post-title

Oqtay Eloğlu. Cəzasız qalmayan fədakarlıq

Proseslərin dinamikası fonunda dəyərləndirsək “Oqtay Eloğlu” faciəsi cahilliyin, feodal qanunlarının, min illik dünya görüşlərinin əsiri olan cəmiyyətin idealist sənətkardan insanlığa nifrət edən assosial qatil yaratmasının hekayəsidir.

 
Ancaq bu cəmiyyət ehtimal olunacaq qədər monoton da deyil. Hadisələr dövrün ən böyük imperiyalarından birinin əyalət şəhərində baş verməkdədir. İmperayaya böyün əyməklə öz statusunu qismən qorumağı bacaran feodalizm qalıqları olan bəylər hələ də cəmiyyətdə əsas qüvvədir. Onların yeni nəsli olan burjuaziya isə həyat tərzi və ictimai davranışları ilə imperiya elitasını yamsılamağa çalışsa da mahiyyət olaraq öncəki nəsildən çox da irəli getməyib. Cəmiyyətin ümumi bəlası isə həmişəki kimi savadsızlıq və fərqli olana qarşı səmimi nifrətdir. Bunu teatr kollektivinin səviyyəsindən aktyorluğu alçaldıcı sənət sayan adi insanlara qədər hər kəsin davranışında görürük. 
 
Dram əsərlərininin ruhunda olan qaçılmaz pafos və 23 üç yaşlı romantik gəncin kommunizm ideyalarının ən saf zamanındakı ruh halında qələmə alınmış olan “Oqtay Eloğlu” faciəsi ümumi planda düşünülmüş, bir o qədər də səmimi təbliğat materialı təsiri bağışlayır. Hər nə qədər faicə olsa da əsərdə oxucu-tamaşaçıda teatra, sənətə, sənətkara acıma duyğusu və  rəğbətin yaradılması məqsədi sezilir. Eyni zamanda “yüksələn” sovet Azərbaycan xalqına keçmişin anlamsız dəyərlərindən qurtulmağa cəsarət, səmimi özünütənqid və bütün neqativliyin fonunda gələcəyə inam aşılanır. Oqtayla və Oqtaysız teatrın və papalel olaraq cəmiyyətin inkişafı faicə içindəki nikbinlik, “göz yaşları içində gülüş”dür. 
 
Oqtay və Azərbaycan teatrının fonunda bütün mütərəqqi ideyaların 20-ci əsrin əvvəllərindəki bu daşlaşmış dəyərlər cəmiyyətində qarşılaşdığı maneələri görürük. Dünyəvi təhsil sistemi və mətbuat kimi teatr və dramaturgiya da imperayanın “hədiyyə”sidir. Teatr imperiyanın başqa böyük şəhərlərində olduğu kimi burda da urbanistik mədəniyyət göstəricisi kimi meydana gəlir. Şəhər zənginləri məhz rus elitası ilə ayaqlaşmaq və qubernatora xoş görünmək üçün tamaşalara gedir. Teatrın hələ ki burjua əyləncəsi olmaqdan irəli gedə bilmir. Dünya teatrının ən ciddi əsərlərindən birinin tamaşaya qoyulmasından iştirak edən aktyorlar bu məsuliyyətin fərqində deyil. Onlar teatra qazanc mənbəyi kimi baxır. Savad və bacarıqları təlxəklik etməkdən uzağa getməyə imkan vermir. Birinci pərdədə qarşımıza çıxan, tamaşaya hazırlıq vaxtı yaranmış vəziyyət istənilən ciddi insanı dəli etməyə yetəcək səviyyədədir. Həvəskar və küt aktyorlar rollanı öyrənə bilmir, tamaşaçı və dolayısıyla qazanc az olacağından səhnəyə çıxmaq istəmirlər.
 
