıq. O tipik bir mövhumatçıdır, mühafizəkardır, hər cür yeniliyin əleyhinədir. Düzdür, övladlarının təhsil almasına şərait yaratsa da, görünür ki, o təhsilin əsl mahiyyətini dərk edən birisi deyildir. Xalqın tənəsindən çox qorxan Hacı üçün teatr bir oyunbazxana, aktyorlar isə namussuzdurlar. Aslan bəy atasının bir qədər inkişaf etmiş formasıdır, sadəcə geyim və təhsili fərqlidir, düşüncələri isə atasının fikirlərinin davamıdır. Əslində, qlava, qubernator  yanında hörmətli sayılmaq, vəhşi adlandırılmamaq üçün süni mədəniyyət libası geymiş biridir. Əgər belə olmasaydı Danyar və Oqtayı bir tərəziyə qoymaz, üstünlüyü kommersant Danyar bəyə verməzdi. Onun üçün Oqtay it dəftərində adı olmayan biridir və düşünür ki, kakoy-to bədbəxt aktyoru pul gücünə ələ ala bilər. Oqtay yoxsul bir aktyor, xalq sənəti, xalq teatrı uğrunda əlindən gələni edən biri kimi Aslan bəyin ona uzatdığı pulları məharətlə onun üzünə çırpa bilir, maddi gücü təmsil edən Aslan bəy qarşısında mənəvi gücünü göstərir. Oqtayın onu çinovnik adlandırması, Aslan bəyi qəzəbləndirir və sürgün, həbslə aktyoru hədələyir. Oqtaysa fikrindən dönmür, onu bir heç adlandırır. Firəngizlə söhbəti və sevdiyinin onu, üç illik sevgini inkar etməsi Oqtayı sarsıdır: “Firəngiz! Firəngiz! Axı bir mənə anlat ki, sən nəsən, nə?” Firəngiz Oqtaya teatr səhnəsindəki süniliyi xatırladanda Oqtay ürəyinin süni olmadığını, Firəngizi qramafonlar kimi söylədənin pul olduğunu deyir. Çünki onların cəmiyyətində düşünən beyinlər, çırpınan ürəklər pula satılır. Firəngiz sevgisinin süni olduğunu anlamaqda güclük çəkən Oqtay duyğusuz, varatnikli odun parçalarından deyil, öz eşqindən, taleyindən, idealından, tanrısından intiqam almaqçun yola çıxır və özünü səfillər padşahı elan edir. Bütün bunlar Oqtayın faciəsini daha da dərinləşdirir. Oqtay nə qədər intibahçı, yenilikçi bir xarakterə malikdirsə, bir o qədər də faciəvi bir obrazdır. Bu pərdədə baş verənlər kapitalizm məngənəsində sıxılan ziyalıların faciəsinin təsviri baxımdan əhəmiyyətlidir. Pulun hökmranlıq etdiyi bir mühitdə yenilikçi obrazın faciəsi böyük ustalıqla işlənmışdir. Oqtayın özünü səfillər padşahı adlandırması, həqiqət axtarışına çıxması əsərin zirvə nöqtəsi, kulminasiyası hesab oluna bilər. 
 
Dördüncü pərdə qış günündə Sevərin dilənməsi ilə başlayır. Onun dilənçi qadınla söhbətindən bəlli olur ki, qardaşı-Oqtay on ildir ki, sürgündədir. Bu illər ərzində Danyarla heç də xoşbəxt ola bilməyən Firəngizdən savayı Sevərə kömək edən olmayıb. Səməd və Xaspoladın dialoqundansa bəllidir ki, teatrın anası, adı bir sənət simvolu olan, bir məsələ, hekayəyə, ideala çevrilən Oqtay qayıdıb. Bu pərdədə Oqtayın bir növ fəlsəfi görüşləri yer alır. Süniliyə nifrəti hər halından bəlli olan Oqtay: “Zavallı bəşəriyyət, neçin həqiqəti gizlədirsiniz? ...Qoyun bu çirkin qara daşlar olduğu kimi bütün dəhşətilə görünsünlər”- deyir. Xaspoladın, Səmədin onun arxasınca gəlməsinə səbəb öz mənfəətlərini düşünmələridir. Dostluq, qardaşlıqdan dəm vuranlardan bacısını soruşanda onlar özlərini itirir və mızıldanırlar. Oqtaya bəllidir ki, bu dostları arxasınca gəzdirən puldur, yalnız  pul. Oqtayın onlara “soyunun” deməsi, əslində, onların olduqları kimi görünməyi tələb etməsindən başqa bir şey deyildir. Sevər “Sən allah, sən kimsən?” -deyə soruşanda qardaşının verdiyi cavab da maraqlıdır. Oqtay deyir: “ Hansı allah? Çünki allahlıq məsələsi hələ aramızda ixtilaflıdır. O deyir mən səni yaratmışam, mən deyirəm yox, mən səni yaratmışam.” Bu fikirlər bir növ Kantın baxışının eynisidir. İ. Kant deyir: “ Bəlkə də Allah insanı deyil, insan Allahı yaradıb.” Sona doğru, Sevərini tapan Oqtay məhz ona görə səhnədə oynamağa razılıq verir. 
 
