post-title

“Oqtay Eloğlu” haqqında (müsabiqə üçün)

C. Cabbarlınının dramaturq kimi istedadını şablon ifadələrlə xatırlamaq, göylərə yüksəltmək məqsədim yoxdur. Əslində buna ehtiyac yoxdur.

 
Gəncliyini məhsuldar ədəbi fəaliyyətə sərf etmək və elə ömrünün gənc yaşında bu qədər dəyərli, vacib, aktual mövzu, ideyalarla zəngin əsərlər yazmaq hər yaradıcı insanın enerjisinə sığacaq  xoşbəxtlik deyil. Bu xoşbəxtliyi taleyin ironiyası hesab etmək olar, ya yox, düşünürəm ki, deyə biləcəyi çox mətləbləri dedi, yaşadı və getdi... Lap Oqtay Eloğlu kimi!...
 
Yazıçı ”Oqtay Eloğlu” əsərini sadə, lakin aktual mövzu üzərində qurub. Pyesin ideya qatına endikcə, bir pərdədən digərinə keçdikcə, bəşəri-fəlsəfi məqamların incə detallarla Oqtayın mənəvi təlatümlərində dəqiq və sərbəst şəkildə əks olunmasının bir daha şahidi oldum. Qərara gəldim ki, pyesdə hərəkətverici, hadisələrin axarına birbaşa təsir edəcək statusa malik üç obraz, xüsusən, pyesin baş qəhrəmanı Oqtay Eloğlu, Firəngiz və Aslan bəy haqqında düşüncələrimi aşağıdakı kimi sistemləşdirim:
 
Aktyor Oqtay...
 
Əsərin ilk pərdəsində məhdud imkanlar çərçivəsində, hər nə vəchlə olur-olsun, tamaşanın səhnə həyatını xilas etməyə çalışan bir aktyor – yaradıcı insanın iztirab, təmənnasız əziyyətləri diqqətimi cəlb etdi. O aktyor olmaqdan başqa, fəhlə olur, dekorasiya qurur, suflyorluq edir, kefli rejissorun işini görür, yeri gələndə  istedadsız Tamara, Şəkinski kimilərini adam etməkdən canı boğazına yığılsa da usanmır, bitmir, tükənmir və s. Gah ən sadə işlər görür, gah da ən məsuliyyətli, bir teatr kollektivinin gücünə bərabər enerjilə zəhmət çəkən yaradıcı aktyora çevrilir. Bu zavallı teatrda dabanı axsayan belə (kirayə pulunu istəyən, parikini axtaran, “didişən” aktyorlar, mətndə obrazı düzgün səsləndirə bilməyən) Oqtayın – ruhunu təmənnasız yaradıcılığa təslim etmiş aktyorun yanına gəlir. Oyunu yarımçıq saxlamaq üçün yaranmış hər cür maneəni “düzəltmək”sə fədakar aktyorun üzərinə düşür. Çətin də olsa, o, bunun öhdəsindən gəlir. Təki tamaşa yarımçıq dayanmasın, xalq teatrdan “çiyrinməsin”, sənətə, millətə hörmətsizlik olmasın. 
 
Oqtayın yerində olmaq nə qədər əzabvericidir, deyilmi? Biri pul güdür, biri şöhrət, digəri komfort arzulayır. Təkcə Oqtay bilir ki, sənətlə para bir araya gəlməz, gələ bilməz. Bunlar tam anlamı ilə fərqli “meyar”lardır. O, bilirdi ki, bu yolda nələrlə qarşılaşacaq. Və bildiyi üçün də ehtiyac dolu məşəqqətli yolu seçir. Təbii, hər adına sənətkar deyən yaradıcı şəxsdə belə sənət eşqi ola bilməz! Yoxsa, hansı aktyor buna dözərdi? Burda bir ifadəni yada salmaq istəyirəm: Səməd bəyin  “Pulsuz peyğəmbər də olsan, sözünün qiyməti olmaz” cümləsi  təkcə bu günün deyil, bundan sonrakı dövrün də ən aktual, təsirli, real ifadəsidir. Lakin Oqtay özünü bütöv xalqın zərrəsi kimi görür və bütövlükdən ayrılıb özünü “mən” kimi tanıtmaq iddiasında deyil. Bunu təqdir etməsəm də, hər kəsdə olmayacaq böyük cəsarətin nəticəsi kimi alqışlayıram.
 
