post-title

Əfqanıstan – Kafka stilində ölkə!

“Notr Dam de Sion 2014” Ədəbiyyat Mükafatı ötən həftə Fransız Sarayında (İstanbul) təşkil olunmuş tədbirdə əfqanıstanlı mühacir yazar Atiq Rahimiyə verildi. Rahimi mükafata layiq görülən “Lənətə gəlsin Dostoyevski” kitabında, Dostoyevskinin “Cinayət və cəza” adlı əsərindən ilhamlanaraq cinayət, cəza və vicdan məfhumlarını öz ölkəsində mövcud olan şərtlərə uyğun olaraq yenidən şərh etmişdir. Yazarla kitab və mükafat haqqında söhbətləşdik.

 
 
Kitabınızda insan təbiətinin ən həssas mövzularına toxunursunuz. Cinayət törətmək arzusu, peşmanlıq, vicdan, daxili hesablaşma, ədalət… bütün bunları incələyərkən nələrdən qidalandınız?
 
Xüsusilə müharibə mühitindəki məsuliyyət məsələsini özüm özümə həmişə sual etmişəm. Dövlətin xeyrinə və ya vətənpərvərlik xaricində, hansı mənəvi instansiya insanı öldürməyə təşviq edir? 
Bu sual mənim içimi gəmirir, çünki burada insanın tarix qarşısındakı məsuliyyətidir müzakirə mövzusu. Ədəbiyyat cinayəti yox etmək gücünə malik deyil, amma cinayətin fərqində olmağımıza səbəb olur. 2002-ci ildə Əfqanıstana qayıtdığım zaman müharibəyə qoşulmuş kommunist dostlarımla və gənc mücahidlərə görüşdüm. Vicdan əzabı və ya peşmanlıq hissi keçirmədən, daxilən rahat halda ortalıqda gəzirdilər. Günahkarlıq duyğusuna qapıldılarmı? Bir insan bir qətli necə yaşayır? Nə qəhrəman, nə də anti-qəhrəman olan bir insanın taleyini araşdırmaq mənim üçün maraqlıdır. Buna görə də romanlarım həmişə itirilmiş və ya bədbəxt insanlardan bəhs edir. Bu kitabda da bir tələbə, bir tərəfdən törətdiyi cinayət vasitəsilə öz ölkəsini, mədəniyyətini və dünyasını kəşf edərkən, digər tərəfdən özü özünü ortaya çıxarır. Onun hekayəsi sayəsində onun doğulduğu torpaqların tarixini də anlamış oluruq. 
 
Romanınızın qəhrəmanı Rəsulda da, “Cinayət və Cəza”nın Raskolnikovunda da vicdan önəmli bir ünsürdür. Sizcə, vicdan həmişə həqiqəti görməyimizə yardım edirmi? Vicdanla üz-üzə gəlib, cinayəti etiraf etməyin önəmi nədir? 
 
Həqiqətən də, sadəcə etdiyin hərəkətlərin fərqində olmaq kifayət deyil. Bu, sadəcə işin başlanğıcıdır! İnkardan xilas olmaq lazımdır. Bu inkardan qurtulmaq üçün etirafa üz tutmaq, cinayəti dilə gətirmək lazımdır. Etiraf insanın xilas olmasına yardım edir, amma bu, sadəcə cinayətini öz-özünə edib onun fərqinə varmaqla deyil, cinayətini başqasına söyləmək, yüksək və anlaşılan bir səslə eşitdirməklə olur.  Sonya buna görə Raskolnikova dörd yol ayrıcına gedib torpağı öpməsini və etirafını hər kəsin qarşısında etməsini söyləyir. Raskolnikov qanun qarşısında etiraf etmək məcburiyyətindədir, amma Sonyaya etiraf etmək məcburiyyətində deyil. Halbuki, əksinə edir; əvvəlcə sevdiyi qadına, eynən insanın öz iztirabları qarşısında olduğu kimi, onun ayaqlarına döşənərək, ona etiraf edir; ondan sonra, sübut olmadığı üçün Raskolnikovu heç bir zaman həbs edə bilməyən Porfiri Petroviçin təmsil etdiyi qanun qarşısında etiraf edir. Cinayət ancaq etiraf edilmək, iztirab da başqasına söylənilmək üçün vardır.
 