Cabbarlının qəhrəmanı Oqtay məhz bu şəraitdə xalqına teatr-mədəniyyət bəxş etmək üçün çırpınan fədakar romantikdir. O cəmiyyətin ağ qarğasıdır, bununla belə özünün cəmiyyətin  fövqündə görmür. Onun məqsədi müqəddəsdir. Məqsədə gedən yolda tərəddüdləri yoxdur. O milli inkişafın təməl prinsiplərini dərk edib, bu işdə sənətin qüdrətinin anlayıb. Məqsədə aparab yolda doğma ailəsini belə fəda etməyə hazırdır. Sevdiyi peşəsi, karyerası belə onun üçün önəmli deyil. İmperiyanın digər teatrlarında çalışmaq, böyük aktyor olmaq istəmir. O bacarıqsız aktyor kollektivi ilə  uğurlu milli teatr quracağında, teatrı xalqa sevdirəcəyinə inanır. Lakin, əsərin gedişində müəllif bu uzaq ehtimalları reallaşdırmaqla oxucu-tamaşaçını çaşdırır. Burada əlbəttə ki, bu günü oxucusunun adında danışa bilərik. Aradakı zaman və anlayış fərqləri bizə Cabbarlı və Oqtayı anlamaqda çətinlik yaradır. İmperayanın taleyini kökündən dəyişən uğursuz və uğurlu inqilablar fonunda Cabbarlının teatrı və tamaşaçısı çox sürətli təkamül keçir, Oqtayla və ya Oqtaysız tamaşaçı teatrı sevməyi öyrənir. 
 
Oqtay şəxsi həyatını və xoşbəxtliyinin ağlından keçirməsə də Firəngizin həyatına daxil olması onun faciəsinə çevrilir. Səhnənin ən bacarıqlı aktyoruna heyranlıq duyan burjua təbəqəsindən olan qızın sevgisi onu da “yoldan çıxarır”. Sevgisi uğrunda savaşmaq lazım gəldikdə isə romantikliyi onun faciəsi olur. Bu yüksək ideallar insanı tez aldanır, özündən çıxır. Həyatının 10 ilini əlindən alan sürügündən sonra isə “geri dönmək”dən imtina edir. Firəngizin və qardaşının qəddarlıqları onu həyatdan soyutmuş, insanlardan nifrət edən dərvişə çevirmişdir. Artıq o idealları üçün savaşan saf qəhrəman deyil. Həyatında ikinci dəfə bacısı üçün səhnəyə qayıtmağa razı olsa da illərin yaratdığı qəzəb və nifrət onun sonunu gətirir. Gözləmədiyi anda sevgilisinin qarşısına çıxması onda illərin acısının doğurduğu intiqam hissini oyadır. Həyatının ən məhsuldar ən ehtiraslı dönəmində aldığı zərbələrdən sarsılmış Oqtay insanlıqdan, onun “yaradıcısı”ndan intiqam alır. 
 
Əsərdə Oqtayın enişli-çıxışlı həyatının fonunda cəmiyyətin mümkün qədər əhatəli təsvirini görürük. Əvvəldə 20-əsrin başlanğıcındakı Azərbaycan şəhər həyatı bütün çılpaqlığı ilə qarşımıza çıxır. Bayağı və harınlamış burjuaziya “təbbi imtiyazları”n verdiyi haqqla cəmiyyətdə ağalıq edir. Milli burjuaziyanın oxumuş fərdləri belə yalnız xarici əlamətləriylə imperiya elitasına bənzəyir. Çar məmurlarına xoş görünmək üçün üzdə mədəni, intelligent davranır. Ancaq hər şeyin şəklini yamsılamaqdan uzağa gedə bilmir. İcitimai etikanı mənimsəmiş olsa belə, ailə dəyərlərinə, mütərəqqi ideyalara münasibəti dəyişməyib. Qadın azadlığı, insan haqlarını anlamağa yetəcək təfəkkürə sahib deyil. Ziyalı sayılanlar belə Oqtayın onları adlandırdığı kimi “varatnikli odun parçaları”ndan irəliyə gedə bilməmişlər.  
 
