“Sözün gücü olsaydı, sənin şeir yazdığın qadını başqaları öpməzdi”.
Fəridə bu sözlə məni həyata qaytarmışdı. Bu cümləyə qədər mən itirdiyim sevgilinin arxasınca qanlı göz yaşları axıdır, dayanmadan şeir yazırdım. Nəhayət, bir gün qarşıma keçib dedi:
- Sən bir misradan o birinə keçən vaxtda, sevgilinin bir döşündən o birinə keçən oğlanlar var.
Düzdür, bu söz Fəridəyə sərt bir silləyə başa gəlmişdi, amma məni də qəflət yuxusundan ayıltmışdı.
Fəridə gələcək uşağımın anasının adı idi. O, məndən uşaq doğmasını istədiyində etiraz edə bilməmişdim. Biz evli deyildik, belə bir fikrimiz də yox idi, sadəcə həyatda çox şeyin dadına baxmış ikili kimi atalıq və analığın da necə bir hiss olduğunu da yaşamaq istəyirdik.
Onunla ilk dəfə yatanda mənə xeyli gülmüşdü. Nə qədər qəribə olsa da, özümün də zəhləm getdiyim bir alışqanlığım vardı. Bir qızla ilk dəfə yatanda çox utanırdım. Çünki soyunanda qarnımın necə kobud olduğuna heyfslənirdim. Üstəlik sonuncu dəfə həkim bədənimin 24 faizinin piy olduğunu deyəndə dəhşət kədərlənmiş, on beş gün heç bir qızla nəinki yatmış, heç öpüşməmişdim də. Beləcə Fəridə ilə yatanda da əvvəl istədim heç maykanı çıxarmayım, sonra baxdım alınmır, məcbur işığı söndürərək çıxardım. Üstəlik işıq sönəndə sevişməkdən zəhləm gedir. Bilmirsən, qadınla, yoxsa kölgəsi ilə sevişirsən.
Sizə hələ də unuda bilmədiyim Fəridəni anlatım.
Fəridə dəbə uyğun olaraq saçlarını saraldıb, gözlərinə eynək taxıb, “Facebook”da dini inanc bölümünə deist yazıb. Bir dəfə ondan soruşdum:
- Deizm nədir?
- Deizm aliment verməyən qaçqın kişi deməkdir. Bir dəfə varlığını göstərir qadınla yatır, uşaq olur, sonra isə heç nə baş verməmiş kimi çıxıb gedir. Qadın nə qədər əzab çəksə də, heç nə olmamış kimi çox uzaqlara gedir və bir daha ondan xəbər alınmır. Eləcə də Tanrı da həmin kişi kimidir. Bir dəfə dünyanı və insanları yaratdı və çıxıb getdi. Min illərdir insanlar o geri qayıtsın deyə dinlər, ilahi kitablar uydurdular ki, bəlkə qayıdıb desin ki, yalan danışmayın. Amma o, dönmür ki, dönmür.
Bəlkə də Fəridə haqlı idi. Bircə dəfə televizoru açıb, internetə girib dünyanı izləsək, insanlığın başlı-başına buraxdığını görə bilərik. Bu qədər özbaşınalıq ola bilərmi?
Ona görə də qərara gəldim ki, mühacirətə gedim, qanım Avropanı dolaşsın. Sonra baxdım ki, heç cür alınmır. Nə siyasi iddiam var, nə saxta polis tutub başıma dubinka vuran yerdə foto çəkdirə bilərəm, nə də ki millətimi ermənini ayağına verib özümü linç elətdirib ölkədən qaça bilərəm.
Fəridə uşaq doğmaq istəyəndə ağlıma məhz belə bir fikir gəldi: Doğulacaq uşağımı avropalı bir sonsuz ailəyə övladlığa verim.
Bəli, buna mənim həm bir ata kimi, həm də bir yazıçı kimi vicdanım yol verəcəkdi.
Şaşırmayın, mən həm də bir yazıçıyam. Özü də vicdanı olandan. Fəridəni, doğulacaq uşağımı unutmayın, sizə yazıçı karyeramdan və siyasi iddiası olan dostum Zəkidən bəhs edim.
