post-title

Cəfər Cabbarlının “Oqtay Eloğlu” pyesi haqqında

Müsabiqə üçün yazı

 
 
1899-cu ildə, martın 20-də, Xızıda dünyaya göz açan Cəfər Cabbarlı, Azərbaycan teatr sənətinə və ədəbiyyatına ən yüksək səviyyədə xidmət etmiş, sosial problemləri ən real şəkildə qələmə aldığına görə sosial realizmin banisi kimi tarixə düşmüş, dramaturq, şair, nasir, teatrşünas, kinoşünas, kinossenarist, tərcüməçi, aktyor, rejissor kimi müxtəlif sahələrdə fəaliyyət göstərmişdir. Geniş yaradıcılıq potensialına, ən məhsuldar istedada sahib olan Cəfər Cabbarlı sadə yazı dili ilə, toxunduğu əhəmiyyətli mövzuları ilə xalqın qəlbinə yol tapmışdır. 
  
 Cabbarlının həyat və yaradıcılığına həsr olunmuş Seyfəddin Dağlının qələmə aldığı “Bahar oğlu” əsərinin belə adlandırılmasına səbəb dahi şəxsiyyətin bahar mövsümünün gəlişində doğulması deyildi. Cəfər Cabbarlı öz gəlişi ilə istər ədəbiyyata, istərsə də teatr sənətinə bahar təravəti, yeni nəfəs, yeni mövzular gətirdi. O, yazdığı lirik-satirik şeirlərlə, kiçik həcmli hekayələri ilə və ən əsası qələmə aldığı dram əsərləri ilə dövrünün ən aktual problemlərini, cəmiyyətin ən ağrılı əzablarını qələmə alaraq, savadsız, cahil, avam insanları, ədalətsizliyi, acgözlülüyü, tamahkarlığı, mənəvi məhkumluğu sərt şəkildə ifşa etmişdir. Onun yaradıcılığının sözün əsl mənasında şah əsəri “Oqtay Eloğlu” pyesidir. 
 
 Cəfər Cabbarlı 1919-cu ildə dramaturgiyanın ən yüksək zirvəsini fəth edir. O, həmin ildə “Oqtay Eloğlu” pyesini yazır. Tarixə diqqət etməyimiz gərəkdir ki, xırda bir sirrdən agah olaq. 1919-cu il – Azərbaycan teatr səhnəsinin tanrısı hesab edilən, bütün Qafqazın məhşur tragik artisti, Azərbaycan peşəkar teatrının banisi, ilk profesional aktyor və rejissor Hüseyn Ərəblinskinin ölüm tarixidir bu il. Heç şübhəsiz ki, bu pyes məhz Hüseyn Ərəblinskiyə həsr olunmuşdur. Buna tam əmin olmağımız üçün “Oqtay Eloğlu” pyesinin qəhrəmanı olan Oqtayla Hüseyn Ərəblinskini müqayisə edək.
 
 Əvvəla Oqtay atasız böyüyür. Atasının ölümündən sonra əmiləri öz qardaşından miras qalan hər şeyə sahib çıxır. Oqtayı, bacısını və anasını evsiz-eşiksiz, pulsuz-parasız, sahibsiz qoyurlar. Zaman-zaman Oqtay böyüyür, teatra həvəs göstərir, peşəkarlıqdan və profesionallıqdan xəbərsiz olan teatr sənətinə əsl peşəkarlığı və profesionallığı gətirir. İstedadı dillərə düşür. Hətta, dövrün mövhumatçı, xurafatçı, avam, savadsız kütləsinin yersiz qayda-qanunlarına görə öz aktrisasına həsrət qalan Azərbaycan teatrının səhnəsindəki boşluğu qismən də olsa doldurmaq üçün Oqtay qadın rollarını da oynayır, o savadsız kütlənin dili ilə desəm, “arvad tumanı” geyinir. O əsl sənət fədaisinə çevrilir.
 
 Hüseyn Ərəblinskinin həyatından xəbərdar olanlar bilir ki, Ərəblinski də atasız böyümüşdü, onun da atasının ölümündən sonra əmiləri qardaşdan qalan bütün mirasa sahib çıxıb, Hüseyni və anasını evsiz-eşiksiz, pulsuz-parasız, sahibsiz qoymuşdular. Sonralar Ərəblinski teatr səhnəsində bir ulduz kimi parlayır, şöhrəti sərhədlər aşır və o, Azərbaycan teatrına peşəkarlıq, profesionallıq gətirir. Qadın rolları oynadığına görə qohumları ondan üz döndərir. Düzdür, Hüseyn Ərəblinskinin bacısı yox idi. Çox güman ki, əsərdəki Oqtayın bacısı Sevər Cabbarlı təxəyülünün məhsulu idi və bu pyesə ayrı bir maraq qatmış, mövzunu genişləndirmiş və Sevərin timsalında dövrün gənc qızlarının taleyi ifadə olunmuşdu.
 
