post-title

Misli görünməmiş axmaqlıq dövrü

Müasir dövr insanının həyatı xaosdan ibarətdir. Qarmaqarışıq, düzənsiz, yeknəsək həyat tərzi, darıxdırıcı iş, yaxud işsizlik, zəhləsi gedən adamlarla ünsiyyət məcburiyyəti onu yorub əldən salır.

 
 
İndiki dövrdə yaşamaq çətin, üzücü bir şeyə çevrilib. Ha istəyirsən problemləri qaydaya salasan, alınmır ki, alınmır. Əlindən gəldiyincə mübarizə aparırsan, amma bir də görürsən ondan da çox, topa-topa çətinliklər yığılıb yolunu gözləyir, sanki səni ələ salıb gülürlər. Ya üzünü sallayıb daim deyinən, gileylənən, depressiv bir məxluqa çevrilir, ya da istəmədən belə olsa, özünü təcrid edir, vəziyyətini bir az da qəlizləşdirirsən. Bəzən də çoxları kimi üzünə süni təbəssüm verib həyatdan zövq alan insan rolunu oynayırsan. Arxa baxçada isə nə baş verdiyini özün çox yaxşı bilirsən. Tənhalıq səni məhv edir, ən yaxınların, sevdiklərin  belə səni başa düşmür, bitməz-tükənməz problemlərlə boğuşur, gerçəkləşməyən xəyallarına görə özünü üzür, “kaş filan vaxtda filan şeyi filan cür edərdim” deyib özünü lənətləyirsən. Vaxt isə gedir, hər keçən dəqiqə sənin əleyhinə işləyir. Çox insafsız və mərhəmətsizdi vaxt, heç cür qarşısını almaq mümkün deyil. “Yəni beləmi davam edəcək?”, - deyə fikirləşirsən-  “Ola bilməz ki, belə davam eləsin, axı bu mümkünsüzdü, mən seçilmiş məxluqam. Ən azından özüm belə fikirləşirəm. Mən belə mənasız həyat yaşayıb ölə bilmərəm. Bu heç ölmək də deyil, bu, gəbərməkdi. Yox, belə olmaz, gərək nəsə eləyim...”
 
Həyatı, Allah bilir neçənci dəfə yenidən başlamaq qərarına gəlirsən. Motivasiya yığırsan, bir müddət, həqiqətən də, özünü çox yaxşı hiss edirsən, çalışırsan, bəzi şeylərin öhdəsindən gəlirsən. Amma... Amma bu çox qısa müddət davam edir, sonra yenə motivasiya yoxa çıxır, köhnə düşüncələr, köhnə ovqat, köhnə hamam, köhnə tas sindromu geri qayıdır, üzücü həyat tərzini yenidən yaşamağa başlayırsan...
 
Çox adam bu problemlərin ancaq onun özünə xas olduğunu, bəxtsiz məxluqun təkcə özü olduğunu güman edir. Amma narahatçılığa əsas yoxdu, insanların mütləq əksəriyyəti oxşar hissləri, oxşar həyatı yaşayır. Sadəcə, bəziləri bunu gizlədə, öz rollarını çox məharətlə oynaya bilirlər, bəziləri isə bilmir, məsələ budur. Düzdür, ətrafda az sayda heç nədən xoşbəxt olan axmaqlar da var, amma bir qədim məsəldə deyildiyi kimi, axmaq adamların xoşbəxtliyi də axmaq olur...  
 
Əvvəllər hər şey necə də asan görünürdü. İlkin gənclik illərində, həyata təzəcə qədəm basanda, adam elə bilir öhdəsindən gəlməyəcəyi şey yoxdur. Çətinliklərə, əngəllərə gülümsəyərək baxır, ciddi yanaşmırsan, sənin üçün bunlar asanlıqla həll edəcəyin boş-boş şeylərdi. Amma zaman keçdikcə, üzünə dəyən şapalaqların sayı artdıqca, həqiqəti anlamağa başlayırsan. Xırda bir şeyin öhdəsindən gəlməyin belə nə qədər vaxt, enerji və əmək tələb etdiyini anlayırsan. Problemlər, əngəllər, çətinliklər gün keçdikcə daha da çoxalır və sən də digərləri kimi vahiməli xaosun, çıxılmaz burulğanın içinə girirsən, bəlkə də birdəfəlik...
 
