İş tapmaq üçün yenidən texniki təhsil almağa məcbur olur. Sonradan bununla Yusif Vəzir Çəmənzəminlinin həyatı ilə tanış olanda da rastlaşdım. O da ali təhsilli hüquqşünas olsa da, mühacirətdə ixtisasına uyğun iş tapa bilməmiş, Fransada fəhləlik etməyə məcbur olmuşdu.
Bizdə hazırda hüqüqşünas olmaq dəbdir. Daha doğrusu sovetlərdən bəri həmişə dəbdə olub. Bu ixtisas “bərkgedən” ixtisas sayılır və ən yüksək bal toplayan abituriyentlər həmin ixtisası seçirlər. Savadlı gənclərimizin əksəriyyəti hüquqşünas olmağı arzulayır. Sual olunur- Nə üçün?
Bu ixtisasa yiyələnəndən sonra onlar harada işləyəcəklər? Müstəntiq, prokuror olmağımı arzu edirlər? Yoxsa məhkəmələrdə hakimlik etməyi?
Analar övladlarını əzizləyəndə “prokuror balam”, “müstəntiq balam”, “polis balam” deyə əzizləyirdilər. Prokuror olmaq varlı olmaq, hökmlü olmaq deməkdir. Zəhmli adın, qəşəng, əlçatmaz kabinetin, el içində hörmətin və öz ayağı ilə gələn pullar. İnsanları ittiham etmək, lazim gəlsə (pul gəlsə) cinayətkarı mələyə çevirmək, mələk kimi adamları şeytan cildində təqdim etmək, özünün və tabe olduqlarının mənfəəti qarşılığında ləyaqətlı insanları sındırmaq üçün cildlərlə ittihamlar “istehsal etmək” və bunları məhkəmədə “müqəssirin” üzünə oxuyaraq ona “layiq olduğu” cəzanı tələb etmək. Budur prokurorun işi. Hakimlərin də işi prokurorların tərtib etdiyi itihamnamənin sadəcə başlığını dəyişib onu hökm halına salaraq təqsirləndirilən barədə tələb olunan cəzanı hüquqi qüvvəyə mindirməkdən ibarətdir. Adətən bu cəza prokurorun tələb etdiyindən 1-2 il az olur. Bu artıq şablona çevrilib və çox nadir hallarda bundan kənara çıxırlar.
Bütün bunlardan sonra onlar rahat nəfəs alırlar. Daha bir “cinəyatkar” layiq olduğu cəzanı almışdır. Axşam onlar xoşbəxt bir halda arvad-uşaqlarını başına toplayıb bugünki zəfərlərini qeyd edəcək, illərlə bu sistem içərisində əridilərək yoxa çıxarılan insanlıq hissinin olmamasından, yeni işə başlayan ərəfələrdə hələ də sahib olduğu vicdanın artıq onlara heç bir əziyyət verməməsindən həzz alacaqlar.
Prokuror və hakimlərə fikir versəniz görərsiniz ki, onların əksəriyyəti orta yaşlı və “qoca qurd”lardır. Onlar bu mənsəbə çatmaq üçün illərlə bəzi dəyərlərdən aşınmalı olmuşlar. İlk əvvəllər xırda qanun pozuntuları onların hələ saf, təmiz hisslərinə təsir edərək qəlblərini incitmiş, ikinci dəfə bunun təsirini daha az hiss etmiş, üçüncü, dördüncü və s. yavaş-yavaş bu hisslər yoxa çıxmışdır. Pulun, var-dövlətin cazibəsi və cəmiyyətin əxlaqı onları da axınla üzməyə məcbur etmişdir.
