post-title

Nənəmin konspirologiya nəzəriyyəsi

Uşaq olduğumuz vaxtlardakı günlərin birində kəndimizin yaxınlığında qaraçıların düşərgə qurduqları xəbəri yayıldı. Böyük maraq hissiylə qaraçıları görməyə gedəndə Bəyim nənəm yolumuzu kəsib qətiyyətlə etiraz etdi, “Onlar qaraçı deyil, cuhuddular. Uşaqları oğurlayıb qanları ilə xəmir yoğururlar”.

 

Bu dəhşətli xəbərdarlıq o zaman öz məqsədinə çatdı, fikrimizdən daşındıq və hipotetik bir təhlükədən qurtulduq (ya da fərqli bir qrupun həyat tərzini müşahidə etməkdən məhrum olduq). Dünyagörüşü Rusiya imperiyasının nəzarətində olan bir coğrafiyada formalaşmış, təhsil almamış, oxuyub-yaza bilməyən bir nənəyə bu məlumatın hansı yolla çatmış ola biləcəyini sonralar çox düşündüm. Ən populyar konspirasiya fərziyyələrindən biri yəhudilərin dünyanı ələ keçirmə planları haqqındadır və bu fərziyyəyə təkcə sadəlövh nənələr inanmır. 20-ci əsrin əvvəllərində Rusiyada “Sion müdriklərinin protokolları” adıyla nəşr olunan bu saxta sənəd bütün dünyaya yayılmış, Amerikada yüz minlərlə nüsxə çoxaldılmış, Almaniyada tarixi fakt kimi məktəblərdə tədris edilmişdi. Bu “sənəd” hazırda da antisemit əhvalda olanların əsas istinadıdır.

 

Qorxu hissi həyatda qalmaq üçün başlıca reflekslərdəndir, ancaq əyalətdə bu refleksi hərəkətə gətirən heç də həmişə “Sion müdriklərinin protokolları” kimi qlobal fərziyyələr deyil. Kənd əhalisinin qıtlıq və ya quraqlıq kimi real qorxusuyla bərabər, folklorik obrazlardan qaynaqlanan hipotetik qorxuları da var. Uzun müddət təhlükəli mühitdə qruplar halında yaşamış insanlar üçün qrupun məskunlaşdığı sərhədlərdən kənara çıxmaq və gecələr aktiv olmaq həyati təhlükə mənasına gəlib. Ağacların arxasından gələn, qaynağı bilinməyən anlaşılmaz bir səsi qorxunc yırtıcının səsi fərz etmənin özünü sığortalamaq funksiyası olub. Yırtıcı deyilsə, təkcə yanılmış olarıq. Əgər səsin mənbəyi yırtıcıdırsa, bu zaman da real təhlükədən qorunarıq. Bu ibtidai qorxunun pis hadisələrin kəndin sərhədində baş verdiyini və gecələr kənd ərazisində qulyabani, cin, hal anası kimi mifik varlıqların gəzdiyini iddia edən kənd folkloruna çevrilmiş olması ehtimalı böyükdür. Yenə bu ibtidai qorxunun kənddə olduğumuz zaman uyğun şərtlər altında bütün varlığımıza hakim olması şəhərdə böyüyənlər üçün də ehtimal daxilindədir. O, uyğun stimul olduqda refleksiv olaraq üzə çıxmaq üçün həmişə beynimizin dərinliyində gözləyir.

 