Yaxşı adam Şekspirin növbəti siyasi məhbusu türmədən azad etdiyini eşidəndə mən nəşriyyata doğru addımlayırdım. O, hətta bunu da bacardı deyə düşünərək əlimi cibimə atdığımda yenə də topuğuma dəydi. Yetəri qədər pulum yox idi, nəşriyyatın direktoru Nazir müəllimlə bacardığım qədər qiymət öldürməyə gedirdim. Yayın istisində metronun keçidindən aldığım ayaqqabıdan qalxan zirzəmi və yapışqan iyi bir-birinə qarışaraq pis qoxu yaratmışdı. Gün tərləmiş saçımı qurutduğundan üzərimdən iki günlük tər iyi gəlir, maykasız geyindiyim köynək bədənimə yapışaraq narahatçılıq verirdi. Amma bunlar artıq öyrəşdiyim gündəlik hallar olduğundan çox da önəmli deyildi. Əsas gündəmin mövzusu və kulislərdə danışılan Şekspirin növbəti qəhrəmanlığı idi.
Şekspirin qədim hind tanrıları kimi çox yerdə əllərinin olduğunu bilirdim. Amma Zəkini də azad edə biləcəyinə heç cür inanmağım gəlmirdi. Çünki Zəki üçün özündən yuxarılara ağız açması onu zərbə altında qoya bilərdi. Həmçinin haqlı şübhələr yaranardı. İllərdir qazandığı var-dövləti, imici, yatdığı hər bir qadınla çəkdirdiyi foto kolleksiyasını bir nəfərə görə qurban verə bilməzdi. Bu ən iddialı adamların da ata biləcəyi risk deyildi. Amma nə qədər qəribə olsa da, Şekspir bunu etdi. Elə bu risklərinə görə o, aramızda “Yaxşı adam Şekspir” kimi çağırılırdı.
Telefonla ən yaxın dostum Toğrula zəng edib Zəkinin azadlığa çıxmasını dəqiqləşdirəndən sonra bayaqdan altında qovrulduğum günəşə gülümsəyib addımlarımı yeyinlətdim. Nəşriyyata daxil olub Nazir bəyi xəbər aldım, otağında olduğunu dedilər. Qapını döyüb içəri daxil olduğumda Nazir müəllim gözlüyünü çıxararaq ayağa qalxdı və mənə doğru əyilərək salamımı aldıqdan sonra köhnəlmiş kreslosunda əyləşdi.
Nazir müəllim 45-50 yaşlarında arıq, saqqallı bir adam idi. Saçlarının yanları tökülmüş, üzündə əlfəcin kimi uzun yara izi var idi. Eşitmişdim ki, gənc ikən bir qıza görə davaya qatılmış, üç nəfər onu təkləyərək üzündə dərin şırım açmışdı. Saxladığı saqqal bir qədər bu hadisəni unutdursa da, bir neçə dəqiqəlik söhbətdən sonra yara qaldığı yerdən öz varlığını göstərirdi. Həyatımda rast gəldiyim bütün naşirlərdə qeyri-adi baxışların olduğunu bilirdim. Ya onlar həqiqətən peşəkar şəkildə rola girməyi bacarırlar, ya da ki ömrün çox hissəsi kitablar içində keçdiyindən nurlanma baş verir. Nazir müəllim masaya qoyduğu kitabı yenidən əlinə alaraq qeyri-iradi vərəqləməyə başlayaraq qəfildən soruşdu:
- Yenə roman yazmısan?
- Hə, işimin adı nədir. Mən yazıram, siz çap edirsiz, amma arada ədəbiyyat qazanmır.
- Bu dəfə neçə ağacı baltalamısan? – Naşir gülümsədi.
- 250 səhifəlik detektiv romandır. Sizcə satılar?
- Reklamından asılıdır. Məsələn, mən istəsəm elə reklam işi apararam ki, prezidentin fərman və sərəncamlarından olan bir kitabı iki aya min nüsxə sataram. Təbii ki, zarafat edirəm. Sözüm o ki, reklamdan çox şey asılıdır.
- Sizə dediyim ölçüdə kitabın başa gəlməsi üçün nə qədər pul lazım olacaq?
- 550 manat.
- Tamam, texniki tərəflər hazırdır. Mən pulu tapdığımda sizə xəbər edəcəm ki, artıq çapa getsin.
