Mənim üçün bir xalqın, bir millətin çəkisi onun tarix boyu yetişdirdiyi maarifçi, aydınları, sənət adamları Mirzə Cəlilin təbirincə desəm qələmini xalqın rifahına həsr edən ziyalıları əsasında formalaşır. Sənət sənət üçündür deyən parnasistlərdən fərqli olaraq belə düşünürəm ki, sənət adamı dövrünün ictimai sosial durumuna, hadisələrinə biganə qalmamalı, daim əsərlərində bunları işıqlandırmalıdırlar. Əgər millətlərarası eristikadan söhbət getsə, bu yarışa Azərbaycan heç şübhəsiz çəkinmədən Axundovdan başlayaraq Rafiq Tağıya qədər davam edən bəşəri dəyərlərə söykənmiş, milli marifçilik hərəkatı avantajı ilə qoşula bilər.
Axundovdan başlayaraq bu günə qədər davam edən milli maarifçilik hərəkatını xronoloji ardıcıllıqla həndəsi bir şüaya bənzətsək şübhəsiz bu şüada Cəfər Cabbarlı nöqtəsini qeyd etməyimiz vacibdir. Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatı və teatrı üçün nadir hadisədir. Dramaturgiyamızın ən görkəmli nümayəndələrindən biri olan bu böyük sənətkar Azərbaycan teatr sənətinin formalaşmasında misilsiz xidmətlər göstərmiş, peşəkar teatrımızın yaranması, inkişafı üçün “Aydın”, ”Sevil”, ”Vəfalı Səriyyə”, ”Solğun Çiçəklər”, ”Oqtay Eloğlu” və s kimi ölməz sənət nümünələri yaratmışdır.
Ölkəsini azad, aydın tərəqqi etmiş bir vəziyyətdə görmək üçün daim alışıb yanan dramaturq ölkəsinin teatr sahəsindəki boşluqları həmişə diqqət mərkəzində saxlamış və bu boşluqların aradan qaldırılması üçün əməli addımlar atmışdır. Onun bu mövzuya aid ən gözəl əsərlərindən biri də Oqtay Eloğludur. Əsərdə fikrimcə Oqtay Eloğlu obrazı Cəfər Cabbarlının prototipi, ona verilmiş şərti addır. Əsər XX əsr Azərbaycan mühiti, Azərbaycan incəsənəti üçün çox aktual bir mövzudan teatrsız bir ölkədə teatr quruculuğundan bəhs edir. Bu taleyüklü məsuliyyətin altına girən Eloğlu adını almış Oqtaydır. O, ölkəsinin cəhalət bataqlığında boğulmasına göz yummaq istəmir, xalqı bu bəladan yalnız incəsənətlə qurtamaq olar ideyasına inanır. O, bu yolda təkdir, köməyi azdır, ətrafındakıların əksəriyyəti mənsəbpərəsət, mənfəətpərəst adamlardır. Hətta zaman-zaman bu yolda təhlükə qarşısında qalır, şan- şöhrət, vəzifə tələsi ilə üz-üzə gəlir.
Ancaq teatr üçün ailəsindən belə vaz keçmiş Oqtay üçün bu maneələr əhəmiyyətsizdir. Qandinin təbirincə desəm həqiqətin tək qaldıqda belə həqiqət olmasına inanan Oqtay indi ona səhnə üçün qadın paltarı geyindiyinə görə mincür adlar qoşan savadsız kütləni bir gün teatr auditoriyasında görəcəyinə ürəkdən inanır. Arvadını qızını teatra getməyə qoymayan Azərbaycan xalqının içindən neçə-neçə görkəmli aktyor və aktrisaların çıxacağına ümidi böyükdür. Dövrünün dissident düşüncəsi Oqtay, yaşadığı cəmiyyətdə axına qarşı getdiyini unutmayan, lakin bir gün bu axını dəyişəcəyinə ürəkdən inanan bir reformist idi. Oqtayın çəkdiyi əziyyətlər, teatr üçün tökdüyü alın təri də nəticəsiz qalmır. İnkar varsa qəbul da qaçılmazdır. Yaşadığı mühitdə dostundan çox düşməni olsa da onu özündən alıb özünə qaytarmayan, düşüncələrini alt-üst edən, bəlkə də gələcək faciəsinin baiskarı Firəngizlə tanış olur.