Hər kənddə cavanlığında cin ram edib qapısında işlətdiyindən, ya da hal anasıyla rastlaşdığından danışan babalar olsa da, bəzən kənd folkloru şəhər əfsanələriylə də zənginləşir. Əsgərlikdən qayıdan kənd sakini xidmətdə olduğu şəhərdə gördükləri uçan boşqabdan danışarsa, kənd sakinlərinin bəziləri uçan boşqab gördüklərini xatırlayır, bəziləri isə bundan sonra boşqab görməyə başlayırlar. Uçan boşqablar da təhlükə mənbəyidirlər, sərnişinləri bizdən fərqlidirlər və insanları oğurlayırlar. Kəndlərdən birinin materialist təfəkkürlü bilgəsi sübhün və gecənin qaranlığında mal-qaranı ötürən və qarşılayan gənclərə “Qaranlıqda naməlum canlıya, xəyalətə oxşatdığınız nəsə görsəniz, mütləq yaxınlaşıb baxın, adi bir obyekt-bir təkər, bir kol, vəhşi heyvan- olduğunu görəcəksiniz. Baxmasanız ömür boyu cin-şeytan gördüyünüzü danışacaqsınız” məsləhəti vermişdi. Bir dəfə gənclər gecə ağ yataq örtüklərinə bürünüb üzümlüyün qarovulçusunu qorxutmuşdular və ertəsi gün qarovulçu həyəcanla ağ paltarlar geyinmiş, əlini-qolunu yelləyib qışqıran “hal anası”nı təsvir etdikcə qımışmışdılar. Ancaq belə bir hadisənin səbəbini dəqiq bilən şəxslər, başqa əfsanələrin də oxşar material səbəbləri olacağını düşünmür, digər əfsanələrə rahatlıqla inanırlar.

 

Bizim oxumaq üçün gəldiyimiz 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindəki şəhər mühiti də insanların öz talelərinə hakim olmaq, sağlam yaşamaq və zəngin olmaq arzularını istismar edən şarlatanların uydurub populyarlaşdırdıqları əfsanələrlə zəngin idi. Yağışdan sonra göbələk kimi çoxalan, hər tində ofis açan ekstrasenslər hər xəstəliyi sahib olduqları “energetika” ilə asanlıqla müalicə edirdilər. Astroloqlar sadəcə doğulduqları günə görə insanlara onları nələrin gözlədiyini deyə, təhlükələrdən yayınmalarına kömək edə bilirdilər. Dünya təhlükəli olmaqdan çıxır, bizimkiləşir, komfort zonasına çevrilirdi. Məsələn, xarici kinolardakı qaraşın aktyorlar Azərbaycan əsilli idilər (Türkmənistan versiyasında məşhur hind aktyorlarından bəziləri türkmən əsillidirlər). Günün günorta çağı Tiflis metrosunun tunelində qatar əvəzinə sarvanın apardığı dəvə karvanı görülmüşdü, qatar gözləyən gürcülər iman edib müsəlman olmuşdular. Türkiyə ordusu dünyanın ən güclü ordusu idi və Türkiyənin qorxusundan heç kim torpaqlarımızı işğal edə bilməzdi. Zənginlik illüziyası nisbətən problemli idi, çünkü zənginliyin konkret ölçüsü mövcuddur. Bu problemi də qul əvəzinə işlədilən cin kimi, haqqında hamının danışıb özünü heç kimin görmədiyi “qırmızı civə” satmaqla həll etmək olardı. Hərkəs bu gəlirli biznesdə vasitəçi olmaq istəyir, müştəri axtarırdı. Nə üçün istifadə olunduğunu bilməsələr də çox vacib maddə olduğuna əmindilər. Qardaşının əsgər yoldaşının qaynında var idi, lazım olsa təşkil edə bilərdilər. Maraqlıdır ki, cin kimi “qırmızı civə” adlı maddə də ümumiyyətlə mövcud deyildi. Ancaq insanlara ümid lazım idi və dünya bu əfsanələrlə təhlükəli olmaqdan çıxır, qorxunun ümidlə əvəz olunduğu komfort zonasına çevrilirdi.

 

