post-title

Pul və "Futbol qızdırması"

Braziliyada futbol üzrə Dünya Çempionatının açılışı günü qəzəbli kütlə küçələrdəydi. Artıq neçə gün idi, ölkənin müxtəlif şəhərlərində polislə əhali arasında qanlı toqquşmalar baş verirdi. Hətta Braziliya və Xorvatiya millilərinin qarşılaşması zamanı da etirazçı kütləni stadionun yaxınlığındakı küçələrdən yığışdırmaq mümkün olmurdu. Dünya mətbuatında siyasi şərhçilər vəziyyət belə davam edərsə, ölkədə hökumətin devriləcəyi barədə proqnozlar verirdilər.

 
 
Amma bu baş vermədi. Politoloqların yox, Braziliya prezidenti Dilma Russeffin proqnozları özünü doğrultdu. O, ölkədəki etirazlarla bağlı “New York Times” qəzetinə açıqlamasında təmkinini pozmadan belə demişdi: “Kuboka yaxınlaşdıqca, biz braziliyalıların futbol sevgisinin nə qədər dərin olduğunu görəcəyik”. DÇ-nin açılışından bir həftəyə yaxın vaxt keçir, aksiyalar səngiyib. Prezidentin dediyi kimi də oldu, “Futbol qızdırması” qalib gəldi.
 
Braziliyada xeyli insan ölkədə DÇ-nin keçirilməsinə qarşıdır. Onlar bahalı stadionların deyil, xəstəxanaların, məktəblərin tikilməsini tələb edirlər. Cənubi Amerikanın bu ekzotik və böyük ölkəsində vəziyyət heç də reklamlarda göstərildiyi kimi deyil. Adi camaat kef-əyləncə içində yaşamır, çılğın seks partilərdə, karnavallarda əylənmir, küçələrdə ən son dəblə geyinmiş bir-birindən gözəl qızların paradı baş tutmur. Əksinə, Braziliya nə qədər parıltılı təqdim edilsə də, dünyada sosial ədalətsizliyin ən geniş yayıldığı ölkələr arasında liderlərdəndi. 
 
Kapitalist sistemin eybəcərlikləri Braziliyada lap dərinlərə kök atıb, bir qrup ultra zəngin eyş-işrət, yağ-bal içində villalarda, göydələnlərdə ömür sürür, milyonlarla insan isə səfalət içində yaşayır, küçələrdə, çadır şəhərciklərində gecələyirlər. Braziliyada göydələnlərin kölgəsində 12 milyona yaxın insan gecəqondularda yaşayır. Bu gecəqonduları mikro dövlətlərə bənzəyir. Burada əhali dövlətin sosial siyasətindən, elmdən-təhsildən, səhiyyədən demək olar ki, məhrumdur. Buranın öz qanunları, öz mentaliteti, öz avtoritetləri var. Polis bu kriminal aləmə ancaq ayda-ildə bir dəfə tam silahlanmış halda, zirehli texnikayla daxil olur. Dövlətlə buranın əhalisi arasındakı uçurum o qədər dərindir ki, bir neçə il əvvəl təhlükəsizliyi təmin etmək üçün gecəqondu üzərindən uçan mühafizə helikopeterini hansısa kriminal qruplaşma raketlə vurub salmışdı. 
 
Braziliyada keçirilən mitinqlərindəki fotolara baxsanız, etirazçıların “Fu..k FİFA”, “Keep calm and fu..k FİFA” kimi şüarlar yazılmış saysız-hesabsız plakatlar qaldırdığını görərsiniz. Onlar dünya futbol qurumuna qəzəblərini belə ifadə edirlər. Səbəb isə, qurumun ağır şərtləridir. Hökumət FİFA-nı razı salmaq üçün əlindən gələni edib, milyardlarla dollar xərclənərək, ən son texnologiyayla təchiz edilmiş stadionlar tikilib, infrastruktur yenilənib, qonaqların, turistlərin qarşılanması, yerləşdirilməsi üçün işlər görülüb. Braziliya rəhbərliyi bu yarışdan qazanc götürəcəyini güman edir, ancaq əhali buna şübhə ilə yanaşır, onlar israfçılıq edildiyini, bundan da yalnız bir qrup adamın fayda götürəcəyini irəli sürürlər. İsrafçılığa misal kimi ölkənin ucqarında, Amazonda tikilmiş “Manaus” stadionunu göstərmək olar. Bu stadionun tikintisinə 280 milyon dollar xərclənib. DÇ zamanı burada cəmi 4 oyun keçiriləcək, uzaqda olduğundan ora getmək çox yorucu və üzücü prosesdir. Mundialdan sonra stadion yəqin ki, boş qalacaq. Çünki ondan istifadə edəcək yerli futbol komandası yoxdur. 
 