Təəssüf edirəm ki, xalq ziyalısının arxasında durmur, qədrini bilmir.  Məkkəsi, Mədinəsi bildiyi səhnəyə and içsə də, anası xalq tərəfindən pirlərdən, məscidlərdən qovulur, adam yerinə qoyulmur. Zamanında həqiqəti görüb dərk etməmək, xeyirxah qəlbin fədakarlıqlarını qiymətləndirməmək nə böyük cəhalət, necə bədbəxt eqoistlikdir, deyilmi?! Yazıçı bizlərə bu vasitəilə həm də cəhalətin dumanına bürünmüş millətin  eqosunun nələrə bais olacağını göstərir. Nə yazıq ki millətinin qızını həkim, aktrisa, müəllim görmək istəyən Oqtayların istəkləri sadəcə uzun müddət arzu olub, ya da həyatları bahasına gerçəkləşib. Çox “qədirbilən”ik, bəlkə o üzdən?!
 
Oqtay bəlkə də gərgin enerji ilə ömrünü yaradıcılığa sərf edər, sənət dəllalarına fikir vermədən acı sözləri, tənələri yuxusuz gecələrinin “mükafat”ı kimi qəbul edərdi, lakin Firəngizə rast gəlməsəydi!... Firəngiz özü də bilmədən Oqtayın həyatına daxil olub ondan ayrılmağa məcbur edildikdə, onu sənətdən uzaqlaşdırır, mənəvi duyğularının ən dərin qatlarına enməyə məcbur edir. Bəlkə də sənətinə hörmət, sevgi əlaməti olaraq ilk çiçək uzadan qadın olduğu üçün  Oqtay dərindən sarsılır, dəyişir, sevir, Firəngizin eşqinin timsalında ümidlənir, ilhamlanır. Məhz bu eşq onu insanlara inamı, etibarı sevdirir. Bu sevgi ehtiras, keçici hiss deyildi. Oqtay sevdisə, sonadək sevəcək, bu yolda məhv olsa belə, sözünü tutacaq.  
 
Əksəriyyət üçün Oqtay zəif, iradəsiz kişi tipidir. Lakin unutmayaq, o hər cür rəzalətə, aclığa, mənəvi, fiziki təzyiqə baxmayaraq teatra pərəstiş edirdi. Bunu iradəsiz biri bacarardımı? Əsla! Bəs nə baş verdi? Məgər Oqtay qəlbini ovunduracaq başqa bir ilham pərisi tapa bilməzdimi? Məncə, Oqtay kimi tiplər nə sevgisində, nə sənətində, nə də istənilən məsələdə doğru bildiyi mövqeyində dəyişmirlər. Allahı qədər inandığı Firəngizdən “dönüklük” gördükdən sonra bu da həqiqətdir ki, ümidini, inamını, yaradıcılıq enerjisini itirir. Lakin Oqtay insanlıq mövqeyini heç zaman dəyişmir. Firəngiz onun ruhunu əlindən alır, ilhamını öldürür. Görkəmli yazar Ə. Hacızadə demişkən, inamı öldürmək insanı öldürməyə bərabərdir. 
 
Qatil “filosof”
 
Bütün aclıq və səfalət çəkən yaradıcı insanların mənəvi ağrıları, əsəb sarsıntıları nədənsə bir-birinə bənzəyir. Uzun zaman aclıq çəkmək, düzgün qidalanmamaq, səfalət içərisində yaşamaq insanın təkcə bədəninə deyil, ruhuna, düşüncəsinə də zərbə vurur. Lakin ən böyük aclıq mənəvi aclıq, eşq, inam aclığıdır. İnsanlardan hər zaman biganəlik görən Oqtay özünü Firəngizin eşqində, onun məsumluğunda tapmışdı. Və bu saflığa pərəstiş etməkdən çəkinmirdi. Məhz bu saflığın arxasıında duran yalanı öyrəndikdən sonra Oqtayın ruhunda “çevrilmə” prosesi başlayır. Əsəb sistemi elə gərilir, sarsılır ki, aradan on üç il keçməsinə baxmayaraq varlığına, düşüncələrinin ətraf cəmiyyətə “nəzarət”ini itirir, illüziyalara təslim olur. İdealist Oqtay ateist “filosof”a çevrilir. 
 
Beləliklə, pərvanə kimi özünü bir ideya və ideal uğrunda oda, közə məqsədli şəkildə atan gənc aktyor həqiqət axtarışındadır. Ömrünə bir gün də qalsa, onu tapmalı və ya tapacaqdır. Hallüsinasiyalarla yaşayan yaradıcı insan üçün reallıq və onun sərhəddi sadəcə utopiyadır.
 