Türkiyədə oxuduğumuz dövrdə Türkiyəyə xas şəhər əfsanələri və konspiroloji fərziyyələrlə – “qırmızı civə” və özününküləşdirmənin yerli nümunələri – tanış olduq. “Əslində Türkiyədə neft var, çıxarmağa Amerika imkan vermir”. “NASA-da işləyən 12 alimdən 6-sı türkdür”. “Bütün siyasətçilər masondurlar, ölkəni satmağa hazırdırlar”, “Dərin dövlət” imkan vermir”. “Əslində Türkiyə öz avtomobilini yaratmışdı, sınaq zamanı maşına benzin doldurmağı yaddan çıxardılar və maşın yarı yolda qaldı”. Amerika-Türkiyə əməkdaşlığının Türkiyəyə təhsil və hərbi sahədə üstünlüklər qazandırmasına, türk akademisyenlər üçün geniş təqaüd imkanları tanınmasına, xaricdəki tenderləri türk şirkətlərinin qazanmasına, Amerika məhsulları satan türk şirkətlərinin qazandıqları bilgi və təcrübə sayəsində müstəqil şirkətlərə çevrilmələrinə baxmayaraq, Türkiyə elektoratında hakim fikir kimi Amerika və İsrail əleyhdarlığı körüklənirdi. Türkiyə kimi vacib bir ölkədə konspiroloji fərziyyələrin mahiyyətcə həm də siyasi olması təəccüblü deyildi. Seçkidən əvvəl istənilən siyasətçinin mason qiyafəsində montaj şəklinin dövriyyəyə buraxılması (Adnan Oktarın sifarişlə Mesut Yılmaza qarşı apardığı əks-təbliğat kimi), onun seçkini uduzması ilə nəticələnə bilərdi.

 

Kənddən şəhər, şəhərdən ölkə, ölkədən dünya miqyaslı konspiroloji fərziyyələrlə tanışlığın növbəti mərhələsi internet dövrü ilə başladı. Məlum oldu ki, fərziyyələrin coğrafi miqyası ilə ətraflarında illüzion bir təhlükəsizlik və komfort zonası yaradaraq çoxsaylı müridlərini istismar edib o fərziyyələrlə maddi, psixoloji, siyasi və ideoloji maraqlarını təmin edən vicdansızların başçılıq etdikləri icmaların sayı düz mütənasibdir. Möcüzəyə inam, kritik və sərbəst düşünə bilməmə, elmi dünyagörüşünün olmaması təkcə bir kəndə, bir şəhərə, bir ölkəyə xas deyildi, qlobal problem idi. Təhsil sisteminin fakt yoxlama vərdişi, skeptisizm, müstəqil düşünmə və problem həll etmə bacarıqlarını aşılamağı deyil, sənayenin ehtiyacına görə mütəxəssis yetişdirməyi qarşısına məqsəd qoyduğu dünyada bu vəziyyətin dəyişmədiyinə pandemiya zamanı bir daha şahid olduq.

 

Elmin necə işlədiyini və təbiət qanunlarının mahiyyətini bilməmək möcüzəyə inanmaq üçün əsas zəmindir. Bu zəmində özündən əmin, qədim bir müdriklik qaynağından bəhrələndiyini iddia edən, eksentrik görünüşlü hansısa xürafat tacirinin ortaya çıxması da möcüzə yox, qanunauyğunluq sayılmalıdır. Son bir əsrdə bütün dünyada populyarlaşan hindistanlı qurular dünyaya ağıl öyrətməzdən əvvəl nə üçün Hindistandakı ciddi sosial problemləri həll etməyə çalışmırlar? Kast sisteminə qarşı çıxmaq onların mindikləri budağı kəsmələri ilə nəticələnə bilərmi? Elmin yarandığı Qərb ölkələrinin vətəndaşları nə üçün bu quruların həvəsli müridləri olurlar? Sadhqurunun “bu əsl möcüzədir” deyə guya maye civəni toxunaraq bərk hala gətirdiyinə və müasir tibbin dediyinin əksinə olaraq, civənin sağlamlığa faydalı olduğuna necə inana bilirlər? Bu sorğusuz inanc həm quru üçün, həm də Hindistan üçün xürafatçı turistlər vasitəsiylə ölkəyə ciddi valyuta axınının mənbəyidir. Şəxsən tanıdığım, bir neçə xarici dil bilən, beynəlxalq təşkilatda işləyən yaşlı-başlı bir insan cibində ehtiramla içində kül olan zərf gəzdirirdi. Sai Babanın dərgahından aldığı bu kül onu bəlalardan qoruyurmuş. Skeptik düşünməyənlərə adi külü belə möcüzə adıyla satmaq mümkün olur.

