Frans Kafkanın “Çevrilmə” əsərindəki ilk cümlə insanda ciddi maraq oyadır. Düşünürsən ki, illərlə insan kimi yaşadıqdan sonra hansısa əcaib, iyrənc bir həşarata çevrilsən həyatın axarı necə dəyişəcək? Ailən, dostların, ətrafındakı tanışların səni bu vəziyyətdə görüb tanıyarsa münasibətləri necə olacaq? Bəs tanımasalar necə? Axı insanlar güzgüyə baxdıqları zaman gördükləri düz qamətli vücudu səndə də görməyə öyrəşib və bir gün bu fiziki görünüş dəyişəndə əlbəttə ki, münasibət də dəyişilə bilər. Amma təkcə fiziki görünüşmü?
Öz işinə, qazandığı pula görə ailəsinin sevimlisinə çevrilən Zamza, həşarata çevrildikdən sonra bu pulu qazana bilməyib ailəsinə yük olanda evdə qazandığı nüfuzunu da itirir. Zamza öz ailə üzvlərinə yaxınlaşmaq, onlara sevgisini bildirmək istədikdə belə, gah anasını qorxuya salır, gah da atasının atdığı almaya tuş gəlir.
Bu əsərdə Kafka öz ailəsindəki, əsas da atası ilə bağlı bəzi problemləri üstüörtülü yazsa da, indinin özündə belə cəmiyyətdəki daim kök salmış boşluqları bir hekayənin məzmununda qabardırdı.
Bu xəyal məhsulunu bir anlıq həqiqət kimi qəbul edək. Bu olmayan həqiqət sizə çevrənizi daha aydın görməyə kömək edəcək. Bəlkə də metro kənarlarında dilənməyə, maşın şüşələri silməyə, qocalar evinə öz xoşu ilə yox, məcburiyyətdən yollanan yaşlı insanları başa düşmənizdə yardımçı olacaq. Bəlkə də, sizin bütün hərəkətlərinizin, yaşamaq, nə isə etmək üçün yanan həyat eşqinizin məzmununu, sirrlərini açacaq.
Bu əsər sizə öyrədəcək ki, əgər sevgiliniz sizi uca boyunuza, güclü qollarınıza görə sevirsə, siz hansısa qəzada şikəst olsanız, onun sevgisi də itəcək. Qazandığınız pullara görə nüfuz sahibi olsanız, pullar itəndə nüfuz da itəcək. Əgər insanlar sizi gözəl səsinizə görə sevirsə, bir gün o səs batanda siz tamam unudulacaqsız. Sizi üz cizgilərinizə görə sevirlərsə, o üz hansısa bədbəxt hadisə sonrası yanarsa, siz sevilməyəcəksiz. Yaxşı yazıçı yazdığı əsərsiz, yaxşı müğənni gözəl səsi olmadan,yaxşı aktyor aldadıcılıq məharəti olmadan, yaxşı idmançı gücü olmadan heç kimdir.
Əsərin ikinci hissəsində isə Kafka ailəsinin ən arzuolunmazına çevrilmiş Zamzanın qaranlıq otağa çəkilib yalqızlıqla mübarizə aparmasını qabardır. Zamza çox yalqız qala bilmir. Həşərata çevrilsə də, əvvəl-axır insani kökündən gələn istəyə dözə bilməyib otağından çıxaraq, sevgisini göstərmək istədiyi yerdə anasını qorxudur, atasının qəzəbinə tuş gəlir və yenidən qaranlıq otağına çəkilib otaq əşyalarının arasında gizlənməyə məcbur olur. Ona yemək gətirən bacısından savayı kimisə görə bilmir. Evə gələn qonaqların səsini eşitsə də, öz həşarat görünüşünə görə onlarla söhbətləşə, deyib-gülə bilmir. Qalın səsi o qədər incələşir ki, adi sözləri belə tələffüz etməkdə çətinlik çəkir. Zamza insan ağıllı, həşarat görünüşlü vücudunun ona yetirdiyi yalqızlıqla barışmalı olur.
Əsərin ikinci hissəsi öyrədir ki, insan tək yaşaya bilmir. O, Robinzon olsa belə, Cüməyə ehtiyacı var. Kimləsə danışmalıdır, cinsi istəklərini qarşılamalıdır. İnsan ölənə kimi öz yalqızlığını unutdurmağa çalışır. Bunun üçün ailə qurur, işləyir, özü üçün cürbəcür dinlər yaradır, Allahlar uydurur. Yalqızlıq insanın ən böyük düşmənidir bəlkə də. Yalqızlığı unutmaq və yalqız qalmamaq üçün hər vasitəyə gedər insan. Müharibə, sülh, hər gün qaynayıb-qarışan şəhər, televizyadakı şoular (hərçənd ki, əsər yazılan zamanda yox idi) hər şey, ətrafınızda görə biləcəyiniz hər bir şey, düşünə, xəyal edə biləcəyiniz hər bir məfum sizə yalqızlığınızı unutdurmağ, yaşam üçün, digər insanlar üçün xeyirli olduğunuzu göstərmək üçündür.
Kafka bu mənada “Çevrilmə” əsərində təkcə ədəbiyyat üçün gözəl mövzudan əlavə, həm də insanlıq üçün dərin mənalı nümunə yaradıb.
Rahim Şaliyev
Kultura.az