İllər öncə yayımlanan “Torpaq və kül” adlı əsərinizdə də, “Lənətə gəlsin Dostoyevski”də də söyləmək istədiyiniz universal bir mesaj olduğu hiss olunur. Kitablarınızda arayışında olduğunuz şey nədir? 
 
Əfqanıstanda nə hərbi ağaların, nə də müharibə canilərinin öz hərəkətlərinin fərqində olmadığını görmək mənim içimi gəmirən məsələlərdən biridir. İslam, başlanğıcdakı günahkarlıq duyğusunu aradan qaldırdı. Xristiyanlıqda insan günahla birlikdə doğulur. Bağışlanmaq üçün önündə bütöv bir ömür var. Bu, insanın həmişə məsum hesab edildiyi İslama ziddir. Müsəlmanlar hava şarının içərisində yaşayırlar. Din və adət onları ətrafda dolaşan Şeytandan qoruyur. Dolayısı ilə, bu donmuş, qəlibləşmiş Müsəlman cəmiyyəti, pislik başqalarından gəldiyi üçün başqa olanı rədd edir. Günahkarlıq duyğusunun olmaması bir növ inkar anlamını verir. Lakana görə bu duyğu – içində qapalı qalanlar üçün nevroz, içinə daxil olmağı rədd edənlər üçün də psixoz olmaqla, iki patoloji nəticə doğurur. Əfqan toplumu öz günahlarını qəbul etmədiyi üçün psixoz içərisində yaşayır. Bu, bütün xalqın günahkarlığını sorub əmən “səbir daşı”na bənzəyən Rəsulun vəziyyəti ilə ziddiyyət təşkil edir. Günahını etiraf etmək ən təməl davranışlardan biridir. 
 
Kitabınız ilk dəfə nəşr olunan zamanı aldığımız intervyüdə, özünüzü Dostoyevskidən daha çox Kafkaya yaxın hiss etdiyinizi söyləmişdiniz. Dostoyevskidən bir “roman layihəsi” götürməyinizə rəğmən, Kafkaya qarşı hiss etdiyiniz bu yaxınlığın səbəbi nədir?
 
Çünki Əfqanıstan Kafka stilində bir ölkədir! Rəsul öz məhkəməsi vasitəsilə hakimlərin bütün müharibə cinayətkarlarının mühakiməsini başladacağını umur. Halbuki o, etdiklərinə görə deyil, kimliyinə görə mühakimə olunur. Bu xarakter tamamilə Kafka tərzi bir xarakterdir… Kafkada bir məhkəmə prosesi var, amma cinayət yoxdur, burda isə cinayət var, məhkəmə prosesi yoxdur. Bu qaydasızlıq bir tale halına gəlir. Yüzlərlə məsum insanı öldürən bir bombanı atmaq cinayətkarlıq yaratmır, bir sütenyor qadını öldürmək az qala vəzifə sayılır. 
 
Və indi Notr Dam de Sion Ədəbiyyat Mükafatına layiq görüldünüz. Bu mükafat sizin  üçün nə ifadə edir? Anlaşıldığınızı, mesajınızı oxucularınıza ötürə bildiyinizi düşünürsüzmü?
 
Bu mükafat böyük bir sürpriz oldu. Xoş bir sürpriz. Şərəf oldu. Türk oxucularım və jurnalistlərlə görüşərkən kitabımı çox diqqətlə oxuduqlarının fərqinə vardım. Vəziyyəti və xarakterim Rəsulu, Fransa və digər ölkələrdəki oxucularımdan daha yaxşı anlayıblar.  Mənim çox sevdiyim bu kitab Türkiyədə gördüyü marağı başqa yerlərdə görmədi. 
 
Zəhra Onat
 
Kultura.az
 
 
Yuxarı