 

Belə misalları çoxaltmaq çətin deyil. Çünkü elmi düşüncə çox yenidir, onun cəmi 300 yaşı var. Qorxunun kökləri isə milyonlarla ildir beynin ən dərinlərində özünə yer tapıb. Buna görə də qorxmaq və insanları qorxutmaq sadəcə asandır. Əgər bir ölkədəki hakim dünyagörüşü olmasa da, mötəbər bir neçə təşkilat və elm kommunikatorları sistemli şəkildə şübhə etməyi, fakt yoxlamağı və iddiaları sınamağı təşviq etmirsə, məşhur amerikalı televanqelistin “Tanrının küləyi”ni üfürməklə Covid-19 virusunu yox etdiyinə inanan minlərlə müridi olacaq. Həmin televanqelistin təxmini sərvətinin 300 milyon dollar olduğu deyilir. Üstəlik, ibtidai qorxunu insanları komfort zonalarını tərk etməyə çağıran elmi düşüncənin əleyhinə körükləmək də çətin olmayacaq.

 

Tanzaniyalı otaq yoldaşımdan şəhərlərindəki ən nüfuzlu şəxsin kim olduğunu soruşanda tərəddüdsüz “Sehrbaz” demişdi. Niyə? Çünkü onu kimsə qəzəbləndirsə, sehrbaz həmin şəxsi sehrlə öldürə bilərdi. Bəs sehrbaz kimisə sehrlə öldürmüşdümü? Cavabı maraqlı idi, “Yox, heç kim ölmək istəməz. Ona görə onu heç kim qəzəbləndirmir”. Belə ibtidai inancların məsum antropoloji materiallar olmadığını, real və neqativ nəticələri olduğunu hələ də Afrikanın bəzi ölkələrində albinos insanları oğurlayıb orqanlarından cadu hazırlamaqda istifadə etmək üçün öldürülmələri kimi vəhşi praktikada görə billərik.

 

Sorğu-sualsız inancın maliyyəti yüksəkdir. Bu sadəcə məsum bir aldanış, illüziya, komfort zonası üçün ödəniş etmə deyil. 2012-ci ilin dekabr ayında qiyamətin qopacağı hay-həşiri salan mistik və astroloqlar proqnozlarının niyə düz çıxmadığının hesabatını vermədilər, qiyamət qoparkən qaranlıqda şam yandırıb konserv yeyərək günəşli günləri gözləyə biləcəklərinə inanan çox sayda insan da maddi ziyana düşdü. Həmin insanları şam və konserv üçün xərclədikləri vəsaitin cəmi 10%-ini elmi aydınlanma üçün xərcləməyə razı salmanın çox çətin olacağı şübhəsizdir.

 

Bir neçə il əvvəl sosial şəbəkələrdə həmyerlimiz gənc tarixçi alimin Nobel komitəsi tərəfindən Nobel mükafatına təqdim olunması xəbəri ildırım sürətiylə yayılmışdı. Heç kim tarix üçün Nobel mükafatı verilmədiyini, Nobel komitəsinin heç kimi namizəd göstərmədiyini, həmin tarixdə namizədlər siyahısının hələ açıqlanmadığını, gənc alimin hansı işinə görə Nobel mükafatı alacağını soruşmadı. Əvəzində minlərlə insan statusu bəyəndi, yüzlərlə insan paylaşdı, Nobel mükafatı “namizədi” isə Nobel mükafatı almağı ağacdan armud dərməklə bir tutan ədayla “İnşallah alarıq mükafatı” deyə saytlara müsahibə verdi.

 

