Ölkənin üzərinə sanki boz çadır çəkilib. Hansı fəsildə, haradan baxırsan, bax, yuxarıdan, aşağıdan, sağdan, soldan, hər yer bombozdur. Bakı boz toz dumanı içərisində bütün rənglərini itirib artıq. Əyalətlər, ümumiyyətlə, bozdan başqa rəngin olduğundan xəbərsizdirlər.
İnsanların surəti boz, geyimləri, həyatları boz. Başqa rəngləri qoyaq bir yana, heç illərdir alın təri tökən qara rəng də rahatlıqla girə bilmir bozun bazarına. Əslində, tez-tez qara ilə bozun arasında gedib gəlirik, amma hələ ki, xoşbəxtlikdən bozda qərar tutmuşuq. Xoşbəxtlikdən deyirəm, çünki boz qaradan bir addım üstündür, bozdan qurtulmaq şansımız var. Amma boz keçid rəngidir. Davamlı boz bir gün mütləq qaraya çevrilir. Mütləq!
Əlbəttə ki, haradakı insanlar kitabla, əsl mədəniyyətlə düşməndir, haradakı təhsilin gücü heç nəm salfet monopoliyasının gücü qədər deyil, haradakı ibtidai düşüncənin məhsulu olan din bütün qolları ilə hər tərəfdən irəliləməkdədir, orada bozun qələbəsi qaçılmazdır. Amma yenə də nəyəsə cəhd etməliyik...
Bu qədər normal əyləncənin, məşğuliyyətin olduğu dünyada həyatımızı maraqlı etməyi bacarmırıq. Çünki nəyi necə edəcəyimizi bilmirik. Nəyin pis, nəyin yaxşı olduğuna özümüz qərar verə bilmirik. Çünki tabular və qorxular tərəfindən idarə olunuruq. Çünki həyatımız bir parça çörəyə təslimdir.
İyirmi birinci əsrdə insanın həyatı niyə boz olsun ki? Oxunmalı bu qədər kitab, baxılmalı bu qədər film var, gedib rəqs etməli, stress atmalı və baha başa gəlməyən o qədər əyləncə məkanları təşkil etmək olar ki. Əlbəttə, maddi sıxıntının, hər günü qorxu və ehtiyac içində açmanın, yaşamın qətiyyən təminat altında olmamasının rolu az deyil bunda. Amma bunlar işin bir tərəfidir. İşin digər tərəflərindəki problemləri yoluna qoymaqla bu tərəfin boz şüalarını az da olsa neytrallaşdırmaq mümkündür. Pablo Neruda xatirələrində yazır ki, Latın Amerikası ölkələrindəki diktaturaların, hərbi xuntaların özünəməxsus cəhəti var: burda sistem insanları məhv edə bilməyib. İnsanlar heç vaxt imkan verməyiblər ki, siyasi-sosial proseslər, qayğılar onların gündəlik həyatını boz eləsin, onları insan olmaqdan çıxarıb zombiyə çevirsin. Tək Latın Amerikası deyil, mədəni cəhətdən inkişaf etmiş xalqların əksəriyyəti olduqları maddi durumdan, siyasi vəziyyətdən asılı olmayaraq, zəif və ya güclü şəkildə, “yaşamağı bacarırlar”.
Yaşamağı bacarmırıq. Əylənməyi bacarmırıq. Maraqlı və faydalı məşğuliyyət tapmağı bacarmırıq. Beləcə, şəxsi həyatımız bomboz səhraya çevrilir. Şəxsi həyatımızın bozluğu isə bizi digər insanlarla münasibətdə gərgin edir. Ciddi əhəmiyyəti olmayan nöqsanları ötürməyi, bağışlamağı, səmimi olmadan belə, gülümsəməyi bacarmırıq. Unuduruq ki, insanlarla səmimi olmağa borclu deyilik, amma nəzakətli olmağa borcluyuq. Nəzakətsizlik, gərginlik domino effektini yaradır: dərhal bütün insanlar bundan öz payını alır.
Bəzi insanlar var, onların normal maddi təminatları var, həm də çirkaba bulaşmadan yaşayırlar (sayları az olsa da). İşləri də imkan verir ki, iş gününün sonunda, ya həftəsonu özü tək, ya ailəsi ilə, ya dostları ilə həyatının bir hissəsini maraqlı məşğuliyyətlərə ayırsın. Ancaq nə fayda? Onların da əksəriyyəti çörək pulu üçün səhər 7-dən axşam 10-a, 11-ə kimi piştaxta arxasında dayanmağa məcbur olan insanlarla eyni monoton, boz, darıxdırıcı həyatı yaşayırlar. Ev-iş-ev. Sadəcə, bunlar o birilərindən bir az çox yatırlar. Vəssalam. Tək fərqli əyləncə budur. Halbuki, işdən sonra ailəsi ilə, dostları ilə teatra, operaya, kinoteatra gedə bilər, bir neçə saat mütaliə ilə məşğul ola, özü kimi bir neçə insanla birlikdə sosial klublar filan təşkil edə bilərlər. Bu baxımdan, “mədəniyyət, əyləncə təminatlı insanların lüksüdür” kimi fikirlər də keçərli deyil. Bozluq artıq düşüncəyə, həyat tərzinə çevrilib. Maşının, evin, geyimin bahalı, böyük olmasını sevənlər unudurlar ki, belə şeylər insanı zehni cəhətdən heç zaman sakitləşdirə bilmir. Əksinə, getdikcə daha da həris edir insanı. Hərislik isə zehni gərginlik içərisində saxlayır.
Nəticədə, artıq həyatlarının çox hissəsini geridə qoymuş, həyatdan elə bir gözləntisi qalmayan qocalar gərgin, əsəbi, deyingən. Gənclər gərgin, qəzəbli, hər an döyüşməyə hazır xoruz kimi pırpızları havada. Ortayaşlılar gərgin, deyingən, qaçaqaç içində. Hətta artıq uşaqlar da əsəbi, asosial olmağa başlayıblar, əksəriyyəti bir-biri ilə yola getmir, vuruşur, əsəbi halda çığırıb-bağırırlar...
Boz rəng rənglərin xərçəngidir. Bir dəfə həyatımıza sızdısa, əvvəlcə özümüzü, sonra ətrafımızdakıları, sonda isə bütün ölkəni bürüyür. Bu xəstəlikdən az da olsa qorunmaq üçün heç olmasa mütaliə, musiqi, film və sosial aktivlik kimi elementar mübarizə üsullarını vərdişə çevirməliyik. Belə vərdişlərin özü bizi lazım olan məcraya yönəldəcək. Bütün çalarları ilə həyatımıza bürünən bozun üzərinə başqa rənglər də çəkilməyə başlayacaq.
Rəşad Səfər
Kultura.az