 Bundan başqa Oqtay əvəzolunmaz istedadı ilə dillərə dastan olduqdan sonra rus teatrlarına dəvət alır və bu təklifi öz xalqının mədəniyyətinin yüksəlişinə görə, öz ölkəsində mədəni tərəqqinin baş verməsi uğruna rədd edir. Eyni təklif Hüseyn Ərəblinskiyə də olunmuşdu və o da eyni amala görə həmin təklifi rədd etmişdi.
 
 Əsərdə Oqtayın sevdiyi yeganə qadın, ilk və son məhəbbəti olan Firəngiz teatrsevər, sənətə və sənətkara qiymət verməyi bacaran, qəlbi azadlıq eşqi ilə döyünən Azərbaycan qadınıdır. O, Oqtayı əvvəlcə bir aktyor kimi sevir. Sonradan isə məhşur aktyor Firəngizin qəlbini fəth edir və Firəngiz Oqtaya aşiq olur. Öz nəvazişi, diqqəti, qayğısı, azadlıq eşqi ilə Oqtayın da ürəyinə yol tapmağı bacarır. Lakin, bu ülvi məhəbbətə dövrün yersiz qayda-qanunlarına səbəb olan insanlar, pulhərislər, hər şeydə təmənna güdənlər, öz mənafeylərini düşünənlər, savadsızlar, elmdən, mədəniyyətdən xəbərsizlər mane olur. Firəngizi Oqtayın öldürüləcəyi ilə hədələyib ona yalan söylətdirir, onu Oqtayın gözündə xəyanətkara, yalançıya çevirirlər. Onu zorla varlı və vəzifəli Danyar bəy Qalaçıxanova ərə verirlər.
 
 Bu Firəngiz isə Hüseyn Xələfovu Hüseyn Ərəblinskiyə çevirən, Hüseynin sevdiyi qadın, teatrsevər, azadlıq arzusu ilə yaşayan Ərəblinskayanın prototipidir. Eyni ilə Firəngiz kimi Ərəblinskaya da Hüseyn Xələfovu bir aktyor kimi sevib istedadına pərəstiş edirdi, sonradan isə, Hüseynə bir insan kimi də aşiq olmuşdu. Amma Ərəblinskaya məhşur milyoner Hacı Zeynalabidin Tağıyevin sevdiyi qadın idi və ailəsi təbii ki, o cür milyoner qala-qala Ərəblinskayanın Hüseynə getməsinə razı olmazdı. Təəssüf ki, Ərəblinskayanın sonrakı taleyi haqqında heç bir yerdə məlumat yoxdur. Hər nə etmişdilərsə, Ərəblinskayanı Hüseyndən ayırmışdılar və Hüseyn Xələfov həmin gündən öz adının bütün afişalarda Hüseyn Ərəblinski kimi yazılmasını istəmişdi. 
 
 Daha sonra isə pyesdə Oqtay bütün qayda-qanunlara, qadağalara, məhdudiyyətlərə, çürük adət-ənənələrə, saxtalıqlara, süniliyə qarşı çıxdığı üçün sürgünə göndərilir və sürgündən qayıdanda artıq səfil həyatı sürür. Özünü “Səfillər padşahı” adlandırır. Onun qayıdışına bayram edən mənfəətxorlar onun teatrda oynaması üçün Oqtaya yalvarır, çoxlu pul təklif edirlər. Oqtay əvvəlcə bunların heç birinə razı olmur amma bacısı Sevərin diləndiyini görəndə ürəyi yumşalır və bu yerdə insanın gözünü yaşardan, qəlbini qəmə bürüyən bir cümlə işlədir: “Səadətini Tanrım qədər sevdiyim bu xalq bircə səni də yaşatmadı!” Bundan sonra bacısının qalacaq yer və yeyəcək-içəcəklə təmin olunması müqabilində teatrda oynamağı qəbul edir. 
 
 Oqtayın sürgündə olduğu illər Hüseyn Ərəblinskinin vərəm xəstəliyinə görə Süxumda, Vərəm sanatoriyasında yatdığı illəri xatırladır. Həmin illərdə Hüseyni səhnədə görməyi arzulayanlar da var idi, onun qayıdışından təmənna güdənlər də. Təbii ki, “Oqtay Eloğlu” pyesindəki digər hadisələr Cabbarlı təxəyülünün məhsuludur. 
 