Başqa bir misal kimi, müvafiq təhsilləri olmayan iki gəncin genetik modifikasiya olunmuş qida bitkiləri haqqında yazdıqları, genetikanı “Allahın işinə müdaxilə”, geni dəyişdirilmiş qidaları “dəhşətli silah”, BMT-ni isə komplo təşkilatı olaraq təqdim edən kitablarının nəşri və tv-lərdə geniş təqdimatı göstərilə bilər. Kitabın qaynaqlar olan səhifəsinə baxmaq kifayət idi ki, gənc müəlliflərin bu mövzuda ciddi elmi qaynaqlara müraciət etmədikləri, daha çox türk müəlliflərin komplolarına istinad etdikləri və modifikasiya edilmiş qida bitkilərinin və canlıların vəd etdiyi böyük potensialdan – qida çatışmazlığı probleminin həlli və modifikasiya olunmuş bitki və heyvanlardan alınan məhsulların tibbdə istifadəsi kimi – xəbərdar olmadıqları anlışılsın. Ola bilər ki, poliqrafik baxımdan bahalı olan bu kitab üçün qrant alınmış, əvəzində isə cəmiyyətə faydalı deyil, zərərli fikirlər təbliğ olunmuşdu. Genetika haqqında bircə kitabın belə nəşr olunmadığı bir ölkədə genetika sahəsi kimi elmin ən böyük uğurlarından birini “ilahi nizama müdaxilə” kimi qələmə vermək həmişə birgə addımlayan savadsızlıq və məsuliyyətsizliyin nəticəsidir.

 

Yaxud dövrün ən böyük fırıldaqçılarından olan Adnan Oktardan iki geniş həcmli müsahibə alan qəzeti də xatırlamağa dəyər. Əlbətdə, Adnan Oktar fürsətdən istifadə edib öz tezislərini bu müsahibələrdə tirajlamışdı. Tutaq ki, qəzetlərdə və tv-lərdə elm jurnalisti yoxdur, bəs obyektivlik üçün əks-arqument irəli sürə biləcək kimisə dəvət etmək vərdişi niyə formalaşmır? Bu həmin Adnan Oktar idi ki, təkamülün nə olduğu haqqında dilimizdə bircə kitab belə nəşr olunmadığı halda, onun təkümülü “çürüdən” kitabları Milli Kitabxanada rəflərdə idi. Onun yalanları sayəsində çoxsayda vətəndaşımız Qərbin təkamül nəzəriyyəsindən imtina etdiyinə inanırdılar. Hazırda biologiya müəllimlərimizin neçə faizinin təkamülü doğru-düzgün xülasə edə bildiyi və tədris etdiyini öyrənmək maraqlı olardı.

 

İndi müxtəlif konspiroloji fərziyyələr üçün çox əlverişli mühit olan pandemiya dövründəyik. Bundan əvvəlki populyar fərziyyələrdən biri vaksinlərin zərərli olduğu, əsl məqsədin əhalinin sayını azaltmaq olduğu idi. Başqa bir fərziyyə isə qida məhsullarının təhlükəli olmasını iddia edirdi. İnsanlar müxtəlif ərzaq məhsullarını yandırır, videoya çəkir, sosial şəbəkələrdə yayır, özlərini əhəmiyyətli bir sirrin üstün açmış, insanları təhlükədən xilas etmiş super-qəhrəman kimi hiss edirdilər. İndi isə hazırki pandemiyaya son verəcək vaksinin tapılmasını gözləyir, ərzaq stoklayırlar. Onu da qeyd edək ki, bizdə populyarlaşan bu fərziyyələrin hamısı “copy-paste” fərziyyələrdir, orijinal deyil.

 

Dünyanın bizim üçün dizayn edilmədiyini və təhlükəli yer olduğunu genlərimizdən gələn reflekslərlə biruzə veririk. Bu genetik reflekslər yırtıcıların gəzişdiyi ibtidai mühitdə qrupdan ayrılmamağı təmin edirdi. Reflekslər hələ də qalır, ancaq kimlərsə illüzion təhlükələr uydurmaqla ibtidai həyatın təhlükəli mühitini öz məqsədlərinə uyğun şəkildə yenidən konstruksiya edirlər. İnsan reflekslərini və psixologiyasını həyatda qalma, çoxalma, qrup daxilində sosial statusunu yüksəltmə kimi material zəminə reduksiya edən təkamül nəzəriyyəsi mövzusundakı savadsızlığın belə fərziyyələr üçün əlverişli mühit yaratdığı şübhəsizdir. Bu fərziyyələrin ən böyük ziyanı isə diqqəti real, təcili həll gözləyən problemlərdən yayındırmasıdır.