- Anlaşdıq.
Nazirin yanından çıxıb kor peşman Bakı Dövlət Universitetinin yaxınlığında yerləşən “Muhabbet” kafesinə getdim. Bir zamanlar Böyük İpək yolunun üzərində yerləşən, indi isə səhnəsində Rihannanın, Beyonsun oxuduğu ölkənin yazarı bir kitab çap etmək üçün pul tapa bilmirdi. Üstəlik 550 manat.
Hansısa bir məmurun restorandakı səhər və axşam yeməyinin xərci.
Məlum fikir də məhz bu an ağlımdan keçdi. Əgər bir oğlum olarsa, onu mütləq hansısa uşağı olmayan avropalıya övladlıq verəcəm.
Heç olmasa özüm oraları gəzə bilməsəm də, övladımda dolaşan qanım Avropanı fəth etsin. Kim bilir bəlkə də hansısa xoşbəxtlər ölkəsinin baş nazirindən biri olacaq və ya transfer məbləği 25 milyon avro olan futbolçu olacaq. Bəlkə də, İsveç akademiyasında Nobel nitqini söyləcək? Kim bilir. Nə çoxdur bu ölkədə, yazıçı oğlu olan yazıçı. Biri də məndən olsun, üstəlik ingilisdillisi. Bütün hallarda yaxşı vətəndaş olacaq.
Bəli, o vaxtlar özümə çox vurğun idim. Həmçinin əcaib düşüncələrə sahib idim. Məsələn, dünya haqqında çox fikirləşirdim. Samanyolu qalaktikasında hansı mövqeni tutmamızdan, digər 17999 aləmin haralarda yerləşdiyini, paralael dünyaların mövcudluğunu axtarırdım. Qəzaya düşən UNO-lar haqqında sənədli filmlərə baxır, marslıların yer kürəsini işğal edəcəkləri tarixi Nostrdamusun centruinlərində axtarırdım.
Üstəlik hərdən mənə elə gəlirdi ki, həddindən artıq önəmli adamam. Tutaq ki, bir gün terrorçular Bakı metrosuna bomba qoyacaq, vaqondakı bütün insanlar öləcək, mən isə yalnız başında bir çapıq yarası ilə sağ qalacağam. Özümü seçilmişlərdən hesab edirdim, dünya sanki mənim üçün tikilmiş bir ehram idi, lakin insanlar qədrimi bilmirdi. Nədənsə öz üstünlüyümü başqalarının ölümü üzərində fantaziyalar qurmaqla canlandırırdım. Təyyarədə uçuram, terrorçular təyyarəni vurur, biz dənizə düşürük, hər kəs boğulur, lakin mən üzərək sahilə çıxıram.
Mən bu fikirlərə gələndə olduqca kasıb adam idim. Əlimi cibimə salanda topuğuma dəyirdi. Pulum yox idi, amma iddialarım vardı.
İndi isə “Muhabbet” kafesində oturub, normal yolla həyata keçən bütün variantları yoxladığıma görə geriyə yalnız bir yol qalırdı: Şekspirdən yardım istəmək.
***
Aradan 9 ay, 9 gün, 9 saat, 9 dəqiqə, 9 saniyə, 9 salisədən keçəndən sonra nur topu kimi bir oğlum oldu. Bəxtdən gözləri mavi rəngli idi. Gələcəkdə Nobel alacağı isveçli həmvətənlərindən seçilməyəcəkdi. Mavi gözlülük ona Fəridənin üçüncü ulu nənəsi olan rus qadından gəlmişdi.
“Neftçilər” xəstəxanasının çıxışından taksiyə minib kirayə qaldığımız evə yollandıq. Qırx gün körpənin üzünü heç kim görməyəcəkdi. Avropanın gələcək dahi yazıçısını indidən bədnəzərə gətirmək olmazdı. Hər şey qurduğum plan üzrə davam edirdi. Geridə iki çətinlik qalmışdı: Fəridəni inandırmaq və Şekspirin yardımı ilə avropalı bir ailə tapmaq.
Qırx günün keçməsini, uşağın ana südü ilə qidalanmasını səbirsizliklə gözlədim. Bu ərəfədə isə gecə-gündüz düşünür, uşağı anasından qoparmaq üçün plan hazırlayırdım. Olduqca qəddar olmalıydım. Axı sənət qurban tələb edir. Qoy bu dəfə də qurban bir ana olsun.