Üzü üzlər görmüş, neçə-neçə ədalətsiz qərarlar qəbul etmiş, günahsız insanları türmələrdə çürütmüş, bu illər ərzində olan-qalan ləyaqətini itirmiş, mənəviyyatdan məhrum olmuş bu adamlar indi istəsə də pas atmış, çürümüş vicdanlarını oyada bilməz, ədalətli qərar qəbul edə bilməzlər. Müttəhimlər, vəkillər onların pas tutmuş vicdanlarını “sumbata” ilə sürtüb bir ağ yer tapmaq ümidi ilə nə qədər çalışsalar da, çürümüş dəmir onu sıxanda, təmizləyəndə ovulduğu və dəmirdən əsər-əlamət qalmadığı kimi onların vicdanından da ələ heç nə keçməyəcək. Bəlkə də cavan vaxtlarında məhkəmələrdə ədalətsiz qərarlar çıxaranda mənən əzab çəkiblər. Amma qurbanlarının, onların yaxınlarının, körpələrinin axıtdığı göz yaşları ilə münbit bir zəminə çevrilən bu məhkəmə salonlarında öz rifahını, rahat, komfort həyatlarını təmin etdikcə onlarda mənəviyyatdan əsər-əlamət qalmamışdır.
Bəzən biz cərrahların xəstələri necə rahatlıqla kəsib dogradığını görüb dəhşətə gəlirik. Halbuki bu həkimlər üçün adi bir işdir. Hakimlər, prokurorlar üçün də insan həyatının heç bir qiyməti yoxdur. Onlar artıq insan taleyi həll etdiklərini unudublar. Bu onlar üçün adi, gündəlik bir işə çevrilib. Onlar bütün bunlara bizim kimi həssaslıqla yanaşa bilmirlər.
Hüquqşünasların bir sevimli peşəsi də var-vəkillik. Sivil ölkələrdə hüquqşünasların ən çox tərcih etdiyi və ən çox pul qazandıqları peşə. Bizdə isə prokuror, hakim və başqa dövlət qulluğuna əli çatmayan hüquqşünasların məcbur olub yönəldikləri sahə. (Burada sözün həqiqi mənasında vəkilliyi özünə peşə seçən vicdanlı, cəsarətli vəkillərimizdən üzr istəyirəm, sözüm onlara aid deyil). Vəkillərimiz də iki yerə bölünür: yuxarılara qul xidməti göstərənlər və haqqın, ədalətin, qanunun tərəfində durub, pula, gücə boyun əyməyən vəkillər. (Əslində haqq, ədalət sözləri burada tam yerinə düşmür. Çünki, vəkillik elə peşədir ki, bəzən doğrudan da qanunu pozmuş bir müttəhimi müdafiə etməli olursan). O vəkillər hər nə qədər savadlı olsalar da, hər nə qədər arqumentləri güclü, sübutları daşdan keçsə də müdafiə etdikləri müttəhimləri azad etdirməyə qüdrətləri çatmır. Onların gücü ancaq bu günahsız insanların məruz qaldıqları təqiblər, işgəncələr barədə bizi məlumatlandırmağa, ictimai rəyi formalaşdırmağa çatır.
Deməli belə nəticəyə gəldik ki, vəkillik peşəsi də bizdə bir işə yaramır. Əgər belədirsə, prokuror, hakim, ədliyyə işçisi və s. olmaq üçün insanı dəyərlərdən imtina etməlisənsə, vicdanlı bir vəkil olmağın da bir işə yaramayacaqsa, onda sən niyə hüquqşünas olmaq istəyirsən?
Bu sualı sənə verirəm, ey gələcəklə bağlı xəyallar quran məzun, ali məktəbə qəbul olunmağa hazırlaşan abituriyent. Niyə?
Nəyə görə ən savadlı, ağıllı gənclərimiz bu sistemin içinə daxil olaraq özlərini məhv edirlər?
P.S. İndi həbsdə olan gənc fəallardan biri Zaur Qurbanlı 650 balla BDU hüquqşünaslıq fakültəsinə daxil olmuşdu.
P.P.S. Bu yazı son vaxtlar intensivləşən məhkəmə-məzhəkələrin birində iştirakdan sonra qələmə alınmışdır.
Məhəmməd Nuray
Kultura.az