 

Konspirasiya fərziyyələri niyə bu qədər populyardır? Nə üçün insanlar onlara inanmaq üçün olduqca istəklidirlər? Nə üçün ilk ağla gələcək əks-arqumentləri belə diqqətə almamaqda bu qədər rahatdırlar? Nə üçün bir fərziyyə populyarlığını itirmədən digəri sürətlə yayılır? Niyə elmi izahlar konspirativ fərziyyələrlə müqayisədə çox az etibar görürlər?

 

Elmin yetkin bir institut olaraq fakt yoxlamağa və fərziyyələr yaradıb onları sınamağa başlaması prosesi cəmi üç yüz yaşındadır və qlobal təhsil sistemi elmi və skeptik düşüncəni düşünmə vərdişinə çevirməyi prioritet məsələ kimi görmür, çünkü cəhalətin maliyyətinin fərqində deyil. Sevindirici haldır ki, son zamanlarda bu mövzuda fərqindəliyin yarandığı bəzi Qərb ölkələrində kritik düşünmə, vətəndaş elmi, elm savadlılığı kimi müasir dünyagörüşünün vacib komponentləri təhsil sisteminə inteqrasiya edilməyə başlanıb.

 

Homo sapiens yer üzərində mövcud olduğu dövrdən bu yana təhlükəli, onun üçün hazırlanmamış, heç də “user-friendly” olmayan bir mühitdə yaşamaq uğrunda mübarizə apardı. Yırtıcı heyvanlar, zərərli bitkilər, həşəratlar, quraqlıq və buz dövrləri, qonşu qəbilələrin hücumları insanda dünyanın təhlükəli yer olduğu fikrini formalaşdırdı. Belə bir dünyada məşhur nağıl qəhrəmanı Polianna kimi sadəlöhv olmaq asanlıqla ölümlə nəticələnə bilərdi. Ətrafın düşmənlə dolu olduğu fərziyyəsi, real təhlükə olmadıqda belə ciddi zərər vermir, uzaqbaşı bir az stress yaradırdı. Təhlükə olduğu halda onun olmadığını fərz etmək isə ölüm mənasına gəlirdi. Külək səsini canavar səsi kimi kimi qəbul etmək, risksizdir. Əksinə canavar səsini külək səsi zənn etmək isə təkamülün həyat uğrunda mübarizə prinsipi baxımından yolverilməzdir. Müxtəlif sektaların özlərini dünyadan təcrid etməyə çalışmaları və ətraf mühiti düşmən kimi görmələri də bu reflekslərin nəticəsidir. Yeni çağın və ənənəvi dinlərin sektaları dünyanın real təhlükələrini görməzdən gəlib onların əvəzinə illüzion təhlükələr təqdim etməklə və üzvlərinə dünyanı komfort zonasına çevirəcəklərini təlqin etməklə yalanın çoxalmasına xidmət edirlər.

 

Dinlər insanlara dünyanın tək bir güc tərəfindən dizayn edildiyi, yaradıldığı və idarə edildiyi fikrini aşılayır. Bir az sekulyarlaşmış ancaq elmi düşüncəni mənimsəməmiş cəmiyyətlərdə, ilahi gücü dünyəvi güclə əvəz etmək mümkündür. İnsanların kiçik bir qrupunun (yerinə görə masonlar, illüminatilər, 300-lər komitəsi, Rotşildlər ailəsi, transmilli şirkətlərin rəhbərləri, yadplanetlilər, reptilianlar vs.) 8 milyarda yaxın insanın 200-ə yaxın ölkədə yaşadığı bu dünyada bütün fərqli dini, siyasi, iqtisadi, hərbi maraqları və bunları idarə edən şəxsləri vahid məqsəd üçün idarə edə bildiyinə inanmaq, dünya tarixi bilgisinin və beynəlxalq münasibətlərin mürəkkəb təbiətinin analizinin yerini tutan bəsitləşdirilmiş və rahatladıcı, eyni zamanda insanı məsuliyyət hissindən azad edən komfort zonası rahatlığı təmin edir.

