Hələ 18-ci əsrdə Qafqazda xanlıqlar, knyazlıqlar bir-birləri ilə müharibə edərkən, bölgəyə Osmanlı, Qacarlar və Çar Rusiyası müdaxilə etmək istəyirdi. O vaxtlar bu iddiaları yaxşı anlayan gürcü elitası bu üç iddiaçı dövlətdən ən proqressivi olan Rusiyayla anlaşmaya girdi və sonra Çar Rusiyası Qafqazı işğal etdikdə, Tbilisi bölgənin idarəetmə mərkəzinə çevrildi. Gürcü knyazları ruslarla eyni imtiyazlara sahib oldular. Sisyanovlar, Baqrationilər gürcüləri Çar Rusiyasının ordusunda təmsil etdilər. Sovetlər dönəmində də gürcülər Stalin, Orjonokidze, Beriyalarla Rusiyada təmsil olundular. Biz isə gürcülərə paxıllıq edib Rusiyanın onlara imtiyaz verməsindən, onları çox sevməsindən danışdıq və hələ də danışmaqdayıq.
Ancaq obyektiv baxdıqda bəlli olur ki, sadəcə gürcülər həmişə zamanın nəbzini tuta biliblər. Sovetlər dağıldıqdan sonra onlar anladılar ki, ən güclü və proqressiv güc Qərbdir. Yenə də Qafqazda ilk dəfə onlar Amerikayla, Avropayla əlaqə qurdular. Buna görə də bu gün Qərbin Qafqazda ən etibarlı tərəfdaşı və Qərb dəyərlərini Qafqazda təmsil edən yenə gürcülərdir. Qərb ən azı 20 ildir ki, Gürcüstanın ziyalılarını, intellektuallarını, ekspertlərini və mədəniyyət adamlarını müxtəlif qrant və yardımlar hesabına ayaqda tutmağa çalışır. Əlbəttə, biz yenə bunu Qərbin gürcülərin qara qaş və gözlərinə heyranlığı ilə izah etməyə çalışırıq. Halbuki, bunun izahı çox bəsitdir. Gürcüstanı və gürcüləri ayaqda tutan onların mədəniyyətləri və həmişə zamanın nəbzini tutaraq, həm mədəni, həm də siyasi anlamda proqressiv fikirlərə inteqrasiya edərək, öz yerlərini tutmalarıdır.
Çin dünyada yeni və gələcəyi perspektivli gücdür, mədəniyyətdir, iqtisadiyyatdır. Bunu hiss eden gürcülər artıq çin dilini öyrənməyə başlayıblar. Azad Universitet və Konfutsi Dil Mərkəzinin nəzdində təxminən 50-70 tələbə Çin dilini öyrənir və bunlardan 5 nəfəri hər il Çin dövlətinin hesabına Çində təhsil almağa gedir.
Tbilisiyə gəlmiş və Rustaveli meydanında olmuş bir çox insan yəqin, bu meydanda, küçədə gəzən, özünəməxsus papağı, papağında lələyi olan, küçə həyatı yaşayan gürcü rəssamı görmüş olar. Rəssamın adı Nikadır. Onunla bir dəfə bir kafedə oturduq. Xeyli danışdı, biz də qulaq asdıq. Adam özü üçün həyat fəlsəfəsi müəyyən edib. Özünü Aleksandr Dümanın üç müşketyor əsərinin qəhramanı ilə eyni tutur. O hər kəsi, yəni bəyəndiyi hər kəsi müşketyor kimi təsvir edir, özünü də müşketyor kimi hiss edir. Şərə qarşı mübarizə aparır. Nika bizə dedi ki, o hökumətdən narazıdır, çünki onlar ancaq xaricilərə xidmət edən, bank, restoran və otel açırlar. Sadə Gürcüstan vətəndaşlarına fayda verəcək fabrik və başqa istehsal müəssisələri açmırlar. Deyir ki, artıq o müsəlmanlardan qorxur, yəni Tiflisə gələn ərəb və iranlılardan, Batumdakı Türklərdən. Sünnət olunmaq istəmədiyini dedi. Sonra isə kilsənin xalqı sömürməsindən danışdı, kilsələrin alver mərkəzinə döndüyünü dedi: "Şamları insanlara sataraq, kilsəni dükana çeviriblər".