Çarizmin sadiq köləyə çevirsə də təfəkkürünə nüfuz edə bilmədiyi feodal qalıqları cəmiyyətdə yeniliyin əsas düşməni, yenilikçi insanların qarşısında əsl maneədirlər. Oğlu qadın rolları oynadığına görə anasına lağ edən qarılar, qızını aktyorla evləndirməkdən imtina edən kişilər, yalançı pafoslu qeyrətinin altında əzilən Hacı Zaman kimi tiplər qəhrəmanımızın idealları üçün çarpışdığı mühitin nə qədər dözülməz olduğunu açıqlayır. 
 
Milli xüsusiyyətlərimizdən olan yarımçıqlıq və savadsızlıq burda da at oynadır. Teatrın demək olar bütün kollektivi azacıq istedadı olsa da tamamilə savadsız insanlardan təşkil olunub.  Onların üçün ürəyin hansı tərəfdə olduğu belə mübahisə mövzusu ola bilir. Onlar Oqtaya olsa olsa acıya bilər ancaq onu anlamaqdan çox uzaqdırlar.  Ancaq yeri gələndə Oqtayın əməyi ilə ərsəyə gəlib hörmət qazanmış teatrın faydasını görtürəcək qədər də fürsətçildilər.
 
Cabbarlının bütün yaradıcılığının qırmızı xətti olan qadın haqları mövzusu da bu kiçik həcmli pyesdə kifayət qədər işıqlandırılır. Oxumağa, mədəniyyətə və teatra sevgisi və həvəsi sonsuz olan Firəngiz bəlkə də Oqtaydan da daha faicəli obrazdır. Qardaşı cəmiyyətdə dəbdir deyə ona rus dayə tutmuş və özü ilə tamaşalara getməyinə icazə vermişdir. Ancaq Firəngizin bütün azadlığı elə bununla da məhdudlaşır. O da tipik Azərbaycan qızı kimi kiminlə evlənəcəyini seçmək azadlığından məhrumdur. Bir gün səhnəyə çıxmaq, əzbər bildiyi obrazı canlandırmaq üçün illərlə çox özündə cəsarət tapa bilmir. Hər şeyi gözə alıb bu addımı atdıqda isə  cəmiyyətin günahlarına qarşılıq Oqtaya tədqim edilən qurbana çevrilir. 
 
Əvvəldə qeyd etdiyimiz kimi, zaman və anlayış fərqində olsa gərək hadisələrin dinamikası və dəyişən şərtləri günümüz reallıqlarında anlamaqda bəzi çətinliklər vardır. Bəlkə də Cabbarlının aşırı optimizmindəndir ki, əsasən müharibə və inqilab dövrünə düşən on illik ərzində anlamız dərəcədə mühafizəkər bir cəmiyyətdə teatr fantastik hörmət qazanır, təlxək münasibəti görən aktyor millətin şərəfli övladı kimi  qarşılanır. 100 il ərzində belə çox az şeyin dəyişməsini nəzərə aldıqda ədibin optimizminə heyran olmamaq olmur.
 
Əsərdə Cabbarlının sosialist romantizminin təsirində maarifçilik və maarifçilərə yumuşaq desək haqsızlıq etdiyi bir məqamlar da vardır. Oqtayın idealları və seçdiyi yol nə qədər saf olsa da, reallıqdan bir o qədər uzaqdır. Müəllif Oqtayı və onun mübarizəsini ideallaşdırarkən bir şeyi unudur. Böyük mədəniyyətləri heç də saf romantiklər, divanə sənətkarlar yaratmırlar. Yarım əsr öncə Azərbaycanda ədəbiyyatına can verən, dramaturgiyanın, mətbuatın əsasını qoyan şəxsiyyətlər heç də Oqtay kimi saf gənclər deyildi. Xalqına mədəniyyət bəxş etmək üçün ağıllı strategiyaya sahib olmaq, hər vəziyyətdən məqsədi üçün faydalana bilmək, lazım gəldikdə imperiya orqanlarına məmur kimi çalışmaq əksər maarifçilərə xas xüsusiyyətlər olmuşdur. Hələ praktikada “dəli”lərin qurduğu böyük mədəniyyət örnəyinə rast gəlinməmişdir. 
 
Asim Cəlilov
Kultura.az
Yuxarı