post-title

“Molla Nəsrəddin”in ürəyi

Yazdığım məqalə çox insanın tanımadığı, lakin keçən əsr milli ədəbiyyatımızın əsas qələm sahiblərindən və mübariz maarifçilərimizdən olan Əliqulu Qəmküsarın yaradıcılığına, ən əsas da “Molla Nəsrəddin” jurnalında publisistik fəaliyyətinə həsr olunub. O da digər “Molla Nəsrəddin”çilər kimi dövrün bütün eybəcərliklərinə, xurafatına qarşı mübarizə aparmış, yazdığı fleytonlarıyla insanları mövcud cəhalət girdabından çıxarmağa çalışmışdır. Təsadüfi deyil ki, ən böyük maarifçilərmizdən biri olan Ə.Haqverdiyev onu “Molla Nəsrəddin”in ürəyi adlandırmışdır.

 

 

Əliqulu Qəmküsarın toxunduğu ictimai-sosial mövzular sırasında süstlük, mövcud problemlərə biganəlik, narkomaniya, istismarcılıq, dini fanatizm və s diqqəti cəlb edir.

Onun “Tiryak” məqaləsində tənqid hədəfində  dünya həyatını sırf əyləncələrə, kef çəkməyə həsr etmiş insanlar durur. Ölkənin və xalqın maarifdən, təhsildən uzaq durması, geri qalması nəticəsində insanların tiryəkə qurşanmasını,  bununla da cəmiyyətdə gedən siyasi-sosial proseslərə biganə qalmalarını maarifçimiz satirik üslubda tənqid edir.
“Doğurdan da, insan nədi, nəşəsiz oldu nədi? Kamil insan mən o adama deyərəm ki, Şamaxı qlavası kimi gecə-gündüz nəşədə olsun. Şəhərdi, palçıx da olar, quru da olar, abad da olar, xarab da olar. Şkoladı, açılar da, bağlanar da. O cür boş-boş işlərdən ötrü insafdır, insan keflənib eşşəyi tərsinə minməkdən əl çəksin? Yainki cəvahir kimi klubu qoyub gəlib əyləşsin dumanın kəsavətli damında ki, nə var, nə var şəhər işinə baxıram, gərək qoymayam realni məktəb bağlana. İnsan niyə məktəb bağlanmaqdan ötrü ürəyini sıxır, kefini pozur...”

“Şeytan fəhləsi” fleytonunda Ə.Qəmküsarın toxunduğu problemlərədən biri də savadsız kütlənin bank sektorundan savadsızcasına istifadə edib onun qurbanına çevrilməsidir. Təsadüfi deyil ki, günümüzdə belə minlərlə insan hələ də bankların qurbanına çevrilməkdə davam edir. Hətta xalq arasında yaranan  “artıq banka borcu olmayan ailə yoxdur” deyimi problemin necə acınacaqlı olduğundan xəbər verir.

“Bunlar məhz şeytan fəhləsidirlər ki, qabaqca bank rəisinə, uçotnı komitetə yalvar-yapış eləyib, əl-ayaqlarına düşüb özlərinə bankda kredit açdırıblar, indi isə ona-buna yalvarıb veksil alıb bankdan tənzil ilə pul götürürlər. Bəzisi noxud, kişmiş kimi tökür cibinə başlayır xərcləməyə və bəzisi dəxi mala verib qoyur dükana başlayır al-veri, bir  vədə görürsən ki, qazanc qudurdu mayanı basdı, bunları saldı ayaqyoluna, hey nataryosa, miravoy sudyaya, sudebni pristova yol döyürlər”

“Əshabi-Kəhf” məqaləsində mütəfəkkir insanların ziyarətgahlara olan güclü inamlarını, tibbi biliksizlikdən yaranan acizlikləri nəticəsində həmin pirlərə şəfaverici məkan kimi baxmalarını, onların həmin çürük inamları yolunda xərclədikləri pulları və bundan faydalanan din xadimlərini satirik üslubda - bütün ölkəni bürümüş bu cəhalət xəstəliyini kəskin tənqid edir.

“Gəncəlilərin, canına qurban olduğum göy İmama, bakılıların Bibiheybetə, şamaxılıların Malakan pirinə və Hacı Seyid Əli ağanın qəbrinə, şuşalıların Həzrət Abbas pirinə imanları kamil olduğu kimi, naxçıvanlıların da Əshabi-kəhfə o dərəcədə ixlas və iradətləri kamildir. Hətta bu ilin içində iki nəfər bəy vəfat edəndə məxsusən vəsiyyət ediblər ki, bizim cənazəmizi aparıb Əshabi-kəhfə dəfn eləyin, tainki yeddi kimsənə olsun doqquz. Və qövm- qəbilələri də aparıb oradaca basdırıblar. Və söz yox ki, indi onların ruhu cənnətdə rəhmət dəryasında üzür”

Ə.Qəmküsarın “Babı” məqaləsində insanların talerantlıqdan uzaq olması, vicdan azadlığının aşağı səviyyədə olması tənqid obyektlərindən biridir. Mütəfəkkir insanları bir-birinin dini inanclarına hörmətlə yanaşmağa səsləyir və o dövrdə  öz nüfuz dairəsini genişləndirən babilərin cismani cəzalarla təqib olunmasına qarşı çıxırdı: “Zəmani ki, haqq batil aydınlaşdı, hər kəs öz ixtiyarındadır, hansını qəbul edər, özü bilər, hansından üz döndərər, gənə özü bilər. Hər kəsin dini, təriqəti özü üçündür. Qoyunu qoyun ayağından, keçini keçi ayağından asacaqlar”

Ə.Qəmküsar baxmayaraq ki, babiliyin təqib edilməsinə qarşı çıxır, lakin bu təriqətin üzvlərinin öz təriqətləri haqqında uydurduqları –guya babiliyin Qərb aləmində sürətlə yayılması yalanını da tənqid etməkdən çəkinmir və maraqlı sualla onların qarşısına çıxmaqla əslində Qərb təfəkkürünün Şərq təfəkküründən üstünlüyünü nümayiş etdirir və Şərqdə yenicə formalaşan istənilən dini-əqidələrin insanlara sərgərdanlıqdan, cəhalətdən başqa heç nə verməməkdə tənqid edir.

“Bircə məni qupquru qurudan budur ki, aya, görəsən amerikalılar ki, beş yüz ildi dünyaya gəliblər və belə ərköyün böyüyüblər ki, heç bir boyunduruq altına girməyiblər, necə gəlib birdən-birə gündə on doqquz rükət namaz qılacaqlar və hər rükətdə on qodduz dəfə ya Bəha, ya Camal, ya Cəlal deyəcəklər. Və necə iş-peşələrini ötürüb dərviş kimi püst-pələngin yığışdırıb düşəcəklər bərri-biyabanə ki, qalan amerikalılara da təbliğ eləsinlər”

Göründüyü kimi Əliqulu Qəmküsarın yaradıcılığı ilə qismən tanışlıq Ə.Haqverdiyevin onun haqqında söylədiyi fikirlərdə  haqqsız olmadığını göstərir. Bizim – yeni formalaşan gənc nəslin isə əsas vəzifəsi “Molla Nəsrəddin”in ürəyi sayılan bu böyük maarifçimizin unudulmaması və daim tanıdılıb insanlarımız tərəfindən oxunmasına çalışmaqdır

Tural Metesoy

Kultura.az

Yuxarı