Küçə həyatı yaşayan bir rəssam borçalıların dili ilə desəm, sarsaq bir dəli gürcü bizimlə hər mövzuda söhbət edərək, cəmiyyətin bütün təbəqələrinə aid fikirləri bizimlə paylaşdı. Mən isə bütün söhbət zamanı sadəcə Borçalıdakı şizofrenləri, bomjları, dəliləri düşünürdüm ki, niyə bizdə dəli olan kəs həmən deyir ki, ona allahdan vergi verilib və ya içinə cin, şeytan girib və s. Hətta düşündüm ki, Borçalıda ümumən Nika kimi düşünən, Aleksandr Dümanı oxuyan neçə nəfər var. Hər belə düşünüb müqayisə apardıqca, sadəcə məyus olurdum. Borçalıda çox oxuyan insanlara həmişə deyirlər ki, ayə çox oxuma, dəli olarsan. Mən isə borçalılara demək istəyərdim ki, çox oxuyun heç olmasa, dəli olanda özünüzü oxuduğunuz hansısa kitabın qəhramanına bənzədəsiz, daha durub cin- şeytan axtarmayasız. Oxuyun dəli olun, oxuyun ki, heç olmasa Nika kimi dəli olasınız.
Xeyli vaxtdır Seymur Baycan Tiflisdədir. Bəylə bir neçə dəfə görüşmüşük və maraqlı söhbətlər edib, mən də dinləmişəm. Bir gün məni özü ilə bərabər dostu, gürcü şairinin evinə qonaq apardı. Şair gürcü qürurunu saxlamış, çətinliklərə baxmayaraq, yaradıcılığını davam etdirən bir şairdir. Anası, həyat yoldaşı və 4 uşağı ilə bərabər yaşayır. Ancaq bütün mövcud çətinliklər ona və ailəsinə bizi xoş üzlə, mehribanlıqla qarşılayıb, qonaqpərvərlik göstərmələrinə mane olmadı. Şairin böyüdüb, tərbiyə etiyi 4 uşağa heyran oldum. Uşaqlar şahmat kursundan tutmuş rəqslə, rəsmlə hər bir sahə ilə maraqlanırlar. İngilis dilini yaxşı səviyyədə bilirlər. İnanın, cəmi Borçalıda mən elə bir ailə görmədim ki, uşaqlarını o səviyyədə təhsilli və məlumatlı böyüdə bilsin. Borçalıda böyük evləri olan, varlı ailələrin imkan və şəraitlərinin yanında bu şairin həyatı çox ehtiyaclı və problemli görünürdü. Amma nəticə ortadadır... Bizim insanlar pullarını təshilə yatırmayacağı təqdirdə, bizdən cəmiyyət üçün nə fərd, nə də dövlət üçün vətəndaş yetişəcək.
Gürcüstanda bələdiyyə seçkiləri bitdi və biz Borçalıda seçki biabırçılığına bir daha şahid olduq. Bəs səbəb nədir? Niyə bizim millət bu vəziyyətdədir? Bu sualları verənlər hər halda yuxarıda yazdığım üç müxtəlif misaldan anlamalıdırlar ki, təhsilsiz, kitabsız cəmiyyətin durumu biabırçı olur. Tələbəsinə, gəncinə sahib çıxmayan orta və yaşlı nəsil anlamalıdır ki, əgər təhsilə yatırım etməsək (baxmayarq ki, iki qatlı evlərdə yaşayır, bahalı maşınlarda gəzirik), gürcülər həmişə bizə bazar adamı, tatar, göy satan deyəcəklər. Nə qədər biz onlardan deyilik desək də, gürcülərə heç vaxt həkim, yazar, rəssam, şair, fizik, mühəndis, hüquqşünas və s. borçalılardanıq deyə bilməyəcəyik. Çünki Gürcüstanda biz bu saydığım sahələrdə yoxuq, biz bazardayıq, biz seçkilərdə məktəb direktorundan tutmuş, xadiməsinə qədər saxtakarlıq edən tatarlarıq. Hər seçkidə yalançı vəd verən partiyaların alətinə çevrilən dindarlarıq. Biz yalançı, geridə qalmış, cahil mollalarıq, mal-qoyun saxlayan çobanlarıq, "lilo bazarı"nda cins satan alverçilərik. Düzdür, bizim pulumuz çoxdur, evimiz böyükdür, amma biz 500 lari maaş alan gürcünün gözündə yenə də meyvə-tərəvəz satan tatarıq.
İnciməyin yazdıqlarımdan, əgər istəyirsinizsə ki, biz yaxşı azərbaycanlı, həkim, vəkil, rəssam, ədəbiyyatçı, fizik, şair və s. olaq, onda o böyük pullarınızı övladlarınızın, millətin gələcəyi olan gənclərin təhsilinə yatırın. Gənclərə təqaüd verin, yardım edin, problemləri ilə maraqlanın, onlara dəstək olun ki, gələcəyimiz işıqlı olsun.
Elvin Buntürk
Gürcüstan, Tblisi
Kultura.az