Bir neçə gün bundan əvvəl çox dəyərli və məzmunlu iki araşdırma dinlədim. Seçki mütəxəssisi Rəfael Hümbətov 15 dəqiqəyə sübut etdi ki, Azərbaycan Respublikasının hakimiyyəti seçki deyilən icraatı qəbul etmir, ondan qorxur və onu ustalıqla məhv edib.Sakitcə, ehtiras və həyəcan sezilməyən səslə sadalanmış dəlillər o qədər təkzibedilməz idi ki, heç kim müzakirəyə baş vurmaq belə istəmədi. Natiqdən sonra nəyisə demək ona bənzəyərdi ki, kimsə durub desin: “Mən də fikirləşirəm ki, iki vur iki eylər dörd.” Gülünc olmazdımı? Və ya hansısa mərhumun qırxında durub deyəsən ki, mərhum deyəsən həqiqətən vəfat edib.
İki vur iki dörddür, qadanı alım, dörd, bunun daha orası-burası yoxdur! Azərbaycan hakimiyyəti xalqımızı seçmək hüququndan məhrum edib, onu şərti reflekslərlə idarə edilən məxluqat sürüsünün vəziyyətinə salıb, bunun isbatına heç lüzum yoxdur! Millət 20 ildir Lazımı gözləyir! Rəsul Quliyev demişkən: “Bədbəxt!!!”
İkinci məruzəni hakimiyyət saytlarının sevimlisi, zəmanəmizin “trotskiçi-zinovyevçi” antisovet ünsürlərinin parlaq nümayəndəsi Qubad bəy İbadoğlu etdi. O da çox sakit tərzdə, heç bir hökm vermədən və ittiham səsləndirmədən seçki prosesində hakimiyyətimizin törətdyi maliyyə pozuntularının elə bir əfsanəvi mənzərəsini çəkdi ki, dinləyicilərin deməyə dəxi sözü qalmadı. Görünən dağa nə bələdçi? Bəli, qanunları pozular, bəli, hakimiyyətdən sui-istifadə edirlər, bəli, camaata seçki ərəfəsində beş manat rüşvət verib seçkidən sonra ondan on manat qoparırlar...
Nə etməli? “Millət belədir?” Ermənistanda cani oliqarxlar seçicilərə 30-50 dollar rüşvət verib səslərini alırlar, bizimkilər niyə verməsin? Ermənilərdən bizimkilərin nəyi əskikdir?
Hökumətin müvafiq qurumlarından gəlmiş nümayəndələrin də deməyə sözləri olmadı. Mən rəsmi dairələrin nümayəndələrinin susmağına əsla etiraz etmədim, əksinə, onlara ədəb və zövq nümayiş etdirdiklərinə görə qəlbimdə minnətdar oldum.
Bir neçə müxalifət qurumunun nümayəndəsi acı-acı gileylənib işarə etdi ki, “əgər bu fırıldaqlar olmasaydı, bilirsiz də, nələr edərdik”. Bax, bu məni qeyzləndirdi. Başı kəsib kəkilini daramağı müzakirə edirlər.
Fəqət ədəb qaydalarına qaçılmaz hörmət naminə soruşdum ki, “cəmiyyətimiz ümumiyyətlə ədalətli və şəffaf seçki sifariş edirmi? Başınıza dönüm, bizim müdrik və qeyrətli xalqımız bu hakimiyyətin dəyişməsini istəyirmi? İndiki alçaldıcı və riyakar həyat tərzindən qurtulub vicdanlı və şərəfli bir həyata başlamağı umurmu? Yoxsa havayı neft pullarının tarmar edilməsi hesabına qurulmuş bayram büsatının qırıntılarını nuş etməyi vicdan və şərəfdən əfzəl zad sayır?”
Müxalifət bəradərlərimdən birisi o saat sevimli bayatı valını qoydu patefonuna: “1989-cu ildə Zərdüşt bəyi bir dəfə incidiblər, indiyə kimi elə hey deyir...”
Yəni 1990-cı iln xəyanəti ko deyil, 1992-ci ilin satqınlığını yada salma, 1993-cü ilin fırıldağı sayılmasın, 1995-ci ilin dönüklüyü hesabdan silinsin, 1998-ci ilin qanmazlığı qanılmasın, 2000-ci ilin yorğanaltı oyunları unudulsun, 2003-cu ilin kütlüyü anılmasın, 2005-ci ilin danabaşlığı kənara tullansın, 2008-ci ilin bivecliyi üzə vurulmasın, 2013-cü ilin murdarlığı paka çıxarılsın...
Beləliklə də xalqın indiki şad və xürrəm həyatı davam etsin. Ta ki, nöyüt tükənənə qədər. O vaxta kimi də ya xan ölər, ya eşşək. Daha demirəm xan kimdir, eşşək kim. Qanana işarə də bəsdir.
Zərdüşt Əlizadazə
Kultura.az