 Oqtay səhnəyə qayıdır. Səfillikdən qurtulub yenidən teatra xidmət etməyi düşünür. Lakin, üzləşdiyi çətinliklər, ədalətsizliklər onun yaşamaq həvəsini öldürmüş, onda hər şeyi süni görəcək bir baxış yaratmış, onun inamını sarsıtmışdı. Oqtayın səhnəyə qayıtmasını istəməyən adamların, ona paxıllıq edən rejissorlar və aktyorların hiyləsi ilə oynayacağı tamaşanı təxirə salmağa məcbur olurlar. Bu vaxt xalq etiraz edir, səhnədə aktrisanın oynamasını tələb edir və Oqtayın cavabı avam cəmiyyəti silkələyir, bütün cahil kütlənin sifətini sillələyir. O üzünü insanlara tutub deyir: “Səfil хalq, nə bağırırsan! Səndə sənətkar bir qadın yoх, varsansa
yarat, yaratmırsansa sus, uzan, öl!” Oqtayın çətinlikdən qurtulması üçün, onun səfilliyinə səbəb olan Firəngiz, bu dəfə onun xilaskarına çevrilmək istəyir. Hər şeyi gözə alıb səhnəyə çıxır və dahi alman dramaturqu Şillerin “Səfillər” pyesində Amaliyanı oynayır. Lakin, Firəngizi qarşısında görən Oqtay oynadığı tamaşanın finalındakı ölüm səhnəsini texniki şəkildə yox, reallıqla həyata keçirir və bıçağı Firəngizin köksünə sancır. Bununla o zənn etdiyi yalana uyan, satın alınan Firəngizi öldürüb öz qəlbində və xəyalında yaşatdığı ölümsüz Firəngizi əbədiləşdirir. O özü üçün ideal bir Firəngiz yaradır və öz yaratdığı Firəngizi seçir. Bu yerdə isə öz yaratdığının tanrının yaratdığından üstün olduğunu sübut etməyə çalışır.
 Beləliklə, Oqtayla Hüseyn Ərəblinskinin aqiəbətləri fərqli olsa da, Oqtayın Hüseyn Ərəblinskinin prototipi olduğunu danmaq olmaz. Çünki, onların yaşadıqlarında çoxlu oxşarlıqlar var və onların amalları, məqsədləri, sevgiləri tamamilə eynidir. Hətta, bəzi xırdalıqları da nəzərinizə çatdırım ki, Hüseyn Ərəblinskinin tez-tez səhnələşdirdiyi və baş rolu oynadığı əsər Şillerin “Qaçaqlar” əsəri olmuşdur. Bu əsəri də elə Cəfər Cabbarlı azərbaycancaya çevirmişdir. Eyni əsər Oqtayın da sevimli tamaşasıdır. Bundan başqa Hüseyn Ərəblinski də dostlarının xatirələrində deyildiyi qədər inancsız biri idi, o öz yaratdıqlarını Tanrının yaratdıqlarından üstün tuturdu. Eyni xarakterə biz Oqtay Eloğlunda da rast gəlirik. Ən əsası da, Hüseyn Ərəblinski bütün ömrü boyu Azərbaycan səhnəsində istedadlı və ziyalı aktrisalar görməyi, teatrın yüksəlişini, xalqın mədəni tərəqqisini arzulamışdı. Bütün bunlar Oqtayın da arzularıdır. 
 Təsadüfi deyil ki, bu pyes Hüseyn Ərəblinskinin ölümündən sonra yazılır. Hüseyn Ərəblinski 1919-cu il, mart ayının 4-də öz dayısı oğlu Əbdülxalid tərəfindən güllələnərək öldürülür, onun dəfn mərasimində Cəfər Cabbarlı da hüznlü bir nitq söyləyir. Bu nitqində Cabbarlı Azərbaycan teatrının səhnəsini yıxılan, daşlar altında əzilən bir qızcığaza, Ərəblinskini isə onun əlindən tutub qaldıran, yaralarını sağaldan bir xilaskara bənzətmişdi. 
 
 Beləliklə, “Oqtay Eloğlu” pyesinin bu qədər aktual problemləri əks etdirməsi, faciənin reallıqla təsviri Cabbarlının o böyük sənətkarın ölümündən ilhamlanmasına söykənir və müəllifin iyirminci əsrin əvvəllərində qələmə aldığı bu möhtəşəm səhnə əsəri bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır. Əminliklə deyə bilərik ki, bu günümüzün çoxsaylı Ərəblinskiləri və Oqtayları var. Cəfər Cabbarlının bu əsəri yazmasından az qala bir əsr ötür, amma hələ də ölkəmizdə xalqın teatra diqqətsizliyi, mədəni tərəqqidən uzaq olması, aktyor və aktrisalarımızın çox kasıb həyat yaşaması, teatrdaxili paxıllıq və qərəz, dindar, mövhumatçı kütlənin teatra, elmə, mədəniyyətə qənim kəsilməsi ən böyük problemlərimizdən biri olaraq qalır. Hətta, çox ailələrdə qızların səhnəyə çıxması günah, əxlaqsızlıq hesab olunur.
 
 Cabbarlı sözün əsl mənasında dahidir. Cabbarlı misilsizdir, təkrarolunmazdır.  Cabbarlı ailmdir, ədibdir, filosofdur, incəsənət xadimidir. Cabbarlı öz dövründə gördüklərini və yaşadıqlarını uzaqgözənliklə qələmə alan elə bir yazardır ki, onun yazdıqları bizim hələ də çarəsi tapılmayan dərdlərimizdir. 
 
 Sonda isə mən  Cəfər Cabbarlı dühasının qarşısında baş əyir, onun hər sözünü, hər sətrini alqışlayıram!
 
Orxan Bahadırsoy
 
Kultura.az
 
Yuxarı