Amma qəddarlıq mahiyyətimdə olmadığından xarici filmlərə baxmağa başladım. Xüsusilə, vampirlərin, amerikan əsgərlərinin olduğu filmlər. Adətən, gecələr, qaranlıq otaqda izləyirdim.
Sonra ateizmə aid kitablar oxumağa başladım. Ayağının altında cənnət olan ana modelini qafamdan çıxarmalıydım. Əgər dini inkar edə bilsəm, bunu da bacaracaqdım. Dörd-beş kitabdan sonra mən nəinki Allahın, hətta peyğəmbərin mövcudluğunu belə puç və əfsanə hesab etdim. Otağın bir başından digər başına qədər “din tiryəkdir” deyə-deyə neyronlarıma yeridirdim.
İlk 15 gündən sonra mən kamil bir ateistə çevrildim. Artıq heç bir vicdan hissim yox idi. İçimdəki Hörmüzdü qətlə yetirmişdim. Şeytan belə mənə qibtə edirdi.
Növbəti mərhələ atalıq hissimin qətli idi. Uşağı anadan tam ayıra biləcək səviyyəyə çatmışdım. İndi isə özümlədöyüş mərhələsi idi. Uşağı özümdən də almalıydım ki, bir başqasına təhvil verə bilim.
Ona görə də əsasən övladların valideyn qarşısında öhdəlikərinin olmadığını iddia edən yazarların məqalələrini, kitablarını oxumağa başladım. Məsələn, biri yazır ki, övlad qayıdıb ataya deyə bilər ki, mənə soruşmuşdun dünyaya gətirəndə? Bu fikir çox ağlıma batdı. Əgər öz ölkəmdə qalsa, ağlı kəsən kimi uşaq bu sualı mənə verəcək. Amma Avropada yaşasa, dünyaya gəldiyinə görə, atasına, əslində isə atalığına minnətdar olacaq.
Üstəlik, artıq dini də inkar etdiyimdən daha əxlaqsız fikirlər ağlıma gəlirdi. Uşaq olanda nə olar ki, bu da minlərlə boşa axıtdığım spermalardan biri olsun.
Beləliklə, artıq uşağımın qırxı çıxana qədər mən ateist, vicdansız, əxlaqsız bir ata olmuşdum. Və belə bir halda Fəridənin qarşısına keçdim:
- Beş yüz manat maaş alıram, 250-ni kirayəyə verirəm, qırx gündür ki, qalan 250-ni də hələ də bir macəra xətrinə yaratdığımız bu uşağa veririk. Başa düşürsən, artıq xərcdir, çatdırammıram. Bilirsən, səni də sevmirəm, sadəcə mən ağıldasan deyə, birgə yaşayırıq. Qəti qərarımdır, uşağı detdoma verəcəm.
- Elçin, başın xarab olub? Doqquz ay qarnımda saxlamışam, südümü verirəm, qırx gündür qoxusunu uduram. Bax, bu uşaq məni çox dəyişdirdi. Uşaqdan sonra bilirsən, həkim qadağan edib deyə nə içki içirəm, nə siqaret çəkirəm. Ağlını başına yığ.
- Bax, uzağı bir il dözəcəksən, böyüdə bilməyəcəyik uşağımızı, başa düşmürsən? Sən elə bilirsən ki, hər doğan günəşin altında uşaqlar gülümsəyir? Hər yağış yağanda uşaqlar əllərini açıb damcı toplayır? O, uşaqlar filmlərdə, bir də Avropadadır. Və bu uşaq da Avropada böyüyəcək.
- Necə yəni Avropada böyüyəcək? Bayaq dedin axı detdoma verəssən? Avropaya gedirik?
- Yox, İrəvana! Dəlisən, gicsən, nəsən? Biz getmirik, uşaq gedir.
- Necə gedir axı?
- Övladlığa verəcəm?
- Olmaz, başın xarab olub sənin?
- Dedim gedəcək, vəssalam, gedəcək!
- Üstümə benzin töküb yandıraram, uşağı alsan məndən.
- Cəhənnəmə yandır...Yandıranlar ağ günəmi çıxdımı, sən də çıxacaqsan.
