post-title

Sabit Rəhmanın Qoqol haqqındakı məqaləsi

Mən Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” əsərini lap uşaqlıqda oxumuşam. O zaman hələ Qoqolun kim olduğunu bilmirdim və təəccüb edirdim ki, nə üçün yazıçı bu adama rəhmət oxuyur. Onun Qurbanəli bəy ilə nə əlaqəsi var?
Bir gün atam məni kluba aparmışdı. Orada yerli həvəskarlar tamaşa göstərəcəkdilər. Biz foyedə gəzirdik. Birdən gördük ki, üç-dörd nəfərin arasında dava-dalaş qopdu. Uzunboy, başı daz bir kişi qarşısındakı adama ağzına gələni deyirdi. O adam abrına qısınıb bu söyüşlərə heç bir cavab vermirdi və ətrafdıkalar zarafat bilsinlər deyə, yalandan gülürdü. Daz kişini bu gülüş daha da hiddətləndirirdi. O söyür, axırda bərkdən çıxırdı:
- Sən lap Qoqolun tiplərinə oxşayırsan!..
Bayaqdan söyüşlərə əhəmiyyət verməyən adam bu sözü eşidən kimi gülməyini saxladı, ağappaq ağardı və qarşısındakına hücum çəkdi. Qərəz, atam məni çəkib başqa tərəfə apardı, ancaq mənim: "Qoqol kimdir, onun tipi olmaq nə ağır işdir ki, söyüşdən qorxmayan kişi bu sözdən odlandı?" sualıma atam qısaca bu cavabı verdi: "İndicə tamaşa baxıb Qoqolun kim olduğunu və onun necə tiplər yaratdığını başa düşərsən".
Həvəskarlar "Müfəttiş" komediyasını oynayırdılar. Bütün zal gülürdü. Mənim cingiltili qəhqəhəm bütün gülüşlərin arasında seçilirdi. Təhqir olunmuş kişiyə haqq verirdim, heç kəs Qoqolun tipi olmağı istəməzdi.
Qoqol Azərbaycan xalqının arasına bu cür gülüş və qəhqəhə ilə girmişdi. Mən "Müfəttiş"i görəndən sonra başa düşdüm ki, nə üçün Cəlil Məmmədquluzadə öz əsərində Qoqolun adını bu qədər minnətdarlıq hissi ilə qeyd eləyir.
O vaxt hələ Qoqolun Azərbaycan dilinə yalnız ikicə əsəri tərcümə olunmuşdu: "Müfəttiş" və "Şinel". Ancaq elə bu iki əsər göstərirdi ki, Qoqolun yaradıcılığı bir xəzinədir. Sonralar biz cavanlar bu xəzinənin içinə girib heyran qaldıq. Yazıçı bəşəriyyət üçün nə böyük dövlət qoyub gedib! Elə ki, onun əsərlərini bir ucundan tutub oxumağa başladıq, bizə elə gəldi ki, yeni bir dünya kəşf eləmişik.
İndi isə artıq Qoqolun bütün əsərləri dilimizə tərcümə olunub və Azərbaycanın hər güşəsində əldən-ələ gəzir. Uşaqdan tutmuş qocaya qədər Azərbaycanda elə savadlı adam yoxdur ki, bu əsərləri oxuyub ləzzət almasın, gözü yaşarıncaya qədər gülməsin.
Qoqol elə yazıçıdır ki, əsərləri həmişə yaşayacaq, istismarla, dinlə, qara qüvvələrlə mübarizə edən insanların əlində kəskin bir silah kimi işlənəcəkdir. Qoqol elə bil böyük bir məşəldir. Rusiyanın o yumruq və qan hökmranlığı dövründə bu məşəl parlayıb ətrafını elə işıqlandırıb ki, xalqın canına daraşıb qanını soran tüfeyliləri hamıya göstərib. Qoqol mahir bir rəssam kimi bu qaranlıqdan dartıb qopartdığı tiplərin, qorodniçilərin, xlestakovların, çiçikovların, sabakeviçlərin şəklini böyük məharətlə çəkib, xalqın qarşısında nümayiş etdirib ki, baxın, gülün və eyni zamanda ehtiyatlı olun, bunlar sizin düşmənlərinizdir!
