Azərbaycanda peşəkar rəngkarlığın tarixi qədim deyil. Hələ iyirminci yüzilliyin əvvəllərində Azərbaycanda peşəkar rəssam demək olar ki, yox dərəcəsində idi. Yalnız Əzim-Əzimzadə öz satirik rəsmləri ilə “Molla Nəsrəddin” jurnalında dərc olunurdu. Bir də qısa ömür yaşamış daha bir rəssam var idi ki, indi sizə onun haqqında danışmaq istəyirəm.
Gənc yaşlarımda Bəhruz Kəngərli haqqında bir bədii əsər oxumuşdum – acınacaqlı bir həyat salnaməsi... Naxçıvanda doğulmuş, sonra Tiflisdə o zaman Zaqafqaziyada yeganə olan rəssamlıq məktəbində təhsil almış Bəhruz Azərbaycanda dəzgah rəssamlığı sahəsində ilk qaranquşlardan biri olmuşdu.
Bəhruz Kəngərli hələ uşaq yaşlarında bir qəza nəticəsində eşitmək qabiliyyətini itirdiyindən orta təhsil ala bilməmişdi. Yazmağı-oxumağı ona evdə öyrətmişdilər. Normal həyatdan, bir növ, təcrid olan Bəhruz uşaqlıqdan meylini rəsmə salmışdı. Elə ilk qaralamalarından onda olan istedad özünü büruzə vermişdi. Atası Bəhruzun bu həvəsini görüb onu peşəkar təhsil almaq üçün Tiflisə aparmışdı. Burada isə xoş bir təsadüf nəticəsində Bəhruz, Cəlil Məmmədquluzadə ilə tanış olmuşdu. Məhz Mirzə Cəlilin himayəsi ilə Tiflis Rəssamlıq Məktəbinin qapıları Bəhruzun üzünə açılmışdı. Burada isə o, Şmerlinqin, Əzim Əzimzadənin rəhbərliyi altında sənətin sirlərini öyrənməyə başlamışdı. O vaxt Şmerlinqin karikaturaları, Əzim-Əzimzadənin satirik rəsmləri Bəhruza çox təsir etmiş, “Molla Nəsrəddin” jurnalı onun dünyagörüşünün artmasında önəmli rol oynamışdı.
Təhsilini davam etdirdikcə Bəhruzun ustalıq səviyyəsi artır. Artıq onun rəsmlərini də jurnalda dərc edirdilər. Yorulmadan, daim öz üzərində işləyən rəssam, Əzim-Əzimzadənin, Şmerlinqin məsləhətləriylə bitkin bir rəssam kimi formalaşmağa başlamışdı. Təhsilini başa vurduqdan sonra Bəhruz Naxçıvana qayıdır. Burada onun yaradıcılığı daha geniş bir vüsət alır. Əsasən, təbiət mənzərələri, məişət əşyaları, portretlər işləyən rəssam Azərbaycanda demək olar ki, realist rəngkarlığın təməlini qoymuşdu.
Yüzilliyin əvvəllərində baş vermiş faciə, erməni-müsəlman davası Bəhruz Kəngərlinin yaradıcılığında böyük iz qoymuşdur. Zəngəzurdan, İrəvandan Naxçıvana pənah gətirən qaçqınları, onların acınacaqlı həyatını rəssam hər gün öz gözləriylə görür və gördüklərini kağız, kətan üzərində canlandırırdı. Qaçqın mövzusunda rəssamın çoxsaylı əsərləri zəmanəmizə qədər gəlib çatmışdır. “Qaçqın qadın”, “Qaçqın oğlan”, “Evsiz ailə”, “Qaçqın xanım” əsərləri həmin səpkidəndir. Rəssamın bu və başqa mövzuda işlədiyi 500-ə yaxın rəsm əsəri indi Azərbaycan Dövlət Muzeyində qorunub saxlanılır, daim sərgilənir.
Bəhruz yalnız rəsm çəkmirdi – o, həm də teatr tamaşaları üçün kostyumların eskizlərinin də hazırlanmasında iştirak edirdi. Onuncu illərdə Axundovun “Hacı Qara”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Haqverdiyevin “Pəri-cadu” pyesləri Naxçıvanda səhnəyə qoyulan zaman Bəhruz Kəngərli kostyumların bədii tərtibatını hazırlamışdı.
Azərbaycan bolşeviklər tərəfindən işğal olunandan, burada sovet hakimiyyəti qurulandan sonra, 1921-ci ildə Azərbaycan rəssamlıq tarixində ilk dəfə Bəhruz Kəngərlinin fərdi sərgisi açılır və orada rəssamın 500-ə yaxın əsəri nümayiş olunur. Bu mühüm hadisədən bir il sonra rəssamın həyatı 30 yaşında qırılır.
Bəhruz Kəngərli qısa həyatı boyu çox məhsuldar çalışmışdı. Onun bu gün 2000-ə yaxın əsəri müxrəlif muzeylərdə, rəssamın Naxçıvandakı ev muzeyində qorunub saxlanılır.
Fərhad Yalquzaq
1937.az