Sözlə başa saldım anlamadı. Daha sərt addımlar atmalıydım. Uşağımı qaçıracaqdım. Nə yolla olur-olsun, uşağım Avropada böyüməlidir.
Zəkiyə zəng elədim.
- Salam Zəki, necəsən? Nə edirsən?
- Aksiyaya hazırlaşırıq.
- Nə aksiyası?
- Xəbərin yoxdur, Rusiya Krımı yenə işğal edib. Halbuki Krım Ukraynanın tərkibində Avropa Birliyi arealına daxil olmalıdır.
- Alə, sənə nə Krımdan, Rusiyadan, Avropadan.
- Necə yəni, mənə nə? Sən istəmirsən övladlarımız Avropalı olsun?
- Bəyəm, sən bunu deyirdin?
- Əlbəttə ki
- Bura bax Zəki, sən orda aksiya keçirdib heç bir krımlını avropalı edə bilməyəssən, amma mən sənə konkret bir uşağın avropalı eləmək şansı yaratmışam.
- Necə bəyəm
- Gəl danışarıq.
...Həmin axşam bir xeyli içəndən sonra söhbəti Zəkiyə ətraflı şəkildə izah elədim. Mənim necə qansız, vicdansız, əxlaqsız adam olduğumu, öz uşağımı anasından ayırmaq üçün dostumdan yardım aldığımı izah etdim. Gözləri hədəqəsindən çıxdı. Növbəti butılkadan sonra gözlər hədəqəsinə geri qayıtdı.
- Yaxşı, mən nə etməliyəm?
- Dostun, Şekspirə zəng edəcəksən. Bilirsən, o həm də “Uşaqları qoruma” Birliyinin sədridir. Uşaq hüquqlarını qoruyur. Tez-tez onlara kimsəsiz uşaqları himayəyə götürmək istəyən avropalı sonsuz ailələr müraciət edir. Ona de ki, yaxşı, imkanlı bir ailəyə uşağı versin. Bilirəm, hüquqi tərəfləri çox uzundur, amma o, öz yolları ilə həll edər.
- Tamam, haqlısan, biz xilas ola bilmədik, barı uşaq xilas olsun.
- İçək bunu Krımın, Maydanın və gələcək Nobel mükafatı laureatının sağlığına.
Səhəri Zəki sevincək zəng etdi. Şekspirin razılaşdığını, bəxtdən tam istədiyimiz kimi ailənin olduğunu dedi. Deməli, bu gecə plan qurulmalı, biz yatarkən Zəki evə girərək uşağı evdən oğurlamalı idi.
Həmin axşam evə tər qoxulu çiçəklə getdim. Fəridə qapını açanda xeyli təəccübləndi. Üzündən öpdüm, qucaqladım, yerə diz çöküb bağışlanma dilədim. Sonra çiçəkləri verdim. Nə də olsa, qadındır. O dəqiqə göz yaşlarını silib boynuma sarıldı, elə birbaşa yataq otağına gedib, yüngülvari sevişib yatdıq.
...Səhər Fəridəni qışqırığına oyandım.
Hər tərəf dağılmış biçimdə qarşımızda idi. Və ən pisi uşaq yerində yox idi. Fəridəni qucaqlayıb sakitləşməyə, ağılla qərar verməyə səslədim. Heç bir halda səsini kəsmədi. Axırı sərt bir sillə vurdum:
- Adam kimi izah elədim, başa düşmədin. Sənə dedim ki, uşağımız avropalı olmalıdır. Dinləmədin. Mən də məcbur qaldım, uşağı oğurlatdım. Bu səhər təyyarə ilə uşaq Birləşmiş Krallığa yola çıxıb.
- Alçaq, şərəfsiz, biqeyrət, səni polisə verəcəm, oğraş.
- Çox sağol, dediklərinin hamısını mənə aiddir. Bilirsən, bu sözlərə layiq olmaq üçün nə qədər kitab oxuyub, filmə baxmışam? Elə bilirsən oğraş olmaq anadangəlmə olur? Hələ bunun gecələr içib ağlamağı, saqqal saxlamağı var.