Bunların baş verməsində təbii ki, ən böyük günah bizdədi. Amma bizdən asılı olmayan səbəblər də var. Müasir insanın belə vahiməli ömür sürməsi kapitalizm sisteminin səbəb olduğu böhranlardan biridir. Hələ biz, azərbaycanlılar kapitalizmin ilkin, vəhşi formasının mövcud olduğu ölkədə yaşayırıq. Mədəni səviyyə aşağıdır, insanlar arasındakı münasibətlər gərgindir, cəmiyyətdə ibtidai adət-ənənələr, saxta dəyərlər, yalançı münasibətlər kök salıb. Hər şey daha köntöy, daha bayağı və primitiv formadadır. Ona görə də sosial rifahın, mədəni dəyərlərin daha yüksək olduğu Qərb ölkələri insanından fərqli olaraq, bizim həyat tərzimiz daha ağır və çətindir. Pula, dəbdəyə sitayiş, maksimum istehlakçılıq, insanlar arasındakı amansız rəqabət, həsəd hissidir bizim həyatımızı çətinləşdirən və özümüzü belə bərbad hiss etməyimizə səbəb olan şey. Biz ən brend paltarları, avtomobilləri, ən son çıxan mobil telefonları istəyirik, ən yaxşı, ən bahalı restoranlarda oturmaq, ətrafa hava atmaq istəyirik, cəmiyyətdə bir statusumuzun olmasını istəyirik. Aza qane olmuruq, daha çox, daha çox, daha çox şey istəyirik. Filankəs filan qədər maaş alır, filan restoranda oturur, filan maşını sürür, filan brend paltarları geyinir, filan ölkəyə tətilə gedir. Bəs mən niyə bunları eləmirəm? Mən ondan əksik-zadam? O kimdir ki, mən ondan dala qalım? Gərək mən də bunlara nail olum...
 
Belə düşünən insan bu qərara gələndə özünün imkanlarını, şəraitini, mühitini nəzərə almır. Bəlkə, həsəd apardığı həmin adam daha imkanlı ailədə doğulub, daha yaxşı təhsil alıb; bəlkə, sadəcə bəxti gətirib, həyat üzünə gülüb ki, belə alınıb; bəlkə də, bunlara nail olmaq üçün ömrü boyu çalışıb, əmək sərf edib, yuxusuz gecələr keçirib. Müasir dövrün insanı həsəd apardığı adamlarla rəqabətə girəndə, bunları nəzərə almır, hər şeyi qısa müddətdə əldə eləmək istəyir. Təbii ki, istəkləri alınmayanda da onu vahimə basır, depressiyaya düşür, özünü, insanları, həyatı lənətləməyə başlayır. 
 
“Gözəl”, “cəlbedici” həyat yaşayan insanlara baxın. Onların  gördüyü yeganə iş ucuz özünütəbliğdən ibarətdir. Sosial şəbəkələr özünü təbliğ edən belə insanlarla doludur. Yenə də bəziləri bu işi səliqəylə, ustalıqla görür, bəziləri orasına-burasına bulaşdırır, pintilik edirlər. Bu qəbildən olan adamlar “Facebook”da bahalı restoranlarda oturub kofe içir, dondurma, ekzotik yeməklər yeyir, vacib adamlarla iş görüşməsi edir, “Facebook”da dünya səyahətinə çıxır, “Facebook”da sevir, evlənir, uşaq dünyaya gətirir və s. Təbii ki, o, digər sosial şəbəkələrdə də eyni işlə məşğuldur, özünütəbliğlə. Onun pərəstişkarları, “like” eləyənləri var. Onu sevməyənlər, həsəd aparanlar da çoxdur (Hərdən o, belə adamlardan gileylənir, dalınca danışdıqlarına, paxıllıq etdiklərinə  görə onların heç vaxt artmayacağını bəyan edir və əslində belə adamların onun vecinə olmadığını bildirməklə nöqtəni qoyur...) Onun kimi “parlaq” həyat yaşamaq istəyən xeyli adam gizlincə, bəlkə də, özündən xəbərsiz onunla üzücü rəqabətə girib, ya da artıq hər şeydən yorulub bütün dünyanı lənətləməklə məşğuldur. 
 