 

Pərdə arxasından dünyanı idarə edən qrupun super-məxfi planının üçüncü sinif yazarlar tərəfindən ifşa olunması və bu ifşanın o qruplara aid olan (bütün dünya əllərindədirsə, sözsüz ki, sosial şəbəkələr kimi effektiv vasitələr də onlara məxsus olmalıdır, yoxsa fərziyyədə ciddi daxili ziddiyət yaranar) sosial şəbəkələrdə maneəsiz yayılması da ironikdir.

Cins şalvar, QİÇS xəstəliyi, təkamül nəzəriyyəsi, Amerikanın Aya enmə layihəsi, Covid-19 pandemiyası, Coca-Cola şirkətinin sionizmə xidmət etməsi, “Üst akıl”, 11 Sentyabr terroru, vaksinasiya, iqlim silahları, Yeni Dünya Nizamı, masonlar, hətta Eynşteynin kəşflərini kimlərdənsə oğurlaması – konspirasiya fərziyyələrinin “ifşa etdikləri” planlar rəngarəng olsa da, eyni təfəkkür formasının məhsuludurlar.

 

Müasir oxucular bir zamanlar cins şalvarların konspirasiya mövzusu olduğuna, əxlaqsızlığı təbliğ etmək üçün məxsusi olaraq yəhudi Levis tərəfindən icad edildiyinə inanıldığını eşitsə, təəccüblənər. Küçədə cins geyinmiş insanlara kobud müdaxilələr edildiyinə isə yəqin ki, inanmaz. Konspirasiya fərziyyələrinin mövzuları daima dəyişəcək, yenilənəcək, bu gün konspirasiya sayılan mövzu sabah gündəlik həyatın bir hissəsi olacaq. Ancaq konspirativ təfəkkür yeni iddialar uydurmağa davam edəcək və bunların da təəssüf ki, real maliyyəti olacaq.

 

Konspirasiya fərziyyələri əslində banaldır və ortaq xüsusiyyətləri var. Əvvəla paradoksaldırlar, normal halda bir konspirativ plan insanları onun varlığına inandırmanın çətin olacağı dərəcədə məharətlə düşünülməliydi. Ancaq bu fərziyyələr istedadsız “tədqiqatçı”-yazarlar tərəfindən, komputer qarşısında oturduqları bir neçə saat ərzində ifşa olunur və çoxsayda tərəfdar toplayır. Həmin iddiaların müəlifləri, fərziyyələrində istifadə etdikləri terminlər və konseptlər haqqında elementar anlayışa sahib olmurlar. Viruslar haqqında fərziyyələr irəli sürənlər virusla bakteriyanın fərqini, 5G haqqında ifşaatlar edənlər iyonlaşdırıcı radiasiyayla iyonlaşdırıcı olmayan radiasiyanın fərqini bilmirlər. Bu şəxslər hansısa məxfi sənəd əldə etməyiblər, hansısa ciddi tədqiqat mərkəzində işləməyiblər, onlara məlumat ötürən ciddi qaynaqları yoxdur, ancaq yenə də və hər necəsə böyük ifşaatlarla imza atırlar.


Adətən “gizli planlar” Amerikada qurulur və bu planlardan zərər çəkməyən təkcə İsrail olur. Pandemiya zamanı pandemiyanın Amerikanın oyunu olması iddiası – Amerikanın ən çox zərər çəkən ölkələrdən olması; İsraildə heç pandemiya qurbanının olmaması – qurbanların olduğunun anlaşılması, kafirlərə ilahi cəza olduğu iddiası – İslam ölkələrində də yoluxma faktlarının ortaya çıxmasıyla sakitcə tərk edildi, ancaq meydan boş qalmasın deyə yeni fərziyyələr uyduruldu.

Əvvəlki populyar iddialardan biri də, xərçəng xəstəliyinin dərmanının tapıldığı, ancaq gizlədildiyi (elədirsə dərmanı gizlətmək kimə lazımdır, milyonlarla insana bu dərmanı satıb külli miqdarda qazanc əldə etməyi niyə ağıllarına gətirmirlər?) və İsraildə xərçəngdən ölənlərin olmadığı idi. Bu “faktı” iddia edən şəxs nə üçün kiçik bir araşdırma aparıb xərçəngin səbəb olduğu ölümlərin statistikasında İsrailin neçənci yerdə olduğunu yoxlamır?