Bu tiplər Qoqolun ölməz əsərlərilə bərabər illəri keçib, əsrləri adlayıb, zəmanəmizə qədər gəlib çıxıb. Hal-hazırda kapitalist ölkələrinin hansını istəyirsən gəz, orada yüzlərlə Xlestakov, Qorodniçi, Dobçinski- Bobçinskini görərsən. Məgər ölkə-ölkə gəzib soyuq müharibə qızışdıran və öz mürtəce müharibə ideyalarını yerinə yetirmək üçün ölü canlar axtaran Dalles Çiçikovun 20-ci əsr variantı deyilmi? Məgər İrandakı kəndlilərin halı "Ölü canlar"dakı krepostnoyların halından yaxşıdırmı? Böyük rus tənqidçisi Belinski çox gözəl deyib: Eyni çiçikovlar, yalnız başqa paltarlarda, Fransada və İngiltərədə də vardır. Lakin onlar ölü canlar deyil, azad parlament seçkilərində diri canlar alırlar. Bütün fərq mahiyyətində deyil, sivilizasıyadadır. Əclaf parlamentçilər hər hansı aşağı qəza məhkəməsinin əclaf məmurlarından savadlıdırlar. Lakin mahiyyət etibarilə onlar bunlardan he də yaxşı deyillər.
"Müfəttiş" komediyasını birinci dəfə əlli yeddi il bundan qabaq Azərbaycan səhnəsində oynayıblar. Bu əsər bizim teatrlarımızın repertuarında özünə elə möhkəm yer tutub ki, nəsilbənəsil böyük artistlərimiz üçün məktəb əvəzini verib. Hüseyn Ərəblinski kimi böyük faciə artisti həmişə fəxr edirmiş ki, Xlestakovu oynayır. Bu rol onun tamaşaçılar qarşısındakı imtahan rollarından biri olub.
Qoqolun əsərlərinin təkcə rus xalqı arasında deyil, bütün qardaş xalqlar arasında məşhur olmasına səbəb ondakı böyük vətənpərvərlik hissi, dərin satira və məzəli yumordur. Onun povestləri, hekayələri, komediyaları elə gözəl yumorla yoğrulub ki, oxumağa başlayan əsəri qurtarmamış yerə qoymaq istəmir. Lap cavanlığından – birinci əsərlərindən onu məhşur eləyən bu böyük qüvvədir. Adi oxucunun həyatda görə bilmədiyi detalları, xırdalıqları Qoqol elə məharətlə tapıb təsvir eləyir ki, adam heyran olur. O öz oxucusunu təkcə güldürməklə kifayətlənmir. Bu gülüşlə bərabər, ürəyə acı bir kədər də soxulur, müəlliflə bərabər, sən də dərdlənirsən, yanırsan.
Ölümündən yüz ildən artıq keçdiyinə baxmayaraq, elə bil Qoqol indi də oxucularının, tamaşacılarının arasında gəzir, onları laqeydlikdən, tənbəllikdən çıxarıb mübarizəyə çağırır, çünki o, hər zaman fəal yazıçı olub.
Bizim ədəbiyyatımızdan ən görkəmli adamlar – Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Haqverdiyev Qoqolu sevə-sevə oxuyublar. Onlar da Qoqol kimi çar mütləqiyyətinin, köhnəliyin, mövhumatın qatı düşməni olublar.
Mən "Müfəttiş" komediyasında Qorodniçinin tamaşaçılara üzünü tutub: “Kimə gülürsünüz?" – deyə qışqırdığını eşitdikdə "Molla Nəsrəddin" jurnalının birinci nömrəsində Cəlil Məmmədquluzadənin oxuculara müraciətlə dediyi sözlər yadıma düşür:
“Ey mənim müsəlman qardaşlarım! Zəmani ki, məndən bir gülməli söz eşidib, ağzınızı göyə açıb və gözlərinizi yumub, o qədər "xa, xa!" edib güldünüz ki, az qaldı bağırsaqlarınız partlasın və dəsmal əvəzinə ətəklərinizlə üz-gözünüzü silib "lənət şeytana!" dediniz, o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz...
Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəyirsiniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı, diqqətlə baxınız camalınıza “.
Molla Nəsrəddin də Qoqol kimi əlinə satira və yumor məşəli alıb, Azərbaycanın hər bucağını gəzir və xlestakovları, çiçikovları, manilovları ordan-burdan dartıb, çıxarıb xalqın qabağında numayiş etdirirdi.
Sabit Rəhman
Yuxarı