Dost itirmək - ağır mövzudur. Dost qazanmaq çətin, itirmək isə doğrudan da çox asan imiş. Bəs bunun səbəbi nədir?
Mən indiyə kimi bir neçə çox yaxın dostumu yalnız bir səbəbdən itirmişəm. Başqa səbəblərdən dost itirdiyim yadıma gəlmir. Bəs bu hansı səbəbdir ki, sənə ən yaxın olan bir adamı, sirrini bölüşdüyün bir sirdaşı qısa bir sürədə səndən uzaqlaşdırır? Bu səbəb dindir!
Dillər universitetində oxuyan zaman rayondan gələn bir tələbəylə elə ilk gündən dostlaşdıq. Yeməyimiz-içməyimiz, dərslərə hazırlaşmağımız, idmanla məşğul olmağımız – hər məsələdə bir yerdə idik. Demək olar eyni vaxtda sevgi xəstəliyinə yoluxduq. Universitetin bufetində, çay masası arxasında oturub etdiyimiz söhbətlərə gedən vaxtı hesablasan uzun bir sürə alınar. Nakam sevgidən dərdləşmələr, kasıbçılıqdan əziyyət çəkmələr... Eyni durumdaydıq. Çox yaxın, mehriban idik. Cibimizin sonuncu qəpiyini də bölüşürdük. Mən bu adamla ömrümün sonuna kimi belə gözəl münasibətlərin qalacağına inanırdım. Ancaq...
Dördüncü kursda oxuyanda dostum islam dini ilə maraqlanmağa başladı. O, dinə yaxınlaşdıqca məndən uzaqlaşdı. Mən elə həmin deyib-gülən, yeyib-içən, zarafatcıl adam idim. Bir qram da dəyişməmişdim. Ancaq dostum çox dəyişdi. Biz öncələr hər gün görüşürdük, bir-birimizin evinə gedirdik. Mən bir neçə dəfə rayonda onun evində qonaq olmuşdum. Dinə qapılandan sonra görüşlərimiz səngidi. Əvvəllər hər şeydən söhbət edə bildiyimiz halda dinə qurşanandan sonra onun mövzusu yalnız Quran, Kəbə, namaz idi. Yığcamlanıb balaca, yaşıl bir qəfəsə girmişdi. O yanımda olanda dəhşət darıxırdım. Bir neçə dəfə emalatxanamda reklam edirmiş kimi uca səslə namaz qılandan sonra onunla tam ayrı dünyaların adamları olduğumuzu anladım. Bir sürə sonra tamamilə yadlaşdıq , bir-birimizə bircə kəlmə söz demədən aralandıq. O, saqqal buraxıb vaxtını məscidlərdə keçirməyə başladı, ətrafına özü kimi saqqallı həmfikirlərini topladı. Tələbəlik illərinin gözəl xatirələri buxarlanıb yox oldu. Münasibətlərimiz kəsildi. Evləndi, xanımı dərhal başını bağladı. Mən onu artıq uzun illərdir ki, heç görmürəm. Görmək arzum da yoxdur.
İş elə gətirdi ki, yaşlı vaxtımda əsgər getdim. Orada çox xoş xasiyyətli bir əsgərlə dostlaşdım. Yenə də eyni ssenari: bütün vaxtımızı bir yerdə keçirməkdən zövq alırdıq. Yeməyimiz-içməyimiz bir yerdəydi. Cibimizdəki pulu daim bölüşürdük. Əsgərlik bu dostumun sayəsində elə də ağır keçmədi. Əsgərlikdən sonra dostum İngiltərəyə getdi. Bir neçə il orada qaldı. Geri dönəndən sonra görüşdük, ancaq o, artıq öncəki adam deyildi. Dini cəhalət onun da beyninin dərinliklərinə nüfuz etmişdi. Dostum fəxrlə danışırdı ki, Londonda küçələrə çıxıb dini şüarlar qışqıran zaman polis onu tutub dustaqxanaya salmışdı. Polisin başına oyun açırmış. Məsələn, dediyinə görə, saxlanıldığı kameranın ortasına işəyirmiş, sonra da çığır-bağır salırmış ki, mən bu natəmiz kamerada qala bilmərəm. Xidmətçilər gəlib dərhal kameranı təmizləyirmiş. Sonra bu hərəkəti dəfələrlə təkrar edərək zindan işçilərinin zəhləsini tökməkdən zövq alırmış. O, bu hərəkəti ilə sanki çox böyük, önəmli bir iş gördüyünü zənn edirdi. O, söhbət etdikcə mən artıq onu itirdiyimi dərk edirdim. Anlayırdım ki, mən bir daha bu adamla görüşməyəcəkdim. Əsgərlikdəki gözəl günlərimiz artıq boş xatirədən başqa bir şey deyildi. Beləcə, bu dostum da həyatımdan silindi.
Başqa bir misal: öz doğma qardaşım. Çox təmiz ürəkli, sadə, xeyirxah bir insan idi. Qoşuldu dindarlara, qısa sürə içərisində onun başını absurd ideyalarıyla doldurdular. Zindan onun daimi məskəni oldu. İçəridə oturmağı azmış kimi bayıra da “anaya de başını bağlasın, namaz qılsın”, “bacıya de qısa ətək geyinməsin” kimi mesajlar göndərməyə başladı. Başında Pakistanda, Əfqanıstanda vuruşmaq, mücahidlərə qoşulmaq kimi fantastik, xəstə xülyalar dolandırmağa başladı. Səmimi, xeyirxah, açıq ürəkli uşaq təhlükəli bir fanatikə çevrildi.
Misallar çoxdur, hamısını sadalamaq istəmirəm. Bütün bu misalların içərisində yalnız biri istisnadır. Yalnız bir dostum dinlə maraqlanmağa başlayandan sonra özünü məndən, yəni ateist dostundan soyutmadı. Hətta bu məsələyə özünəməxsus yumorla yanaşaraq, “sən qatı ateist, mən tolerant dindar, ancaq bizim dostluğumuz bununla pozulacaq qədər zəif deyil” söylədi. Və dostluğumuz davam edir, çünki bu adam üçün dini etiqad yalnız özünün ruhi aləmini sakitləşdirmək, öz aləminə qapıla bilmək üçün lazımdır. O, kosmosla din vasitəsilə əlaqəyə girir. Buna ehtiyacı var. Ancaq onun qətiyyən mücahid olub Əfqanıstanda vuruşmaq, İŞİD kimi zir-zibilə qoşulub xilafət yaratmaq kimi absurd iddiaları yoxdur. O, savadlı, rasional, sağlam düşüncəli səmimi bir insan, layiqli bir dostdur.
Mən dostlarımı itirdiyimə görə heyifsiləndiyimi söyləmək istəmirəm. Onlar öz həyat yollarını seçiblər və onların həyat yolunda mənə yer yoxdur, necə ki, mənim də həyat yolumda fanatik dindarlara, cihad həvəskarlarına, baş-göz yaran cahillərə, uzun saqqallı oportunistlərə yer yoxdur.
Fərhad Yalquzaq
Kultura.az