Bu gün də təsirindən çıxa bilmədiyim kiçik dialoq ayaqqabı dükanında baş vermişdi. Satıcı hansı fakültədə oxuduğumu soruşanda "hüquq fakültəsi" sözünü necə fərəhlə demişdim indi də yadımdadır. Yana daranmış saçları, xətli jileti ilə tarix müəllimlərini xatırladan orta yaşlı satıcı üz ifadəsini də dəyişmədən, əlindəki ayaqqabını vitrinə qoya-qoya "həə, mən də oranı bitirmişəm" demişdi.
Biraz utanc, biraz da pərtliklə "diplomu alım, iş yoldaşı olacağıq" deyə etdiyim zarafata elə özüm də gülüb çıxmışdım oradan. Həmin an özüm də fərqində olmadan həyatımda ilk dəfə həqiqəti eşitmişdim, özü də öz dilimdən. Bu təkcə mənim deyil, hamımızın həqiqəti idi. Ən pisi isə odur ki, bu aysberqin sadəcə görünən tərəfidi. İndi isə suyun altında qalan parçalardan bir neçəsi haqqında danışmaq istəyirəm.
Başlayaq uşaqlığınızın taleyüklü sualından. Sizin ”böyüyəndə kim olacaqsan?” sualına verdiyiniz həkim-prokuror cavabı, oynatdığınız gəlinciyə baxıb kimisə sağaltmaq istəyinizdən, sürdüyünüz oyuncaq maşınla otağınızın bir küncündə köməyə tələsmək həvəsinizdən deyildi. Siz gəlinciyinizə geyindirdiyiniz paltarları geymək, oyuncaq maşınlarınızın həqiqisindən sürmək üçün gəlmişdiz o qərara. Çünki sizə “yaxşı həkim ol, can qurtar” deməmişdilər”, yaxşı oxu, həkim ol, çoxlu pulun olsun” kimi vədlər verilmişdi. Hələ cibinizə xərclik pulu da basmışdılar. Və siz həyatınızda ilk rüşvətinizi almışdınız, daha dəqiq desək, gələcəyinizi satmışdınız.
Valideynlərinizin ümid dolu səyləri sizin üçün gözəl gələcək qurmaqdan çox, özləri üçün etibarlı qocalıq təmin etməkdən ibarət idi. Siz hələ çox sonra başa düşəcəkdiniz ki, bu ölkədə analar dünyaya azad bir fərd bəxş etməkçün yox, gələcəklərinə potensial baxıcı qazanmaq üçün doğurlar. Bu onların öz qocalığına güvəni olmayan eqolarını tətmin vasitəsidi. Çünki təklikdə heç nə əldə edə bilməyəcəyinizi düşünən valideynləriniz bütün güclərini, gəncliklərini sizə sərf edərkən əslində gələcəklərinə sərmaye yatırırdılar.
Məktəbdə aldığınız qiymətlər qonşulara, qohumlara həmişə bir-iki qiymət artırılaraq deyildi. Çünki qonşunun mənasız söhbətlərini susdurmağın ən yaxşı yolu bu idi. Dilini-dodağını çeynəyən qadınlar o gecə qəzəblərini övladlarına boşaltdılar. Anaların tənqidindən can qurtarmaq üçün çalışarkən siz fərqində olmadan mənasız bir yarışın iştirakçılarına çevrilmişdiniz (bəzən də fərqində olaraq).
Çəkdiyiniz rəsmləri səliqə ilə bir paketə yığıb gələcəkdə uşaqlarınıza necə səliqəli uşaq olduğunuzu göstərmək üçün saxladınız. Şeir yazdığınız dəftər köhnə dərs dəftərlərinin içinə qoyuldu, siz onları neçə ay, bəlkə də il sonra axtaranda harada itirdiyinizi xatırlamayacaqdınız. Nə vaxtsa yaxşı rəssam, şair ola bilmək ehtimalınız da o dəftərlərin arasında itib batdı.
Çoxdan müəyyən olunmuş yaşda, çoxdan təyin edilmiş yerdə universitet hazırlıqlarına başladınız. Yaxşı ər tapmaq üçün “oxumuş qız” olmaq, oxumuş qız almaq üçün diplomlu oğlan olmaq vacib idi. Oxumuş qızlara başlığın da çox verildiyini eşidəndə, bir vaxtlar “əsgərliyə getməmiş oğlana qız vermərəm” deyən kişilərin, indi şərti “diplomsuz oğlana qız vermərəm”lə dəyişdiyini biləndə sinəniz həvəslə qabardı, bir an öncə universitetə qəbul olub, atanızın “şotuna” 4 ili yola verib o müqəddəs diplomu əlinizə almağa tələsdiniz. Artıq elə də böyük iddialarınız yox idi. Gec, ya tez bir yerə ilişmək lazım idi ki, nail olmadığınızı da demək olmaz.
İndi sizin yeni mübarizəniz var: daha yaxşı geyinmək. Hər dəfə aldığınız yeni paltarı geyinəndə rektorunuzun tədris ilinin başlanğıcındakı möhtəşəm çıxışındakı sözlərini düşünür, oxuduğunuz “ocağa” layiq olmağa çalışırsınız. Hər tənəffüs makiyajınızı təzələyir, saçlarınızı kremləyirsiniz. Sizi həmişə nə istədiyiniz yox,insanların sizdən nə istədiyi düşündürəcək. Heç vaxt nəyisə dəyişmək haqqında düşünməmisiz, çünki həyatınızın çoxdan qurulmuş axarını dəyişəcək cəsarəti illər əvvəl satmısız.
Hərdən düşünürəm ki,hətta hüquq fakültəsini yarımçıq buraxıb yazıçı olduğuna görə cəsarətinə heyranlıq duyduğum Markes belə bu ölkədə yaşasaydı satıcı olaraq ölərdi. Bəlkə də yanılıram. Bəlkə də “hər şey” üçün gec deyil, kim bilir. Hər halda bunu sübut eləmək də sizin əlinizdədi.
Jalə Səhrəd
Kultura.az