Mən indi həbsxanadayam. Məhkəmədə qəti şəkildə uşağı necə aradan çıxardığımı demədim. Uşaq alverinə görə 25 il azadlıqdan məhrum edildim. Hələ bir ilim keçib. Mən buradan çıxanda uşağımın yəqin ki artıq ilk kitabları çıxacaq. Mənim qanım Avropada dolaşacaq. Fəridə bir ildən sonra artıq şokdan çıxıb, Zəki isə Moldovanın bölünməməsi uğruna meydanlarda aksiya keçirir.
Mənim mavi gözlü devim azad insanlar içində böyüyəcək, bir gün Nobel nitqini söyləcək. O heç bir zaman mənim ölkəmdən olduğunu bilməyəcək, bəlkə də mənim ölkəmi tanımayacaq. Amma onsuz da tarix gizli qəhrəmanlarla doludur. Mən də bir dahinin bilinməyən gizli qəhrəmanı olacam.
25 il sonra...
Bu gün onun 25 yaşı oldu. Görəsən nə edir? Yazıçı oldumu, bəlkə futbolçudur? Bəlkə də gənc bir deputatdır. Hələ də peşman deyiləm. Mən suç işləmədim, suç şərqdə doğmaqdır.
- Şərqdə doğmaq suç olsaydı, günəş hər gün şərqdə doğmazdı.
- Sən kimsən, - qəfil çevrildim. Nəzarətçi idi.
- Sənə poçtla kitab gəlib.
Kitabı əlimə aldım. Absurdistanın İsveçdəki səfiri Zəki İslamzadədən.
“Elçin, oğlunun kitabıdır. Sadəcə oxu, mənim başqa sözüm yoxdur”.
Eduard Mamedov: “Atam məni necə satdı”
...Qədimdə ailələr sağlam övladlarını şərqin zəngin insanlarına xidmətçi kimi satardılar. Bu xidmətçiləri alan insanlar qulun dişinin ağlığından tutmuş, barmaqlarının əyriliyinə qədər yoxlayar, işlərinə yarayıb-yaramamağına baxardılar. Atam da məni beləcə bir avropalı zənginə satdı. Onun məqsədi saf idi, buna görə nəinki pul aldı, hətta həbsxanaya düşdü...
Bəli ata, fərdləri xilas etmək mümkündür, amma iki fərdin bədbəxtliyi üzərində yox. İstənilən avropalı uşağı xilas etmək mümkündür, amma bunun qarşılığında on şərqli uşağın ölümü ilə yox...
Sənə, təşəkkür edirəm. Azadlığını və anamı mənim avropalı olmağım yolunda qurban verdin.
Nəzarətçiyə döndüm. İlahi, bu ki bədbəxtlikdir...
***
- İmkan ver. Hekayəmi tamamlamalıyam.
- Bəsdir, bu dərəcədə səfeh hekayə yazmazlar.
- Hansı mövzuda yazım, bəs?
- Maraqlı bir şey tap.
- Axı, günəşin altında deyilməyəcək söz qalmayıb.
- Qalıb, sən bilmirsən.
- Məsələn, maraqlı mövzu de, gələn dəfə yazım.
- Deməli, bizim solçu dostumuz var ha, atasının adı Marqs idi. Soyadlar türkcələşdiyinə görə, Marqsoğlu edib soyadını.
- Eeee...
- Deməli, bu yaxşı hekayə yazıbdır. Hekayənin sonunda qəhrəmanı edam edirlər, qəhrəman da üç dəfə “Azadlıq” qışqırır. Boynunda edam kəndiri və azadlıq qışqıran solçu. Bax, hər hekayənin sonluğundan belə ciddi nəticə çıxmalıdır.
- Hekayəsi çap olunmayıbsa, gətir onun sonluğunu dəyişim. Əsl həqiqəti üzə çıxarım.
10 dəqiqə sonra...
- Al, bu da hekayə.
- Deməli, belə... Boynunda kəndir sallanan kommunist son dəfə üzünü camaata tutub qışqırdı:
- Mənə I-phone verin.
- Nə edəssən? – cəllad soruşdu.
- Fotomu çəkib “Kommunizm uğrunda” səhifəsində paylaşacam. Mənim heç selfie fotom olmadı, cəllad.
- Bəsdi, səfehlədin...
Dilqəm Əhməd
Kultura.az