 

Rutin bir vərdişə çevrilməli olan fakt yoxlama praktikasının olmaması insanları sadəcə cahillikdən güc alan inadkarlara çevirmir. Həm də ciddi maddi zərərlə nəticələnir. Pandemiya dövrünün ən məşhur fərziyyələrindən biri də 5G kommunikasiya sistemi ilə pandemiyanın yayılması arasında qurulan və əminliklə dilə gətirilən əlaqədir. Bu iddia cahil inadkarları artıq cahil zərərvericilərə çevirib. Bəzi ölkələrdə 5G stansiyaları barbar hücumuna məruz qalıb və yandırılıb. Bəzi ölkələrdə hökümətlər əlavə maliyyə xərcləyərək stansiyaların mühafizəsini gücləndiriblər.

 

Bəs bu iddianın qaynağı nədir və ya kimdir? Hansısa elmi tədqiqata əsaslanırmı? Ciddi institutların bu mövzuda təsdiqləyici hesabatları varmı? Bu iddia ilk dəfə Belçikada nəşr olunan Het Laatste Nieuws adlı bir qəzetdə, orta statistik bir terapevt olan Kris Van Kerckhoven tərəfindən ifadə olunub. Kris həkim həm də sevgi, rəqs, gülüş kimi dahiyanə üsullarla müalicə haqqında yazılmış “Təbii müalicə” adlı bir kitabın həmmüəllifidir; belə bir gülünc iddia ilə də olsa populyarlaşması, kitabının satışını sözsüz ki artırmışdır.

 

Müəllifi 5G ilə pandemiya arasındakı əlaqə mövzusunda nə qədər ciddiyə almaq olar sualıyla bərabər, bu iddianı inkar edəcək bir fakt da mövcuddur. Yeni Zelandiya pandemiyaya tamamiylə qalib gəldiyini bildirib, ölkədəki aktiv yoluxma halı sıfıra bərabərdir. Yeni Zelandiyada 2019-cu ilin dekabr ayında Vodafone şirkəti tərəfindən 100 ədəd 5G stansiyası qurulmuşdu, yeni stansiyaların qurulması isə o zamandan günümüzə qədər davam edir. 5G ilə pandemiya arasında necə bir əlaqənin (əslində heç bir əlaqənin olmadığını) olduğunu bu fakt aydın göstərir.

 

21-ci əsrdə, istənilən iddianın asanlıqla dövriyyəyə daxil edilməsinin mümkün olduğu bir çağda bütün iddiaları ayrı-ayrı çürütmək üçün vaxt tapmaq çətindir. Xüsusiylə gənc vətəndaşlarda skeptik düşünmə, fakt yoxlama, elm savadlılığı qabiliyyətləri inkişaf etdirilməlidir ki, fərdlər özləri iddiaları saf-çürük edib doğru olub-olmadığına qərar verə bilsinlər,qeyri-kompitent fırıldaqçılar tərəfindən aldadılmasınlar. 5G ilə pandemiya arasında əlaqəyə inanan biri yoluxmanı online hipnoterapiya ilə aradan qaldırdığını iddia edən fırıldaqçıya inanmazmı? (Belə bir fırıldaqçı var və öz müalicə “metodu”nun təbliği prosesində mətbuat ona qarşı səxavətli davranır.)

 

Elm savadlılığı qeyri-kompitent, vicdansız, savadsız, əziyyətsiz gəlir və status qazanmaq istəyən fırıldaqçılara inanmağı özünə yaraşdırmayan və sığışdırmayan intellektual qürur hissinin yaranmasına səbəb olur. Ancaq bu halda biz psevdo-problemlər yerinə real problemlərə diqqət ayırar və qaynaqların fırıldaqçıların ciblərini doldurmalarına deyil, təcili həlll gözləyən real problemlərin həllinə yönəldilməsinə nail ola bilərik.

 

Yalçın İslamzadə

Azlogos.eu

 

Yuxarı