İndi o həmişəlik getdi
Stiv Cobs: “Tezliklə öləcəyimin fərqində ol…
Populyar elmi bilgilər dalğasına girərək, bilgisevərlərlə,
üç müasir intellektualın (biri artıq vəfat etsə də, hər halda elmi fəaliyyəti
müasirdir) kütləvi-elmi söhbətlərindən bəzilərini bölüşmək istəyirəm:
1.İyirmi ilini cinslər arasındakı münasibətlərin
öyrənilməsinə həsr edən təkamül psixoloqu Devid Bass həqiqi sevgiyə inandığını
söyləyir. Bütün bu dövr ərzində o, ən müxtəlif fenomenləri- partnyorların ən
adi tələbatlarından tutmuş seksual xəyanətlərin ən şeytani növlərinə qədər çox
sayda yaşantını araşdırıb; qadınların və kişilərin bir-birini aldatmaqdan və
manipulyasiya etməkdən ötrü ərsəyə gətirdikləri heyrətamiz yaradıcı üsullar
aşkarlayıb; ən cazibəli tovlayıcılarla, ən həris ovçularla, seksual
yırtıcılarla, hətta partnyorunu öldürən tiplərlə tanış olub, onları öyrənməyə
çalışıb. Lakin, dediyinə görə, insan təbiətinin bu qaranlıq tərəfləri yenə də
onun həqiqi sevgiyə olan inamını sındıra bilməyib.
Devid Bass söyləyir ki, əsl sevgiyə nadirən
rastlamaq olar və əmindir ki, belə sevgini yaşamaq xoşbəxtliyi çox az insana nəsib
olur; “adi” sevginin əlamətləri tanışdır; onlardan bəziləri: hipnotik cazibə,
sevdiyin şəxsin obrazına mübtəlalıq, seksual qızışma, DNT-ni birləşdirmək arzusu,
önəmli dərəcədə fədakarlıq. Fəqət əsl sevgi öyrənilməmiş sahələrdə öz yoluyla
gedir. Belə sevgi maneə, baryer, sərhəd tanımır. Onu müəyyən etmək çətindir, o,
elmi ölçülərdən sivişib çıxır, heç bir standarta sığmır. Devid Bass əsl
sevginin varlığını isbat edə bilməsə də, onun mövcud olduğunu bilir. Odur ki,
sevgiyə inamını qorumaq istəyənlər bu müasir alimin yuxarıdakı qənaətindən də
güc ala bilərlər.
2. Ateist dünyagörüşün müasir təmsilçisi,
filosof və neyrobiologiya sahəsində araşdırmalar aparan Sem Harris hansısa
iddiaya, fikrə, mülahizəyə yönəlik inamı və ya inamsızlığı insan davranışları və
emosiyalarının ən güclü requlyatorlarından biri hesab edir. Biz dünya barədə
hansısa təsəvvürün həqiqi olduğuyla razılaşanda, bu təsəvvürün ən doğru təsəvvür
olduğuna inananda, bu təsəvvür bizim gələcək düşüncələrimiz və hərəkətlərimiz
üçün təkanverici əsasa, təmələ, çıxış nöqtəsinə çevrilir. Yox, əgər biz hansısa
təsəvvürü yanlış təsəvvür sayırıqsa, onda o, bizimçün əhəmiyyətini itirir və sadəcə
söz yığınına çevrilir. Sem Harris söyləyir ki, müxtəlif məzmunlu müddəaların
doğruluğunu müəyyən etməkdə iştirak edən beyin bölgələri də müxtəlifdir. Lakin
filosof inanır ki, bu və ya digər fikrin “həqiqi”liyini təsdiqləyən sinir
prosesləri beynin alın payının daha fundamental aktivliyindən doğa bilər və bu
fəaliyyətdə qoxuların və dadların pisliyini və yaxşılığını müəyyən edən bölgələr
iştirak edə bilər. Bu mənada bəlkə də gözəllik-həqiqət, həqiqət isə gözəllikdir.
Bizdə ikrah duyğusu oyandıran fikirlər, müddəalar isə yanlış, çirkin və
yalançıdırlar.
İnamın neyrobiologiyası kifayət qədər öyrəniləndə
və inamın, ən müxtəlif kontekstlərdə üzə çıxan universal emosiya olduğu
aydınlaşanda, dini inancın da yer üzündə yaşayan çox sayda canlılara xas olan
inanma xasiyyətindən doğduğu məlum olacaq. Sem Harris obyektiv faktların və dəlillərin
məcmusuna duyulan inamı reallıqla səsləşən, ona uyğun olan yeganə inam hesab
edir və psixi baxımdan sağlam olsalar da, yalnızca dini inancdan çıxış edən
xeyli insanın, dini inanca əsasən davrandıqları üçün bu aşkar faktları davamlı
şəkildə inkar etdiyini bildirir. Lakin müasir ateizm dünyagörüşünün dörd müasir
öndərindən biri olan Sem Harris mənəviyyatı
insan təbiətinin ən ali cəhətlərinin əsası, mənbəyi hesab edir və insan mənəviyyatına,
dini bucaqdan uzaq olan fəlsəfi və elmi meyarlarla yanaşır. Hətta orijinal adı
“Waking Up: A Guide to Spirituality Without Religion” olan bir
kitab da yazıb və orada özünün ruhanilik, mənəvilik konsepsiyasını şərh edib. Ateist
və elmi dünyagörüşə malik olan bu filosof insan təbiətindəki nəcib meyillərə və
keyfiyyətlərə inanır, onların var olduğunu düşünür. Məncə, biz də bu cəhətlərin
mövcudluğuna inamımızı itirməyək.