Bir zaman Firəngiz Oqtay üçün hər şeydən – sevincindən, sevgisindən necə keçmişdirsə, Oqtay da küçədə dilənən bacısı Sevər üçün ruhunu “əyir”. Arxasınca pul, şöhrət üçün sürünən “dostları” Səməd və Xaspoladın rəklifilə razılaşır. Təki bacısına qalmağa isti yer, yeməyə çörək versinlər. Son olaraq səhnəyə atılan Oqtay sanki “ayılır”, keçmişini xatırlayır, “həqiqət”ini tapır və bütün eybəcər, ədalətsiz ideyalardan intiqam almış qatil  “filosof” olmağı seçir. 
Eşqinin tör-töküntsünü yaşayan qadın...
 
Oqtaya öz dililə desəm, “həqiqət”ni tapmaqda kömək edən Firəngizin son pərdədə tamamən fərqli – məzlum, məsum qızcığazdan keşməkeşli həyatın acısını dadaraq “yoğrulmuş”, bir növ  “bişmiş” qadına çevrildiyini görürəm. Aradan o qədər zaman keçsə də qəlbini, düşüncələrini keçmiş sevgisinin tör-töküntü nəşəsi, iztirabları ilə ovundurur, vicdan əzabından qəhr olur. Oqtayın bu duruma düşməsində birbaşa özünü günahkar hesab edir. Elə bu səbəbdən Oqtayı qarşısında görən Firəngiz onun əzilməməsi üçün “günahlarını” nə bahasına olur-olsun yumalı olduğunu dərk edir. Qarşısında sipər olmuş stereotiplərə birdəfəlik “tüpürür” və son olaraq  səhnəyə atılır.                             
 
Məhv olmuş iki tale, iki “həqiqət”  üz-üzə gəlir. Zavallı millətin ilk qadın oyuncusu  olan Firəngizi-ilk eşqini qarşısında görən Oqtay yoxsul həyat şəraitindən onsuz da pozulmuş əsəblərini biruzə verir, qatil olur. Firəngiz ancaq ölərkən “xoşbəxt” olur. Yaşamını itirməklə ödədiyi bədəli rahatlıqla qəbul edir ki, bunu da yalnız zavallı Şərq qadını edə bilər. 
 
“Ziyalı” çinovnik
 
Pyesdə üçüncü əsas obrazlardan biri kimi müasir dövrdə belə “var olan” çinovnik Aslan bəy surətini qeyd etmək istərdim. Deyəlim ki, Oqtay hər şeyini qurban verdiyi “dostları” tərəfindən pula satılıb xəyanətə uğrayır. Unudulur, aşağılanır. Bəs Aslan bəy? Aslanlar yeri gələndə nəinki Oqtaya, qanı-canı bir doğma bacısına da qıyır. Həm də “mədəni”, “ziyalı” tərzdə...
 
Aslan bəy yeri gələndə bacısını Danyar bəyin ayaqları altına atır, təki Danyarların şöhrətinin kölgəsindən ona da pay düşsün, mənsəb, söz sahibi olsun. Göründüyü kimi, təhsilli, yaltaq və rüşvətxor, mənsəbpərəst ziyalı olmaq təhlükəli epidemiyadır. Belə “ziyalı” tiplər hiyləgər Şəkinskilərdən də qorxunc və iyrəncdir. Nəticədə Oqtayların həyatı cəhənnəmə çevrilir. Bu “virus”ların “dünya”sında  kimisə sevmək, bu sevgidə azad olmaq, haqqını tanımaq, tələb etmək sürgün, hədə - qorxu ilə bitməlidir. Başqa “alternativ” ola bilməz.
   
İndi özümüzü, heç olmasa, özümü bir anlıq Oqtayın yerində təsəvvür edək: bu cəhənnəmdə duruş gətirmək nə dərəcədə dözümlüdür?! Üstəlik kimsəsiz və arxanda xalq deyilən varlıqdan bircə nəfər belə yoxdursa?! Hansı ağıl, zəka sahibi olur-olsun, əlbəttə ki, zülmün məngənəsində can verən ədaləti gözləməkdən usanacaq və deyəcək: Tanrı hanı?!!!  Eynilə Oqtay Eloğlu kimi:                            
                           
Qarlı dağlar aşaram,                            
Yorulmadan qoşaram.                           
Bir ümid, bir işarə yox,                            
Bilməm neçin yaşaram.
 
Pərvanə Rəhimova
Kultura.az
Yuxarı