Beşinci pərdədə Şəkinski, Tamara kimilər artıq hərəkətə keçir, tamaşanın baş tutmaması üçün əlbir olurlar. Belə bir məqamda, qarışıq səslərlə dolub- daşan salona üz tutan Oqtay deyir: “ Səfil xalq, nə bağırırsan! Səndə sənətkar bir qadın yox, varsansa yarat, yaratmırsansa, sus, uzan, öl.” “Yaşasın ilk qaranquş” sədaları altında Aslan bəydən belə çəkinməyən Firəngiz məhv etdiyi Oqtayı diriltməkçün səhnəyə addımlayır. Dörd- beşinci pərdələrdə artıq düyünlər yavaş-yavaş açılır.
 
Altıncı pərdənin əvvəli finala ilk addımlardır. Uzun illərədən sonra Firəngiz və Oqtay qarşılaşır. Onlar səhnədə Karl və Amaliyanı deyil, məhz özlərini canlandırırlar. Həqiqət axtarışında olan Oqtay səhnəni həyatdan ayırmır, onun intiqam alacağı idealı-Firəngiz artıq qarşısındadır. Gerçəklik və səhnə arasında çapalayan, yaşadıqlarının həqiqət yoxsa sünilik olduğunu dərk etməkdə çətinlik çəkən Oqtay bıçağı Firəngizin-idealının köksünə sancır.
 
 Ümumiyyətlə, əsərdəki hadisələr Oqtay (Yenilik)-Firəngiz (İdeal)-Aslan (Pulun hakimiyyəti) obrazlarının yaratdığı üçbucaq ətrafında cərəyan edir. Əsərin əvvəllərində Oqtayın ilk məqsədi teatr yaratmaqdırsa, əsərdə keçən sevgi xətti onun məqsədinə əlavə rənglər də qatır, düşüncələrini, fikirlərinin axarını daha da zənginləşdirir, dərinləşdirir. Oxucu zaman-zaman cismən xalqı, ruhən isə sevgisi üçün yaşayan Oqtayı anlamaqda çətinlik də çəkə bilir. Mürəkkəb və çoxşaxəli təsvir olunan Oqtay Eloğlu xalqı nə qədər düşünürsə, həqiqəti də bir o qədər tapmaq istəyir və  əsər boyu onun axtarışında olur. Digər bütün qəhrəmanlarsa Oqtaydan fərqli olaraq birtərəfli təsvir olunub.  Oqtayın faciəsi pərdədən-pərdəyə keçdikcə yeni-yeni donlar geyir, daha da dərinləşir. Oqtay eyni zamanda üsyankar bir obrazdır. Əsər boyu etdiyi çıxışlar, dediyi sözlər bunu bir daha təsdiqləyir. Əslində, deyilə bilər ki, təsvir olunan bütün əsas və yardımçı obrazlar, baş verən bütün hadisələr bir növ Oqtayın xarekterini açmağa köməklik edir. Oqtay intibahın, yeniliyin carçısıdır və dəqiq cizgilərlə işlənmiş bir qəhrəmandır. Əsərin bir qütbündə yenilik, tərəqqi, inkişaf, mənəvi zənginlik digər qütbündə isə köhnəlik, gerilik, ətalət, maddiyyat dayanır, əsər boyu bu iki qütbün kəsişməsi rəngarəng hadisələrin meydana çıxmasına rəvac verir ki, bu da əsərin oxunaqlığını artırır. Məkan olaraq hadisələr səhnədə başlayır, elə səhdə də sona çatır, yekunlaşır. 
 
C. Cabbarlı dahiliyinin təsdiqi üçün bircə “Oqtay Eloğlu” əsəri kifayət edir. Əsər sevilərək oxunur, çünki əsərdə müəllifin özündən də ştrixlər tapmaq mümkündür. Əslində, elə C.Cabbarlı özüdə  xalqı, milləti üçün yaşayıb-yaratmış biridir, Azərbaycan elinin oğlu, qısaca Eloğludur!
 
Mehri Mustafa
 
Kultura.az
Yuxarı