Bu, müasir dövr insanının, böhranlı, vahiməli, yeknəsək həyat tərzidir. Saysız-hesabsız insan belə bərbad ömür sürür, axırda da ya uğursuzluqlarıyla barışır, yaş keçəndən sonra uşaqlara, pişiklərə, itlərə mehr salır, sakitliyə qovuşur, özünü lənətləməkdən əl çəkir, ya da heç vaxt əl çəkmir, özünə əziyyət verə-verə ölüb gedir...  
 
Halbuki həyat gözəldir, zövq alası saysız-hesabsız şeylər var. Telefonlar, sosial şəbəkələr, avtomobillər, paltarlar, restoranlar insana xidmət etməlidir, insan onların əsirinə çevrilməməlidir. Pul, şöhrət, dəbdəbəli həyat tərzi insanı xoşbəxt eləmir, yoxsa bütün varlı insanlar dünyanın ən xoşbəxt adamları olardılar. Görməmişlik insanın həm maddi, həm də mənəvi baxımdan axırına çıxır, bir dəstə naqis adam da insanların görməmişliyindən, cahilliyindən istifadə edib ciddi pullar qazanırlar. Bir şey yoxdursa yoxdur, azdırsa azdır, onun üçün özünü həlak etməyin mənası yoxdur. İnsan təvazökar olmalı, azla kifayətlənməli, mühitini, şəraitini, imkanlarını nəzərə almalıdır. İnsan paxıl, qeybətcil olmamalıdır. Dinməyən həsəd hissi, qeybətcillik, tənbəllik, passivlik, fəaliyyətsizlik insanı deqradasiyaya uğradır və bədbəxt edir. İnsan daim axtarışda olmalı, oxumalı, araşdırmalı, özünü tanımaq, özünü inkişaf etdirmək üçün dayanmadan fəaliyyət göstərməlidir. Yalnız bu halda insan rahatlığa, dincliyə qovuşa, özü-özündən əl çəkib daha gözəl yaşantıya, mənalı ömürə sahib ola bilər. 
 
Təvəzökarlıqdan uzaq, müdrikliyə qovuşmuş bir şəxs kimi görünmək istəmirəm. Yuxarıda təsvir etdiyim oxşar bədnam hissləri mən də çoxları kimi uzun müddət yaşamışam, əziyyət çəkmişəm. Elə bilirəm yazdıqlarım həqiqətdir, çünki bütün bunlar hamının bildiyi, ancaq görməzdən gəldiyi, əməl etmədiyi şeylərdir. Bunlar təkcə bizim gəldiyimiz nəticə deyil, qalın-qalın kitablarda, məqalələrdə bəhs edilən dönə-dönə vurğulanan şeylərdir. Yazdıqlarım sadəcə oxuduqlarımdan, öyrəndiklərimdən, müşahidələrimdən gəldiyim ümumiləşmiş nəticədir. 
 
Biz heç də sandığımız kimi “seçilmiş insan” deyilik, bizi qoruyan hansısa mistik qüvvə yoxdur, həyatımızın alınıb-alınmaması hansısa sirli, əsrarəngiz qüvvələrdən yox, özümüzdən asılıdır.  
 
Karl Saqanın təbirincə desəm, biz balaca bir ulduzun ətrafında fırlanan balaca bir planetin qabığında yaşayan qısa ömürlü kiçik məxluqlarıq. Heç də özümüzü “seçilmiş varlıq” kimi hiss etməyimizə səbəb yoxdur. Bizə həyat bir dəfə verilir, istəsək də,  istəməsək də belədir. Həm də həyat gözəl şeydi, onu gözəl  yaşamaq, bunun öhdəsindən gəlmək, ən azından buna cəhd eləmək lazımdı, yoxsa misli görünməmiş axmaqlıq etmiş olarıq...
 
Cavid Ramazanlı
 
Kultura.az
Yuxarı