3. Sənət filosofu və estetik Denis Datton söhbətinə filosof Devid Yumun
1757-ci ildə yazdığı essesini xatırlamaqla başlayır. Devid Yum yazırmış ki, “İki min il əvvəl Afina və Romanı vəcdə gətirən
Homer Parisi və Londonu hələ də heyran edir”. Bunun səbəbi, minillər boyunca öz təsirini
canlı saxlayan “İliada” və “Odisseya” kimi bir çox sənət əsərlərinin insan təbiətinin
dəyişməz və dərin özəlliklərinə müraciət etməsidir. Dennis Dattona görə, bir
çox unikal incəsənət nümunələri- məsələn, Bethovenin “Pastoral” simfoniyası-
bütün kulturalar və tarixi dövrlərdə insan idrakını cəlb etmək, maraqlandırmaq
qabiliyyətinə malikdir.
Yaponiyada Mosartı dinləmək istəyənlər böyük bir zalı doldurur, yapon rəssamı
Hirosiqenin işləri Parisin bədii qalereyalarında ajiotaj yaradır, Şekspirin əsərlərisə
ən müxtəlif dillərdə hər il yenidən və yenidən səhnəyə qoyulur. Filosof hesab
edir ki, empirik psixologiya incəsənətin universallığını izah etmək gücündədir.
Məsələn, artıq ədəbiyyatşünaslar təkamül psixologiyasının metodlarıyla dünya ədəbiyyatındakı
temaların və süjetlərin təkrarlanmasının səbəbini araşdırmağa başlayıblar. Rəssamlıq
aləmindəki fiqurlar, peyzajlar, təsvirlər də psixoloji araşdırmanın mövzusu ola
bilər. Dövrümüzdə insanın musiqini qavramaq qabiliyyətinin strukturu
eksperimental analiz üçün heç zaman olmadığı qədər əlçatandır və bütün bu elmi
fəaliyyətlərin estetik həzzin nə olduğu barədə bilgilərimizi, təsəvvürlərimizi
genişlətməsi, artırması, dəqiqləşdirməsi tamamiylə mümkün haldır.
Dennis Datton müasir incəsənətin bütün nümunələrinin bədii dəyərdən və dərinlikdən
məhrum olduğunu düşünmür, lakin söyləyir ki, onları başqa nümunələrlə asanlıqla
əvəz etmək olur. Müasir populyar kulturada ayrı-ayrı əsərlərdənsə, ümumi bədii
formalar mühüm sayılır. Ən məşhur populyar kultura nümunələri belə canlılığını
bir ildən artıq qoruya bilmir: yeni çıxan detektiv trillerlər, sevgi romanları,
şlyaqerlər və sabun operaları qısa müddət diqqət çəkir və tezliklə də yeniləriylə
əvəz olunurlar. Populyar kulturanın təbiətində yatan ötərilik bu gün heç zaman
olmadığı qədər aydın görünür. Lakin klassik sənətkarların yaratdığı əsərlərsə
böyük alimlərin kəşfləri qədər ölümsüzdür. Demək olar hər gün Metropoliten
muzeyində və Linkoln-mərkəzdə insanlar estetik təcrübələr yaşamaqdadırlar və gələcəkdə
bizim nəvə-nəticələrimiz də həmin həzzi təkrarən və təkrarən duyacaqlar. Dennis
Datton bu qənaətə gəlib ki, Homerin şedevrləri, Baxın, Şekspirin, Murasaki
Sikibunun, Vermeerin, Mikelangelonun, Vaqnerin, Ceyn Ostinin, Sofoklun,
Hokusayın əsərləri kimi nadir incəsənət nümunələri gələcək əsrlər və minilliklər
boyunca da öz dəyərini və məşhurluğunu itirməyəcək. Modalar və fəlsəfi
konsepsiyalar dəyişir, lakin bu cür əsərlər hər zaman bəşəriyyətin qürur mənbəyi
və mənəvi zənginliyi olaraq yaşayır. Professor belə düşünür, odur ki, gəlin biz
də incəsənətdəki gözəlliklərə və ədəbiyyatın gülüşünə inamımızı isə ümumiyyətlə
heç zaman itirməyək.
Rüstəm Ayaks
Kultura.az