Braziliyanın DÇ-yə 11 milyar dollar xərclədiyi güman edilir, ancaq ekspertlər də hökumətin maddi qazanc götürəcəyinə şübhəylə yanaşırlar. Çünki tam modernləşməmiş, ifrastrukturu olmayan ölkələrdə belə nəhəng layihələrin təşkili çox baha başa gəlir və gəlir əldə etmək ümidləri boşa çıxır. Bəziləri Braziliyanın xeyir götürəcəyi məsələsilə yalnız bir halda razılaşırlar. O da hökumətin narazı çoxluğu razı salmaq üçün DÇ-dən dərhal sonra hərtərəfli sosial və iqtisadi islahatlara başlayacağı yönündədir...
 
Braziliyada keçirilən futbol yarışından bir qurumun fayda götürəcəyi şəksizdir – FİFA-nın. Dünya Çempionatında kuboku qazanan komanda 26 milyon dollar qazanacaq. Bəs sizcə, FİFA bu yarışdan nə qədər pul əldə edəcək? Nə az, nə çox düz 3 milyard dollar. FİFA heç nə eləməyə-eləməyə bu qədər pula sahib çıxacaq. Belə görünür qurum yarışın alınması üçün hər şeyi etməyə hazırdır. İddialara görə, FİFA Braziliya əhalisini də razı salmaq niyyətindədir, bunun üçün lazım gəlsə, Braziliya Dünya Çempionu ediləcək (Braziliya-Xorvatiya oyununda hakimlərin açıq tərəfkeşliyi bunu deməyə əsas verir. Xorvatiyanın baş məşqçisi DÇ-nin sirkə çevriləcəyini demişdi). Çoxlarının fikrincə, FİFA bunu etməyə qadirdir. Çünki adı tez-tez rüşvət qalmaqallarında hallanan bu qurumun reputasiyası zədəlidir. Bu yaxınlarda 2022-ci ildə futbol üzrə DÇ-nin keçiriləcəyi Qətərin FİFA-ya rüşvət verdiyi barədə qalmaqal çıxıb. Buna görə hələ də FİFA rəsmilərinin istefası tələb olunur. Maradona bütün bunlara görə, FİFA-nı futbolu eybəcərləşdirməkdə, çirkinləşdirməkdə ittiham edib: “FİFA eybəcər gücdür (ugly power), əgər onlar heç nə eləmədən 3 milyar dollar gəlir əldə edir, qalib komanda isə cəmi 26 milyon dollar qazanırsa, aradakı fərqi təsəvvür eləmək belə mümkün deyil”.
 
Ölkəmizdə də kifayət qədər tanınan Braziliyanın ən məşhur yazıçısı Paolo Koelyo Dünya Çempionatını “fəlakət” adlandırıb. Əvvəlcə ölkəsində yarışın keçirilməsinə tərəfdar olan Koelyo xəyal qırıqlığına uğradığını deyib. Sıravi insanları dəstəklədiyini, pulları stadionlara xərcləməkdənsə, məktəb, xəstəxana, yol tikintisinə ayrılmasının daha yaxşı olduğunu bildirib. Koelyo yarışı izləməyəcəyini də deyib...
 
Futbol üzrə Dünya Çempionatı isə bütün sürətilə davam edir. Futbol gözəl oyundur. Futbol estetika, gözəllik, həyacan, emosiya, qalibiyyət, məğlubiyyət, sevinc, kədər, gözyaşlarıdır. Futbol milyonlarla insanı birləşdirir. Ancaq çox təəssüf ki, futbol həm də gün-gündən çirkinləşir. İnsanların emosiyalarından, hisslərindən istifadə edən bir qrup adam milyardlarla dollar pul qazanır, oyun alıb-satır, maxinasiya ilə məşğul olurlar. Sən bütün qəlbinlə sevdiyin futbol komandanın oyununa baxırsan, həyacanlanırsan, sevinirsən, kədərlənirsən, göz yaşı axıdırsan, ancaq heç xəbərin də yoxdur ki, bu oyunun pərdə arxasında nələr baş verir... Məqsəd birdir, mümkün olduğu qədər çox pul qazanmaq. Çoxlu pul qazanmaq ehtirası isə hər şeyi korlayır, çirkinləşdirir, eybəcər hala salır, futbolu da həmçinin...
 
Qeyd: Yazıda qaldırılan məsələlər barədə daha ətraflı aşağıdakı saytlardan oxuya bilərsiniz. 
 
Mənbə:
 
http://www.bbc.com/news/world-latin-america-27712221
http://www.forbes.com/sites/chriswright/2014/06/12/will-investors-in-brazil-see-a-world-cup-dividend/
https://news.vice.com/article/how-so-many-football-loving-brazilians-ended-up-hating-the-world-cup
https://news.vice.com/article/brazil-is-already-fighting-the-war-of-the-future
http://animalnewyork.com/2014/picture-rio-many-brazilians-hate-world-cup/
http://www.theguardian.com/football/2014/jun/12/anti-world-cup-protests-brazilian-cities-sao-paulo-rio-de-janeiro
http://www.goal.com/en-us/news/1786/fifa/2014/06/10/4872698/maradona-fifa-is-an-ugly-power
http://www.azadliq.org/content/article/25420187.html
 
Müəllif: Cavid Ramazanlı
 
ANN.Az
Yuxarı