Saf günahsız bir qız olan, Oqtayı ürəkdən sevən Firəngiz Oqtayın fikirlərində təlatüm yaradır. Oqtay özü də etiraf edir ki, ”əvvəllər milli səhnə deyə bir ayı kimi çalışırdım. Fəqət indi hər şeydə O! Oqtay saf bir ürəklə sevdiyinin və sevgisinin qarşılıqsız olmadığının fərqindədi. Lakin bu sevgidə Onun Danyar bəy kimi rəqibi, Aslan bəy kimi dırnaqarası ziyalı və Firəngizin teatra nifrət edən atası timsalında maneələri olduğunu küçümsəyir. Firəngizi Oqtaydan uzaqlaşdırmaq üçün Aslan bəy Firəngizi qorxudub onu Oqtaya dediyi sözləri geri götürməyə vadar edendə belə öz sevgisinin eyforiyasına qapılaraq yaşadıqlarına inanmaq istəmir. Oqtay üçün Eşafot mərhələsi başlanmışdır.
Eşitdiklərindən sarsılan Oqtay üçün həyatda mütləq həqiqətlər adlanan məvhumlar yox olmuşdur artıq. Oqtay qurub yaradan sənət adamından bir andaca dönüb potensial qatil, intiqamçı olur. Hər kəsdən qisas alacağını dilə gətirən Oqtay Şeksprin təbrincə desək əsl teatrın yaradıcısına üsyan edərək özünün də dediyi kimi “Səfillər padşahı” olur. Əsərin sonrakı süjet mərhələlərində on il sonra sürgündən qayıdıb səfil həyatı yaşayan Oqtay, bu vaxt ərzində onu axtarmayan dostlarının onun nüfuzundan istifadə edib madiyyat güddükləri üçün onu teatra çağırdıqlarını anlayıb təklifi rədd etsə də, bacısına görə teatra qayıtmalı olur. Budur əfsanəvi aktyor Oqtayın teatra qayıdışi ajiotaj yaradır və ilk səhnə üçün auditoriya dolur. Lakin Oqtayın düşmənləri yenə də hər vəchlə nə olur olsun ona mane olmağa çalışırlar. Əvvəlcə aktrisa pul qarşılığında roldan imtina edir. Bir anın içərisində teatrda xaos yaranır. Etiraz səsləri ucalır. Tamaşaçılar aldandıqlarını əsas gətirərək açıqlama gözləyirlər.
Bu zaman Oqtayın tribunaya müraciəti ən təsirli səhnələrdən biri kimi yadda qalır: ”Səfil xalq, nə bağırırsan? Səndə sənətkar bir qadın yox, varsansa yarat, yaratmırsansa, uzan öl”. Əslində Oqtay bu sözlərlə mədəniyyəti, incəsəti olmayan xalqların məhvə məhkum olduğunu bildirir, Həqiqətən də bəşəriyyət tarixində elə bir xalq olmuyub ki, mədəniyyəti olmadan yaşasın. Əsərin sonu faciəvi bitir. Tamaşaya Oqtayı görmək ümidi ilə gələn Firəngiz tamaşanın ləğv olunmaması üçün boş qalmış aktrisa rolunu oynamağı öz üzərinə götürür. Səhnədə Şillerin “Qaçaqlar”əsəri. Lakin Oqtay artıq oynamaq istəmir. Sünilikdən bezib. Və Oqtay bıcağı Firəngizin sinəsinə saplayır. Oqtaya görə Dünya qaranlıqdır. Tanrı da ulduzları süni işıq kimi yaradıb. Süni işıqlarasa lüzum yox.
Dünya qaranlıqsa qaranlıqda görünməlidir. Tanrıya hayqıraraq bildirir ki, əslində sən özün də bir heçsən. Bacarmırsan yaratma. Yaradırsan yaşat. Sən yaratdığın Firəngiz artıq yoxdur. Mən yaratdığım Firəngiz isə əbədidir. Çünki o tanrıdan fərqli olaraq yaşadaraq öldürmür. Öldürərək yaşadır. Firəngizin mistik ölümündə xüsusi bir ali məqsəd var. Oqtay bütün saxtalıqlara, süniliklərə qarşı çıxıb xəyalındakı həqiqi, idealist, romantik sevgili obrazının əbədiləşməsi üçün Firəngizi öldürür. Cabbarlının uğuru bunda idi ki, bütün dönəmlər üçün aktual sayılan insanın mənəviyyatının tənəzzülü, böhranı mövzusuna toxunaraq həm bizim dramaturgiyamızı, həm də ədəbi fikir səviyyəmizi dünya ədəbiyyatının ən ali pilləsinə qaldıra bildi.
Eyyub Məmmədov
Kultura.az